Dərdlə döyüşdəyəm, qəmə səngərəm...YENİ ŞEİRLƏR

Manera.az Əbülfət Mədətoğlunun yeni şeirlərini təqdim edir:
GECİKMİŞ ETİRAF
Bir az gecikdim mən bu etirafda,
Amma gec olsada pıçıldayacam..
Mənə yer olmadı, heç bu ətrafda-
Torpağın altında puçurlayacam!
Sevgim artıq oldu, aşdı ölçünü-
O da ləçək-ləçək saraladı, qopdu...
Saxlaya bilmədim xəyal köçünü-
Onun da ruhuna "əlvida" hopdu!...
Atdığım addım da, dediyim söz də,
Döndü göz yaşına, döndü tənəyə...
Mənim içimdəki dözüm də, döz də-
Adım tək yük oldu dilə, çənəyə...
Gerçək olanları susub dinləmək,
Nə qədər çətindir- çəkənlər bilir...
Nədir öz içini didib- inləmək?-
Bunu da içindən çökənlər bilir.
Bir az gecikdim mən bu etirafda,
Batan gəmi kimi izim yuyulur,
Durub su axtarma heç bu ətrafda-
Kipriyimdən damır...üzüm yuyulur..
TƏKLİF
Ömür andı - gözümdə,
Sönür odum, közümdə,
Nəzərə al, dözümdə-
Məni gücündə saxla..
Üstümə çöküb bulut,
Onu hənirlə qurut...
Umut verib, sən umut-
Məni içində tağla..
Öz içinə sin, amma,
Məqamında din amma!
Ölən günü inanma -
Məni üçümdə ağla
DAĞLARIN
Ahım çatırmı görən
Qulağına , dağların?!
Ağlamaqdan kor olan-
Bulağına dağların...
Sürüşübmü yana qar ? -
Alışa qar , yana qar !..
Duasına gərək var -
Bu ağıla , dağların!
İllər qırış salıbmı
Verdiklərin alıbmı...
Ehtiyacı qalıbmı -
Bu nağıla , dağların?!
QARA KAĞIZ
hər bir ada yazılıb -
əl boyda - para kağız...
o da həm son məktubdu ,
həm də ki, Qara kağız !
orda vida notları -
orda ayrılıq yatır...
qəribədi son məktub -
Qara kağız tez çatır !
...təlaşlanma , deyəsən
qapı döyür poçtalyon..
istəmirəm döyəsən
dizlərinə... bu da son....
DƏRDİM
Tumurcuğu çırtlamış-
təzə dərdim - tər, dərdim!
Mən səni şehli-şehli-
təzə dərdim - tər dərdim!
Sarıldın sən də mənə...
eşq vardı səndə mənə!
Titrəmə, səndələmə-
sən də məni dər, dərdim!
Qarışaq sirdaş olaq
bir divar - bir daş olaq...
dərdlərə bir qaş olaq-
sən üstündə zər dərdim!
QARĞIŞ
Sizə ahımı göndərdim,
Dağlar, qarınız ərisin!
Yarınız ahımı çəksin-
Yansın, yarınız ərisin!..
Baxıb uzaqdan soluram
Dindən, imandan oluram...
Dərdlə o qədər doluram-
Daşsın, varınız ərisin!..
Nolar, mənə bir ip atın,
"Ümid yolu" qoyum adın...
Unuda bilmirəm dadın-
Dağlar, barınız ərisin!..
***
Dərdin dizinin dibində
Oturub fikrə dalmışam...
Elə bil yüz ildi burda-
Düşüb , bükülüb qalmışam...
Əlim nə Allaha çatır,
Nə də ünüm bəndəsinə...
Mən özümü son gücümlə -
Bənd etmişəm , bənd, səsinə...
Dərdin dizinin dibində
Yaşamaq istəyim heçdi...
Bir şair əli cibində-
Bir az əvvəl burdan keçdi...
***
Duyursanmı,ürəyim,
Qəfəsdə quş kimidi?!
Sonuncu nəfəs ilə-
Yerə düşmüş kimidi...
Duyursanmı, gözlərim
Öləziyir, kiçilir?!
Nurla dolu piyalə-
Səs-səmirsiz içilir...
Duyursanmı , əllərim
Barmaq-barmaq quruyur?!
Varlığım üzü sənə
Tək qurd kimi uluyur!..
Duyursanmı, bir sevgi
Payızına yıxılır?
Dinləmə məni, qəlbin
Duyuram ki, sıxılır!..
* * *
sən imkanın olanda
ya da ki, elə-belə -
qoy, telefo num səksənsin -
hərdən mənə zəng elə...
istəyirsən, danışma,
təki hənirin gəlsin.
mənə rişxənd edənlər
bir-birindən şəklənsin.
mənsə sıxıb köksümə,
o telefona “can!” deyim.
səninlə birlikdəyəm -
hər zaman, hər an, deyim.
bəlkə də çox gülüncdü
arzum da, əməlim də.
inan, varlığın durur,
sevgimin təməlində.
* * *
qaldım ortalıqda, fikrim qarışıq
nə qapım döyülür, nə də pəncərəm.
yuxum didərgindi, gözüm bulaşıq -
dərdlə döyüşdəyəm, qəmə səngərəm...
dağdan enən duman sıxır gözünü
çatdırıb, üstümə yıxır özünü.
məni tanıyanlar axır sözünü -
səbirlə saxlayır, dözür - mən gələm.
mənə doğma olan dərə-təpəni
yaxşı tanıyıram, həsrət çəkəni...
hər an görmək üçün ruhum öpəni -
ümidim çənədi, olub çən, gələm...
orada fərq varmış yerlə göy qədər
hamı eyham vurur - yanıram hədər.
hər gün sevəcəyəm, Məcnundan betər -
hər an cəhd edəcəm, sənə tən gələm!
* * *
Heç belə inciməzdim,
səni tanımasaydım.
ötüb, keçib gedərdim,
ya da bir “eh!” edərdim -
sənə inanmasaydım...
heç belə ağrımazdım,
könlümü verməsəydim.
arayıb-axtarmazdım,
səsləyib çağırmazdım -
əzəldən görməsəydim.
heç belə yaşamazdım,
mən səni sevməsəydim.
özümlə bacarmazdım,
bu qədər ucalmazdım -
sən məni sevməsəydin!
* * *
Gördüm ovcumun içitək
Gördüm bütünlüklə səni...
İçim qayğıyla doluydu -
Seçdim bu tünlükdə səni!
Bir-bir tanış cizgiləri,
Oxşadım, ovdum durmadan...
Mənə yad olan hisslərin -
Birin də üzə vurmadım!
Pərdəsin qaldırıb cismin
Ruhunun gözünə baxdım...
Kirpiyində damla idim -
Yanağın aşağı axdım...