Artkaspi.az şair Səlim Babullaoğluyla müsahibəni təqdim edir:– Səlim bəy, bu yaxında "Qrafik şeirlər və esseler” sərginiz keçirildi. Bu barədə danışaq. Qrafik şeirdə söz sanki müəyyən bir çərçivəyə, qəlibə salınır, belə demək mümkünsə azadlığı əlindən alınır. Şairin sözü azadlığından bu tərzdə məhrum etməsinə münasibətiniz maraqlıdır? – Məntiqinizi anlayıram, amma bölüşmürəm. Çünki, sözlər istənilən halda mənanın və hissin qəlibləridir, üstəgəl, vərəqlər qəliblərdir... Qrafik şeirlər konsepsiyasına görə ağac haqqında şeir həm də ağac formasındadırsa, o qəbuletməni gücləndirmiş olur. Bir də qrafik şeirlərin ərəb xəttatlığında, ingilis şeirində və s. ədəbiyyatlarda ənənəsi var. Bütün hallarda istənilən sənət müəyyən qəliblər və şərtiliklər daxilində mövcuddur.
– Maraqlıdır, necə oldu ki, qrafik şeirlər yazmağa başladınız? Kimdənsə təsirlənmə olubmu? – Dünya poeziyasında qrafik şeirlərin olduğunu çoxdan bilirdim. Doxsanların ortalarında Apolinnerlə bağlı material oxuyanda bu sayaq şeirlərlə tanış oldum. Sonra zaman-zaman rast gəldikcə maraqla oxuyurdum. 2008-ci ilin dekabrında xəstələndim və bir neçə gün, bir həftə çarpayıdan qalxa bilmədim. Həmin vaxt elə yataqdaca başladım qrafik şeirlərlə bağlı ilk işləri gördüm, eskizlər etdim, yazdım, bəzilərini kompüterdə yığmağa başladım və beləcə bir neçəsini bitirdim. Sonralar da vaxtaşırı bu şeirlərə qayıdırdım.
– Vizual poeziya yaradıcılığınızda eksperimentdir, yoxsa ənənə kimi davam edəcək? – Vizual poeziya deyəndə qrafik şeir və esseləri nəzərdə tutursunuzsa, onlar təkcə mənim yox, bu cür şeirlərə müraciət etmiş bütün şairlərin yaradıcılıqlarında eksperimentdir.
– Biz poeziyamızda da, nəsrimizdə də daim Qərbdən və ya Şərqdən təsirlənmələrlə yeni nəsə yaratmağa çalışırıq. Nəyə görə azərbaycanlı müəlliflər özləri hər hansı yenilik və ya yeni bir cərəyan yarada bilmirlər? – Niyə ki... məsələn, məncə Mirzə Ələkbər Sabir əski ölçülərdə – əruzda yazmasına baxmayaraq bir çox şeirləriylə xeyli yenilik edib. Həm məzmun, həm də forma cəhətdən. Bunu biz tədqiq etməmişiksə, günahkar Sabir deyil. Yaxud Mikayıl Müşfiq. Sadəcə olaraq, görünür, ölkənin taleyi sənətkarların taleyini təyin edir. Əgər ölkəmiz Rusiya qədər böyük olsa idi, ruslar apardığı kimi biz də öz yeniliklərimizi və ədiblərimizi həm də süngünün ucunda haralarasa aparardıq.
– Bildiyimiz kimi vizual poeziyanı yaradanlar şeirin çərçivələrini aşaraq mükəmməl və fərqli sənət nümunələri yaratmağa çalışırdılar. Sizcə, Azərbaycan şeirinin çərçivələri artıq formalaşmışdımı ki, siz bu çərçivəni aşmağa çalışdınız? – Bu sualın cavabı təxminən belədir. Bir şairə sual verirsiniz ki, "sənə qədər yazıblar, bəs sən niyə yazırsan?”. Qələmi əlinə götürən adam mütləq şəkildə özündən əvvəl yazılan nələrləsə razı deyil. O demək deyil ki, inkar edir, yaxud etmir, sadəcə olaraq yazır. Məgər biz kiməsə deyə bilərik ki, Nizami hər şeyi yazıb, ondan sonra sən niyə yazırsan? İndiyəqədər dediyim ümumiyyətlə sənətlə, yaradıcılıqla bağlı məsələdir. İki məsələ var: Poeziyada vizualıq və vizual poeziya. Birinci, yəni bizim müasir poeziyamızdakı vizualıq, görüntülü təfərrüatlılığa gəlincə bunlar müasir Azərbaycan poeziyasında az rast gəlinən keyfiyyətdir. Bütövlükdə poeziyamızda. Ayrı-ayrı müəlliflərin yaradıcılıqlarında cüzi də olsa var, amma bütövlükdə yox kimidir. İkinci isə bir az başqa məsələdir. İki fərqli sənət-rəssamlıq və yazı arasında müəyyən sərhəd var. Vizual poeziyaya cəhd sənətlər arasındakı sərhədlərin pozulmasına çalışmaqdır. Nə qədər alınıb, alınmayıb onu bilmirəm.
– Qrafik şeirlərinizin bir çoxu təsvirdən ibarətdir. Misal üçün "Ağac”, "Qoğal”. Yəni vizuallığı həm də sözlər göstərir? İstərdim bu barədə danışasınız. – Qrafik şeirlər toplumuzda "ağac” adlı iki şeiri var. Birində ağacı anlayış və söz kimi götürərək, ümumiyyətlə, söz məfhumunun özünün izah olunmasına çalışılıb. Protodil, "Ana dil” problemi dartışılıb. İkinci "ağac” şeiri isə çağdaş informasiya dövründə insanların özlərini də əşya kimi qəbul etmək probleminə yönəlib. Xüsusi bir izah yoxdur, sadəcə metodlar fərqlidir. Və yazacağın şey həm də vizual olmalıdır. Hər bir dramaturji əsərdə, kinossenaridə əsas personajlar var. Bu şeirlərdə də əsas personajlar var ki, birində güllədir, birində telefondur, birində ağacdır və s.
– Sizin şerilərinizdə ictimai mövqeyiniz görünür, məsələn deyək ki, "Böyükçölün test kitabının ağ yerləri üçün”, yaxud qrafik şeirlərinizdən olan "Telefon”da. Ancaq şairdən daha çox dərəcədə açıq ictimai münasibət umur cəmiyyət. Bu barədə fikirlərinizi bölüşsəniz yaxşı olar. – Sualın cavabı əslində sualınızın özündə var. Adi qaydada hər hansı bir şeyə etiraz etmək hamının edə biləcəyi şeydir. Amma bunu şeirlə, sənətlə etiraz etmək hamının işi deyil. Mən isə şairəm.
– Qrafik şeirlərindən birində yazırsınız ki, "Mən tənqidçi deyiləm, yalnız təqdir edəndə yazıram”. Bu fikir kimisə tənqid etməkdən qaçmaq üçün bəraət deyilmi? – İstəməzdim ki, məni mətnlərimlə birə-bir identifikasiya eləsinlər. Bu sənətə münasibətdə sadəlövhlük olardı. Sualınıza gəlincə isə, məncə, bizə yaxşı görünəni deyil, həqiqətən yaxşı olanı görmək və təqdir etmək, bizə pis görünəni və həqiqətən pis olanları tənqid etməkdən daha çətin, daha xeyirli bir işdir. Sən yaxşını gör və göstər. Niyə yaxşı olduğunu de. Konkret mətndə isə o sözü Kafka deyir, mən yox. Diqqət yetirdinizsə orada qeyd olunub: "Yanouxla söhbət əsasında improvizə".
– Vizual şeiri ilk dəfə konseptual şəkildə siz yazmısınız, qrafik şeirləri də ilk dəfə ədəbiyyatımızda siz yazmısınız, bu gün dəb olan, aylara şeir yazmaq ənənəsini də ölkəmizdə siz canlandırmısınız. Başqa forma və verbal yeniliklər də etmisiniz. Yenilik əksərən əllaməlilik kimi qavranılır və tənqid hədəfinə çevrilmək sarıdan risklidir. Riskə meyllisiniz, deyəsən? – Mən yazı prosesində bunların heç birini düşünmürəm. yaranandan sonra isə belə şeylər olursa, bu, məni maraqlandırmır. Mən bircə onu bilirəm ki, bəzən bu, məni ağrıdır. Amma bunun qarşısını almaq mümkünsüzdür və bunu düşünmək də lazım deyil. Bu imkan tarixən də olmayıb. Füzuli deyirdi ki, köhnə şeylərdən yazdım mənə dedilər bunu artıq ustadlar yazıblar, yeni şeylər yazdım, dedilər bunu heç kim başa düşməyəcək. Yəni, bir adamı inkar etmək istəyəndə nə cür istəsən bəhanə tapmaq olar.
– Sizin yaradıcılığınızında tez-tez müşahidə olunan "qəribəliy”ə rast gəlmək olar. Sanki şeirlərinizdə başqa ruh var. Bəs siz bu "qəribəliy”i özünüz üçün necə xarakterizə edirsiniz? – Görünür, mən ayrı bulaqdan su içmişəm. Bəlkə, daha çox dünya ədəbiyyatını oxumuşam, nəinki Azərbaycan ədəbiyyatını. Hərçənd elə də deyil.
– Poeziyada dil amilinə necə yanaşırsınız. Sizcə, şeirin dili nə dərəcədə önəmlidir və bu sarıdan yazı mətbəxinizdən nələri bizimlə bölüşə bilərsiniz? – Mən öz düşündüyüm kimi, öz düşündüyüm dildə yazıram. Və anlayıram ki, bu dildə az adam yazır, düşünür, danışır. Düşünməyi və danışmağı dırnaqda deyirəm. Adamlar vərdişləri sevirlər. Ola bilsin ki, onlar vərdiş etdikləri dili bugünkü poeziyada görmək istəyirlər, amma çox nahaq yerə.
– Qrafik şeirinizin birində – "Şərab şüşəsi”ndə içkini tərgitmək haqqında yazırsınız? Belə bir misra ilə tamamlanır şeir: "İçkini tərgitdim, hə, dostlar, elə sizi də”. Bir vaxtlar içki məclislərinin başı olmusunuz, ancaq sonradan daşını atmısınız. Dini düşüncə sizi bütün ədəbiyyata din kontekstindən yanaşmağa aludə etmir ki? – Dini təfəkkür və şərab məsələsi mənim tərcümeyi-halımda bir-biriylə əlaqəli deyil. Mən içki içən vaxt yazdığım misralardan biri belə idi: "Allah, xatirinə dur get evinə”. Özü də bu söz gecə barında deyilirdi. Allah ideyası doğuluşdan bizim içimizdədir. Və özümü tanıyandan Allahı düşünmüş və hiss etmişəm. İçkini atmağım dinlə bağlı olmayıb. Mənim içkini atmağım onun insan həyatına gətirdiyi pisliklərlə bağlı idi. Məsələn, içki içən vaxtlar yalan danışan adamlara çox sərt reaksiya verirdim, amma indi elə deyil. Mənim içkiyə münasibətim şəxsi aqressiyamı azaltmağa, həyatımda səhv hesab elədiyim şeylərdən qaçmağa və təbii ki, səhhətimə görə dəyişdi. Bəşəriyyəti xilas etmək olmayacaq, amma hər kəs öz qəlbini xilas edə bilər. Mən öz qəlbimin hayında idim.
– Şeirlərinizdə qəribə bir halsızlıq hiss edirəm, həyatda hər nə qədər fəal görünsəniz də, şeirlərinizdə bir o qədər fanilik hissi qabardılar, bezmiş, usanmış insan təsiri bağışlayırsınız. – Doğru müşahidədir. Şərhə nə ehtiyac. Deməli, hər şey normaldır.
– Sizcə, özünü yetişdirmək üçün yaratdığı yaradıcılıq nümunəsindən asılı olaraq müəllifin oxuduğu mətnlər də dəyişməlidir, ya yox? Məsələn, şair ancaq şeir, nasir də ancaq nəsr əsərləri oxumalıdır? – İndi mənim ən çox oxuduğum iki növ mətn var: Şeir və şeir haqqında yazılan yazılar. Amma düşünmürəm ki, hərə öz sahəsinə uyğun oxumalıdır. Məncə, bir şairə bir roman da böyük impuls verə bilər. Məsələn, mən Mişimanı oxuyandan sonra rusca bir silsilə şeir yazdım. Elə bir öhdəlik yoxdur ki, şairsənsə şeir, yaxud nasirsənsə ancaq nəsr əsərləri oxumalısan. Əlbəttə ki, hər kəs ilk növbədə öz peşəsinə aid olan şeyləri bilməlidir.
– Müsahibələrinizin birində qeyd etmisiniz ki, çağdaş Azərbaycan poeziyası Qafqaz və Türk dünyasında ən maraqlı poeziyadır. Bəs, sizcə, poeziyamız dünya poeziyasıyla hansı dərəcədə müqayisə oluna bilər? – Elə dünya ədəbiyyatında da elədir. Bir var biz ədəbiyyatımızı təqdim edirik, bir də var təqdim etmirik. Başqasının bilməsi üçün tez-tez təqdim etmək lazımdır. Təəssüf ki, biz lazımsız şeyləri daha çox yayırıq. Bu gün yazılan Azərbaycan şeiri altmışıncılardan da maraqlıdır, otuzunculardan da. Heç özümüz də o poeziyanı yaxşı bilmirik. Özümüz də düzgün təhlil edə bilmirik.
– Adətən, insanları tərifləyirlər ki, sonradan pisləyə bilsinlər. Bizim cəmiyyətdə tez-tez müşahidə olunan haldır ki, görülən işlər başqalarını qıcıqlandırır. Bu cür fikirlərlə razısınız? – Heç bir münasibətim yoxdur. Bir şeyin ki adı paxıllıqdır... ona nə münasibət bildirim...
– Şeirlərinizdə tərcümələrinizdən təsirlənmələrin olduğunu deyirlər. – Pol Valeri deyirdi ki, bir şey başqa bir şeyə oxşamırsa o şey yoxdur. Bəli, mən həm də oxuduğum kitablaram. Amma buna başqa cür şərh verənləri saf-cürük edəndə altından o qədər əyləncəli şeylər çıxır ki... boş verək...
Söhbətləşdi: Fərid Hüseyn, Cahan Seyidzadə/artkaspi.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.