Fərid Ağalarov: Sevgiyə təşəbbüs

Fərid Ağalarov
Murad artan qayğılara, maddi problemlərə baxmayaraq evliliyini xilas etməyə çalışır, imkan olduqca Nərgizlə danışmaq üçün fürsət gəzirdi. Hər dəfə onunla danışanda isə necə olurdusa, ürəyini oğurlamağa, onu isti yatağına qaytarmağa nail olurdu. Yəqin ki, bunu verdiyi vədlərə, daha çox isə romantik sözlərinə borclu idi. Axı o, söz sərrafı, ədəbi camiənin məşhur simalarından biri idi... Yaxşı yadımdadır, bir dəfə Nərgizin saqqızını bu sözlərlə oğurlamışdı:
– Xatırlayırsan, gözəl yazdığımı deyirdin, deyəsən, məndə aşiq olduğun şey də bu idi. Sonra biz evləndik, amma mən bir daha yaza bilmədim. Bilirsən, hələ də yaza bilmirəm. Bəlkə də elə buna görə getmək istəyirsən... Elədirsə, dayanma, get, onsuz da qayıdacaqsan. Çünki mənim ədəbiyyatım sənin getdiyin yerdən başlayır.
Amm müdrik bir adamın dediyi kimi, “Sevgi qarın doyurmur”. Nərgiz bunu başa düşmüşdü ki, daha Muradın boş vədlərinə, romantik sözlərinə inanmır, Ömərin sağlam böyüməyi üçün onu mübahisələrdən, Muraddan uzaq tutmağa çalışırdı. Buna baxmayaraq həmişə özünü eyni söz-söhbətin içində tapırdı. Onların sonuncu belə mübahisəsi Muradın intiharından bir neçə saat əvvəl Nərgizin işlədiyi redaksiyada olmuşdu.
– Sənlə mən daha "biz" ola bilmərik, başa düşürsən? Ola bilsin ki, eyni qapıya toxunuruq, amma tutduğumuz dəstək eyni deyil. – Nərgizin sözləri Muradda çaşqınlıq yaratdı.
– Eyni qapının eyni olmayan dəstəyi? Axı bu necə ola bilər?
– Əgər qapının müxtəlif tərəflərindəyiksə, onda ola bilər. – Nərgizin sözlərində əminlik hiss olunurdu.
– Bəs ikimiz də dəstəkdən tuturuqsa, onda niyə heç birimiz qapını aça bilmirik?
– Çünki ikimiz də qapını əks istiqamətdə, yəni özümüzə tərəf açmağa çalışırıq.
– Deməli qapını doğru tərəfə açmaq üçün heç bir yol yoxdur? – Səsinin titrəməsindən Muradın çarəsizliyi hiss olunurdu.
– Əlbəttə var, əzizim. Əsas məsələ qapını hansı tərəfə açmaq yox, eyni tərəfə aça bilməkdir.
Murad isə qapını çırpıb birdəfəlik getməyi seçdi. Tez-tez dediyi bir şeirdə olduğu kimi:
Bəlkə bir gün,
Ayaqlarım da qısqandı səni.
Etmədi tənbəllik,
Aldı, apardı məni.
Səhəri gün onun cəsədini kirayə haqqını vermədiyi üçün onu evdən qovmağa gələn ev sahibi otaqda tavandan asılmış tapdı. Gözlədiyi bu olmasa da, nəticədə Murad evi tərk etmişdi. – Zamanlaması hər zaman olduğu kimi yenə mükkəməl idi...
Sevdiyi adam gözlərinin odunu alıb, daha qurumur qadının göz yaşları.
Muradın qəfl intiharı ilə sarsılan Nərgiz təsəllini içki şişələrində və siqaret qutularında axtarmağa başlamışdı. Hə, bir də saçlarını kəsmişdi. Axı qadınlar ümidlərini kəsməyə saçlarından başlayırlar...
Bir zamanlar kitab almaq üçün getdiyi book cafe-lərə indi pivə içmək üçün gedir, sərxoş olub siqaret dənələri ilə öpüşür, hətta sevişirdi də. İçindəki feminist oyananda isə sonuncu siqaretin kötüyünü də bir gecəlik münasibətlərdə olduğu kimi bir kənara tullayırdı.
O, siqaretin pulunu köşkə verirdi.
Bir gün yenə evə sərxoş qayıdırdı. Üst-başını təmizlədi, saçlarını cibindən aldığı rezinlə yığıb yıxıla-yıxıla yuxarı çıxdı, qapını açıb içəri keçdi. Gördüklərim qarşısında nitqi boğazına düyünləndi, nə deyəcəyini bilmədi. Çünki ad günü üçün Ömərə aldığı tortun üstünü şamlar yox, yastığın altında ondan gizlətdiyi bir qutu siqaret bəzəyirdi.
Həmin gecə Nərgiz bir yaş daha kövrəldi, çünki sərxoş olmağına baxmayaraq nə baş verdiyinin yaxşı fərqində idi.
– Ana, niyə mənə şam aldığını deməmisən? Hamısını yastığın altından tapmışam.
Nərgiz əvvəl siqaretlərə, sonra utana-utana oğluna baxdı. Ömər gözlərini atasından almışdı, buna görə də onun gözlərinə baxmaq Nərgiz üçün ikiqat çətin idi. Ömər “şamları” yandırmaq üçün anasından alışqan – Muraddan qalan əşyalardan biri də baba yadigarı, bu,qədim alışqan idi. Nərgiz onu həmişə cibində, siqaret qutusuna yaxın yerdə gəzdirirdi – istədi.
Ömərdən ard-arda gələn ağır sual və istəklər qarşısında əzilən Nərgizin sanki gözləri açıldı, əvvəlcə duruxsunmağına baxmayaraq özünü toplayıb dilləndi.
– Rəngli şamlar daha gözəl olur, oğlum, bəlkə yanında sənə şokolad da aldım. Nə deyirsən, gedək? – Nərgizin gözləri doldu.
Daha sonra şamları üfləyərkən Ömər ürəyində arzu tutacaqdı.
– Atam haqlı idi, Ana… Allah baba uşaqların dualarını eşidir. Bu gün o, mənə rəngli şamların yanında səni də hədiyyə etdi.
Bir neçə saatdan sonra Ömər o qədər yorulmuşdu ki, elə divanda da yatıb qalmışdı. Nərgiz kitab rəfində gizlətdiyi dəftəri götürüb səssiz otaqdan çıxdı, gedib pəncərənin kənarında oturdu. Uzun zaman idi ki, o, Muradı canlı tutmaq üçün xatirə yazır, bir müddət sonra isə onları yaddaşını təzələmək üçün yenidən oxuyurdu. Dəftərin ilk səhifəsində belə yazırdı:
“Adını yazdığım səhifələr həmişə boş qaldı, nə yazdımsa, doldura bilmədim”.
– Ata olacağını eşitdiyi üçün yerə-göyə sığmayan Murad ətrafımda pərvanə kimi dönür, heç bir istəyimi cavabsız qoymurdu. Hətta qışın oğlan çağı Ömərə beş aylıq hamilə olanda, qorxa-qorxa çiyələk istədiyimi deyəndə də bunu təbəssümlə qarşılamış, gecəyarı dükan-dükan gəzib çiyələk axtarışına çıxmışdı. – Atalar yaxşı deyiblər, “axtaran tapar”, o da tapdı. Nəticədə göydən iki çiyələk düşmüşdü – biri mənim, o biri isə hələ doğulmamış balaca Ömərimin.
Muradın ölümündən və bu hadisənin üstündən təxminən beş ay ötürdü. Nərgizin gözləri hər an püskürməyə hazır vulkan kimi dolmuşdu, nəhayət, onları qırpdı və göz yaşları lava şəklində yanaqlarından axmağa başladı. Sanki yerin bağrı yarılmış, yer altından Nərgizin səsi gəlirdi:
– Ürəyim o gecə çiyələyi istəyən kimi istəyir səni. Bağışla, deyəsən, indi də sənsizlikdən beş aylıq hamilə qalmışam.
5 yanvar, 2015-cı il
– Muradın mənə evlilik il dönümü münasibətilə hədiyyə etdiyi qara zolaqları olan göy donu geyindim, bilərziklərimi taxıb güzgünün qarşısına keçdim. Onu ilk dəfə geyindiyim günü və içində özümü nə qədər azad hiss etdiyimi yadına salmağa çalışırdım. Amma donun qara zolaqları mənə dəmir barmaqlıqları, mavi rəngi səmanı, bilərziklər isə qandalları xatırladırdı. Özümü həbsxana kamerasının pəncərəsindən çöldə süzən quşları izləyən məhkum kimi hiss edirdim.
– Yanılmışam, Sevgilim, məgər bircə dona da həbs ola bilirmiş insanlar.
15 fevral, 2016-cı il
– Yeni duş almışdım, ağ dəsmala bürünüb – çiyinlərimdə su damcılarının qaldığını hələ də görmək olurdu – hamamdan çıxdım. Sancaq tapa bilmədiyim üçün onun yerinə masadakı qələmi götürüb saçlarımı onunla topuz yığdım.
Murad işdən yeni gəlmişdi. Adətən evə yorğun gəldiyi üçün bir az dincəlib sonra yazı masasının arxasına keçirdi. Bu səfər qapıdan girdiyi kimi birbaşa iş otağına keçdi, əşyaları arasında ən sevdiyi, yeni şeirlərini onunla yazdığı qələmini axtarmağa başladı. Axtarışlarının nəticəsiz qaldığını görüb kor-peşman mənə səsləndi:
– Əzzim, şeir yazmaq istəyirəm, amma qələmimi hec yerdə tapa bilmirəm, bəlkə sən hardasa görmüsən? – heç nə deməyib saçlarımdan aldığım qələmi ona tərəf uzatdım. Murad isə lal-dinməz məni izləyir, arada isə gülümsəyirdi.
– Nə oldu, daha şeir yazmayacaqsan? – təccüblə soruşdum, onun isə cavabı gecikmədi:
– Şair sevgilisinin qələmi ilə saçlarını topuz yığan qız!
Səndən daha gözəl şeir varmı?! 22 may, 2016-cı il
Nərgiz oxumağı bitirib dəftəri yenidən rəfə, geriyə kitabların arasına qoydu. Daha sonra Ömər oyanmasın deyə barmaqlarının ucunda mətbəxə keçib masanın ayağında əyləşdi. Onunla üz-üzə, masanın başında, – uşaqlıqdan görmüşük bu yerdə ailə başçısı əyləşər – stulun arxasındakı divarda isə rəssamın kəfən üzərində çəkdiyi Muradın rəsmi asılmışdı. İndi bu şəkil Muradın masada boş qalan yerini doldururdu. – Nərgiz bununla təsəlli tapırdı..
O, qəzetə bükdüyü araq şişəsini çantasından alıb masanın üstünə qoydu. İçmək onun üçün gündəlik vərdiş halına gəlsə də, bunu balaca oğlundan gizlətməyə çalışırdı. Ona görə hətta işıqları da sönülü saxlayır, qaranlıqda tək, Muradın ona baxan portreti ilə üzbəüz otururdu.
Hasardan boylanan oğrular kimi buludların arxasından boylanan Günəş evdə işıqların yanmadığını fürsət bilib yarıya qədər açıq pəncərədən içəri soxuldu, vaxt itirmədən şüalarını divarda, xüsusilə Muradın portreti üstündə gəzdirməyə başladı, elə bil əlləri ilə gizli seyfin yerini axtarırdı.
Seyfi tapmaq cəhdləri heç bir halda fayda verməyən Günəş təəccübünü gizlətməkdə çətinlik çəkirdi, bu sirri-xuda qarşısında lap mat-məəttəl qalmışdı.
Nərgizin birdən ucalan qəh-qəhə səsləri onu çaşdırmaqla qalmadı, həm də ustalıqla pərt etdi.
– Səni axmaq, heç bir seyf yoxdur! Sahib olduğum ən dəyərli şey bircə bu portretdir, vəssalam...
Deyəsən, dəli olmağa başlamışdı...
– Tik-tak, tik-tak...
Nərgizin gözləri istəmədiyi halda saata tərəf buruldu.
– Tik-tak, tik-tak...
Saatın əqrəbləri onu çaşdırdı, gözlərini ovuşdurub yaxından bir də baxdı. “Ona qalırdı”. Cəsarətini topladı, söz deyəcəkdi ki, alnından sürüşüb düşən soyuq tər dodaqlarından yapışıb onu danışmağa qoymadı. Çevrildi, əvvəlcə güzgüdə özünə – , sonra Muradın divarda asılan rəsminə baxdı, elə bil Murad udqunmaq istəyirdi, amma rəssam ulğumunu çəkməyi unutmuşdu. El arasında bir söz var, “ulğumu olan insanlar yaxşı sirr saxlayır” deyirlər. İndi olmasın, Murad da yaxşı sirdaş idi. Bəlkə də rəssam elə buna görə ulğumunu çəkmək istəyəndə dayanmışdı. Çünki o da bilirdi, “daha Murad, daha elə sirdaş yox idi”.
Rəssam Muradın üzündəki qırışları, gözlərindəki kədəri, qırmızı köynəyini çox ustalıqla təsvir etmişdi.
Nərgiz iri addımlarla addımlayıb portretin olduğu divara bir az da yaxınlaşdı. Stulu divarın yanına qoyub üstünə çıxdı və barmaqlarının ucunda portretə tərəf uzandı, elə bil indi Muradın boynuna sarılacaqdı. Nəhayət, onu asıldığı yerdən götürüb düşdü, dizlərinin üstünə çöküb sinəsinə sıxdı. Rəssam qırmızı boyanı qalın çəkdiyi üçün portret hələ qurumamışdı, ona görə də çox keçmədi Nərgizin əlləri qırmızıya, sanki Muradın qanına boyandı. Yanaqlarından quyruqlu ulduzun sürüşdüyü kimi süzülən göz yaşları onu qəhərə boğmuşdu. Diqqətlə qulaq asanda dodağının altında eyni cümləni təkrarladığını eşitmək olurdu.
– Sən özünü yox, mən səni bu divardan asdığım gün öldürdüm.
Bir neçə gün özünü evə kilidləyən Nərgiz sonunda özünü toplamağa başlamışdı.
Qarşıdan isə Muradın doğum günü yaxınlaşırdı. Onunla üzləşmək Nərgiz üçün çətin olsa da, axır-əvvəl bunu etməli, heç olmasa, soyuq məzar daşı ilə – ata ilə oğulu görüşdürməli olduğunu bilirdi.
Gözlərini qırpdı, bir də açanda balaca Ömər yanında, özü də qəbirstanlıqda idi. Baş daşına sərçənin qonduğu məzar diqqətini çəkdi, gözlərini qıyıb baxanda Muradın adı yazıldığını gördü. Yaxınlaşdıqca ürək döyüntüləri sürətlənir, az qalırdı yerindən – döş qəfəsindən çıxsın, sərçə olub uçsun.
Muradla Nərgiz eyni qəfəsi bölüşən iki sərçə kimi idilər. Əvvəllər Nərgiz həmin qəfəsi sinəsində gəzdirir, Muradı bir saniyə də özündən uzaq düşməyə qoymurdu. Amma bir gün Murad da qəfəsindən uçub getdi. Nərgizin tək qaldığı üçün sərçə kimi çırpınan, döyünən ürəyi onu kədərə boğdu. Bu, onun qisməti idi...
Muradın qara yazılmış taleyini ağ kəfənlə örtməyə çalışmışdılar, olmadığını görüb üstünü qara torpaqla örtmüşdülər. – Nərgiz məzarın üstünə əyilib bir ovuc torpaq götürdü, əlini açıb küləyin onları havaya necə sovurduğunu izləməyə başladı...
Sonra bir az da yaxınlaşıb məzar daşına pıçıldadı:
– Bilirsən, əllərin ovuclarıma sıxışdırdığım ilk əlfəcinlər idi. Səni unutmağa məni heç vaxt qoymadılar.
Ömər anasının sevgidən yetim qalan əlindən yapışıb tilova düşən balığın ipi aşağı çəkdiyi kimi aşağı çəkdi.
– Ana, ölməyin birdən çox yolu var idi, atam da səni sevməyi seçdi – dedi.
MANERA.AZ