manera.az
manera.az

Tənha yataqlarda qoşa düşünmək.. - ŞEİRLƏR

📅 21.03.2018 15:19

Tənha yataqlarda qoşa düşünmək..  - ŞEİRLƏR
Manera.az tanınmış şair, AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruzun şeirlərini təqdim edir:

***
Yollanır gözlərim, səni görməyə,
Az qalıb azdıra, yolunda qalam.
Sənin görməyinə, pəncərə, baxış,
Sənin gəlməyinə, qapılanmışam.

İndi mən kərpicəm, divaram, daşam
Buyur içərimə, otaqlanmışam
Mebellər, xalçalar, indi mənəm, mən,
Uzan üzərimdə, yataqlanmışam!

İndi mən Fərhadam,amma dağda yox
Telfonda özümü, sənə qazmışam
Gördüm ki çatmayır bu yollar sənə
Özümü səninçün, mesaj yazmışam

İndi mən günəşəm, üzü sop-soyuq
Girdə bir dünyaya yasaqlanmışam.
İndi mən dənizəm, çayam, bulağam,
Sənin toprağında, batıb qalmışam!


***
Ölmək istəyirəm sənin yolunda
bağışla ölməyin yolun bilmirəm.
Bu qara həyatın, bu qara bəxtin
ikiyə bölməyin yolun bilmirəm.

Bağışla, bağışla, məni bağışla
bizi öyrədiblər vidalaşmağa.
Tənha yataqlarda qoşa düşünmək
millətin içində tənhalaşmağa!

Gülləyə, qandala vurulan adam
insanın özünə vurula bilmir.
Ürəyim arxadan çox vurulubdur,
bağışla gözünə vurula bilmir!

Ölürəm, ölürəm, ölə bilmirəm
yadıma düşürsən, niyə? Bilmirəm!
Qəlbimin sevgisi çox siyasidir
danışa bilmirəm, deyə bilmərəm!

Bağışla amma ki,, kölə insana
sevgidən danışmaq ayıbdır, ayıb
Hələlik azadlıq vaxtımı alır
bağışla sevməyə vaxtım qalmayıb


***
Sevgilim,gəl biraz kədərlət məni,
gəl məni tərk elə, qoy tənhalaşım.
Gəl otur bax mənə, qoy gözlərinin
dibində boğulub mən dəryalaşım!

Gəl biraz söy məni, gəl tənqid elə,
insan şad olanda vətənsizləyir!
Səni inandırım, mən güləndə də
qəlbimin içində kədər sızlayır.

Gəl biraz, get biraz, qoy küçəmizin
üzünə allahın izi çəkilsin!
Gəl adım üstündən qırmızı xət çək,
üzümə allahın izi çəkilsin!

Gəl tüpür üzümə, de ki, ay axmaq!
nədir axtardığın? Azadlıq? Vəfa?
“Toylar” ölkəsində şad olmaq olmaz,
səni başa düşməz içi boş qafa!

Nəyimə lazımdır bu ev, bu ocaq?
bu altmış milyon boş beyin, boş əl.
Bizim şadlığımız gəldi-gedəridir,
ya keçəl həsəndir ya həsən keçəl!

Gəl al qələmimi sanc ürəyimə
qoy bir də sevməyim, yara almayım!
Oturub boş vaxtlar yaşamaqdansa,
kağızda azadlıq qaralamayım!

Gəl biraz döy məni, mən kiməm axı!?
toylar kralıyam? “Rəisəm? Nəyəm?
Bu şadlıq, bu şənlik mənim kimi bir,
vətənsiz insana yaraşar bəyəm!

Vətəndən deyəndə dil edam olur,
dili dilim olur dil çıxardanın!
Nədirsə yoxluğu yaman ağrıdır,
tifağı dağılsın dil çıxardanın!

Gəl çək bu torpağı ayağ altından
geydir ki,tapdanmış bədənim olsun.
Gəl sər bu torpağı sinəmin üstə
vətənim olmadı, kəfənim olsun!

Xalq şairi Sabir Rüstəmxanlıya

Sonunda bir şəkil olacağıq, uzağı,
Azərbaycan Yazıçılar Birliyinin divarında
Və ya vətəndən azmış bir küsgünün dodağında
Nisgil-nisgil səslənəcəyik.
Görəcəyik, amma dinə bilməyəcəyik.
Baxacağıq, amma ağlaya bilməyəcəyik;
huyuxlana-huyuxlana divarların üstündə közərəcəyik!
Azadlığa
Araza
Azərbaycana
"A" hərfinə uduzacağıq.

YAĞIŞIN ADI

Bu günlər yağışın adı gələndə,
Özümü götürüb yola düşürəm.
Çarəsiz, çətirsiz bir insan kimi,
Yağışın altında hey büzüşürəm.

Ən gizli yerlərdə, ən tənha ağac,
Ən çolaq kəlmədə ən gizli məna...
Göyə sığınıram yerin əlindən,
Səni axtarıram yağış yağanda.

Hey yağış yağılır, hey mən gedirəm
İtən xatirənin ayaq izində.
"Uçuşu unutma! Quş öləcəkdir"-
Səsi qanad çalır yorğun dizimdə!

Uçuşun yadımda, yağış yağırdı,
Göyün yarasından süzürdü yağış.
Küçədə bir kişi sızıldayırdı,
Uzaqda bir qadın uzaqlanırmış...

Nömrəsiz maşınlar, yuxusuz evlər,
Ünvanı bilinməz bir şəhər kimi...
Sən gedən günlərin yağışı yağır,
Səni özləmişəm lap zəhər kimi...

Fəlsəfi beynimin içindəki sən,
Böyüyür-böyüyür fasilələr tək.
Niyəli həyatdır, niyəsiz amma,
Qayıt ki, yenidən birlikdə gedək...

PAYIZ

Payızın rənginə bürünüb zaman,
Acı qəhvə kimi ağzımı büzür.
Məndə kimsə var ki, yaman ağrıyır,
Məndə kimsə var ki, hələlik dözür...

Gülməyin dibində bir ağlamaq var,
Şübhənin içində bir acı gerçək.
Bizim sevgimiz də tamamlanacaq,
Yarpağın ağaca xəyanətitək!

Ağzımdan yapışıb hansısa bir əl,
Gözümdən yağıram payızlı şeir.
Mənim kədərimi anlatmaq üçün,
Dərin olsa belə, dayazdı şeir!

Kaş payız təqvimdən çıxıb gedəydi,
Payız fəsil deyil, sarı kədərdi.
Ağzında siqaret, lap özüm kimi,
Məni səndən alan bir gicbəsərdi!

Həyat qəhvə kimi acı və qara
Olsa da, falında pəncərə çıxıb...
Sevin! Yox, sevinmə, biz aşiqlərin
Evini həmişə pəncərə yıxıb!

35 ildir ki, bu şair dözür,
35 ildir ki, bu şair yanır.
Məni soruşsalar, deyin hər axşam,
Kafelər küncündə inqilablanır...

Qışa uduzmuşam təqvim oyunun,
Gedirəm, şaxtası yerimə gəlsin.
Sənə uduzmuşam sevgi qumarın,
Gedirəm, başqası yerimə gəlsin!

Tüstüyə bürünmüş kafe kimiyəm,
Həyatım da nəsə özümə taydı.
Bu uzun, bu soyuq qışın sonunda,
Kaş ki, doğrudan da bahar olaydı!

Əllərim cibimdə, sən də ki, yoxsan,
Ağzımda siqaret, acıdır dilim...
Mən də payız kimi çıxıb gedirəm,
Gələn payızadək, sağ ol, sevgilim!

MÜFTƏ DƏ BAHAYIQ GÜLLƏLƏNMƏSƏK

Əllərin əlimdə, gözüm gözündə,
Sevimli bir kədər ürəyimdədi.
Gördüyün bu xoşbəxt bulud kimidir,
Tabutu şəhərin kürəyindədi.

Payımız nə idi? Şeir və şərab.
Haqqımız nə idi? Bilə bilmədik.
Ancaq bu şəhərin kafelərində,
Keçmişi unutduq, silə bilmədik!

Siqaret, siqaret, yenə siqaret,
Ya yelə gedildik, ya yellə getdik.
Məqsədi olmayan məktublar kimi,
Gah elə gedildik, gah belə getdik!

Yorğun bu şəhərdən, bu küçələrdən,
Yumuruq çırpıram kərpicə, daşa.
Sevgilər, sayğılar, müharibələr,
Xox kimi gəlirlər bu mən külbaşa!

Arağı olmayan qədəhlər kimi,
Boş olsam faydasız, dolsam acıyam.
Baltasın gözləyən ağaclar kimi,
Özüm öz başıma dar ağacıyam!

Əllərin əlimdə, hekayədir bu,
Bizsə kağızlardan xalat geymişik.
Pas ilə dəmirin sevgisi kimi,
Sonumuz ya sınmaq, ya dəlik-deşik!

Daraq dustağında yatan güllətək,
Müftə də bahayıq güllələnməsək.
Bəzən getməyəndə ucuzlaşırsan,
Güllələ, güllələ, qoy çıxıb gedək...

HƏYATIM AĞRIYIR

Həyatım ağrıyır, ölə bilməyir,
Məndə bir kişi var, gülə bilməyir.

Məndə bir payız var, tələsir yaman,
Dünya məndə durub, yeriyir zaman.

Məndə bir yol gedir, sonu intihar,
Son görüş, son gülüş, əlvida, qatar.

Kimsə ölmək ilə Ona çatmayıb,
Kimsə getmək ilə sona çatmayıb.

Yarpaq olmasaydı, olmazdı payız,
Sarı yarpaq ilə dolmazdı payız.

Yağış olmasaydı, olmazdı bulud,
Günəşin saçını yolmazdı bulud!

Səni ağlamaqçün yarandı gözüm,
Sənə"qal" deməkçün yarandı sözüm!

Pəncərə sevginin şişədən əti,
Sevgi pəncərənin acı həsrəti.

Bağlansa pəncərə sevgiyə sarı,
Kimə göz dikərik axşam çağları?

Mərdləri ağladan acı dərd idik,
Ağlaya bilmədik, biz namərd idik!

Bizdən danışdılar bütün təpiklər,
Bizə oxşadılar sarı əriklər!

Nə qədər səsləsin səni pəncərə?
Nə qədər gözləsin səni pəncərə?

Sürünə-sürünə bura çatmışam,
Sənə çatmamışam, sona çatmışam.

Sevginin sözündən şeir yaratdım,
Yıxılıb son sözün yanında yatdım!

PAYIZA BAŞ ƏYİB ÇIXIB GETMƏMƏK

Baxırsan küçəyə, baxırsan mənə
baxıram təqvimə, fikirləşirəm.
Pis ili keçirtdik başa düşürsən,
pis ili keçirtdik, başa düşürəm.

Tarixdən böyükdür tənhalıqların,
kədərin xalqından daha dərindi.
Ən doğru həqiqət unudulmağın,
ən yaxşı dostların düşmənlərindi!

Payıza baş əyib çıxıb getməmək...
özünə darıxıb ağlamaqların...
Şəhərdə yer tapıb ölə bilməmək,
özgəyə satılmış Qarabağların!

Ümid bir qadının yataq yoldaşı
payız bir kişinin uduzmuşudur.
Dünənki qəzetlər bizdən yazıblar,
sabah öləcəyik, proqnoz budur!

Baxırsan küçəyə, baxıram sənə
uzaqda bir şəhər bizi gözləyir.
Mənasız bir gecə keçirtdik gülüm,
mənasız bir səhər bizi gözləyir...

CUMMAQ İSTƏYİRƏM

Cummaq istəyirəm dərin, lap dərin,
Gətir gözlərinin dibinə cumum.
Ölmək istəyirəm, nə danış, nə din,
Gətir qucağında gözümü yumum.

Gecə yoxsulların örtüksüz damı,
Uzanar-uzanar yatağa qədər.
Yuxu kirpiklərin nigaranlığı,
Hər gecə arxamca yatağa gələr.

Günəş anlaşılmaz, sarı həqiqət,
Bulud gizlin Ayın tərcüməsidir.
Sevgi insanların fəlsəfi suçu
Azadlıq çoxuna pul tələsidir.

Hərdən, ölmək belə, həyat kimidir,
Hərdən çabalamaq, çatmaq deməkdir.
Hərdən gecə yatıb, kabus görməmək
Sevdiyin qız ilə yatmaq deməkdir.

Hərdən bir "ah" belə, səni söyləyir,
Hərdən bir ömür də deməyə çatmır.
Hərdən öz-özünə gözün bağlanır,
Hərdən güllə belə, səni yuxlatmır.

Hərdən Ay kimiyik, bütöv, işıqlı,
Hərdən ay kiminik, hilal və yarıq.
Onsuz da hamımız ölü-dirilər,
Həyatın sapıyla asılmışlarıq.

Sabah güllə bizi ayıracaqdır,
Güllələr gözündə hamımız birik.
Nigaran deyiləm, sən yanımdasan,
Suçumuz birdisə, özümüz birik.


Baxış sayı - 1 855 | Yüklənmə tarixi: 21.03.2018 15:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031