manera.az
manera.az

“Norma” operasının premyerası olacaq -Bakıda ilk dəfə

📅 08.02.2018 11:02

“Norma” operasının premyerası olacaq -Bakıda ilk dəfə
Fevralın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Şövkət Məmmədova adına Opera Studiyasında Vincenzo Bellinin “Norma” operasının premyerası olacaq.

Bununla əlaqədar bu gün BMA-da mətbuat konfransı keçirilib. Tədbirdə akademiyanın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva tamaşanın yaradıcı heyətini təbrik edərək onları təqdim edib. Bildirib ki, premyera Azərbaycanın ilk opera ifaçısı Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr edilir. Ölkəmizdə ilk dəfə səhnəyə qoyulacaq operanın quruluşçu dirijoru Xalq Artisti, professor Fəxrəddin Kərimov, quruluşçu rejissoru isə Elvin Mirzəyevdir. Səhnə əsərində Əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Anton Ferştano, solistlər Adil Axundov, Hidayət Əliyev və İslamə Abdullayeva çıxış edəcəklər.

“Opera Studiyası tələbələr üçün bir təcrübə laboratoriyasıdır. Tələbələr burada səhnədə oynamağı, ifaçılığı öyrənirlər. Tələbələr üçün hər bir şərait yaratmağa çalışırıq ki, onlar gələcəkdə də ölkəmizi yüksək, professional ifaçılar kimi təmsil etsinlər. Tamaşada Mədəniyyət və İncəsənət Universitetinin aktyor ixtisası üzrə təhsil alan tələbələri iştirak edəcək”, - N.Quliyeva qeyd edib.

Akademiyanın professorları, Xalq artistləri Xuraman Qasımova, Fəxrəddin Kərimov və digərləri çıxış edərək tamaşanın uğur qazanacağına əminliklərini ifadə ediblər. Bildirilib ki, bu, böyük, mükəmməl, eyni zamanda, çox gözəl musiqisi və ən çətin partiyaları olan operadır. Dünyanın möhtəşəm opera səhnələrində nümayiş olunub.

Qeyd edilib ki, opera-seria janrında olan, belkanto üslubunun tanınmış şedevridir və paytaxtımızın mədəni həyatında böyük hadisədir. Əsər italiyalı bəstəkar Vincenzo Bellinin ikipərdəli lirik tragediyasıdır. Hadisələr romalılar tərəfindən fəth edilən Qalliya şəhərində cərəyan edir. Operanın ilk premyerası 1831-ci ildə Milanın La-Skala teatrında səhnəyə qoyulub.

Sonra tamaşanın yaradıcı heyəti jurnalistlərin suallarını cavablandırıblar.



Baxış sayı - 1 051 | Yüklənmə tarixi: 08.02.2018 11:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031