manera.az
manera.az

"İsmayıllı ədəbi mühiti" - 12 imza

📅 13.12.2017 18:24

"İsmayıllı ədəbi mühiti" - 12 imza
Manera.az "Bölgələrdə ədəbi mühit" layihəsini uğurla davam etdirir.Layihənin növbəti ünvanı "İsmayıllı ədəbi mühiti"dir.İsmayıllı ədəbi mühitini təmsil edən 12 imzanı təqdim edirik:


"İsmayıllı ədəbi mühiti" - 12 imza
Aydın SƏLİMZADƏ

TƏSƏLLİ

Bir qız pəncərə şüşəsindən,
Bir də açılmış qapının işığlndan
Baxar dünyaya
Doyunca baxa bilir
Günəşə,Aya
Divardır solu,
Taleyin yumruğuna oxşar
Təpədir sağı
Vur-tut beş arşın dünya
Bir ana bu dərdi
Ovuclayıb təpər gözünə
Qovrular ağrısından
Göz yaşına bürünmüş sözlərin
Odlanıb,qovrulub yana-yana
Qızının çalınmayan toyuna
Atılmamış addımlarına,
Geyilməmiş ayaqqabısına
Qızının addımladığı küçəyə
Səkiyə ağlayar bir ana.
Sonra şikəst qızın anası
Bütün dərdlərini unudub
Qızından tez
Ölə bilmək qorxusuna sığınıb oturar

ƏLİ KƏRİMƏ

Əli Kərim üçün ağlayan yoxdu,
Hamı şerimizə ağı deyirdi.
Göyçayın çinarlı küçələrini
Misra ağırlığı dəlib deşirdi.

On üç yaşındaydım Əli Kərimin,
Dəfninə gəlmişdim bir dağ kəndindən.
Lənət bu yaşıma... Nələr görürdüm
Gözlər sığışmırdı hədəqəsinə.

Ağır günahını yumadı dünya...
Dörd gözlə baxırdı hamı həyata
Beşikdən qəbrədək yaşanan yola
Şair olasan ki, hövsələn çata...

Bir Əli boylanır misralarından...
Dörd gözlə baxıram şeirlərimə
Əli Kərim öləli
Şeirə, şərə, günaha
İki gözlə baxmaq çətindi daha.



"İsmayıllı ədəbi mühiti" - 12 imza
Musa YAQUB

ÖYRƏTMƏ ÖZÜNƏ,ÖYRƏTMƏ MƏNİ

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa.
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni...
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə;
Üzümü üzünə öyrətmə belə...

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.

Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni;
Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…

ONDA BİLƏCƏKSƏN

İndi nazın böyük, ürəyin
aram,
Eh, mən də səninçün belə
qalmaram.
Bir də görərsən ki, bir ərk yerin
yox,
Qalmısan neçə yad baxışın
altda.
Qəfil görəcəksən çətirin də
yox,
Əsirsən bir qərib yağışın altda
Günəşdə üstünə kölgə salan
yox,
Tənhasan, amma heç yada
salan yox.
Sönüb səndən ötrü o isti ocaq.
Onda biləcəksən mənim
sevgimi,
Biləcəksən, o da çox gec olacaq.

Könlün darıxanda, lap
darıxanda,
Kimlərsə hardasa qoşa
baxanda,
Bir də görəcəksən sən burda
təksən,
Yanında boş qalıb bir sirdaş
yeri
Sızlayır könlünün həmin boş
yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin
yoxdur.
Onda birdən-birə gözün
dolacaq,
Onda biləcəksən mənim
sevgimi,
Biləcəksən, o da çox gec olacaq.

Məsələn bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb
güzgülənəndə
Bir də görəcəksən şümşad
əllərin,
Çiyninə tökülmüş dalğın
tellərin,
Bir gülər üzün var, amma bilən
yox,
Bu xumar gözlərlə birgə gülən
yox.
Çiynin boş, əlin boş, boş qalan
qucaq
Onda biləcəksən mənim
sevgimi
Biləcəksən, o da çox gec olacaq.



"İsmayıllı ədəbi mühiti" - 12 imza
Baba VƏZİROĞLU

ÇIX QATAR YOLUNA

Çıx qatar yoluna bahar gələndə,
Mən sənə çiçəkli bahar göndərim.
Vüsal meyvəsindən dada bilmədik,
Sənə hər meyvədən nübar göndərim...

Çıx qatar yoluna payız olanda,
Uçan durnalarla salam yetirim.
Çıx qatar yoluna qaş qaralanda,
O qərib axşami , qəmi itirim...

Çıx qatar yoluna külək əsəndə,
Dağılan saçını darayım sənin.
Çıx qatar yoluna, səni itirsəm,
Bilim ki, mən harda arayım səni...

Çıx qatar yoluna yağış yağanda
Başının üstündə çətir tutaram.
Çıx qatar yoluna, elə özüm də
Mənzilə yetməyən qərib qataram...

Çıx qatar yoluna hər axşam, səhər,
Çıx qatar yoluna, məni qarşıla.
Bəlkə bir ömürlük çəkdi bu səfər,
Mən gələ bilmədim, məni bağışla...

SEVGİ AYRILIQDAN GÜCLÜDÜ VALLAH

Mən uzaq səfərə yol alan gəmi,
Səni tərk edirəm bir liman kimi.
Qorxma ayrılıqdan burax əlimi,
Sevgi ayrılıqdan güclüdü vallah.

Dünyada nə qədər sevgi var bil ki,
Sən mənim dilimin əzəli, ilki.
Qorxma ayrılıqdan ölüm deyilki
Sevgi ayrılıqdan güclüdü vallah.

Sən hələ bilmirsən ayrılıq nədir
Hər səfər könlünü sıxır inlədir.
Ayrılan cisimdir, ruh səninlədir
Sevgi ayrılıqdan güclüdü vallah.

Sənsiz həyat deyil ömür gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.
Qorxma ayrılıqdan inan sən mənə,
Sevgi ayrılıqdan güclüdü vallah.

Qorxu intizar var ağlar gözündə
Neçə yalvarış var bircə sözündə.
Bir gün biləcəysən elə özün də
Sevgi ayrılıqdan güclüdü vallah.

Nə fərqi yaxınam yada uzağam
Hələki səninəm nə qədər sağam.
Ölsəm o dünyadan qayıdacağam
Sevgi ayrılıqdan güclüdü vallah.

Göz yaşı əbəsdi çıxıb gedəcəm
Könlümü odlara yaxıb gedəcəm.
Mən sənə, hamıya sübut edəcəm
Sevgi ayrılıqdan güclüdü vallah.


"İsmayıllı ədəbi mühiti" - 12 imza
MAARİF SOLTAN

MƏNİ GÖZLƏMƏ

Ümid ağuşunda, qəm qucağında
Oturub otağın bir bucağında
Qucub dizlərini məni gözləmə -
Mən bu intizara layiq deyiləm...

Fikrin nağıllara getməsin sənin,
Bu yaşda nağıldan yan gəz, uzaq keç.
Ağatlı oğlana dönə bilmərəm,
Yenidən özünə bir ağatlı seç.
Burax bu ümidi, məni gözləmə,
Mən ki bu ümidə layiq deyiləm...

Güldürmə özünə sirdaşlarını-
Axıtma arxamca gözyaşlarını.
Onsuz da qayıtmaq gəlmir ağlıma,
Örtüb gözlərini əllərin ilə
Ağlama, sən Allah, məni ağlama,
Mən bu gözyaşına layiq deyiləm...


***
Ayrıldıq,
Ayrılıq düşdü araya...
Ayrılıq məqamı soyuq bir öpüş...
Elə görüşmüşdük ayrılaq deyə -
Qəribə təsadüf, qəribə görüş...
Di gəl ki, bilmirəm, bilmirəm niyə
Mən səni hələ də xatırlayıram,
Mən səni hələ də unutmamışam...

Ünvan da almadıq bir-birimizdən –
Elə bil qəlbimiz, hissimiz daşdı.
Beləcə biganə, beləcə soyuq
Düşmən də düşməndən ayrılmamışdı.
Bu da bir taleymiş, bir bəxtmiş bu da...
Bəxt bir də üzümə gülərmi görən?
Ömrün sonunacan gözəsəm burda
O qatar fırlanıb gələrmi görən?
Demirəm, sinəmdə göynəyir yaram,
Demirəm, mən sənsiz qara bir daşam.
Sadəcə olaraq bilmirəm nədən
Mən səni hələ də xatırlayıram,
Mən səni hələ də unutmamışam...

Ömürdən o qədər adamlar keçir,
Görürsən, yaddaşda biri də qalmır.
Adam var, lap belə köynəkdən kecir,
Ayrılır, heç belə yeri də qalmır.
Elə görüşmüşdük ayrılaq deyə...
Di gəl ki, bilmirəm, bilmirəm niyə
Mən səni hələ də xatırlayıram,
Mən səni hələ də unutmamışam...



"İsmayıllı ədəbi mühiti" - 12 imza
Qorxmaz ŞIXALIOĞLU

***
Bu payız anam dünyasını dəyişdi
Payızda köç edib gedən durnalar!
Anam da bu payız qoşuldu sizə.
İntizar gözlərim indi hər bahar,

Göyləri dolaşar, sizləri gəzər.
Qayıdar anam da durnaya dönüb,
Qayıdar işıqlı bir yaz səhəri.
Keçəndə üstündən bizim çöllərin,
Yaşarar anamın durna gözləri...

Anamın dünyaya göz açdığı gün,
Təbiətin payız vaxtına düşüb.
Sizlərə də yoldaş olmağı, yəqin,
O payız günündə bəxtinə düşüb.

Dilində bayatı, səsində nisgil,
Qüssə bitirərdi payız günləri.
Cavan itirdiyi qardaşı kimi,
Qəlbində başqaydı payızın yeri.

Dumanda yol alıb gedən durnalar,
Yolunuz çətindir, yolunuz uzun.
Sizin səfinizə təzə qoşulan,
Anamın üstündə gözünüz olsun!

Darıxsa, yorulsa uzaq ellərdə,
Ona bahardolu bir ümid verin.
Qoruyun şimşəkdən, soyuq yellərdən,
Hər bahar anamı mənə yetirin!


***
Bizi ayıran fələk,
Könlümü almaq üçün,
Bundan sonra lap mənə,
Beş yüz il ömür verə.
Hər il qışın yerinə,
Bizə bahar göndərə;
Yupiteri gətirib,
Yerə qonşu eləyə;
Bu dünyanın sirrini,
O dünyanın sirrini,
Mənə lap, açıb deyə;
Yenə, yenə ürəyim
Bu fələklə barışmaz.
O yaradan dünyayla
Daha könlüm danışmaz.



"İsmayıllı ədəbi mühiti" - 12 imza
Şahməmməd DAĞLAROĞLU

***
Əllərim göyə dəyirdi,
Yerdə hava boğdu məni.
Atam oğul gözləyirdi,
Anam şair doğdu məni.

Mən də ağladım hamıtək,
Tez tapıldı buna çarə.
Alışdım hamam şamıtək,
Yuyunmadım mən biçarə.

Yolum dünəndən sabaha,
İşim ovutmaq gecəni.
Nə olubsa, olub daha,
Unutdum olub-keçəni.

Gir qoluma, gedək qoşa,
Çıxıb yolumuz rahata.
Qorxum odur, baxıb yaşa,
Günəş sonuncu yol bata.

Dolan, dərdli ürəyimi,
Boşaldıb, şeir yazıram.
Can üzmürəm şair kimi,
Ürəyim deyir, yazıram.

YAR ASAN

Tay tuturam hər kəlməni bir lələ,
Heç ölmərəm, sözüm, eldə yarasan.
Hər Əsliyçün oda düşməz bir Lələ,
Sevən könlüm, sevən gündən yarasan.

Ömrü an-an yığıb etdim ay, atam,
Bəxt ulduzum sadiq olub aya tam.
Yar yolunda can qoymuşam, ay atam,
Gəlib məni tapmayıbdı yar asan.

Dağlaroğlu sevdiyinə yanaşı,
Sevmədiyi ya nadandı, ya naşı.
Ürəyimdi iki para, yanaşı –
Sırğa deyil qulağından yar asan.


"İsmayıllı ədəbi mühiti" - 12 imza
Tərlan SALEH

YOL GEDİR DÜNYA...

Yaxşının içində yaman,
şübhənin içində güman,
kəssə də yolunu duman,
yol gedir dünya...

Bir əbədiyyət yaşında,
cavanlıq eşqi başında,
qara dəyirman daşında
yol gedir dünya...

Dünəni var, bu günü var,
öz səsi var, öz ünü var,
bağlanır bütün qapılar,
yol gedir dünya...

Ömrümün ilk baharıdır,
vurulub, Günəş yarıdır,
işıqfor yaşıl-sarıdır,
yol gedir dünya...

Xoş günündə,bəd günündə
öz yeri var böyüyün də...
Ağsaqqalın öyüdündə
yol gedir dünya...

Qocalar demi eşəndə,
çəlikləri görüşəndə...
Üçayaqlı yerişində
yol gedir dünya...

Dünyanın savaş yarası,
nənəmin türkəçarəsi...
Gəlir yenə ayaq səsi,
yol gedir dünya...

İşindədir xəlbir-ələk,
bizi də ələyər fələk,
yolçu öz yolunda gərək,
yol gedir dünya...

Heç boşalan, dolan deyil,
çərxi xarab olan deyil...
Öz yolundan qalan deyil,
yol gedir dünya...

DÖNMÜŞÜK FƏSİLLƏRƏ...

Yenə külək sovurur
vaxtımızı yellərə...
Özümüz də bilmədən
əsir düşdük illərə...

Aylar, günlər, həftələr,
saçımıza qar ələr...
Məcnuntək gözə gələr,
eşqim düşər çöllərə...

Günəş düşüb dumana,
ömür sığmır zamana...
Nə söyləyim gümana,
gələcək nəsillərə...

Qış-anamın saçları,
payız-eşqimin barı,
bahar-yarın ilqarı,
dönmüşük fəsillərə...



"İsmayıllı ədəbi mühiti" - 12 imza
Yusif MƏHƏMMƏDOĞLU

BU PAYIZ

Təzədən qayıdıb yolumun üstə
Bəs indi nəyimi aparacaqdır?
Bir büküm xatirə gizləmişəm mən
Yoxsa ürəyimdən qoparacaqdır
Bu payız ömrümdən ötməmişdimi?

Onsuz da boynunda qınağım qalıb,
Sarı sim üstündə oynadıb məni.
Ən gözəl duyğunu əlimdən alıb
Ən şirin yuxudan oyadıb məni-
Bu payız ömrümdən ötməmişdimi?

Dağ qoyub gözümdə ağ cığırları,
Həsrəti yaxamdan asıb gedəndə.
Yuvası sökülü, mənzili yarı,
Vüsalı əlimdən küsüb gedəndə.
Bu payız ömrümdən ötməmişdimi?

Hələ demədiyim bircə xoş sözü,
Kəlməni qəlbimdə ütülü qoyub.
Dərmək istədiyim yenicə düzü
Bir gülün kolunu sökülü qoyub.
Bu payız ömrümdən ötməmişdimi?

Əl atır indi də xatirələrə
Atır, ürəyimdən döndərə bilmir,
Bir ahlı nidanı tutub dilimdən
Məni istəyincə dindirə bilmir
Bu payız ömrümdən ötməmişdimi?

QAYIDIN DURNALAR

Düzüldü göylərə durna qatarı
İtib üfüqlərdən uzağa getdi.
Hardasa günəşin yanıb qızdığı
Bəlkə də qərib bir torpağa getdi.

Döydü qapımızı amansız payız
Susdu göy yaylaqda çobanın neyi.
Kəsildi budaqda oxuyan quşun
Ürəyi oxşayan səsi, gileyi.

Yamanca kövrəldi təbiət buna
Çiçəklər büzüşüb torpağa yatdı.
Ağaclar başından öz sevincini
Siyirib torpağın üstünə atdı.

Qayıdın durnalar, qayıdın geri
Qaytarın bu yerə ilk baharı siz.
Bulaq nəğməsini, çoban neyini
Dağların qoynunda xoş güzarı siz.

Qayıdın durnalar, gedişinizdən
Neçə ürəkləri yenə dərd alıb.
Vüsal həsrətilə neçə qəmli göz
Yenə arxanızca boylanıb qalıb.



"İsmayıllı ədəbi mühiti" - 12 imza
Oktay İSMAYILLI

CANIM

Çaxdıqca şimşəktək üstümdə fələk,
Yanır səs-səmirsiz şam kimi canım.
Ruhum işığımda çimir mələktək,
Çəkir süngər kimi hisimi canım.

Döyüş meydanıdır elə bil içim,
Bu qanlar üstündən nə sayaq keçim?!
Fəryad eləsəm də, eşitməz heç kim,
Udur zindan kimi səsimi canım.

Qorxmur yüz neştərlə oyulmağından,
Gündə neçə dəfə soyulmağından.
Öz qanıyla gültək yuyulmağından
Doymur əzab çəkən Nəsimi canım.

ZƏRRƏM HƏR ULDUZDA VAR

Dəniz əzəməti hər bir damlada,
Az çoxun bağrında, çox da azda var.
Tozu da bir dünya sanıram hətta,
Dünyanın tarixi hər bir tozda var.

Kirpik zülməti var nurlu göz üstdə,
Kainat dayanıb bircə söz üstdə.
Soyuq kül buz kimi yatır köz üstdə,
Közün can yanğısı qarda, buzda var.

Varlıq ulduz-ulduz sınıb, qırılıb,
Sonra tamam təzə bir nizam alıb.
Məndə hər ulduzdan bir zərrə qalıb,
Mənim də bir zərrəm hər ulduzda var.


"İsmayıllı ədəbi mühiti" - 12 imza
Elşad ƏRŞADOĞLU

NƏZİR

Göylərdən qiymətli pay kimi aldım,
Müəmma ruhumu, bu sirr ruhumu.
Dedim birdən geri dönmək istəyər,
Etdim bədənimdə əsir ruhumu.

Daima dərd çəkir, işi-gücü var,
Canında o qədər ağrı, sancı var...
Dünyada nə qədər qəm var, acı var,
Parkda gəzər kimi gəzir ruhumu.

Küsüb küncdə duran bu şən ürəyim,
İçimdə istidən bişən ürəyim,
Gündə bir sevdaya düşən ürəyim,
Eləyir hey, əsir-yesir ruhumu.

Heç vaxt qəm kədərə yaxa verməyir,
Kədər ha əlləşir, yıxa bilməyir.
Hələ də bir yerə çıxa bilməyir,
Qələm neçə ildir çözür ruhumu…

Bir gün doğmalara bəxş edəcəm qəm,
Bir gün veş-vüşümü eyləyəcəm cəm,
Bir gün ölüm adlı pirə gedəcəm,
Verəcəm Allaha nəzir ruhumu...

HAMI GEDİR

Hərə bir az gəzir məni,
Hərə bir az çözür məni,
Hərə bir az sevmir məni,
Hərə bir az atır gedir.

Zalım, qorxulu adamlar,
Həsrət qoxulu adamlar,
Ax, bu yuxulu adamlar,
Gəlib məndə yatır gedir.

Nəyi deyir ver, verirəm,
Ürək açıb sirr verirəm.
Ürəyimdə yer verirəm,
Gedən vaxtı satır gedir.

Gedənlər baxmır sözümə,
Gedənlər baxmır üzümə.
Gələnlər dəymir gözümə,
Elə hamı gedir, gedir...

Adamlar getdikcə bir-bir,
İçimdə itir səs-səmir.
Bir kimsə doymaq istəmir,
Hərə bir az dadır gedir...



"İsmayıllı ədəbi mühiti" - 12 imza
FURQAN

PAYIZ

çapıqları küləkləri qarğıyan
budaqların mehistəməz halından
daha betər olmaq belə olurmuş

xəzəl olmuş yarpaqların xalından
daha betər solmaq belə olurmuş

sən hardan biləsən hardan biləsən
payızların mənə çəkdirdiyini

SON

bütün gedişlərin sonu həmişə
ya matdı, ya heç-heçə
məğlubiyyət dönmək istəyidi
keçmişə

bir də bütün gedişlərin əvvəli var
canım-gözüm

içdən gələn səs
yəni nəfs



***
bir gecə yuxuda
bir taksi tutub
düz ömür yolunun başına-
uşaqlıq yaşına sürdürəsən...
neçəyə aparar
görəsən?!


***
...görən niyə söndürürlər
bu işıqlı adamları?!
axı işıqlı adamlar
işıqpulu yazmır, dost...



"İsmayıllı ədəbi mühiti" - 12 imza
Ülvi BAHADIR

GÖZLƏMƏK...

Sualsız cavablar astanasında
Gözləyir gözlərim gözünü geyib.
Sən gedəndən sonra zəvvar əllərim
Üzünnən üzümə hicrət eləyib.

Bilirəm,arada qalmaq çətindi...
Arxanda kor bulud,önündə külək.
Sinəmdən bir ovuc ürək götürüb
Harda mənsiz olsan,ora bir kül ək.

Kim kimsiz yaşayır,kim kimsiz ölür
Kim kimdən ayrılır bir ayrılıqla?..
Ayrı yataqlarda..eyni taledə
bir yastığa baş qoyur ayrılıqlar...

Ayrılıq acısı zamanla keçir...
Vay o gündən,səndən zaman ayrıla
Tanrıdan yapışan bir körpə damla
Harda qırıla...qırıla...qırıla...

Bu yol kimin yolu...bu izlər kimin?
Ayağım böyüyüb...izim kiçilib
Tüstüm də qurtarıb...obam da köçüb
Ürəyim soyuyub...gözüm açılıb.

Nə vaxtdı yaralı canavar kimi
Ürəyim dişimdə gəzirəm indi...
Od-ocaq ağzımla...qor ürəyimlə
Nadürüst dilimi əzirəm indi...

Getdiyin yolu da bilmirəm,axı
harada yaşayım...harada ölüm?..
Düz üzü yarama bir yol nəfəs al
Sənsiz günlərimin ağrısın alım...

ÜMİDƏ ÖNSÖZ...

Bağırdığımız uzaqlardan...səsimizin çatmadığı yaxınlara qədər...
Hər yer...həəər yer...
bir gilə peşmanlıqdı...bir gilə yalqızlıq...
Buludu da tərgidərəm...yağışı da...qarı da...
bəs səmanı...bəs nəfəsi...bəs səni?..
vallah,bu ömür deyilee...
bir ümid sənsizlikdi...bir ümid sonsuzluq...

Hərdən...küçələrin birində səni görürəm...
Saçlarını düzəltmisən...nə yalan deyim,yaraşır...
Donun da gözəldi...
Danışırsan...danışırsan...
Sonra birdən nəsə deyirlər sənə...gülümsəyirsən...
İstəyirəm həmin an yaxınlaşım sənə...
yaxınlaşım sənə...
Səndən soruşum ki,nə gözəl xöşbəxtlikdi...hardan almısan?
Tez-tez özümə təsəlli verirəm...
Yox...yox...məni unuda bilməz...
Yüz faiz içində xöşbəxt deyil...
Bilmirəm,bəlkə doğrudan da xöşbəxtsən,bəlkə də yox...
Zatən bu “bəlkə”...
...iradəsiz insanların təsəllisindən başqa nədir ki?..
Istəyirəm ağlayasan...hönkürə-hönkürə
Qarşımda diz çöküb yalvarasan...”bağışla” deyəsən...
...sonra vaz keçirəm....”Səmadan ayıbdı”
Amma...amma bir sakini olmalıdı axı bu rəzil yoxluğun...
Bir Günəşi olmalıdı axı bu zülmət soyuqluğun...

Unut...
Uzaqlığı...yaxınlığı...
Hər yer...həəər yer...
Sadəcə bizdən ibarətdi....
Peşmanlıq uzalıqda...yalqızlıq yaxınlıqdadı...
Yəni...xatırlamayacağımız bir yerdə...
Alaq ovucumuza səmamızı...nəfəsimizi...bizi...
Çıxaq gedək bu “siz”sizlikdən...


Hazırladı : Tural ADIŞİRİN


Baxış sayı - 2 096 | Yüklənmə tarixi: 13.12.2017 18:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031