İstiqlalı tərənnüm edən Azər əfəndi, Mirzə İbrahimovun xeyirxahlığı

İstiqlalı tərənnüm edən Azər əfəndi, Mirzə İbrahimovun xeyirxahlığı, Nizami nin “Xəmsə”sinin baş məsləhətçisi
I YAZI
Qarşımda bir kitab durur: Məşədi Azər, “Seçilmiş əsərləri”. Yenə də qeyri-ixtiyari şairin ədəbi taleyi haqqında düşünürəm. Yadıma yunan mifologiyasında tarixi həqiqətləri hər cür təhriflərdən qoruyub himayə edən Klio adlı ilahə düşür. Tarixi saxtalaşdıranlar və təhrif edənlər Klio tərəfindən mühakimə olunurmuşlar. Belə bir mühakimə olsaydı, ədəbiyyatımızın müdafiəsiz qalacağı şəksizdir. Kimlərsə bu fikirlə razılaşmaya da bilər. Lakin uzun illər klassik ədəbi irsimizə soyuq münasibət göstərməyimiz, kimlərdənsə, nələrdənsə çəkinməyimiz son nəticədə ədəbiyyat xəzinəmizin müflisləşməsinə gətirib çıxarırdı.
Əgər 81 il ömür sürmüş və bu ömrün yarım əsrdən çoxunu fasiləsiz olaraq yazıb-yaratmış, 30 min beytdən artıq zəngin ədəbi irsi qalmış bir şair sağlığında bir əl boyda kitabını görmürsə və ölümündən yarım əsr sonra bu şərəfə layiq görülürsə, bəs kimdir günahkar?
Amma Azərin sağlığında bir kitabçası çap olunmuşdu. “Həmvətənlərimə” adlanan bu kiçik kitabça 1917-ci ildə Bakıda, “Açıq söz” mətbəəsində xeyriyyəçi-mesenant Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyilə işıq üzü gördü. Rəhimağa İmaməliyev xatirələrində yazır:
“Məşədi Azər İmaməliyevi ədəbi mühitimizə ilk dəfə H. Z. Tağıyev tanıdıb. Belə ki, Hacının göstərişi və tövsiyyəsi ilə Məhəmməd Əmin Rəsulzadə və Orucov qardaşlarının naşiri və redaktoru olduqları “Açıq söz” qəzetinin mətbəəsi Məşədi Azərin “Həmvətənlərimə” adlı mənzuməsini 1917-ci ildə kitabça şəklində nəşr etmişdir”.
Rəhimağa müəllim daha sonar qeyd edir ki, “Məşədi Azəri ikinci dəfə elmi-mədəni ictimaiyyətimizə və eyni zamanda bütün ellərə tanıtmaq istəyən Rəsul Rza oldu. Rəsul Rza 1970-ci ildə çapdan çıxmış və baş redaktoru olduğu “Azərbaycan Sovet Ensiklopediyası”nın 1-ci cildində onun bioqrafiyasını dərc etdirdi. Bu bioqrafik məqaləni Rəsul Rzanın göstərişi ilə mən yazdım”. (Məşədi Azər, “Seçilmiş əsərləri”, 1996, səh.268)
Təəssüflər olsun ki, Azərin həmin kitabçası bu günə gəlib çatmayıb. Geniş xalq kütləsi onun yaradıcılığından xəbərsiz qalmışdı. Ədəbi mühit, qələmdaşları onu gözəl təbi olan qəzəlxan kimi qəbul etsə də Azər çox məhdud dairədə şair kimi tanınırdı. Bütöv bir əsr ərzində geniş oxucu kütləsi onun bir kitabıyla belə rastlaşmayıb. Ona görə də Azəri tanımayanları qınaya bilmərik. Şair “Həmvətənlərimə” poemasında zillət və cəhalət içində olan milləti qəflət yuxusundan oyanmağa, istiqbalımızı düşünüb birləşərək elm və maarifə səsləyir:
Bir-biri ilə ittihad etsəydi əgər əslafımız,
Payimali-zillət olmazdı bu gün əşrafımız,
Pərdeyi-cəhl ilə məstur eyləmiş ətrafımız,
Eybinin idrakın etməz dideyi-insafımız,
Həmvətənlər, yatmayın, yatmaq zərərdir, yatmayın!
Çıxdı gün, aləm işıqlandı, səhərdir, yatmayın!
Əlbəttə, Azər də “nöyütdü şalban, mən sənə qurban” və bu qəbil Stalinə, partiyaya mədhnamələr yazsaydı, qalın kitablara onun da adı düşərdi. Lakin o, bunu etmədi və istəsəydi belə, bacarmazdı. Azər heç zaman dövrün ideoloji tələblərinə boyun əymədi. Bütöv bir xalqın assimilyasiyaya məruz qaldığı və “türk” deyən dillərin kökündən kəsildiyi çağlarda Azər Oğuz türklərinin rəşadətini nəzmə çəkirdi:
Türklər zəfər yollarını açdılar,
Düşmənləri saçma kibi saçdılar.
Günlərin birində Süleyman Rüstəm “Kommunist” küçəsində (indiki “İstiqlaliyyət” küçəsi – K.H) Azərlə rastlaşır. Hal-əhvaldan sonra Süleyman Rüstəm deyir:
-Ustad, sizin təbiniz vulkan kimidir. Bu boyda nəhəng istedadınızı, zəngin biliyinizi niyə bu xalqdan əsirgəyirsiniz? Yeni quruluşa da şeirlər yazın. Dövlət sizin xidmətlərinizi mütləq qiymətləndirəcək.
Azərin dodaqlarına acı təbəssüm qonur. Əlini gənc Süleymanın çiyninə qoyub deyir:
-Ey gənc, mən tərənnüm şairi deyiləm. İndi bizi keçmişimizdən qoparmaq istəyirlər, hər şeyi rusun adına bağlayırlar. Axı bizim şərəfli tariximiz olub. Hərənin bir işi var da. Siz təzə höküməti vəsf eləyin, mən də tariximizi nəzmə çəkirəm. Eybi yox, gün gələr, bizim də xidmətimizə qiymət verən tapılar.
Bu söhbəti mərhum xalq şairimiz Qabil mənə 90-cı illərin ortalarında danışmışdı.
Təəssüf ki, Azərlə bağlı çox az sayda xatirələr qalıb. Həmin xatirələrdən ən qiymətlisi də Əliağa Vahidə məxsusdur. Vahid öz ustadını belə xatırlayır:
“Günlərin bir günü Seyid Zərgərgilin evində idim. Girdim içəri, salaməleyk, əleykümsalam. Gördüm bir hündür kişi. Seyid Zərgər dedi:
-Tanış ol Azər əfəndiynən.
Mən də adını eşitmişdim, üzünü görməmişdim. Əl verdim. Seyid dedi:
-Azər əfəndi, tanış olun, bu da milsiz şairlərdəndir.
Azər cavabında dedi:
- Milli də var?
Daha Seyid ona cavab verə bilmədi. Sonra Azər üzünü mənə tutub dedi:
-Qoçaq, oxu şeirlərindən.
Mən də cavabında ona dedim:
-Sizin hüzurunuzda mən nə oxuya biləcəyəm?
Dedi: “Yox, oxu, qulaq asım”.
Mən də bir qəzəl oxudum. Qəzəl belə idi:
Tökmüş o şux mehr üzə zülfi-siyahini,
Guya ki, gizlədib fələk əbr içrə mahini.
Mən oxuduqca Azər əfəndi deyirdi:
-Bərəkallah, qoçaq!
Mən də öz-özümə fikirləşirdim ki, yəqin məni ələ salır, şeirim xoşuna gəlmir. Demə, Məşədi Azər elə “qoçağ”ı doğrudan deyirmiş.
Müxtəsər, çox şeirlər oxundu, söhbət elədik, o yan-bu yan, sonra Azər dedi ki, mətbuata getməliyəm. Əvvəl mən mətbuatın nə olduğunu anlamadım. Qərəz, başa düşdüm ki, Orucov qardaşlarının mətbəəsinə getmək istəyir. Mən də Azərlə bərabər evdən çıxdım. Dedi gedək səni orda tanış eləyim, tapşırım, şeirlər yaz. Sən yaxşı şair olacaqsan. Yaxşı yazmısan. Məşədi Azər beləcə məni həvəsləndirdi. Söhbət eləyə-eləyə gəlib çatdıq Orucovların mətbəəsinə. Mətbəə də Sabirin heykəli olan yerdə idi. Girdik içəri. Gördüm Seyid Hüseyn, Ruhulla Axundov və bir də bir neçə adam idi ki, onları yaxşı tanımadım.
Azər məni onlara tapşırıb dedi:
-Bu uşaqdan muğayat olun. Şeir yazdı, çap eləyin.
Mən çox sevindim. Bayıra çıxanda Azərin əlində qəzet vardı. Həmin qəzetdən mənə bir qəzəl oxudu. Qafiyəsi belə idi: “dad, fəsad”. Evə gəlib gecəynən həmin qafiyədə şeir yazdım. Səhər, yəni 1914-cü ilin mayın 14-də həmin şeir “İqbal” qəzetində çap edildi.
Olmadım bir ləhzə, yarəb, bu Vətən mülkündə şad,
Ömrüm əksildi, günü-gündən, qəmim oldu ziyad.
Bifəva gördüm, kimə dünyada etdim etinad,
Çərxü-dün sübhü məsa oldu mənimlə kəcinad,
Ələman çərxi-sitəmkarın əlindən, dad, dad.
...Azərgildə tez-tez yığışardıq. Rəhmətlik həmişə bizimçün düşbərə bişirtdirərdi. Yığışardıq beş-altı adam orda, deyərdik qafiyəni.
...1916-cı ilin yayında Buzovnaya Məşədi Azərin söhbətinə getmişdik. (Həmin ildə Vahidin cəmi-cümlətanı 21 yaşı vardı. – K.H) Bir yerdə çay içdik, söhbətə başladıq, şeirə keçdik. Azər mənə Füzulinin Həbibiyə yazdığı təxmisi oxudu. Həbibinin qəzəlini Füzulinin necə böyük bir məharətlə təxmis etməsi məni heyran etdi. Şeirdə olan rədif və qafiyələrin uyğunluğuna, hər iki şairin misralarında olan məzmunun bir-birinə necə əriyib qarışdığına valeh oldum. Məşədi Azər təxmisi oxuduqca bənd-bənd təhlil edir və çətin anlaşılan söz və tərkibləri aydınlaşdırırdı:
Ta cünun rəxtin geyib tutdum fəna mülkün vətən,
Əhli-təcridəm, qəbul etmən qəbavü pirəhən,
Həm qəbavü-pirəhən geysəm misali-qönçə mən.
“Gər səninçün qılmasam çak, ey büti-nazikbədən,
Görüm olsun ol qəba, əynimdə pirahən kəfən”.
Bu bəndi Məşədi Azər oxuyanda mən müşahidə etdim ki, kişinin qarabuğdayı üzü sözün təsirindən yavaş-yavaş ağarır, məzmunun qüvvəsindən dodaqları əsir. Doğrusunu deyim ki, o vaxt Füzulinin bu təxmisininin birinci bənddə işlənmiş tərkibinin mənası mənim üçün çətin anlaşılırdı. Məsələn, “əhli-təcrid” tərkibində “əhl” sözü hamıya məlum olduğu kimi, mənə də aydın idi. Lakin “təcrid” və “əhli-təcrid”in mənasını Azərdən öyrəndim”. 
Azər Şərq fəlsəfəsinin, irfan elminin incəliklərinə bələd idi, onun yaradıcılığı başdan-başa işarələrlə, rəmzlərlə zəngindir. İslamı mükəmməl bilirdi, Quranı ərəbcədən oxuyub mənimsəmişdi. Təsəvüff haqda bilgiləri bitkin idi. Əks halda Füzuli şeiriyyətinin dərin qatlarına enə bilməzdi. Onun qəzəllərindəki eşq kəlamı da klassik irfani poeziya anlayışına görə Yaradanı ifadə edir. Əliağa Vahidin xatirələrindən də görünür ki, müasirləri həmişə onun işığına toplaşar, onun söhbətlərindən feyziyab olar, bilmədiklərini ondan öyrənərdilər. O, uzun müddət əvvəl Dağıstanda, sonra isə kəndlərindəki məktəbdə islamı, klassik ədəbiyyatı böyük məhəbbətlə gənc nəslə təlim edib və bu müqəddəs işi özünə ümdə bir vəzifə hesab edib.
Azər istedadına və böyük gələcəyinə inandığı Əliağa Vahidin içkiyə aşırı dərəcədə meyl etdiyini eşidincə pəjmürdə oldu. Belə parlaq bir istedadın məhv olmasını istəmirdi. Çox düşünüb-daşınandan sonra ona belə bir məktub göndərir:
Vahida, münfəil etmiş məni kirdarlərin,
Sənə nalayiq olan şiveyi-rəftarlərin.
Ərəq etmiş səni rüsvayi-cahan, leyk məni –
Ərəqi-xiclətə qərq eyləmiş ətvarlərin.
Müskiratə səni aludə görüb şamü-səhər,
Lənət eylər sənə nəşr etdiyin əşarlərin.
...Az degil ağlamalı halını gördükdə gülən,
Olma minbəd gülüncü o xətakarlərin.
...Huşa gəl, bir daha məğmun eləmə dostlarını,
Az deyildir sənin Azər kimi qəmxarlərin.
Vahid ustadının bu tənəsindən mütəəssir olur və bir müddət içkidən uzaq gəzir. Amma özünə mümkün qədər bəraət qazandırmağa çalışır, ona cavabında belə yazır:
Məni aludeyi-mey gözləri ahulər edib,
Qurtaran varmı əlindən bu xətakarlərin?!
Məstlik qəsdi ilə zöhdü vərədən qaçıram,
Ki, gözüm görməyə karın bu riyakarlərin.
Bizi ustadımız Azər demə tənqid etmiş,
Dəyməmiş piri-muğan, qəlbinə meyxarlərin.
Biz günahkarlərin mərhəmətə haqqı da var,
Keçəcək cürmünü, əlbəttə, günahkarlərin.
Bizi bir cam ilə mey nəşəsi yıxmışsa, nə qəm –
Evi abad ola Azər kimi qəmxarlərin.
Əgər ustadımız Azər kimi bir həmdəm ola,
Həmdəmi olmaz idim bir para əyyarlərin.
Hanı Yusif, hanı Sabit, hanı Saqib kimi dost,
Ki, ayağın öpüm ol yar-vəfadarlərin?
Vahidəm, məst görərkən mənə çox eyb etmə,
Tənəsindən içirəm bəzi dilazarlərin.
****
Azər yeni quruluşun şəninə bir misra belə yazmadı. 1943-cü ilin 8 fevralında böyük filosof, sonralar sovet hökümətinin təzyiqlərinə dözməyərək bağında intihar etmiş dəyərli alim Heydər Hüseynova nəzmlə yazdığı məktubunda Azər belə deyirdi:
Həştada az qalıb çatmağa yaşım,
Qarlı dağlar kimi ağarıb başım.
Dişlərim tökülüb, həsbəm sökülmüş,
Çaçi kamanıtək belim bükülmüş.
Qəzet-jurnallara yazdığım əşar
Yığılsa bir yerə, beş kitab olar...
...Otuz üçüncü ildə etdi narahət,
Xəstəlik qoymadı cismimdə taqət.
İnvalid dəftərin çarəsiz aldım,
Guşeyi-nisyanə atılıb qaldım...
...İmdi ki, həştadə az qalıb yaşım,
Göyərti əkməklə keçir məaşım.
Qoca bir şairə deyildirmi ar –
Sovet ölkəsində olmaq böylə ar?!
Şairin bu məktubunda çox böyük mətləblərin üzərinə işıq düşür. Quruluşu vəsf etməyən, yeni dövrü tərənnüm etməyən qələm sahiblərinin aqibəti belə olurmuş – tərənnüm şairlərinin yaxasını orden-medallar bəzəyəndə həqiqət aşiqi olan Azər kimi şairlərə göyərti əkdirirmişlər. Onları güllələməsələr də, beləcə mənəvi terrora məruz qoydular, dirigözlü ölümə məhkum etdilər.
Azər gözəllikləri, eşq mövsumu sayılan baharı tərənnüm edirdi:
Ey dili-qafil, göz aç, bir bu yeni dünyaya bax!
Getdi qəm əyyamı, əyyami-fərəhəfzayə bax!
Getdi sərmayi-zimistan, gəldi fəsli-novbahar,
Şaxi-güldə nəğməsəncan, bülbüli-şeydayə bax!
“Yeni dünya” deyəndə fəhmli oxucu anlayır ki, şair yeni quruluşu nəzərdə tutur. Yeni quruluş yüz minlərlə insana işıqlı gələcək vəd edirdi və bu gələcəyin özüylə hansı fəlakətlər gətirəcəyini heç kəs bilmirdi. Bahar isə bütün quruluşların fövqündədir. Baharda gül açır və təbiətdəki duyğulara təsir edən bu canlılıq, aşiqin – bülbülü-şeydanın könlünü dilə gətirir.
Vasifi-xalü-xəti-canandı gülşən sərbəsər,
Aç gülün tumarını, bu rəmzə ayə-ayə bax!
Gülşən cananın camalının xətti-xalını vəsf edir, şair isə hər gülün ləçəyində bir məna, rəmz olduğunu bildirir. Şair sevgilinin gözəllik ünsürləriylə baharın gözəlliklərinin aşiqdə eyni duyğular oyatdığını ustalıqla bir beytdə ifadə edir.
Lalədən dağ şadu-xürrəm, dağdan həm lalə tər,
Güldürən baği-baharın növgülü-həmrayə bax!
Dağ çəməndə lalələri görüb şadlanır, lalə dağdan əsən yellərin sayəsində tazə-tərdir. Baharın üzünü güldürən təbiət ünsürlərinin bir-biriylə beləcə təmasıdır.
Azərin eşqi tükənməz bir mühit olmuş budur,
Bavərin yoxsa, gəlib başındakı sevdaya bax!
Sıxıntılarla dolu qışdan sonra bahar gəlincə insanın qanı qaynayır, başındakı sevda onu dəli aşiqə çevirir. Çünki bahar aşiqin vüsal həsrətiylə çırpındığı fəsildir, eşq mərəzinin müalicəsi üçün ən uyğun zamandır. Bu fəsildə sevgili seyrana çıxır və aşiqin onu görmə ehtimalı daha çoxdur. Baharda yaranan gözəlliklər həqiqəti görə bilmək üçün vasitədən başqa bir şey deyil. Görünənlər Allahın təcəllasıdır, onun varlığının sübutudur.
Məşədi Azərin əksər qəzəlləri Quran ayələri, klassik şeirdə geniş yayılmış sufilik anlayışları vasitəsiylə izah edilə bilər. Amma bunu bütünlükdə yaradıcılığına şamil etmək olmaz. Onun şeirlərində xalq təfəkküründən gələn deyimlər, ifadələr də yer alır. Onun qəzəliyyatını şərhlərlə, izahlarla birlikdə qavramaq istərkən böyük Füzulinin “elmsiz şeir əsası yox divar olur” fikrini xatırlamaq yerinə düşür. Azəri anlamaq üçün həm də Şərq fəlsəfəsini dərindən bilmək lazım gəlir, elmin müxtəlif sahələri haqqında heç olmasa, ümumi biliklər tələb olunur. Şeirin izaholunmazlığı haqqında çox fikirlər səsləndirilib. Mərhum ədəbiyyatşünas alim Həmid Araslının Füzuli haqqında dediklərini xatırlayaq:
“Füzulini şərh etmək?!” Bu sözlər çox qəribə səslənir. Bu ona bənzəyir ki, kiməsə günəş bağşlamaq istəyirsən, ancaq əliboş gedirsən: hərarəti öz qəlbində qalır, nuru gözlərində...”
Kənan HACI