manera.az
manera.az

Üzləşmək istəmədiyimiz reallıqlar...

📅 01.07.2017 10:26

Üzləşmək istəmədiyimiz reallıqlar...
Fatimə Orucova


Keçmiş şəkilləri önümə qoyanda o günlər, anlar, o anlarda keçirdiyim hisslər... İlk addımlarımı atmazdan öncə hər körpə kimi mən də həyatın axışı ilə getmək üçün iməkləməyə çalışırdım. Dizlərimin və yorğunluqdan bükülən dirsəklərimin mənə nə dərəcədə tabe olduqlarını xatırlamıram. Amma xatırlatmaları üçün sevinclə onlara verdiyim suallar yadıma gəlir. Keçmişimi öyrənmək üçün verdiyim mənasız sualların içindən ən məntiqli olanını seçib cavablandırırdılar. Mənə ən ali hisslərdən olanını xatırladacaq sualım yadıma gəlmir tam olaraq, amma ani olaraq sanki bir də yaşamışdım o hissi. Dünən kimi yadımdadır, başı çarpazlanmış qollarının üstdə qoyulan bir körpə...

Təsəvvür ediləndə bu pozisiyanın azca yorğunluğa işarə olduğunu sezmək çətin deyil. Bu yorğunluğun səbəbi məndən üç il öncə dünyaya gəlmiş qardaşım idi. O məni hələ o vaxtdan həyatdakı çətinliklərə alışdırmağa cəhd edirmiş. İməkləyən müddətdə ayağımı çəkər, sonra mən yerə çırpıldıqda qəhqəhə çəkirmiş. Dözümlülüyümü yoxlamaq üçün isə hər dəfəsində bunu təkrar edirmiş. Gözümün önündə canlandı hər şey: Başı qollarının üstdə qoyulan körpə gözünü açdı bu cümlələri eşitdikdə. Məni hər dəfə yerə çırpan bu qüvvənin nə olduğu barədə düşüncə mənə ah çəkdirdi, və o ahın səsinə yenidən gözlərim olduğum zamana qaytardı məni. Bəli ilər əvvəl çəkilən ah yadıma düşmüşdü, və o hiss tamamilə yaşadılmışdı mənə. Uzanıqlı vəziyyətdə davam edib etməməyim barədə düşünürdüm. Çünki bunun təkrarlanmayacağı barədə ümidim demək olar ki, yox idi və mən dözümlülüyümə arxalanıb yenidən irəli getmək üçün kiçik zədə almış qol və ayaqlarımı hərəkətə gətirdim. Bu hiss mənə nəql olunmayıb, təxəyyülüm vasitəsilə xatırladıldığı və mahiyyətin bitkin və təmiz görüntüsünü yaratdığı üçün onun haqqında bu qədər dəqiq danışır, göz önümdə canlandıra bilirdim. Həqiqətən bəlkə o yaş dövrü üçün çətin sayılan sınaqdan əla çıxmışdım. Yaddaşımın məni yanıltmadığını onların sözləri ilə bir daha təsdiqləyirdim. Təəccüblə anırdılar hər dəfəsində çırpılmama rəğmən ağlamırdım. O zaman belə dərin düşünməmişdim, amma indi məni çox narahat edir indiki yaşımla tarazlıq yaradacaq çətinliyə o vaxtkı kimi əzmlə sinə gərə bilərəmmi? Yoxsa artıq həyat çətinlikləri ilə məni yorub, əlimdə olan ağlayıb yorğunluqdan şikayətlənərək təslim olmaqdımı, ya da bu çətinliklər məni daha da sərtləşdirdiyindən bir göz qırpımında istənilən çətinliyi göz ardı edə bilərəmmi? İradəlilik və əzmlilik məndə nə dərəcədə öz tərəqqisini tapıb? Bu suala öz üzərinizdə cavab verməyə çalışın.

Qardaşımın məni çətin vəziyyətdə gördükdə gülməsini məni o halımla daha şirin hesab etdiyi üçün olduğunu çox gözəl başa düşürəm. Amma bir üzücü reallıqdan xəbərdaram ki, səni yıxan və qalxdığında növbəti həmləni etmək üçün tələsənlər çoxdur.

Səbəb?

Dünyamı pisdir?

Daxilində baş verən hər bir təbii və qeyri -təbii hadisələrin yaradan və yaradılanlar tərəfindən törədildiyini, məhv olması üçün əldən gələnlərin ən pisinin edildiyini bilərək dünyaya pis deyirik. İnsana pislik edən dünyadırsa, niyə ona eynisi təkrarlandıqda müdafiə funksiyasını yerinə yetirmir? Bəli, artıq insana ən ali varlıq dediyimiz üçün çoxlarımız peşiman olduq deyəsən. Bəs nə üçün ən ali varlıq ən murdar varlığa çevrilə bildi?

Bu yazını yazmağa məni qəribə bir hadisə vadar etdi. Hər zamankı kimi adi günlərdən biri idi. Çox zaman sakit görünümlü olsam da, sual verməkdən heç vaxt yorulmayan mən anamdan, -Mən çox dəyişmişəm?, -deyə soruşdum. Anam isə, -görünüşcə o qədər də yox, amma xasiyyətcə çox dəyişmisən, - dedi. Cavabın əksini gözləyərkən bunu eşitmək məni azca təəccübləndirdi. Axı insanın ən başlıca keyfiyyətlərindən biri UNUTQANLIĞIDIR. Həyat mənə çoxdan unutdurmuşdu keçmiş mehribanlığımı, istiqanlılığımı, səmimiliyimi və kəskin dəyişikliyimin fərqinə varmadan, özümə o MƏN olduğumu təlqin edərək yaşamağa davam edirdim. -Necə məsələn?

- Əvvəl çox mehriban idin, indi isə elə deyilsən, - dedi və olduğumuz otağı tərk etdi. Özlüyümdə,- demək mehriban idim. Amm indi deyiləm. Niyə görəsən, niyə? Eyni nöqtəyə zillənmiş gözlərim məni daha da dərin düşüncələrə apararkən o dərinlikdən məni kiçik qardaşımın sakit səslə, - səni dəyişən məktəbin və sinifyoldaşların oldu deməsi ayırdı. Onun bu sözləri sanki bir növ diksindirdi məni və üzümdə təbəssüm yaratdı. Hər zamankı xüsusiyyətim olaraq, - düz deyirsən Həsən, düz deyirsən, - deyərək başımla təsdiqləyirdim dediyi cümləni. Həsən məni ta keçmişə aparmışdı. Elm ocağı adlı yer hər uşaqda olduğu kimi məndə də o qədər xoş təəssüratlar yaratmamışdı. Ya da belə deyək mən də bütün uşaqlar kimi səbəbini bilmədiyim bir həyəcanla gedirdim o ocağa. Amma dilimə gətirmədiyim yalvarışlarım, qəlbimi daha sürətli döyündürən o hiss... Hələ də yaşaya bilirəm o anları. Çünki məndə dərin iz buraxıb o hiss. Qorxu hissi...

Pəncərəmin önündə sevdiyim skripka ifasını dinləyərək və ən əsası gözlərimi yumaraq keçmişimə ekskursiya edirəm. Mənimlə birgə siz də edin və yada salın. İnanın ki, bəlkə danışacaqlarım arasında özünüzü fərqli rollarda görəcəksiniz və bəzən içinizdə intiqam hissləri belə baş qaldıracaq sizə bunu edənlərə qarşı. Bəs intiqam hissimiz nəyisə dəyişəcəkmi? Əgər dərin psixoloji sarsıntılar nəticəsində mənfiyə doğru irəliləmiş və bunun nəticəsində ətrafdakılarınıza da ziyan vurmuş və ya vurmaqda davam edirsinizsə,(hansı ki gələcəyi bizim hal- hazirki vəziyyətimizlə eynilik yaratmasına zəmin yaradırıq) sonluğa doğru nəticəni dəyişməyə çalışmaqda yarı faizlə sizə kömək olunduğunda, siz də öz öhdənizə düşən payı da özünüzdən əsirgəməyin.

Ekskursiya deyərkən gözümün önünə gələn ilk şey olaraq məktəbə gedən daşlı- kəssəkli yol oldu. Mən tələsirəm. Qaçıram. Ayaqlarım məni son sürətilə ora aparsa da, bir tərəfdən də geri qayıtmaq üçün beynim impulslar ötürür. Amma yene de işin icrası dəyişmir. Çünki yeni kəşflər və getdiyi yerdə məni gözləyən bir müəllimə var. Mən çatdım, qapını açdım, içəri daxil oldum və bağladım. Bağladım çünki içəridə olanlardan heçkim xəbərdar olmamalı idi. Xəbərdar olsalar çünki məcburi olaraq qarşısını almalı olacaqdılar. Amma qapı bağlı olarsa onsuzda bu reallıqdan xəbərləri olmayacaq, və qarşısı alınmalı heç bir hadisə ilə rast gəlməyəcəkdilər.

Qapının ardında mənə öyrədilmək üçün bir sıra şeylər sırada dayanmışdılar. ƏZAZİLLİK hamısından öndə idi...

''R'' hərfini demək onun üçün həyatda ən çətin şey olan, böyük səy istəyən sinifyoldaşımın məzlum baxışları gözümün önünə gəlir. Bədbəxtçilikdən bu hərf onun adının tərkibində də var idi. Sinifrəhbərim! Artıq sezmişdi bu hərfin onun dilində "y" kimi səsləndiyini. Bir, iki cəhddən sonra onda alınmadığını görən müəllimə ən asan yola əl atdı. Hansı yol?

-Adın nədi?

-Həsyət.

-Sənə adın nədi dedim?

-Həsyət.

Sinifdə oturan uşaqların üzlərinin zərif dərisi buruşdu, qaşları düyünləndi və sonra gözləri yumuldu. Çünki Həsrət döyülürdü. Üstəlik əlində olmadığı bir şeyə görə. Uşaq döyməkdən əlləri qabar olmuş qadının zərbələri onu ağrıdırdı. Bəli. 6 yaşlı uşaqların gözləri önündə onlara ilk dəfə adam döymək öyrədilirdi. İstədiyini almağın ən asan yolun bu olduğu öyrədilirdi. 10-15 dəqiqəlik cəhddən sonra müəllimə əlləri yorulduğu üçün onu yerində əyləşdirir.


-Sabah yenə mənə adını deyəcəksən!


Müəllimənin ilk qurbanı sabah yenə bu gündən onu gözlədiyini bilirdi. Parta yoldaşım əyləşdikdən sonra əllərini tutur, təsəlli edici sözlər deyirdim. Ağlamamaq üçün özümü təhrik edirdim, çünki müəllimə görə bilərdi. Zənglərdə ona "R" hərfini öyrətmək cəhdlərim artıq məni yormuşdu. Amma kömək diləyən gözləri mənim işimin icrasını tamamlamaq qərarımı hər dəfəsində qətiləşdirirdi. Bir gün təsadüfən valideynlərinin bu məsələ barədə nə düşündüklərini soruşduğumda, onların xəbərinin olmadığını dedi və o gündən sonra artıq ona hərf öyrətmək yerinə bu vəziyyəti evdə bildirməsi üçün təkid edirdim. Məqsədimə çatmışdım. Həmin gündən iki gün sonra yanım boş qalmışdı. İlk yoldaşım getmişdi...


Vicdani rahatlıq yaşasam da, bu darıxmamağım üçün bir əlac deyildi. Mənlə hər zaman xoş rəftar etsə də, ilkin olaraq əzazilliyi və iki yoldaşı ayırdığı üçün ona qarşı artıq daha dərin nifrət hissi duyurdum. Bunu ancaq duyurdum, amma nifrət dolu baxışlarım çölə deyil də, içimə açılırdı. Ona isə yalnız donuq baxışlarla baxa bilirdim. Amma yalandan gülümsəyən və təklikdə ona nifrət edirəm deyən sinifyoldaşlarım çoxdan YALTAQLIĞIN nə olduğunu dadmışdılar. Mənim içimə açılan o baxışlar isə başqa mənfi keyfiyyətlər yaradırdı. Amma nə mən bunun fərqində idim, nə də başqa biriləri.


Yanımdakı boşluğu daha sonra müxtəlif yoldaşlarım doldurmuşdu. Riyaziyyatdan xırda problemləri olan yoldaşım, etdiyi səhvlərə görə əllərini partaya qoymağa, müəllimə söyləyənə qədər oradan çəkməməyə və nar çubuğu zərbələrinə tab gətirməyə məhkum idi. Bu ağrını iyirmi yaşlı biri olaraq təsəvvür etdikdə dəhşətə gəlirəm. Endirilən bir zərbə belə dözülməz olarkən, onlardan bir neçəsi vurulurdu. Axı o zərbələrdən sonra Cavidan artıq səhv etməyəcəkdi. Başqalarından kömək dilənəcək, icazə verilmədiyində gizlin şəkildə başqalarının icra etdiyi işlərdən faydalanacaqdı və... MƏNLİK. Artıq mənfi sosial keyfiyyətlərə yiyələnən şəxsiyyətdə mənlik anlayışı özünün tənəzzülünü yaşayacaqdı. Müxtəlif hadisələrdə artıq başqalarının əməyindən bəhrələnmə mexanizmi işə düşəcəkdi. Amma Cavidan mənim xatirəmdə İRADƏLİLİYİNİ qoruyan yoldaşlardan biri idi. İndi ondan xəbərim yoxdur, amma insanın uşaq yaşlarında sahib olduğu xüsusiyyətlərinin yaşa dolduqca təkmilləşdiyi faktını bilərək onun dəyişmədiyindən əminlik duyuram.


Bəli biz proqramlaşdırılırdıq. Müəllimə bunu pis yerinə yetirirdi desəm, haqqına girmiş olaram. Hərşey mükəmməl şəkildə davam edirdi. İlk əvvəllər bu cür səhnələri ürək ağrısı ilə izləyirdiksə, artıq növbəti illərdə önəmsəmirdik. Demək hisslərdən ən üstünü olan MƏRHƏMƏTLİLİK bizdə yox olmuşdu. Amma belə bir ziddiyyət anlayışı da var, əgər ki, dünyada zalımlıq olmasaydı, mərhəmətlilik də olmazdı. Ola bilsin uzaqgörən müəlliməm bu prizmadan çıxış edirmiş. Döyülən azyaşlı körpələr isə artıq bir neçə dəqiqə sonra gülməyə başlayırdı.


Gələcək vətəndaşların həm savadlı, həm də ƏZAZİL olmaları üçün əlindən gələni edən müəlliməmi hörmətlə yad edirik. O bizə 1+1=2, 2*2=4 olduğunu, eyni zamanda QƏDDARLIĞI öyrətmişdi. Heç düzgün etmədiyimi bilərək ona 11 il müddətində baş çəkmədiyimi utanc hissi ilə bildirirəm. Kinli idim ona qarşı. Çünki gördüyümdə yenə uşaqlıqda olduğu kimi ya heç bir şey ifadə etməyən baxışlarla ona baxmalı, ya da könlü xoş olsun deyə gülümsəməli idim. Bacardıqca bu məcburiyyətdən boyun qaçırmağa çalışsam da, həyat bizi bu məcburiyyətlə çox tez- tez qarşı- qarşıya qoyur. Həm də... KİNLİLİK adlı lazımi hissi mənə ilk dəfə o aşılamışdı. Bu ürək ağrıdan reallıqdan isə nə valideynlər, nə də kəskin dəyişim yaşayan az yaşlı uşaqlar xəbərdar idilər. Necə deyirlər "Nə əkərsən, onu da biçərsən". O da öz xələflərindən eyni münasibəti gördü. Onu nə yad edən oldu, nə də bir baş çəkən...





Baxış sayı - 2 840 | Yüklənmə tarixi: 01.07.2017 10:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031