manera.az
manera.az

Məhəbbətin ölümü- Hekayə

Məhəbbətin ölümü- Hekayə

- Həyatınızda heç olmasa bir dəfə də olsun sevmisinizmi?

Əgər sevmisinizsə ola bilsin məni başa düşərsiniz. Sevgi başqa bir aləmdir, şairlər demişkən. Amma o aləmin nə olduğunu soruşanda çoxları heç nə deyə bilməzlər. Yaxud soruşsan ki, sevgi nədir, eşq-məhəbbət nədir, ola bilsin savadlısının biri desin ki, bunlar sinonimlərdir... İndi, tutalım ki siz sevmisiniz, sevginin nə olduğundan xəbəriniz var. Onda məni dinləyin. Hərçənd ola bilsin sevginin yüz cür növləri var.

Məsələn, olur ki, siz kimisə sevirsiniz, amma sevdiyiniz nəinki sizə qarşı biganədir, hətta acıqla nifrət edir. Bu artıq faciə və cinayətlə də bitə bilər. Bir də ola bilər ki o da səni sevir, xoşbəxtlik lap ovcunuzun içindədr, amma bu zaman nə isə kənar bir qüvvə müdaxilə edir və xoşbəxtlik gətirən sevginizi əlinizdən alıb aparır.

Mənim də başıma belə bir əhvalat gəlib. O sevgimi hələ də unuda bilmirəm. Ağsaqqal yaşında sevgidən danışmaq bir az da eyibli, xəcalətli kimi görünür. Axı, ağsaqqallıq bizim düşüncəmizə görə ən çox yas məclislərində, molla yanında əyləşib məclisi yola verməkdir. Sevgidən danışandan nə ağsaqqal olmalıdır ki?! Eləsə, o mütləq saqqalını, saçını qaraltmalıdır heç olmasa. Amma mən, müdrikliyin rəngini cahilliyin rənginə boyamaq istəmirəm. Elə belə də keçər, bəlkə bir dinləyən oldu.

...Evlənmişdim. Sevginin poeziyasından prozasına keçən vaxtlarım id. Məhəbbət bitmişdi, bar vermişdi, iki övladım böyüyüb gimriklənməkdə idi. Ağaca-ota, daşa-quşa, itə-pişiyə maraq dörd divar arasındakı şəhər uşaqlarını sıxdıqca onların balaca ürəklərindən asfaltı deşib cücərən yaşıl otlar kimi balaca arzular göyərirdi. Dünyanı görmək, sərbəstliyi, azadlığı dadmaq istəyirdilər. Günlərin bir günü uşaqları götürüb Moskvanın Taqansk metrosu yaxınlığında yerləşən “Ptiçiy rınok” deyilən məşhur quş bazarına apardım. İndi o bazar ordan Belıye Daçı adlanan ucqara köçürülüb. Orda müxtəlif cür ev və çöl quşları, itlər, pişiklər, onlara yem, qəfəs və s. şeylər satılırdı. Həvəskarların, xüsusən də balaca uşaqların sevimli gəzmək yeri idi. Hər gördüyü heyvana heyran olan tərəkəmə törəmələri: “ata bundan al!” – deyərək cikkildəşirdilər. Mən bir bəhanə ilə bunları yubadır, kommunal otağı heyvanxanaya döndərmək istəmirdim. Nəhayətdə tutuquşular olan yerə gələndə dalğalı tutuquşu deyilən, balaca, yaşılı-sarı rəngə çalan, sərçə boyda kiçik tutuquşulardan birini aldıq. Bir qəfəs də alaraq içərisinə qoyub onu evə gətirdik. Uşaqların sevinci yerə-göyə sığmasa da mən o qədər də sevinmirdim. Bilidim ki, bir-iki gündən sonra uşaq həvəsi sönə bilər, amma bu quşcuğaza uzun müddətli, az da olsa qayğı və diqqət lazımdır. Bu fərə tutuquşu idi. Bir xeyli götür-qoydan, məsləhətləşmədən sonra quşun adını Katya qoyduq. “Katya, Katya, Katyuşa!...” deyərək, əzizləyirdik. Çox hürkək, hətta deyərdim ki, utancaq quş idi. Bəlkə də onu kimsə incidib adama yovuşmaz etmişdi. Tumarlamaq istəyəndə qəfəsin küncünə qısılır, tüklərini qabardır, hətta adamı dişləməyə çalışırdı. Amma dişləməyi heç də acıqlı olmurdu, özünü müdafiə üçün dimdikləyirdi. Mən hərdən onun dəninin, suyunun olduğunu yoxlayır, qəfəsin içini təmizləyirdim. Uşaqlar oynamqdan doyub soyuduqca mən Katyaya diqqətimi artırmalı olurdum və düzü, bu, heç də o qədər ürəyimdən deyildi.

Bir dəfə yenə Katyanın küncə qısılıb qüssəli dayandığını gördüm. Yazığım gəldi. Otağın pəncərələrini bağlayıb qəfəsi açdım. Katya qəfəsdən çıxmadı. Əlimi uzadıb onu çıxarmaq istədim, əlimə bir-iki dimdək vurub sakitləşdi. Ovcuma götürüb qəfəsdən çıxardım. Əlimin içində balaca ürəyinin çəkiç kimi ovcumun içini necə döyəclədiyini hiss edirdim, həyəcanlı idi. Ovcumu açıb onu otağa buraxdım, pəncərəyə tərəf uçdu. Pəncərənin tülünün üstünə qonub bir az dincəldi, yenidən otaqda o baş, bu başa ucaçaraq gəlib başıma qondu, saçlarımı dimdiyilə dartışdırmağa başladı. Qəribə bir qıcıqlanma verirdi. Sonra enib çiynimdə dayandı. Boynumu, qulağımı dimdəklədi. Ağrıtmırdı, sanki məni öpürdü. Balaca dimdiyi mənə toxunduqca bu kiçik varlıqdan canıma qəribə bir mehribanlıq axırdı, məni həlimlik büryürdü. Katya uçub qəfəsin üstünə qondu və içəriyə keçib həmişəki yerindən bur az kənarda, kiçik dəyirmi asma güzgüsünün qabağında oturdu. Güzgüyə bir-iki dimdək vurub özünə baxdı, sonra incə civiltilər çıxarmağa başladıı. Katya oxuyurdu.

Bu minvalla biz Katya ilə bir-birimizə isinişdik. İşdən gələn kimi ona baş çəkir, “Katya işlər necədir?” - deyərək onunla hal-kef edir, sonra özümə gəlirdim. Hətta bizim xanımın məni ona qısqandığını hiss edirdim. Onu daha da cinlədərək deyirdim ki, tilsim elmini öyrənib Katyanı insan sifətinə salıb onunla evlənəcəm. Bu o qədər ciddi səslənirdi ki, arvadım inanırdı. Cavab olaraq deyirdi: “Elə eləmə ki, götürüm onu pəncərədən bayıra fırıldadım!” Mən də borclu qalmayıb deyirdim: “Onda özün də pəncərədən bayıra fırıldaya bilərsən!” Belə sözümdən arvad qorxurdu, amma mən özümü saxlaya bilməyib güləndə, kefi açılırdı və qısqanclığı azalırdı. “Necəsən, sevgilim, Katya xanım?” – deyəndə Katya elə nazlanırıdı ki, üzü duvaqlı gəlinlər ona baxsa həsəd aparardı. Axı, əslində biz kişilər qadınlara düz-əməlli bir tərif də deməyi bacarmırıq. Amma quşbazlığa bir canıq. Katya da quş idi, özü də istedadlı bir quş, şairə kimi bir şey. Mən ona eşqnamə oxuduqca Katya qəfəsində o baş-bu başa hərəkət edir, civildəyir, qəfəsin millərindən yapışıb dimdiyini mənə tərəf uzadırdı, sanki mənimlə öpüşmək itəyirdi. Mən tez pəncərələri örtür və Katyanı azadlığa buraxırdım. Guya dörd divarın arası azadlıq idi. Hər halda nisbətən azadlığa çıxırdı. Otaqda o baş-bubaşa uçur, göydə qanadlarını yellədərək dayanır, sonra gəlib başıma qonurdu. Saçımı bir az tumarlayandan sonra, çiynimə qonub qulağıma öz quş dilində sirli sözlər pıçıldayır və sonra məni öpürdü. Onun öpüşü bədənimə yayılır, məni insanlıqdan çıxararaq quş kimi bir varlığa çevirirdi. Mən də qanadlanıb əl boyda bir quşa çevrilib Katya ilə üz-üzə oturub ona məhəbbət nəğmələri civildəmək istəyirdim. Quş olmaq insanın ən kövrək, ən məsum arzularından biridir. Biz xöşbət bir yarıinsan-yarıquş sevgisinin içində yaşayırdıq. Katya mənim hər sözümü, istəyimi başa düşürdü. Əlimin üstünə qonur, ordan atlanıb o biri əlimin içinə keçir akrobat kimi oyunlar çıxarırdı. Yazda bazar günləri olanda biz onunla həyətə çıxıb gəzirdik, uçub fırlanır, yenə gəlib başıma, çiynimə qonurdu.
Hər şeyi bir təsadüf məhv etdi. Günlərin bir günü tanışlardan biri ailəlikcə yayı Bakıya getməli olduğundan kiçik tutuquşularını bizdə qoymağı xahiş elədilər. Mən: “Bu istidə Bakıda nə var e, camaat Bakıdan dincəlməyə bura gəlir!”- dedim və sonra bir az da fərli bəhanə axtarmaq istədim. Daha artıq etiraz edə bilmədim və o quşu da qəfəsdə gətirib bizə qoydular. Darısqallıq etsə də imtina etməyə üzüm gəlmədi. Bu, Roma adlı yekəbaş bir tutuquşu idi və tək-tək sözlər də deyə bilirdi.

Hiss edirdim ki, bu dəfə mən Katyanı Romaya qısqanıram. Nə isə anlaşılmaz bir səbəbdən xoşum gəlmirdi ondan. Elə bil erməni idi, Qarabağa təzə gəlmişdi. Amma biz ermənilərə isinişib-öyrənişib sönra özümüzdən artıq sevməmişdikmi? Mən də Rom ilə dostlaşdım. Hətta bir xeyli Katyadan soyudum. Axı o danışmaq bilmirdi, savadsız bir quş idi, çox da ki fərə idi. Bir-iki gün qalandan sonra artıq Roma özünü çox təşəxxüslü aparırdı, sanki otağın yiyəsi bu idi.

Bir gün mən Katyaya dedim: “Katya incimə, mən səni boşayıram. İstəsən Romaya ərə gedə bilərsən!” Katya donub qaldı. Öz quş dilində astadan civildədi, sonra büzüşüb küncə qısıldı. Məndən küsdü. Əlimi qəfəsə salıb könlünü almaq istədim. O, bir az da dibə çəkilib durdu, əlimə baxdı, heç yalandan da olsa dimdik vurmadı. Mən qəfəsin ağzını açıb ona dedim: “Özün bilərsən, istər içəridə otur, istər çıx gəz, mən sənin işinə qarışmram, Katya xanım! Biz boşanmışıq!” Quş susurdu. Elə bil heç məni eşitmirid, ya da eşitmək istəmirdi. Divanda oturub əlimə kitab götürdüm, həm də ona fikir verirdim. Katya çıxıb qəfəsinin üstündə dayandı, bir az ətrafa baxdı, sonra uçub bir-iki dövrə vurub yenə qəfəsinin üstünə qondu. Onun arxasınca uçub yaxınlaşmaq istəsə də Katya Romaya fikir vermirdi. Bu Romanı lap özündən çıxarırdı. Roma onun dalınca uçanda Katya gaçıb öz qəfəsinə giridi və dimdiyi ilə dartıb qapısını örtdü. Roma onun qəfəsinə girməyə cürət etmədi, qayıdıb öz qəfəsinin üstünə qondu. Bir xeyli sakitlik oldu. Sonra Katya da darıxıb qəfəsindən çıxdı və qəfəsin yan tillərindən tuta-tuta yuxarısına tərəf qalxmağa başladı. Roma uçub onun qəfəsinin üstünə qondu və yuxarıya qalxan Katyanın düz başının üstündə dayandı. Katya yavaş-yavaş qalxırdı. Qəfəsin üstünə qalxmağa bir-iki addım qalmışdı, bu hində Roma üstdən aşağı əyilib Katyanın başına sərt bir dimdək vurdu. Zərbə Katyanın başının arxa hissəsinə dəydi. Katya müvazinətini itirib sürüşərək yerə yıxıldı və çapalayıb halsız qaldı. Mən kitabı bir yana atıb tez onun üstünə cumdun, əlimə götürdüm. Quşcuğazın başı halsız halda yana əyilmişdi, ürəyi döyünmürdü, kiçik bədəninin əlimdə necə soyuduğunu hiss edirdim. Özümü xəyanət etmiş bir adam kimi hiss edərək bərk peşiman olmuşdum. Katyaya yazığım gəlirdi. Katya ölmüşdü. Mən ona: “Katya, Katya, Katyacığım, ölmə!”- deyərək hönkürdüm. Göz yaşlarımı saxlaya bilmirdim. Başa düşdüm ki, onu sevirdim, amma sevgimə xəyanət etmişdim. Onu ehtiyatla hələ qatı açılmamış təzəcə aldığım cib dəsmalıma bükdüm. Antersoldan keçəbeli götürüb Kutuzovsk Prospekti tərəfdə yaşadığımız evimizin yaxınlığında, yolun kənarında, ayaqdəyməz bir yerdə ona balaca bir qəbir qazdım, Katyanı dəfn etdim. Üstündə dua etdim ki, İlahi, sən bu günahsız varlığın yerini rahat et, mənim də günahlarımı bağışla! Katyanı basdırdığım yerin üstündə ağac budağlndan balaca bir haça basdırdım, qəbri mənimçün itməsin.

Ertəsi gün arvadım aparıb Romanı uşaq baxçasna verdi. Mən onu bir daha görmək istəmirdim. Tanışlarım qayıdanda quşlarını məndən istədilər. Onlara dedim ki, sizin Roma öldü, amma mənim Katyam da uçub getdi.

Sultan Mərzili,
Moskva
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031