manera.az
manera.az

"Düma ilə Coys arasında"kı həqiqət |MANERA.AZ

📅 07.10.2016 18:37

 "Düma ilə Coys arasında"kı həqiqət |MANERA.AZ


Kamal Abdulla ən azı Azərbaycanın ədəbi-mədəni həyatının son son çərəyinə öz möhürünü vurmuş şəxsiyyətlərdən biridir. Onun dilçiliklə bağlı araşdırmaları, Dədə Qorqud dastanlarının alt qatlarında gizlənmiş mətləbləri üzə çıxarmaq cəhdləri, poetik eksperimentləri, rus ədəbiyyatının “gümüş dövrü”ndən tərcümələri, dramaturgiyada ortapa qoyduğu bir-birindən maraqlı əsərlər, hekayə və romanları, nəhayət, ədəbi-tənqidi məqalələri və esseləri… olmadan son dövr ədəbiyyatımızın bütöv mənzərəsini təsəvvür eləmək çətindir. Üstəlik, o son dövrdə ədəbi həyatımızın canlanması, xüsusilə cavan və gənc qələm sahiblərinin fəal ədəbi prosesdə iştirakı, onların əsərlərinin dəyərləndirilməsi yönümündə ölçüyəgəlməz işlər görüb.

Artıq Kamal Abdullanın nəsri ədəbiyyatımızın özünəqədərki hüdudlarından xeyli kənara çıxıb, əsərləri dünya xalqlarının onlarla dilinə çevrilib, kitabları ABŞ və Yasponiya arasındakı 20-yə yaxın ölkədə nəşr olunub.

Əlbəttə ki, bütün bunlar Azərbaycan ədəbiyyatına xidmətdir, eyni zamanda da ədəbiyyatımızın nüfuz dairəsinin genişlənməsi yönümündə atılan təqdirəlayiq addımlardır.

***

Kamal Abdulladan yeni nəşr olunmuş “Düma ilə Coys arasında” adlı kitabını oxuyanda məhz bütün həyatını ədəbiyyata həsr eləmiş, Sözün qəhrini çəkən, layiqli qələm adamlarını görməyə və dəyərləndirməyə can atan, ədəbi məkanı mənasız iddiaların deyil, abırlı Sözün, sanballı əsərlərin məkanına çevirməyə çalışan qələm adamının yanğısını aydın hiss edirsən.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kitaba “Bir dünyalıq ədəbiyyat söhbəti, yaxud esselərdən ibarət roman” adllı geniş ön söz yazıb və çox haqlı olaraq kitabı “esselərdən ibarət roman” adlandırıb. Şəxsən mən həmin “roman”ın mətnini təşkil edən ayrı-ayrı esseləri müxtəlif vaxtlarda mətbuatda oxumuşam. Bununla belə, heç ağlıma da gəlməzdi ki, o parçaları bu qədər ustalıqla bir-birinə “qaynaq” etmək, bütov və böyük cazibə qüvvəsinə malik olan mətnə çevirmək, ilk baxışda hiss olunmayan, amma elə bil, sənə altıncı duyğunla agah olan süjet ətrafında birləşdirmək, elə esselərdən ibarət də ön söz və son sözlə tamamlamaq mümkün olarmış. Amma İlahi duyumun möcüzəsi baş verib, hqiqətən, esselərdən ibarət bütöv roman yaranıb, təbii ki, bunu da Kamal Abdullanın növbəti uğuru saymaq olar.

Mənə görə, esse, məsələn, musiqidə cazı xatırladır, bu janrda yazıçı öz azadlığının zirvəsinə çatır, bəlkə də elə duyduğu azadlıq sevincindən ağlagəlməz improvizələr eləyir, mövzu kompozisiyasının, ciddi süjet xəttinin, obraz bütövlüyünün… fikrini çəkmədən yalnız öz ruhunun diqtə elədiklərinə qulaq asır. Vaxtilə xalq şairimiz Sabir Rüstəmxanlının “Ömür kitabı”nı oxuyanda, sonralar Afaq Məsudun “Duyğular imperiyasnı” hiisə-hissə mütaliə eləyəndə, nəhayət, bir neçə il əvvəl Kamal Abdullanın “300 azərbaycanlı” esselər toplusu ilə tanış olanda eyni hissləri keçirmişdim. “Düma ilə Coys arasında” kitabını oxuyanda isə bununla bağlı qənaətim daha da möhkəmləndi.

Mənə elə gəlir, Kamal Abdulla kitabın mətninə daxil olan ayrı-ayrı essləri qələmə alanda nə vaxtsa o esseləri bir süjet ərtafında birləşdirmək fikrində olmayıb, amma hər növbəti esseni yazan vaxt şüuraltında gizlənmiş İlahi kod həmin hissələr arasında gözəgörünməz bağlılıq yaradıb…
***

“Niyə Düma ilə Coys arasında?” - yəqin ki, bu “esselərdən ibarət roman”la hələ tanış olmamış oxucunun ağlına gələn ilk sual budur. Kamal Abdulla ədəbiyyatın “qəlizlik-asanlıq” qütblərini dünya ədəbiyyatının bu iki siması ilə müəyyəbləşdirir: asan, macəralarla dolu, hətta “plyajda belə oxumaq mümkün olan” Aleksandr Düma-Ata ilə oxucudan sonsuz hövsələ, səbr və müəyyən hazırlıq tələb edən Ceyms Coys arasındakı bu ədəbi məkan, Kamal Abdullanın təbirincə desək, “qara dəlik” bəlkə də elə əsl ədəbiyyat məkanıdır. “Bir tərəfdə Düma, o biri tərəfdə Coys. Arada isə “qara dəlik”. Və bu qara dəliyin içində saysız-hesabsız mənəvi sərvət nümunələri… Ədəbiyyat elə bu qara dəlikdə özünə yer eləyib deyəsən, başqa cür deyil… “Qara dəliy”in içinə düşdünsə, çıxmaq olmur. Və bu ədəbiyyat Düma ilə Coys arasında uzanan, onları birləşdirən yolun özüdür.”

Beləcə, “esse-roman”da Kamal Abdullanın üz tutduqları bütün qələm sahibləri də - hesab eləyək ki, Füzulidən Qan Turalıyacan – həmin “qara dəliy”in, yəni geniş ədəbi məkanın içindədirlər, hərəsinin də öz yolu, öz dəsti-xətti, öz nəfəsi və öz intonasiyası var. Üstəlik, həmin ədəbi məkanda təkcə şairlər, nasirlər, ədəbiyyatşünaslar, tənqidçilər yox, həm də “tənqidçibaşlar” və “literturşina” problem var…

Akademik İ.Həbibbəyli haqlı olaraq qeyd edir ki, “Kamal Abdullanın “özü üçün icad etdiyi” Düma ilə Coys arasındakı ədəbiyyat yolunun müəyyən edilməsi, əslində, müasir elmi və ədəbi fikir üçün son dərəcə yeni və zəruri olan nəzəri qənaətdir.

böyük ədəbiyyata təkcə bələdliklə yox, eyni zamanda, sözün ən yaxşı və ciddi mənasında daxili tələbatdan gələn iddiaçılardan birinə çevrilmədən “Düma ilə Coys arasında”kı ədəbiyyat yolçuluğunda özünün məsuliyyətli cığırını düşünüb-daşınmaq mümkün olmazdı…”

***
Bu “esselərdən ibarət roman”ı – “Düma ilə Coys arasında” kitabını çox rahatlıqla “Umberto Eko və Kamal Abdulla arasında” da adlandırmaq olardı. Kamal Abdullanın böyük italyan yazıçısı, mərhum Umberto Eko ilə bir neçə il əvvəl evində baş tutan görüşlərinin və iki saatlıq ədəbiyyat söhbətlərinn bütün əsas məqamları kitab boyu yerli-yerində səpələnib. Müəllif unudulmaz Umberto Eko ilə görüşdən sonra beynində aralarında baş verən söhbətin bəzi məqamlarını düzənini quranda, özü ifadə elədiyi kimi, “çox sadə bir həqiqətin işığı gözünü qamaşdırıb” və beləcə, asan oxunan Düma ilə çətin oxunan Coys arasındakı “qara dəlik” ideyasına gəlib çıxıb. Kamal Abdullaya görə, “…bu ikisinin arasındakı yoldur, ya boşluqdur, dəlikdir, ya nədirsə, ora düşən artıq bu dünyanın adamı olmur. O biri parallel dünyaların da sakininə çevrilir. Bir ayağı ilə bu dünyanın torpağında, o biri ayağı ilə digər parallel dünyalarda özünə yer eləyir”. Həm də ədəbiyyata yoluxdunsa, bu xəstəlikdən sağalmaq mümkün deyil. “Ya roman və hekayə, şeir və pyes mətnlərinin içində azıb qalacaqsan, ya da Mətn haqqında mətn yazmaqla məşğul olacaqsan”.

Kamal Abdulla ortaya qoyduğu kitabını da məhz “ədəbiyyat xəstəliyi”nin nəticəsi sayır və heç də səhv eləmir. Həqiqətən, mövcud ədəbi məkanın mənzərəsini yaratmaq, Söz sənəti ilə bağlı düşüncələrini qələmə almaq, yaranan ədəbi nümunələrə münasibət bildirmək, “görməzlik sindromu” ilə üzləşmiş qələm adamlarının (daha çox da cavanların) haqqını müdafiə eləmək, ədəbiyyat yoluna, yəni Düma ilə Coys arasındakı “qara dəliyə” yenicə düşənlərə yol göstərmək – bu qədər işlərə vaxt və əsəb sərfindən çəkinməmək məhz o “xəstəliyə” yoluxmaq əlamətidir.

Düma ilə Coys arasındakı ədəbi məkan isə həddən artıq geniş və sonsuzdur. Kamal Abdulla kitabında həmin məkana birun (aşkar) və əndərun (gizlin) oyunlarını da, “Sonsuz lüğət”i (mətnin gizləndiyi yeri) də, darıxan adamları (Hüseyn Cavid, Azad Mirzəcanzadə, Rüstəm Behrudi) də, Don Kixotun ölümünü də, aldanmış oxucunu da, yaşanmamış həyatın ilğımını (mətn və “literaturşina”) da, insanın yol duyğusunu da… sığışdırmağı bacarır. Onun fikrincə, “Müəllif öz qəhrəmanına onun yaşadığı yox, yaşaya biləcəyi həyatın bir qırığını, bəzən də bir kəsiyini, ya da bütövünü göstərir. Müqayisə edilən hissələr, yəni, yaşanan həyatla yaşana biləcək həyat arasındakı fərq mənəvi baxımdan o qədər böyük alınır ki, burada yerinə yetməmiş arzular, ümidlər və puç olmuş xəyallar xam torpaqlar kimi şumlanır. Beləliklə, əsərin öz-özlüyündə, bəzən də əsas süjetdən aralı duran məxsusi arxeoloji dərinlik yaranır. Buradan katarsisə də (!), yenidən intibaha da (!), günah hissini yaşamağa da, əzabçəkmə çalarlarının yeni təsvirlərinə də əvvəlcədən tanış olmayan, elə onun üçün də xüsusi maraq doğuran cığırlar, lağımlar açılır”.

***

Kamal Abdulla “Düma ilə Coys arasında” yaranmış, yaranan və yaranacaq böyük ədəbiyyat haqqında düşünəndə yaradıcı adam üçün vacib olan əsas bir prinsipi müəyyənləşdiririr: “...Əsər - qəhrəmanlarının xəyal və arzularının, həyata keçirmək istədikləri niyyət və düşüncələrin, əslində, yaşanmamış həyatın ilğımıdır... Yaşanmamış, amma yaşaya biləcəyi həyatın ilğımı onun üçün bir nəfəscikdir”.

Fikrimizcə, onun “Düma ilə Coys arasında” adlana “esselərdən ibarət roman”ının qayəsi də ədəbiyyatımızın dünya açlmış nəfəsliklərindən biridir. Kamal Abdulla bu missiyanı “Yolun əvvəli və axırı”, “Gizli “Dədə Qorqud””, “Sirriçində dastan və yaxud Gizli “Dədə Qorqud””, “Mifdən yazıya və yaxud Gizli “Dədə Qorqud””, “300 azərbaycanlı” kitabları ilə davam etdirib və Düma ilə Coys arasındakı həqiqətə gəlib çıxıb…
Bu kitab da həmin həqiqətin izharıdır,..

Nəriman Əbdülrəhmanlı,
MANERA.AZ


Baxış sayı - 1 917 | Yüklənmə tarixi: 07.10.2016 18:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031