manera.az
manera.az

"Mən toz dənəsiyəm" - Hekayə

"Mən toz dənəsiyəm" - Hekayə























Təranə VAHİD

MƏN TOZ DƏNƏSİYƏM

Qədim toz nəğməsində deyilir: sabah açılacaq, günəş çıxacaq, ağ ilxı
sürüsü yaşıl çəməndə otlayacaq, sular, min illər axdığı kimi, yol tapıb
axacaq, amma sənin hisslərin dünənki olmayacaq...

Bilmirəm, ürəyinizdən nə vaxtsa toz olmaq istəyi keçib, ya yox, amma mən bir gün toz olmaq istədim. Elə ürəkdən, elə cani-dildən, elə içdən istədim ki, əlüstü toza çevrildim. Sizə deyim ki, insanın toza çevrilməyi qəribə, həm də xoşagələn hissdi. Bölünürsən, bölünürsən, bölünürsən, bütün sıfırların töküləndə, yerdə özün qalırsan. Sənə əzab verən, səni incidən hisslərdən arınıb-
durunanda hiss edirsən ki, bu sənsən, özünsən, gözünü açandan adamların hörümçək kimi beyninə, ruhuna hördüyü torlardan xilas ola bilmirsən.
Mən toza çevriləndə əlüstü qorxu hissini itirdim. Zəhləm gedir bu bürüşük, turşməzə, sual işarəsinə oxşar hissdən. Adamı gözüqıpıq edib yaşamağa qoymur. Bu hissi itirən kimi dərindən, lap dərindən nəfəs aldım. Əvvəllər heç bilməzdim ki, toz nəfəs alır. Amma alırmış. Bilirəm, dediklərimə inanmayacaqsız, buna inanmaq üçün gərək toz olasan.
Toza çevriləndən sonra bütün qadağalardan, buxovlardan, sədlərdən, sərhədlərdən azad olub, havada ürəyim istəyən qədər uçdum. Yaşadığım dünyaya heç vaxt belə yuxarıdan aşağı baxmamışdım, yaşadığım dünyanı heç vaxt belə aydın, miskin, solğun görməmişdim. Bilmirəm, bəlkə, toz olandan sonra dünya gözümdən düşüb elə toz boyda olmuşdu, bəlkə, başqa səbəb vardı, amma toz olandan sonra başa düşdüm ki, bizim güvəndiyimiz, öyündüyümüz, şəninə şeirlər qoşub mahnılar bəstələdiyimiz dünya, əslində, toz boydaymış. Toz boyda dünyada biz bir ömür yekə-yekə danışırıq, yaşamaq üçün min hoqqadan çıxırıq, özümüzü qaldırıb dağın başına qoyuruq, sevirik, ayrılırıq, göz yaşı tökürük, hamısı boş-boş şeylərmiş... Biz, sadəcə, toz boyda dünyada özümüzü çərçivəyə pərçimləyən, uydurduğumuz qanunlara boyun əyən, öləndən sonra
unudulmayacağımıza özümüzü inandırıb gülünc yerində qalan əbləhlərik...
Mən havada uça-uça bunları düşünürəm və hiss bataqlığına düşməmək üçün öz oxum ətrafında fırlandıqca fırlanıram.
Amma hardansa külək peyda olub kəkilimdən yapışır, məni şəhərin bu başından o başına sürükləyir. Mən yöndəmsiz göydələnlərə, xəstəhal ağaclara, kirli pəncərələrə çırpıla-çırpıla uçuşun son nöqtəsinə - doğum evinin pəncərəsinə ilişirəm. Əlimi qaşımın üstünə qoyub xırda gözlərimlə jalüzün arasından içəri boylanıram. Tərsliyə bax, bura doğum şöbəsidir. Gənc xanım ana olmağahazırlaşır. Görən, bu dünyaya gələn hər kəs anasına belə əzab verir? Qadının bircə arzusu var: azad olmaq. Bu azadlıq nə olan şeydi, ilahi, hamı onu arzulayır?! Ana canının bir parçasından - balasından belə, azad olmaq istəyir.
Əslində, bu dünyada hər kəs son nəfəsinədək azad olacağı günü gözləyir. İnsana oksigen kimi, azadlıq da lazımdı. Təbabət ölülərin əksəriyyətini oksigen çatışmazlığı diaqnozu ilə yola salır. Amma mən toz dənəsinə çevriləndən sonra əmin oldum ki, dünyadan köçənlərin böyük bir qismi azadlıq çatışmazlığından dünyasını dəyişir. Kiminin azadlığı ailədə əlindən alınır, kiminin iş yerində, kiminin - cəmiyyətdə. Bütövlükdə DÜNYA özü azadsızlıqdan boğulur.
Toz vicdanım qımıldanır, mən tərs-tərs vicdanıma baxıram. Yəni sən nə istəyirsən, bəxtin əməllicə gətirib, toz olmaq - elə azad olmaqdı da! Özümə bozarıb obyektimə baxıram. Qadın əzab çəkir, dünya-aləm laqqırtı vuran mamaçaların, tibb bacılarının vecinə deyil. Bilirlər ki, qadın qışqırıb-bağıracaq, iki dünya arasında çırpınacaq, sonda, sonda, sonda... azad olacaq.
Ən maraqlı anı qaçırıram. Külək məni nəvazişlə o yerdən uzaqlaşdırır. Küləyinhərəkəti xətrimə dəyir.
Düzünü bilmək istəsəz, küləyi heç sevmirəm. Böyüklərə gücü çatmır, xırdaları nəfəsi kəsilənəcən qabağına qatıb qovalayır. Elə deyir get, elə deyir qaç, elə deyir yüyür. İt oğlu it, gül kimi baxırdım da...
Cəhənnəm olsun külək, toz olandan sonra şikayət eləmək, gileylənmək, qaramat-qaramat danışmaq qudurğanlıqdı. Mən toz olandan sonra yaşamağın nə olduğunu bilmişəm, özümü toz kimi hiss eləmişəm, öz aramızda qalsın, insan olanda bir dəfə də özümü insan kimi hiss etməmişdim. Ona görə də adamlardan, hamıdan və hər kəsdən üz döndərdim, toza çevrildim. Budur, rahat bir yerdəyəm.
Ətrafımda mənim kimi xeyli xoşbəxt toz dolaşır. Deyəsən, o sarışın tozu tanıyıram. Bədirxan müəllimə oxşayır... Hə, özüdür ki var, universitetdə bizə orta əsrlərdən mühazirə oxuyardı. Ürəklə, şövqlə danışdıqca mənə elə gəlirdi ki, müəllimimin orta əsrlər üçün burnunun ucu göynəyir. Düzdü, orta əsrlərə gedə bilmədi, amma sonda istəyinə çatdı, toza çevrildi. İfallı, abırlı, utancaq, canım müəllimim! Görən, yaxınlaşıb hal-əhval tutum, yoxsa qoyum toz olmağın dadını çıxarsın?
Özümü saxlaya bilmirəm, toz dənəsinə çevrilən müəllimimi səsləyirəm.
Bədirxan müəllim məni görəndə gülümsəyir, toz olmağım münasibətilə məni sovet dövründən qalma ütülü sözlərlə səmimi-qəlbdən təbrik edir. Deyirəm, müəllim, xeyir ola, nə yaxşı bu tərəflərə gəlmisiz? Deyir, elə bu yaxınlarda başa düşdüm ki, bütün qayğılardan xilas olmağın, yaşamağın yeganə yolu toz olmaqdır. Portfelimi qoltuğuma vurub vaxt itirmədən toza çevrildim. Gərək çoxdan toz olaydım. Heyif ki, çox gecikmişəm.
Bədirxan müəllimə ürək-dirək verirəm. Müəllimim gümrah görünür, hiss edirəm ki, toza çevrilmək ona düşüb. Sağollaşıb ayrılıram, axı, tozlar adamlar kimi bir-birinin zəhləsini tökmür. Düzünü bilmək istəsəz, tozlar çox abırlıdır. Baş aparmaq, qan qaraltmaq, satqınlıq, xəyanət, xəbərçilik, yalan - toz dünyasında bu yaramaz üz qaralarına yer yoxdu. Oxayyy, dünya varmış! Bədirxan müəllim toz olandan sonra mən kiməm ki? Allah bilir, buralar tanış-tunuşla, yazı-pozu
adamıyla doludu.
Bu dəfə külək məni qanadları üstə xeyli gəzdirir. Tıxac yox, gərginlik yox, marşrutpulu yox, valyuta məzənnəsi səni gic eləmir. Pul demişkən, tozlara pul lazım deyil, heç kor qəpik də. Amma canım nə qurtarıb pul söhbətindən! Mən adam olanda hər gün metroda, yolda-izdə, yas yerində, toyda adamların nə düşündüklərini bilmək istəyirdim. Elə bil adamların başları daxıl idi. Gecə-gündüz pul, pul, pul... - deyib dınqıldayırdı. Daxılbaşlar!!!
Yox, tozlar əsəbiləşmir, mən sükut kimi sakitəm. Parkda qoca, arıq bir kişinin çiyninə qonuram. Allah, bu kişinin fikirləri nə qədər qarışıqdı, bu insan nə qədər yüklüdü?! Qulağının dibində var gücümlə bağırıram ki, ay evi tikilmiş, toz ol, canın qurtarsın da bu lazımsız yüklərdən. Kişi eşitmir. Yadıma düşür ki, qorxu hissi kimi, səsimi də itirmişəm. Guya adam olanda səsimi kim eşidirdi ki? Yaxşı ki, tozlar bir-birilə danışır, özü də zərif toz dilində. Tozşünasların dediyinə görə, toz dili dünyanın ən qədim və əbədi dilidir.
Bu da belə. Qoca kişi ayağa qalxır, mən yenə havadayam. Qollarımı quş qanadı kimi açıb havadan asılı qalıram. Elə havadaca fırlana-fırlana fikirləşirəm.
Doğrusu, toz olandan sonra ağlıma qəribə, əndrabadi fikirlər gəlir. Məsəlçün, fikirləşirəm ki, birdəfəlik toz olmaq hər gün xırdalanmaqdan, üyüdülməkdən min yol yaxşıdı. Fikirləşirəm ki, sirkdə şir olmaqdansa, meşədə çaqqal olmaq daha abırlıdı, fikirləşirəm ki, haqqını yeyənlərə anındaca tüpürmək, dözüb sonda sınmaqdan daha şərəflidi. Onsuz da bineyi-qədimdən belədi: böyüklər xırdaları üyüdür, güclülər gücsüzləri əzir, Qərb Şərqi yeyir...
Onu deyim ki, tozlar üçün vaxt məhdudiyyəti yoxdu, onlar toz saatıyla işləyir, insanlar kimi vaxtı saniyəyə, dəqiqəyə, saata, günə, həftəyə, aya, ilə, əsrə, eraya bölüb ölüm vaxtını gözləmir. Tozlar aləmində heç bir qanunsuzluq yoxdu.
Qanunsuzluq cild-cild qanunlar külliyyatı yazılan yerdə yaranır.
Mən yenə havadaca dövr edirəm. Amma aşağıda, Yerdə nələrsə baş verir. Başını yerə dikib harasa tələsən ikiayaqlıları görürəm. Mənə elə gəlir ki, Yerdə xırda qiyamət qopub, adamlar harasa tələsir, bir-birini itələyir, bir-birinə aman vermir, qarşılarına çıxan sədləri, maneələri, divarları vurub keçir, yarıb keçir, keçə bilmədikləri səddin üstündən dırmaşıb keçir, qarşılarına çıxan suları üzüb keçirlər.
Bu azğınlaşmış adamların qarşısını kim kəsə bilər, kim onları dayandıra bilər?!
Küləyə qoşulub axının üstüylə uçuram. Bütün materiklərdə, ölkələrdə, şəhərlərdə - hər yerdə vəziyyət eynidir. Adamlar harasa qaçır. Adamlar qaçdıqca arxalarıyca qara bulud tozanağı dolaşır. Tozlardan biri təəssüflə: dünyada şər xeyiri üstələdi, qaranlıq işığa qalib gəldi, dünyanın nizamı pozuldu, ədalət öldü, - deyir. Ədalət ölən gün dünyadakı son şam da sönəcək. Mən toz olsam da, son şamın sönməyini, insanların içindəki son ümidin ölməyini istəmirəm.
Nə yaxşı ki, tozların cəmiyyətində hər şey ədalətlidir. Keşkə insanlar bu hissin nə qədər gözəl olduğunu bileydilər, keşkə...
Onu da deyim ki, həyatda o qədər ədalətsizliklə rastlaşmışam ki, hərdən toz dənəsi olduğuma inanmıram. Bilmirəm, insanlar bu hissi nə vaxt itirib, yoxsa, bu hiss hamıya aid deyil, bəlkə, belə bir hissin olduğunu cəmiyyətin ağ qarğaları uydurub?! Bilmirəm, hər halda, kitablarda ədalət haqqında nəsə yazılıb. Amma mən uzun illər onu axtardım, aradım, tapmadım, gördüm deyənlə də rastlaşmadım. Toz olandan sonra daha heç nə axtarmıram, mən arzuladığım yerdəyəm.
Mən toz dənəsinə çevrilən gündən, o günə şükürlər olsun, adamları daha yaxından tanıyıram, hadisələri daha yaxşı görürəm, həyatı daha aydın başa düşürəm. Haqqın tapdalanmağı, bilirsiniz, necə ağır hissdir? Haqqın tapdanır, gözgörəti tapdanır, sənsə, cürət edib səsini çıxarmırsan. İçin qovrulur, yanayana qalırsan. Səsini çıxarsan, özünü tapdalayacaqlar. Toz olsam da, bu yerdə kədərlənirəm. Yox, ağlamayacağam, tozlar ağlamır, tozlar xatırlayır...
Necə oldu ki, mən toz dənəsinə çevrildim? Bax, bu sirri sizə heç vaxt deməyəcəm. Ona görə demirəm ki, toz olmaq üçün həyat səni dəyirmanda buğda kimi əzməlidir, insanlar səni bilərəkdən sındırmalıdır, haqqı çatmayan haqqını yeməlidir, sənə məxsus olanı kimsə qamarlayıb zorla əlindən almalıdır, ən yaxın dostun gözünün içinə baxa-baxa sənə xəyanət etməlidir. Və günlərin birində son qüvvəni toplayıb “Əl çəkin yaxamdan, əl çəkin, istədiyiniz oldu, mən məğlub oldum, uduzdum, mən heç kiməm, heç kim, mən toz dənəsiyəm!” - deməyi bacarmalısan. Mən bunu bacardım.
Günlərin birində toz olmaq istəsən, ürəyinin səsinə qulaq as, istəsən bağır, istəsən pıçılda, amma nə isə de...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930