manera.az
manera.az

O zəng bir daha gəlmədi... - Layihə

O zəng bir daha gəlmədi... - Layihə


İstər şirin, istər isə acı olsun, xatirə insana iztirab verir.. Həm də bu xatirə bizi həyata bağlanmağa, yenidən yaşamağa sövq edir. "Xatiratım" layihəsinin qonağı yazar Elnaz Eyvazdır. Onun oxucularla bölüşdüyü xatirəni təqdim edirik:

Yaddaşın güclüsə, ya da unutmağı bacarmırsansa, xatirən çox olur. Yaddaşımda o qədər xatirə var ki...

Mən unutmağı bacarmıram. Elə məqamlar, elə sözlər var ki yaddaşımda, qurdalasam, qan axar. Əslində, bir layihə çərçivəsində seçim etmək çətindir...Təklif bir həftədir gəlib, düz bir həftədir düşünürəm. Ən şirin yaşananlar belə xatirəyə dönəndə özündə bir nisgil daşıyır.

Ali məktəbə hazırlaşırdım. Hazırlığa getmirdim, gecələr də səhərəcən dərs oxuyurdum. Günlərin bir günü evə zəng gəldi. Dəstəyi qaldırdım. Yenə həmin nəfəs. Artıq neçı vaxt idi ki, xəttin o başında özü susub nəfəsini qabağa verən kim idi, bilmirəm. Bir dəfə “alo” deyib gözlədim, danışmadı, dəstəyi asdım. Dərhal bir də zəng etdi. Bu dəfə bir az hirslə “alo” dedim. Çünki, doğrudan da, əsəbiləşmişdim. Amma xəttin o başından gələn səs səsimin başına bir qapaz ilişdirdi sanki.

Xəttin o başındakı oğlan qısa fasilə ilə susub sözə başladı. Hiss edirdim ki, həyəcanlıdır. Səsi əsirdi. Qəribədir, üzünü görmədiyin, gözlərinə baxmadığın birinin səsindən niyyətini, yalanını-doğrusunu təxmin etmək olur. Oğlan cəsarətə gəlmişkən ürəyindəkiləri açıb-tökdü, neçə vaxtdır məni izlədiyini, məndən çox xoşu gəldiyini, yox ee, daha doğrusu, sevdiyini, həm də çox sevdiyini dedi. Düzü, quruyub qalmışdım. Çünki məktəbi təzə bitirmişdim, sevgi-məhəbbət məsələlərində təcrübəsiz idim. Anam deyirdi ki, heç kimə inanma, oğlanlar qızların hamısına eyni yalanları danışıb, hamısını eyni cür yoldan çıxarır. Odur ki, anam demişkən, heç kəsə üz verməmişdim ki, mənə bu qədər içdən açılıb-tökülsün. Oğlanı səbirlə dinlədim. Sözünü bitirib dərindən köks ötürdü.

- Nə deyirsən? – soruşdu.

- Mən dərs oxuyuram, ali məktəbə hazırlaşıram. Sizdən xahiş edirəm, məni bir də narahat etməyin.

- Mən gözləyərəm. İmtahan ver, qəbul ol. Sonra yenə zəng edərəm.

- Sizə yalandan ümid verə bilmərəm. Xahiş edirəm...zəng etməyin.

Niyə görəsə bu qədər təmkinlə cavab verdim. Sanki içimdən bir səs deyirdi ki, kobudluq etmə, incitmə, bir ömür peşman olarsan.
- Mən onsuz da zəhlənizi tökəcək qədər zəng edə bilmərəm. Əsgərəm. Allahdan arzu edirəm ki, sən tələbə olasan. Sonra yenə danışarıq. Vaxtın var, düşün. Mən sabah gedirəm, amma yəqin ki, bir-iki aya gəlib, yenə qayıdacam. Gələndə zəng edəcəm. Mənə cavab versən, nə qədər desən, gözləyərəm. Sağ ol...

Ümidinin qırılmasından qorxurmuş kimi sağollaşıb dərhal dəstəyi asdı. Hə, bu arada...adını da dedi. O adda təxmini bildiyim oğlanlar vardı. Amma əsgər olan...məncə, o adda bir əsgər vardı qəsəbədən.

Bir ay tamam olmadı, qəsəbəyə dalbadal şəhidlər gətirildi. Aləm dəydi bir-birinə. Bütün qəsəbə yas içində idi.
O zəng bir daha gəlmədi. Hər dəfə o adı daşıyan küçədən keçəndə özümü günahkar hiss edirdim. Baxmayaraq ki, o gülləni mən atmamışdım...

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031