Məmməd İsmayıl: “Bizim tənqidçilər gölməçədə fırtına qoparmağa çalışırlar...” – Müsahibə - MANERA.AZ
![]()
Manera.az “Çanaqqala 18 Mart Universiteti”nin professoru, şair Məmməd İsmayılla geniş müsahibəni təqdim edir:
- Salam Məmməd müəllim! “Necəsiniz?” sualına hər zaman “yaxşıyam” deyirsiz?
- O baxır “necəsiniz?” sualının verildiyi vaxta.İnsan ömrünün az qala hər anının öz övqatı var və hər ovqatın da öz cavabı. Bəzən rəhmətlik Mikayıl Azaflı demişkən “Dünənkindən pis, sabahkindan yaxşı” da deyə bilirsən. Amma son olaraq “yaxşıyam” deyək ki, içimizdən dilimizə gələn bu cavab dünyanın görünməz güclərində əks-səda doğursun, pis ruhi halımız da bəlkə o zaman yaxşıya çevrilər…
Necə düşünürsüz, niyə bizdə kitaba münasibət Türkiyədəki kimi deyil?
-Azərbaycanda kimin pulu, maddi imkanı varsa və tənbəl deyilsə kitab çıxartmağa və çıxartdığı bu kitabı utanmadan təbliğ etdirməyə çalışır. Və beləcə sevilməyə layiq tək-tük kitab da bu “kitablar”-maklatura bolluğunda itib batır.Bundan başqa ənənəvi kitabı oxuyan, sevən və təbliğ edən ölkələr var, məsələn, Rusiya, Çin, Hindistan… Azərbaycan və həm də elə Türkiyə topluluqları kitabsevərlikdə elə də fərqlənməyiblər axı.Üstəlik ölkəni idarə edən yönəticilərin də kitabı sevdirmək deyə bir dərdləri yoxdur.Biliksiz toplumu idarə etmək daha asan olur. Buraya bir də kapitalizmin “para” siyasətini əlavə etsək, demək istədiyimiz mənzərə gün işığına çıxar.Qaldı “Türkiyədəki kimi deyil” ifadəsinə, bu Azərbaycandan Türkiyəyə baxışda ortaya atılan deyimdir. Əslində Azərbaycana nisbətdə Türkiyədə bir qımıldanma hiss olunsa da bir neçə adlarını dünyaya duyurmuş yazıçalardan başaqa (O.Pamuk,E.Şafak) yerdə qalan istadadlı yazıçılar belə oxucu kasadlığından əsərlərini sata bilmirlər…İndi nə yazıq ki, istər Azərbaycanda, Türkiyədə, istərsə də dünyanın başqa bir yerində gənclərin böyük çoxunluğunun əllərində kitab yerinə mobil telefonlar,tabletlər var,hər kəsin başı kitab yerinə sanal dünyaya qapı açan bu cihazların səcdəsinə əyilib və canlı həyatla təmaslar sıfır dərəcəsinə endirilib.
Məmməd müəllim, siyasəti ədəbiyyatlaşdırsaq, özünüzü necə obrazda görərsiz?
-İnsan güzgüyə baxıb güzgüdən ona daha yaraşıqlı birinin boylanmasını istər.Amma heyif ki, güzgülər yalan danışmır.Mənim özümü hansı obrazda görməyim mənə məlum, əsas olan güzgünün-yəni sizlərin, oxucuların məni hansı obrazda görmələridir… İnsan olmasaydı dünyanın özünə kənardan baxa bilməsi üçün vasitə də olmazdı. Ədəbiyyat, musiqi, rəssamlıq insanın bacara biləcəyi gözəl nə varsa, hər şey təbiətin istəyi üçün yaradıldı.Öz gözəlliyini görmək üçün dünyanın, insanların gözüylə özünə baxması lazımmış…
Azərbaycanda ədəbi prosesi izləyə bilirsiniz? Sizcə, vəziyyət necədir? Nəyəsə ümid etmək olarmı ?
- İmkanımın, zamanımın olduğu qədər izləyə bilirəm.Və…ümid olmayanda yenə ümid var.Xüsusiylə orta və gənc ədəbi nəsillərin fərqli axtarışları və tapıntıları məni sevindir.Və işin qəribəsi odur ki, bizim yaşlı nəsillərdən fərqli olaraq, onlar bir-birinin qibtəsini çəkmək yerinə, bir-birilərini bəzən hətta ifrat dərəcədə müdafiə edirlər.Bu, bir baxıma çox yaxşı haldır.Amma bu gedişatı yaşlı nəsillərin tənqidi üzərində qurmaq doğru deyil.Yəni bu, binanın üst mərtəbəsində yaşayanların zəmin qatı, ya da dənizə can atan çayın başlanğıc bulaqlarını inkar etməsi kimi bir şeydir.Zəmin qat olmasa bina, bulaqlar olmasa, çaylar ayaqda qala bilərmi?Burda Hollivud kino-şirkətinin yetmişinci illərdə istesal etdiyi və SSRİ məkanında geniş seyirçi kütlələrinə göstərilməsi yasaq edilən “Diplomat” filmini xatırlayası oldum.Qısa məzmunu bu idi ki, gənc bir müğənni prezident olmaq istəyir və təbliğatını da bu doğrultuda qurur,- mən prezident olsam, bütün yaşlıları toplumdan təcrid edəcəm, qoy əl-ayağa dolaşmasınlar.Prezident seçildikdən sonra dediyi kimi də edir, yaşlılar üçün xüsusi bölgələr oluşdurdur və özündən yaşlı olan bütün adamları o bölgələrə yerləşdirir, hətta öz anasını da…Amma sonda qəribə bir vəziyyətlə qarşılaşır. Yaşlılar məkanında arxadan bir səs eşidir:
- Ey qoca adam, o topu mənə qaytararmısan” deyib ot üstünə atdığı topu göstərir.
Bu, 10-12 yaşlarında bir yeniyetmənin səsidir.Və adam onda anlayır ki, həyat bir estafetdi,nəsillər bir-birinin davamılı olum-ölüm qatarındadır.Yəni, bu günki ədəbi gəncliyimiz yaşlılarla dil uzadarkən bu acı həqiqəti unutmasınlar…Sizin bu gün etdikləriniz sabah sizin də qapınızı döyəcək!
Kənd ədəbiyyatı, yoxsa şəhər ədəbiyyatı müzakirəsi olunur... Ədəbiyyatı kəndə, şəhərə bölmək düzgündürmü?
-Ədəbiyyatın kəndi, şəhəri yoxdur, yaxşısı, pisi var. Bu düşüncə təkcə bizim ədəbiyyatımız üçün deyil, dünyanın bütün ədəbiyyatları üçün keçərlidir.Bütün bunlar tənqidçilərin uydurduğu cəfəngiyatlardır.
Darıxmağı kitab oxumaqla ovundurmaq mümkündür?
- Kitab insanlığın ən böyük kəşfidir.Və hər yaxşı kitab həyat burulğanlarından keçmişdən gələcəyə üzən bir gəmiyə bənzəyir.Fransız yazarı Mopassandan soruşmuşlar ki, ən etibarlı dostun kimdir, cavabı qısa olmuş: kitab! Bir dostuna verdiyin vədə yerinə 10-15 dəqiqə gec gəlsən, dostunun çıxıb getdiyini görərsən.Amma oxuduğun bir kitabı masanın üzərində buraxsan, bir ildən sonra da gəlsən, görəcəksən ki, açıq buraxıb getdiyin kitab elə açıq qoyub getdiyin səhifəsi ilə səni gözləməkdədir.Və…hikmətli bir kitabla baş-başa qalan adamın yalqızlıqdan, darıxmaqdan nə qorxusu ola bilər ki?
Sazla aranız necədir?
- Zənnimcə, Tovuzlu birinə bu sualı vermək yersizdir.Ona görə yersizdir deyirəm ki,mən AZTV-nin sədri olanda ekranda, efirdə güya saza daha çox yer verdiyimə görə türk düşmənləri mənə qarşı açıq mübarizəyə başlamışdı. Çünki o sürüngənlər sazın türk insanı üçün nə demək olduğunu yaxşı bilirdilər.Allah yaratdığı dünyanın çəkilməz çilələrlə dolu olduğunu bildiyindən təskinlik, özlərini ovutmaq üçün hər millətə bir musiqi aləti göndərdi, türkün qismətinə isə ölümsüzlük simvolu saz düşdü.Mən əvvəlki müsahibələrimdə saz haqqında cavablar verdiyimdən burada onları yenidən təkrarlamaq isəmirəm.Təkcə onu deyim ki, saz türkün keçmiş və gələcək qapılarının kilidinə düşəcək yeganə açardır.Diqqətlə baxsanız saz görüntüsünə görə də açara bənzəyir.Evimizin açarını itirsək, nə duruma düşəriksə, sazımızı, sözümüzü itirsək, daha beş-betər duruma düşərik.Bütün bunlar Orta Asiyada hələ də dolaşmaqda olan əfsanələrdə gərəyincə yer alıb …
Sizcə saz restoranlarda qalsa yaxşıdı, yoxsa Avropaya aparmaq lazımdır?
-Sualın məntiqi nədir? Sazın yeri nə restoranlardır, nə də Avropa salonları. Sazın yeri el şənlikləri, el yığnaqlarıdır, amma nə yazıq ki,muğama, (hətta Azərbaycan toplumu üçün bayağılıqdan başqa heç nəyə yaramayan, bizim olmadığı halda bizimki kimi topluma zorla sırınan meyxanya və zarıncı muğama) dəstək verən indiki iqtidar və onun tərəfkeş tele-kanalları bir az da xalqın bağrından qopan saza meydan versəydilər, o zaman saz daha böyük üfüqlərə meydan açardı.
Türkiyədən Azərbaycana boylananda ədəbiyatımızın durumu necə görsənir?
- Bu uzun bir monoloqu-cavabı gərəkdirən sualdır.Türkiyə türkünün belə bir dərdi yoxdur, o Avropa ədəbiyyatını qoyub Azərbaycan ədəbiyyatına elə də vaxt ayırmaz.Amma Azərbaycan ədəbiyyatının elə önəmli bel sütunları vardır ki, ( Mən burada hamımızın ortaq şairlərimiz olan Nəsimini və Füzulini adlarını çəkməyə də bilərdim...) M.P.Vaqif, M. Ə. Sabir, H.Cavid xüsusiylə də M.H.Şəhriyar Anadolu türk oxucusunun da baş tacı etdiyi simalardır. Bir də var Azərbaycanda çeşidli vəzifələrdə əyləşib istedadlarına görə yox, daha çox tutuqları önəmli vəzifələrə görə Türkiyəyə gəlib kitab çap etdirən, mükafatlar, hətta orqanizmə edilmiş fəxri doktora ünvanları “alan” və buna görə də dedi-qodulara səbəb olan gülüş hədəfinə çevrilənlər…
Bizdə nə çatışmır?
Çatışmayan yerimiz birdimi, ikidirmi, hansı birini deyim ki? Ən əsası milli birlik çatışmır. Milli düşüncə birliyi olmayan topluluqların deyil, millət olmaq, xalq olması da müşkül işdir.Hər kəsin gözünün önündə yalana heykəllər qoyulur, yalançı qəhramanlar “icad edilib” onlara baş əyilir, kimsənin umrunda deyil.Bu anlamda bizdə yalana qarşı mücadilə çatışmır.
Cəbhə hakimiyyətinin ən böyük uğurlarından biri test üsulunun tətbiqi oldu. Test üsulunun yaxşı cəhətləri çoxdur, ancaq eyni zamanda sizə elə gəlmirmi ki, bu üsulun zərərli tərəfləri də var. Məsələn, uşaqlar yazı yaza bilmirlər, mühakimə yürüdə bilmirlər, danışa bilmirlər. Nə deyirsən, deyirlər, sual ver danışım. Sual verirsən, deyirlər, variantları de cavab verim. Bu barədə nə fikirdiəsiniz?
-Yer üzündə elə yaxşı bir başlanğıc yoxdur ki, onun bir axsayan cəhəti olmasın.Bu zaman bizə nə qalır, bu başlanğıcın, yəni test üsulunun yaxşı, varsa, pis cəhətlərini haqq tərəzisinə qoyub çəkək, əgər yaxşı yön çatışmayan yönü əyirsə, deməli o başlanğıcın mütləq davamı olmalıdır.Qaldı uşaqlar yazı yaza bilmirlər, mühakimə yürüdə bilmirlər” uydurmasına.Dön ətrafına bax, bu gün saytlarda boy göstərən və fərqli düşüncə tərzinə sahib olan yazarların demək olar ki, hamısı test üsulu ilə ali məktəblərə istedadlarına görə daxil ola bilən gənclərimizdir, məgər bu az işdir.Test üsulu olmasaydı (yəni bizim ali məkəblərə qəbul olunduğumuz zamanları “şərtləri” olsaydı), bu gənclərin böyük çoxluğu rüşvət baryerinə ilişib qalacaq, ali məktəblərə qəbul ola bilməyəkdi.Bir düşün o zaman biz kimləri və nələri itirmiş olacaqdıq?! Bir də test üsulu ali məktəbə keçid köprüsüdür.Bəs o zaman gənclərin yetişməsində ali məktəblər nə iş görür? Görürmü? Bax, məsələnin kökü burada gizlidir!
Şairin, yazıçının müxalifəti, iqtidarı olmalıdır, yoxsa?..
-İqtidarı iqtidardakılardan soruş! Amma yazıçı, əgər gerçəkdən də yazıçıdırsa, o zatən anadangəlmə zamanla, məkanla, dünya və onu yönətənlərlə müxalifətdə olmalıdır.Bu, onun tanrısal görəvidir. Son günlər Azərbaycanda müxalifət-iqtidar yerdəyişmələri iyrəncliyin pik nöqtəsini yaşayır. Saxtakarlığın bundan o tərəfi yoxdur! Bunlar dünyada analoqu olmayan və olmayacaq rəzilliklərdir. Şeytanın gizli, aşkar nə qədər könüllü fəhlələri varmış, sadəcə biz gec fərq etmişik.Bu zalım zaman daha nə qədər maskaların düşməsinə vəsilə olacaq və bütün bu proseslərin sonunu gözləmək üçün hələ nə qədər yaşamağımız gərəkəcək?!
Şairdən deputat olar?
-Bu sualı da milli məclisə seçiləndən sonra deputatlığın verdiyi “ilhamla” “sənətkar” olub“şair” kimi, “yazıçı”kimi adlar, mükafatlar alanlardan soruşsanız daha yaxşı olmazmı?
İndi şair və yazıçılarda tənqidçiyə inam yoxdur. Bəs müəlliflər kimə inansın?
- Bir-iki istisnanı çıxmaq şərtiylə dediklərinlə razıyam.Qəfil fırtınalar bəzən dənizlərin bir dalğasını sahildən kənara atır.Və fırtına çəkildikdən sonra sahildən uzaq düşmüş o su yığımına gölməçə deyirik. Bax bizim “tənqidçilər” o gölməçələrdə fırtına qoparmağa çalışanlardır. Gecə bir mövzu düşünüb səhər o mövzuya uyğun müəllif və mətn arayışına çıxırlar. Deyilən tərif ya da tənqidi məntnlə örnək alınan misallar əsla bir-birinə uyuşmur. Əl quzuları olduğu kimi, nə yazıq ki imtiyaz sahibi olan adamların “yetişdirdiyi” əl tənqidçiləri də var.Kor atın da kor nalbəndi olar. Təbii ki, elə ədəbiyyatın da belə “tənqidçiləri” olacaq. Belə “tənqidçilər arasında sanki “intellektual” bir yarış gedir, görək kim daha fəlsəfi, anlaşılması zor terminlərlə, izimlərlə dolu ədəbi mətn “icad” edəcək? Halbuki böyük C.Məric deyirdi ki,izmlər yarandığı yerə, yəni Avropaya bənzəyir bic və yalan…Amma bu o demək deyil ki,Azərbaycandakı tənqidçilərin hamısı belədir, yox!Mən bu cavabımla daha çox simsarlı, tərəfkeş “tənqidçiləri” nəzərdə tuturam.İndiki Azərbaycan sosial və ədəbi mühitinin gözəgörünən fəsadlarıdır bunlar.Qaldı müəlliflərin kimə inanmasına.Müəlliflər əlbəttə dünya ədəbi təcrübəsinə və özlərinə inanacaqlar.Heç bir müəllifi tənqidçi dəstəyi sənətkar etmir…
Hələ oxunmamış ən böyük əsər yazıçının başında olur ya alnında?
-Bu sualına da quzu kəsim, baş haradır, alın hara?Gərçi üçüncü gözümüz,hətta və hətta vicdanımız da iki qaşımızın arasında qərar tutub.Nəcib Fazıl Kısakürək demişkən:
Kadər bəya kağıda sütlə yazılmış yazı,
Əlindəysə bəyazdan gəl də ayır bəyazı…
Başla alını bir-birindən ayır görüm necə ayırırsan?Hələ oxunmamış əsər yazıçının nə başındadır, nə alnında.İndi bu sualı mənə yazdığın yay zamanında payız, qış hardadırsa, dediyin əsərlər də, oralarda bir yerlərdə Tanrı qatındamı, ilham qatındamı, mübhəmliyin harasındadırsa, bir yerlərdədir, yazılmasına vərəqlərə endirilməsinə izin verildiyində enəcəklər.
“O”ndan xəbər varmı?
“O”ndan xəbər olmasa yaşamağa dəyməz ki..
Qadın kimdir?
Bir qadın uğruna qazanılar
Dünyanın ən böyük qələbəsi
Sonra o biri qələbələr,
Gələr…
Amma yenə də
Qadın xəyanətidir
Dünyanın ən böyük xəyanəti.
Və qadına yenilməkdi,
Sevib, sevilməməkdi
Dünyanın ən böyük məğlubiyyəti…
Əgər poetik düşüncəni bir tərəfə buraxıb ciddi biçimdə sualı cavablandırsaq, qadın həyatın bel sütunudur.Bəlkə atadan yetim qalıb anamın himayəsinə böyüdüm ona görə bilmirəm, amma mənimçün qadının, özəlliklə də ana olan qadının yeri bir başqadır.Və mənə görə Həvva andan bu yana qadınlar ölmürlər, həyata canlı varlıqlar gətirən ana necə ölə bilir ki, insanlıq min illər boyu o cəfakeş anaların çabalarıyla nəsil-nəsil ruhlar aləmindən bu dünyaya gətirildi. İndi ismini unutduğum bir filosofun dediyi kimi bir gün eyni qadınla yüz dəfə də qarşılaşsan ona yüz dəfəsalam verib, baş əysənn yenə də azlıq edər…
Şeir acıdan, sarsıntıdan doğar deyirlər. Stalinin ölümü sizi ona şeir yacaq qədərmi sarsıtmışdı?
-Şerin acıdanmı, dadlıdanmı doğduğunu şerin özündən soruşa bilsəydik.Şirinliyi hardan alır bal nə bilsin, sora bilsən gedib soruş, arı bilər.Axşam harda yatdığını sən bilirsən, Sabah harda oyanarsan Tanrı bilər…Qaldı Stalinin ölümünə yazılan şeirə…elə şerin özündə də bu var, o zamanlarda elə bir ictimai pisixoz yaradılmışdı ki,insanlar niyə ağladığını bilməyə-bilməyə ağlayırdılar.Və Şimalı Koreyada bu gün də eyni vəziyyətdir.Axtarsan Azərbaycanda da durum fərqli deyil:
…Әvvәlin işini sona qoyan xalq,
Qәzәb qılıncını qına qoyan xalq,
Qan axan әlinә xına qoyan xalq,-
Bu xalq çәpik çalmaq öyrәnir hәlә.
Bәlkә qәzbinә, kininә çalır,
Şәrin, şәrәfsizin şәninә çalır,
Bilәn yox, heç hansı gününә çalır,-
Bu xalq çәpik çalmaq öyrәnir hәlә.
Hәrdәn öz kökünә tәpiyini çal,
Manatını qazan, qәpiyini çal...
“Şair”sәn dә yeri çәpiyini çal,-
Bu xalq çәpik çalmaq öyrәnir hәlә.
Bütün suallarınn cavabı hansıdır ki?
-Sirr açıldıqca gücdәn düşәr, niyә deyim ki, sizdә bilәsiz.
Təbiətdə qışdan sonra bahar gəlir, bəs həyatımızda?
-Bahar hardan gəlirsən?
-Haqqı bulduğum yerdən.
-Yay hayandan gəlirsən?
-Bara dolduğum yerdən…
Payız hardan gəlirsən?
-Xəzan olduğum yerdən.
-Qış hayandan gəlirsən?
-Unudulduğum yerdən…
Ötən ömrün yasında,
Quzey yaxasında mən.
Gün bulud arxasında
Qürbət arxasında mən.
Varmı verən bir soraq
Nərdəyim mən, nərdəyəm?!
Yaddaşına yaxşı bax
Unutduğun yerdəyəm…
Manera.az-a hələlik son sözünüz?
Sözə dəyər verin, verdiyiniz sözə sahib çıxın. Ən böyük qisas sözün qisasıdır, çünki “Dünyanın əvvəli söz, sonu da söz olacaq!!!
Söhbətləşdi: Çinarə Ömray
Manera.az