manera.az
manera.az

Sevgidən və ölümdən yazılan şeirlər... - MANERA.AZ

📅 05.11.2016 16:56

Sevgidən və ölümdən yazılan şeirlər...  - MANERA.AZ

Cavanşir Yusiflinin “Yaradıcılıq fakültəsi”nin məzunları silsiləsindən Seyid Aynur haqqında yazdığı "Kaskad şeirlər – sevgidən və ölümdən" məqaləsini və müəllifin şeirlərini təqdim edirik:

Biz şeirləri bəzən necə gəldi (yəni, ürəyimizdən necə keçsə, necə istəsək) oxuyuruq, tipinə, xarakterinə… fikir vermədən. Dalınca gedilən şeirlər var. Və səni ilğıma aparır, indicə oxuduqların da ilğıma dönür. Bərkdən oxunan şeirlər var, daha doğrusu, bərkdən oxunmayanda bilinməyən, suyla yazılan sətirlərə bənzəyən parçalar. Həm də: formanın, poetik fiqurların əzdiyi, ayaq altına alıb xıncımını çıxardığı şeirlər. Ucadan oxuyurlar, deyirlər, bu, filankəsin şeiridir. Xub, amma baş aldatmaq üçündür. Çünki sözlər başına, qulağına, dodaqlarına düşür. Sözlər axışmır, sadəcə buna bənzər effekt yaradılır. Və sair və ilaxır.

Bir də, kaskad şeirlər. Sözlərin gücünü “sovurub”, onlardakı enerjini bir nöqtəyə cəmləyib axıdan, sözlərin aldığı nəfəsi başqa bir nəsnəyə çevirmək istəyən parçalar. Bu kimi, məsələn:

Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı bilmədim,
Gecənin gündüzə toxunduğu o al qırmızı sabah,
Dil açdı bətnimdə azadlıq,
Gileyləndi olanlardan,
Bakının havası düşmədi-qocalar qırıldı bir-bir.
Dizin-dizin alçaldı ucaboy, enlikürək cavanlar,
Ay da kədər dolu baxışlarla son dəfə oxşar kimi.
Daradı o gur, buruq-buruq saçlarını Həkərinin,
Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı bilmədim.

Bədii mətn onsuz da kritik situasiyalardan hörülür, burada adi, normal, gərginliksiz bir “həyat” yoxdu. Ən adi səs, səs qırığı, heca, qafiyə, misra – hər şey bir-birinin dalınca bəlkə də xəyali gərginlik sahəsini artırmaqla, hər hansı hissin semantik sərhəddinin lap qurtaracaq nöqtəsində “ləngər vurmaqla” həyatı, gerçəkliyi inkar edir, adi həyat mənzərəsində dərhal qəza törədir. Ona görə də, yəni, bəlkə ona görə də, burda hər qarışda aldanışın olması mümkündür, belə deyək: səsin var gücüylə çıxmasını istəyən situasiyada sükut, susmağın qızıl olduğu anlarda qışqırıq, həyatın, yaşamın, yaşamağın qaçılmaz olduğu məqamdqa… ölümün verilməsi bədii mətnin strukturunda olmazın dinamika yaradır.
Əlil arabasına bənzəyir məhəbbətin,
sənə çatım deyə,
maşınları saxlayıb,
qarşıdakı yolu keçmək lazımdır.
Alınası iş deyil-
bu şəhərdə maşınlar sürətlə gedir.

Bu şeirlər bir az da qarşsında dayanan, susan qadına baxıb yüz kilometrlərlə uzaqda, üzüm bağında ona toxunacaq barmaqları gözləyən ağ şanını çəkən rəssamın xəyalına bənzədi.
Ötən yaz,
Yağışlar yolunu kəsmədimi,
küləklər əlindən almadımı heç,
sənə yazdığım sevgi dolu şeirləri?.
Sevgimiz ayağında,
xatirələr boz çamadanında gedəndən bəri,
Üzüm tinglərdə,
Günah alma ağaclarında qalmadımı?.
Bizsə payızda tutduq ayrılığın yasını,
əlvida, ey yaz,
ayrılığın günahı almaların,
səndən sonra kədər dolu üzüm,
ağ şanının.

Ancaq məncə, şeir haqqında bundan artıq danışmaq olmaz. Buyurun, Seyid Aynurun şeirlərini oxuyun. Yaradıcılıq fakültəsinin yetirməsi…


Hayku
Su zanbağları-
Ümumxanada körpə,
Lilli su, yağış.
⃰⃰ ⃰ ⃰
Ağappaq əllər,
Eyvanda əriyən qar-
Yaz ayrılığı.
⃰⃰ ⃰ ⃰
Bələnmiş körpə,
Yaylığa bükülü baş-
Oyanmış miqren.
⃰⃰ ⃰ ⃰
Cırcıramalar-
Dilə gəlmiş vicdanım,
Pozulmuş yuxu.
⃰⃰ ⃰ ⃰
Kimsəsiz qadın,
Hey ağlayan su kranı-
Çirkli boşqablar.
⃰⃰ ⃰ ⃰
Tərləmiş yanaq
Möhkəm sıxılı əllər
İyul sevdası.


Müharibədən Kaskad şeir
Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı bilmədim,
Gecənin gündüzə toxunduğu o al qırmızı sabah,
Dil açdı bətnimdə azadlıq,
Gileyləndi olanlardan,
Bakının havası düşmədi-qocalar qırıldı bir-bir.
Dizin-dizin alçaldı ucaboy, enlikürək cavanlar,
Ay da kədər dolu baxışlarla son dəfə oxşar kimi.
Daradı o gur, buruq-buruq saçlarını Həkərinin,
Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı bilmədim.

Düşmən durmadan göydən mərmilər yağdırdı başımıza,
Yamacdan boylanan gülxətmi də ağladı kəndimizi.
Mən evimizin pəncərəsində durub səni gözlədim,
Gecənin gündüzə toxunduğu o al qırmızı sabah.

Laçından bəd xəbər gətirdi bizim əmiğoluAbo,
Zəhrimar Koridor sözünü ilk dəfə onda eşitdim.
Bir də köçkünlükdə bir özgə mənzilinə sığmayanda,
Dil açdı bətnimdə azadlıq,
Gileyləndi olanlardan.

Şuşadan tək xatirə, baş daşlarında şəkillər qaldı,
Son nəfəsdə nənəm dodaq qurudan həsrətlə danışdı:
“Bizləri bir az da elə bu özümüzkülər öldürdü,
Bakının havası düşmədi-qocalar qırıldı bir-bir”

SƏN
“Sən”-“O”:
Lal divarlar,
utandığından gözlərini yummuş çıl-çıraq,
bir fincan qəhvə-
içinə şəkər əvəzi gülüş qatılmış.
“Sən”-“O”:
Vanna otağının tərli kafelləri,
üzlü pərdələrin
gizlətməyə çalışdığını hayqıran vicdanlı pəncərələr,
doğulmayacaq körpə.
“Sən”-“Mən”,
“Ər”-“Arvad”:
orta statistik ailə olmağı bacarmayanlar.
Sevilməyən bədənlərdə əllərin yox,
yad gözlərin izi qalır.

MƏHƏBBƏTİN
Əlil arabasına bənzəyir məhəbbətin,
sənə çatım deyə,
maşınları saxlayıb,
qarşıdakı yolu keçmək lazımdır.
Alınası iş deyil-
bu şəhərdə maşınlar sürətlə gedir.

AYRILIĞIN YASI
Ötən yaz,
Yağışlar yolunu kəsmədimi,
küləklər əlindən almadımı heç,
sənə yazdığım sevgi dolu şeirləri?.
Sevgimiz ayağında,
xatirələr boz çamadanında gedəndən bəri,
Üzüm tinglərdə,
Günah alma ağaclarında qalmadımı?.
Bizsə payızda tutduq ayrılığın yasını,
əlvida, ey yaz,
ayrılığın günahı almaların,
səndən sonra kədər dolu üzüm,
ağ şanının.

KİBRİT
sinirləri yumağ edib,
ərinə köynək toxuyan bəstəboy qadın,
Və divarda göz boyda dəlik açıb
qonşusunu
seyr edən kişi;
1 qutu qədər ev-
Və bir daha heç vaxt
alışmayacaq 1 cüt kibrit.

QADIN
Bir qadın xəstəxana pəncərəsindən baxar:
anasının qoxusunu almış körpə tək,
iməkləyər kor ölümün dalısınca.
Yaralı göyərçin qədər titrək,
payız yarpaqları kimi solğun,
siqaretdən yox, dərddən azarlamış,
bir cüt ciyərini qollarıyla sıxar.
bir qadın xəstəxana pəncərəsindən baxar,
və düşünər:
müharibələri, köçkünləri, əsirləri,
qan leysanının yuduğu səhra, çölləri,
səngərdə düşmən snayperinə tuş gələn əsgəri,
zibilliklərə atılmış körpələri.
Bir qadın xəstəxana pəncərəsindən baxar,
və unudar:
QADINLIĞINI!
* * *
“Göyçək Fatmanın nağılı”
“Biri azdı, biri çox,
Biri vardı, biri yox
Kasıbların ac qarnı,
Olmur almalarla tox.
Fatma qədər deyildim,
Kəndirimi açalar,
Bir qarının evinə,
Əlçimimi atalar.
Yığ, ay qız, tellərini,
Nağıllarda yu asan,
Yox şəhərdə rəngli su,
Axı necə yuyasan?!.
Diri vaxtı danışmır,
İnəklər baş qatmağa.
Çevrilmir sümüklər də,
Nə ipəyə, başmağa.
Körpüdən keçən zaman,
İtməz tayı başmağın.
Gəzə, araya səni,
Adamları padşahın.
Gizlədəndə analıq,
Banlamır xoruz damdan.
Nağıllarda quşlar da
mərd olur adamlardan.

Özgə təri hopmuş boyalı köynək
Yamaq vurar dərdlərə qadın:
Səhər üzü qayıdan ərinin
özgə təri hopmuş boyalı köynəyinə,
Uşağının “2” lərlə dolu gündəliyinə,
Deyingən qayınanasına baxa-baxa,
iynələr barmağına bata-bata
Dərzi olar qadın!.
⃰ ⃰ ⃰
Yuva tikər balasına –
memar qarışqalar.
öldürər bəzən
körpəsini bətnində-
memar
ANALAR!.
“Boğaz yoldaşıdır uşaqlar”.
Qulaqlar küləyə bənddir!.
sevənlər bilər:
sarı, qırmızı, yaşıl
yellənər
sırğalar………
Qəhərli gözlərdə
pərdətək dalğalanar yaşlar;
bağlanan,
açılan-
aynadır gözlər!.
⃰ ⃰ ⃰
Səssiz
Yollara boylanan buluda döndüm,
İçimdə bir sevgi qarlayır elə.
Bilmirəm yaydımı, qışdımı indi,
Niyə bəs, ürəyim ağlayır belə?!.

Döydüyün qapının rəngi başqadır,
İndi bütün yollar sola burulur.
Qınamıram Vallah, şairsən, axı,
Gündə bir cavan qız sənə vurulur.

Səhər otağıma doğur qaranlıq,
Gecələr daha çox qorxulu olur.
Məni səhərədək boğur qaranlıq,
Sənin səhərlərin yuxulu olur.
Hayku
Düzlərdə lalə,
Xal-xal olmuş ürəyim
Parabüzənlər.
⃰⃰ ⃰ ⃰
Fit çalan külək,
Düşən qar dənələri
Nəhəng stadion.
⃰⃰ ⃰ ⃰
Yem gəzən qarğa,
Qarğıdalı zəmisi
Qorxunc müqəvva.
⃰ ⃰ ⃰

Lavanda tarlası,
Türkiyə,
Quyucuq kəndi:
Yanaqlarını sevgilisinin üzünə sərən
gülərüz qadın
bənövşəyi sonsuzluğa baxıb,
sığal çəkər dikəlmiş qarnına,
pıçıltıyla soruşar kişidən:
“şair yoxsa,
rəssam olsun!”.

Tabut olar sevdiyinin dodaqları
bütün körpülər saatdır əslində,
biz:
hərəmiz bir tərəfə qaçışan əqrəbləri
o –
üçüncü
pusquda dayanıb sevinən-
sayır ayrılığa sarı tələsən saniələri.
öyrənəcəkdin
yolların ayrılıq olduğunu
saçlarını daraya-daraya.
Sirləri açacaqdım
başa düşməyəcəyini bilə-bilə.
Gəliş, gedişlərinlə ölçəcəkdim zamanı
fəsillər əhvalımıza görə dəyişəcəkdi,
üşüyəcəkdim getdiyin gün .
hərdən,
hərdən də
küləklər mehriban olacaqdı,
sığal çəkəcəkdi gülə, çiçəyə,
ən möhtəşəmi
payızda utancaq yarpaqların yanaqlarının
xəfif toxunuşdan
allanması olacaqdı.

⃰⃰ ⃰⃰ ⃰
Hər gün daha da böyüyən
məzarlıqdır yaddaşım,
dişlə şahadət barmağını
Işarə verməzdən öncə!.
tabut olar sevdiyinin dodaqları
öldürər hər acı kəlmə.
Dərinə qaz hisləri!,
qoyma xəyalların toxumundan
alaq otlarına
hamilə qala torpaq.
Salxım söyüd olsan,
ağlaşsaq baş-başa verib.

⃰⃰ ⃰⃰ ⃰

Səni möhür kimi vurdum ürəyimə,
təsdiqlədi imzasıyla baş həkim
“Xroniki sevgi” sözlərini
xəstəlik haqda kitabçaya
yazıb.

⃰⃰ ⃰⃰ ⃰
Bir qadın toxuyar həsrətini,
ağ –qara iplərə.
Gətirər kino lenti kimi
gözlərinin önünə keçmişi,
Sinəsinə yığıb havanı
qışqırmaq istəyər
danışar ağlağan gözlər
susar dil,
öldürər lal sükut
şkafdakı köhnəlmiş paltarları
olar xatirələr
⃰ ⃰ ⃰
Səni tanıyandan,həsrət,
ömrün günlərini büküb,
Balaxanıdakı zibilliklər səltənətinə
atmaq istəyirəm!.
⃰ ⃰ ⃰
Saçqıranlar doğradılar tellərimi,
Kəsdilər sən adlı ünvana yolumu,
İndi qayçılarla dostam.
Hər gün daha çox nifrət edirəm,
Sən adlı ünvana yol axtaran,
Neçə -neçə saçlarını uzadanlara!.

Göyərçini cütləşən
bir şair dayanar səhərədək
pəncərə altında:
tiftik basmış köhnə paltosu,
gileylənər havadan.
bərk-bərk qucaqlayar ilgəkləri
üşüyən düymələr,
Göyüzü suçiçəyi çıxarar
tökər ulduz –ulduz.
Sözlərin hərarətindən
çırpılar üzə qapılar,
Ayrılıqlar adamı gecə tapar-
biz oyaqikən.
yapışar bir qadının barmaqları əl havasından,
Diksinərək oyanar,
açar gözlərini mənzil.
Uçurar ev çəkələtləri titrəyən ayaqları,
beşikdə qorxudan
bağrı çatlayan çağaya sarı.
Kimsə görməz şairi
səhər unudular olanlar,
göyərçini cütləşən,
itən məktub olar ayrılıq!.

Sim-sim.az



Baxış sayı - 2 225 | Yüklənmə tarixi: 05.11.2016 16:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031