Xurşidbanu Natəvana həsr edilmiş kitab sərgisi
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon MKS-nin 12 saylı filialında Xurşidbanu Natəvanın anadan olmasının 185 illiyinə həsr edilmiş kitab sərgisi təşkil olunub.
İdarədən Manera.az-a bildirilib ki, sərgidə nümayiş olunan və Xurşidbanu Natəvandan bəhs edən kitablar haqqında oxuculara ətraflı məlumat verilib.
Bildirilib ki, Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1832-ci ildə Şuşada anadan оlan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “Dürrü yeкta” (Təк inci) çağırardılar. Xalq arasında isə “Xan qızı” adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçir.
Vurğulanıb ki, Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət qazanıb. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini mütaliə edərək onların yaradıcılığından bəhrələnib.
Xan qızı şeirlərini “Natəvan”, yəni “Kimsəsiz”, “Köməksiz” təxəllüsü ilə yazıb. Qələmini qəzəl janrında da sınayıb, böyük uğurlar qazanıb, dövrünün məşhur şairləri ilə görüşləri olub.
Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib, məzarı Ağdamın “İmarət” qəbiristanındadır. Onun adına küçə, klub, kitabxana və məktəb var. Əlyazmaları, şəxsi geyim, əşyaları arxiv və muzeylərimizdə saxlanılır.
Diqqətə satdırılıb ki, şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub. Natəvanın Şuşadakı büstü ermənilər tərəfindən vəhşicəsinə güllələnib və tullantı metal kimi satılıb. Azərbaycanın hakimiyyət orqanlarının səyləri ilə həmin büst aşkar edilərək Bakıya gətirilib. Hazırda İncəsənət Muzeyində açıq səma altında nümayiş etdirilir.