Türkiyəli aktyor Bakıdan xoş təəssüratla ayrılıb
Türkiyənin məşhur aktyoru, əslən Azərbaycandan olan Tamer Karadağlı və tanınmış aktrisa Məlahət Abbasova Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi ilə görüşüb.
Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.
Qonaqlara Musiqili Teatrın tarixi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonra burada tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış şərait haqqında ətraflı məlumat verilib. T.Karadağlı Azərbaycan Dövlət Musiqili Teatrı kimi çağdaş dünya standartlarına cavab verən sənət ocağı haqqında fikirlərini belə bölüşüb: “Bu əzəmətli bina, bu möhtəşəm səhnə, bu bənzərsiz şərait insanda yalnız yaradıcılıq şövqü və xoş hisslər yaradır. Yəqin ki, burada təəssüratlarımı uzun müddət unuda bilməyəcəyəm. Bir çox ölkələrdə, bir çox teatrlarda olmuşam. Heç bir yerdə belə gözəl, möhtəşəm teatr binası görməmişəm”.
Qeyd edək ki, Tamer Karadağlı “Cocuklar duymasın” məşhur seriyalında əsas rollardan birini ifa edir.