manera.az
manera.az

Şairə və şeirə şükür - Əkbər Qoşalının şeirləri

📅 03.04.2018 10:32

Şairə və şeirə şükür - Əkbər Qoşalının şeirləri
Manera.az tanınmış şair-publisist Əkbər Qoşalının şeirlərini təqdim edir:

BİLMİRƏM

Mən ona hər gün aşiqəm,
O mənə… – bilə bilmirəm.
Xəyalıyla dərdləşirəm,
Özünə… dinə bilmirəm.

"Can” deyirəm, canım olmur,
Sevirəm, sultanım olmur;
Olmur, bə, ay canım, olmur,
Könlümdən silə bilmirəm.

Desin Əkbər – bu nə haldı..?
– Ağ üzə qara sevdadı…
Unutdum, doğmanı-yadı,
Dil-əzəbərim olan adı, gələrmi dinə? – bilmirəm…

DİVANİ

Gah coşardın, gah susardın – halların hal deyildi,
Tək səndinmi bu dünyada əhdi-peyman eyləyən?..
Hər sözündən tük çəkirsən, günah çıxır birbəbir –
Sən deyildin yardan gələn sözü fərman eyləyən?..

Yenə də sevgidi sevgi, yenə dünyadı dünya...
Yalan səsdi, gəlir hərdən: yeni dünyadı dünya...
Axır gedib bir yar sevdin – adı Dünyadı, Dünya,
O da dedi nə gec gəldin, a canı can eyləyən..?

Get, get, ey əli qələmli, dərdini faş eyləmə,
Hər gələnçün, hər gedənçün gözünü yaş eyləmə...
Tanrıya bağla qəlbini, qəlbini daş eyləmə,
Yenə odur, yalnız odur dərdə dərman eyləyən.

ONDA QAFQAZ BİZİMDİ...

Bir vaxt Qafqaz bizimdi –
Boyum bulud döyürdü...
Kürəklərim böyükdü,
Onda Qafqaz bizimdi...

Adımıza ad əkdik,
nə səpmişdik – nə biçdik?
Söz bizdəydi, tək idik –
Onda Qafqaz bizimdi...

Ömürlər, anlar vardı,
Paşalar, xanlar vardı;
Can deyən canlar vardı,
Onda Qafqaz bizimdi...

Mən umutla doğuldum.
Heç umutsuz olmadım..!
Umut oldu-olmadı –
...Qafqaz bizimdi.


* * *
yolunu azarsan yol səni səslər,
nəsə itirərsən ol səni səslər
hər səsi çevirib söz etmək olmur
qəlb kədəri gəzər, dil qəmi səslər.

eyni yerdən gələr, başqadı adı,
başqadı səs dadı, başqa söz dadı,
səslərin gözəli qara sazdadı
Kərəmi çağırar, Dilqəmi səslər.

deyir, söz ölməyir, deyir, səs ölmür.
bəs öləndən sonra nə üçün gəlmir?-
gəlməyinə gəlir e,
eşidilməyir,
yoxsa keçəmməyir kəfəni səslər?!.


* * *
göy üzündə dövran Aya keçibdi,
köhnə dərdlər təzə aya keçibdi,
elə bil qələmə ayə keçibdi,
gözümü kağızdan ayırammıram.

bir olub iki can – bir doğulmuşuq,
«sıfır» - «ölüm» demək, «bir» - «doğulmuşuq»!
elə bil anadan bir doğulmuşuq,
özümü kağızdan ayırammıram.

mən «ölüm» yerinə - «özüm» yazmışam,
çölümə qış demə, özüm – yazmışam,
baxma ki, indicə özüm yazmışam,
sözümü kağızdan ayırammıram…

Günəş batıb, dövran Aya keçibdi,
köhnə dərdlər təzə aya keçibdi,
elə bil qələmə ayə keçibdi,
gözümü kağızdan ayırammıram.


* * *
Dindən əvvəl Sevgi özü Din idi,
Onda aşiq-yardı, onda yar – aşiq.
Əvvəl sözün susma idi, din idi,
İndi isə susmaq olub yaraşıq.

Zaman keçdi, dedik son söz dinindi,
Eşq yolunu kəsib durub din indi.
Ağılda din, ürəkdə eşq. –Din indi!
Bir addım at, bu sərhəddi yar, aşiq!

Əkbər, deyir, odur, bitməz qeylü-qal,
Dilimdə get, ürəyimdə «qal» ki, «qal»…
Qəlb-fərmandar, mən -icraçı, qərar-qal!
Nə deyirsən, həmdəm aşıq, yar, aşıq!?.


* * *
kirpiyimlə ötürmüşdüm mən odu,
onu gördüm yenə qəlbim oddandı.
Yanan görüb, gülüb, deyib: bu odu!-
Ona deyin, bir eşq adlı oddandı.

Ta onu sev, sevməyirəm, sev, gidi...
Mən sevdiyim qəlbimdəki sevgidi…
Kimdə qaldı, kimə qaldı sevgi, di?!.
Sinəmdəki ürək deyil – oddandı.

Mən odlandım, o nə susdu, nə dindi,
Ürəksizlik, sevgisizlik nə dindi?!.
Deyir, sevgi nə dinsizlik, nə dindi,
Odlanmayan ürəkləri od dandı…


* * *
Tanrı yazıb, ömrümüz bir cümlədi,
hər cümlənin yanında bir nöqtə var.
Şah işarə nə "sual", nə "nida"dı,
hərəsinin qanında bir nöqtə var.

...Söz bitən gün qələmlər yas saxlayır,
təqvimlər də Sözsüz bir gün saxlamır.
Sözü bəlkə tutub, bax, o saxlayır,
gahında üç, gahında bir nöqtə var.

Qələm yenə yaxşı sözçün sarsıdı-
inam yoxsa nəfs yenər əxlaqı!
...İşarələr baxışlar tək canlıdı,
bir nöqtə "yox" deyər, o bir nöqtə "var".


* * *
...Deyirsən ki, mənli günün sualdı,
deyirsən ki, "..."yəmin" mənəm,
"bəlkə"-siz".
Sənin eşqin gözlərimdən su aldı,
baxammıram sənə doğru "bəlkə"siz...

...Sən evlisən, "günah" deyir, yasa, din
Bizə görə ölmə, sevgi, yaşa, din!
...Sevgisizdin, nigahlıydın-yaşadın,
indi isə sevgi gəlib-bəlgəsiz...

...Yola çıxdıq, yol hayana çıxacaq?!.
Qafada "din", qəlbdə "sevgi"-
"çıxacaq"...
El ağzından bircə kəlmə çıxacaq:
dindən əvvəl doğulaydız bəlkə, siz!..


* * *
Bugün bitər, bitsin, neynək,
Sabah adlı umud olsun.
Yağış yağar, yer dirilər,
Göyündə ağ bulud olsun.

Öz könlündü öz işığın
Təmiz adın – yaraşığın...
Pirə dönsün damın-daşın
Yaxşı qonum-qonşun olsun.

Şair, alqış söyləyirsən,
Yerləyirsən, göyləyirsən.
Qələmini girləyirsən,
Dildə sözün-sovun olsun...


* * *
Nə susarsan, susmaz könül,
Ta əyninə nimdaşammı?
Səninlə yol gedəmmirəm,
Mən vəfasız yoldaşammı?

Görüb gəldim o dünyanı,
Dar eyləmə bu dünyanı.
Bir gün bassa su dünyanı
Nuhmu ollam, Ağrıdağmı?

Gerilərdə qazanmadım,
Acıları qucub qaldım
Alnımı oxuyammadım,
Alnı belə qırışammı?

ŞÜKÜR

dizimin əyilən vaxtı
güc gələn qeyrətə şükür
nur üzə hər gün təzədən
yaranan heyrətə şükür.

yaxınlardı uzaq billəm
uzaqlardı sazaq billəm
mən babamçün yaş tökmürəm
doğulan Mehmetə şükür

ömür - durmur axarında,
ölüm - bəlkə də yaxında.
danışmağa söz qalıbsa
şairə və şeirə şükür.

QARABAĞ

…dağların uca olmasa
düzlərin necə olmasa
dərələrin irmaq-irmaq
buludların yumaq-yumaq
axmasa
ceyranların – cüyürlərin
adam kimi baxmasa
nə dəyişər?
Mən sənin özünü sevirəm
sən mənim Qarabağımsan
sən mənim qara bağımsan
sən mənim qaram ağımsan
sən özündən böyüksən
sən sözümdən böyüksən
(sözdən qabaq səsimsən)
Qarabağ!
Sən mənim alın yazım
mən bir barmaq qələmlə
ağ kağıza nə yazım?
Bircə onu bilirəm,
sənə qayıtmayınca
kürəklərim qısa,
boyum balaca
çiynim əyri
dilim gödək
gözüm kölgəli –
qısası, şikəst olacam
bu isə yaşamaq deyil
sabah Tanrı deməzmi:
ya insan,
mən səni belə ha yaratmamışdım.


* * *
Torpağa daş basdırıq,
yazı yazarıq daşa...
Yazıya ürək,
ürəyə dərd qoyarıq –
torpağa köçüncəyədək
qalar ordaca...
Və bir gün daşa çıxar o dərd,
daşda yazı görünər,
yazıda ürək...
Beləcə, dərd dolanar dünyada:
torpaq-torpaq,
daş-daş,
yazı-yazı,
ürək-ürək...
Deyirəm,
gedim torpaq dərdimi yazım,
ürəklər daş olmamış...

SUYUN ŞƏRHİ

"...Balıq intihar edəndə quruya,
insan suya atılır...”*
əgər suya atılmadan ölsə belə,
ruhu göyə çəkilincə
cəsəd çəkilər suya.
Cəsəd də ələ gəlməsə,
yuyulmamış basdırsalar birini,
qəbri üstə su tökərlər, qəbri üstə...
Heç qəbri də olmasa...
göz yaşları töküləcək, göz yaşları...
Sənsiz olmur, gözəl adlı, gözəl su –
ya bir qabdan tökülürsən, ya gözlərdən...
Gözlərdən də yaş çıxmasa,
quruyan boğazımız bir udum suyla açılar...
Bir də macal tapa bilsək,
üzümüzə su vururuq, su...
Bir adın da aydınlıqdı,
Sən hələ bir məni dinlə:
Deyirəm ki, "su dili"ylə danışdıq bəzən:
Atıldınsa bir gözəlin yapayalın ayağına –
sevgi oldun sən...
bir igidin arxasınca atıldınsa –
uğur oldun,
çırpıldığın sifətlərdə... – soyuq oldun...

Okeansan Sakit dedik,
çay olunca, Kür dedik...
Donduğunda, buz söylədik,
Qalxdınsa, buxar dedik;
gah adi gözlə baxıb,
adına axar dedik...
Deyirəm,
kür yaşayıb, sakit ölmək mümkün ola,
ana su!
Sakit ölmək...
Ya sənə atılırıq,
ya sən atılırsan üstümüzə...
üzüsuluykən ölsəydim
bircə...
Sucan şeirim olsun...
(* - Misra Təranə Vahidə aiddir)

QIZ QALASI

Qız Qalası,
derlər
Qala Ürək olmaz,
Ürəyə qala derlər. –
Sən Bakının ürəyisən,
Qız Qalası,
Bu dünyanın ən bakirə qalasısan,
Qız Qalası!
Qoy sənə bir qarğış edim,
alxış olsun –
görüm, səni ömrün boyu qız qalasan,
Qız Qalası..!
O yanda da Oğlan Qala oğlan qalsın,
Aranızda həsrət olsun,
ancaq sərhəd olmasın.
Demirəm ki, dərd olmasın,
dərd olsa da
dərdinizi söyləməyə həmdərd olsun...
Zaman oldu
Ərk Qalası həmdərd oldu,
həm dərd oldu...
Sən yenə də söyləyərsən
anan Xəzər
dinlər sənin dərd-sərini
Oğlan Qala zalım dinməz,
Dillənsə də dağa deyər,
daşa deyər dərdlərini.
Vay o gündən dərd ola da,
ərk olmaya,
Dərd o gündü ƏRK olmaya...
Qız Qalası.


Qız Qalası,
Dərd deməkdən bəz düşübdü dilimə, bəz.
Mən gedirəm BƏZZə doğru
İşdi-şayət arar olsan
tonqal qala
ƏLİNCƏyə əl eylə,
Öz atəş diliylə
cüt tonqalıyla,
ƏLİNCƏ arayar bizi
Ölüncə gəllik,
ölüncə...
Qız Qalası...

QADINLAR... KİŞİLƏR... -1997-ci ilin şeiri

Qadınlar oğul gətirir
bu dünyaya,
kişilər şeir.
Qadınlar şeir oxuyur,
kişilər qadınları.
Qadınlar beşik yürgələyir –
gələcək arzulu körpə beşiyi,
kişilər keçmişdən qalma bir dərd.
Qadınlar türkü deyə-deyə bayraq tikir,
kişilər bayraq uğrunda gedər.
Qadınlar xalı toxuyur,
sərmək üçün yarı gələn yollara.
Kişilər yollar açır
yalçın qaylardan –
el sarı gələn yolları...
Qadınlar gözəl olur,
kişilər gözəl sevgili,
sevgiləri nur kimi titrəyir,
qadınların üzündə,
sevilənlər gözəlləşir –
sevgilər itməyir.
Qadınlar da ölür, kişilər də,
qadınları tabuta qoyurlar,
Kişilərsə
ölməmişdən öncə,
özlərini bir qadın bətninə
qoyub gedirlər.
...Qadınlar kişilərin çiynində gedir,
kişilər qadınların göz yaşında.


Baxış sayı - 2 992 | Yüklənmə tarixi: 03.04.2018 10:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031