Kimsə buna inanmaya bilər, amma ... |MANERA.AZ

Əbülfət MƏDƏTOĞLU
Adətən yazını yazmağa başlayanda ağlıma gələn ilk fikri təkrar-təkrar içimdən, ağlımın süzgəcindən keçirirəm. İstəmirəm ki, bu ilk söz, ilk ifadə hardasa qəlbə toxunsun, hardasa diqqətdən kənarda qalsın. Ona görə də ilk fikri sözə, yazıya köçürmək çətin olur mənim üçün. Elə ki, sözün ip ucunu tapdım, onda başlayıram çözməyə. Yollar da belədi mənim üçün. Çətini yola çıxmaq qərarını verənə kimidi. Necə deyərlər, pencəyimi çiynimə atdımsa, demək… yolçu yolda gərək. Amma bax o pencəyi asılqandan götürənə qədər min dəfə fikrimi dəyişirəm, min dəfə çək-çevir edirəm, gedim, getməyim. Ona görə də mənim hara, nə vaxt gedəcəyim əksər vaxtlarda gözlənilməz olur. Hətta ailədə də mənim bu xasiyyətimdən narazıdılar. Çünki gözlənilmədən oturduğum yerdən qalxıb «durun getdik» deyirəm. Və yaxud da evdəkilər səfərə hazır vəziyyətdə dayanıb, hətta necə deyərlər, özlərini bu səfərə yüzdə yüz hazırladıqları bir vaxtda «mən getmirəm» deyib hər kəsin üstünə soyuq su ələyə bilirəm. Odur ki, mənim yolla bağlı qərarlarım ailədə birmənalı şəkildə həmişə sürpriz olub. Bax elə oxucuların yadındadısa Naxçıvana səfərimlə bağlı heç kimə heç nə demədən, yalnız hava limanında qeydiyyatdan keçməyə bir saat qalmış əl çantamı götürəndə evdə söylədim ki, mən gedəsi oldum. Hamı da təəccüblə «hara?» deyə soruşdu. Mən də sakit şəkildə «Naxçıvana!» dedim və beləcə həmin o yolçuluğu, ürəyimin istəyini gerçəkləşdirdim və gördüm ki, bu dünyada heç bir yol bitmir. Biri o birisindən başlayır… biri o birisinin davamıdı və yaxud da əvvəlidi. İnsan da ayağı yer tutandan yoldadı. İstəyə, arzuya, mala-mülkə, əqidəyə və digər ünvanlara doğru gedir. Amma maraqlıdır ki, hərənin öz yolu var. Əgər fikir vermisinizsə, bəzi həşəratlar və yaxud böcəklər bir yolla gedib gəlirlər. Amma insan yer üzündə öz sayı qədər yol açıb, cığır açıb, iz salıb. Bax, bu mənada yollar bitmir ki?! Heç bitməyəcək də. Bilirsiniz niyə?..
Bəli, yollar ona görə bitməyəcək ki, nəsil deyilən bir anlayış da var. Biz bir xalq olaraq özümüzdən əvvəlki yeddi babamızı tanıyırıq və onu özümüzdən sonrakına da ötürürük. Yəni şəcərə deyilən bax, burdan yaranır. Bunun özü də bir yoldu. Əgər mən yeddinci babamdan üzü bu günə, mənə və məndən sonra olan övladımda o yolu görürəmsə, deməli o yollar bitmir. Sadəcə olaraq, onun adı dəyişir. Nəm nişanı olduğu kimi qalır, sözü-söhbəti cilalanır və nəhayət, bir də yolun zaman anlayışı yenilənir. Builki yol, ötənilki və yaxud da ondan öncəki yol elə həmin yoldu. Bir nəğmədə deyildiyi kimi: «Dünya həmin dünyadı, çiçəkləri təzə, tər».
Bəli, mən yollarla bağlı söylədiyim fikirlərin bir nöqtəsində dayanıram. Özü də elə-belə səbəbsiz yox. Çünki yollarda dayanacaqlar da, vağzallar da var. Orda kimsə düşür, dincəlir, kimsə o yolun yeni davamçısı olur. Bu mənada ən maraqlısı qatar yoludu. Çünki qoşadı. Qoşa, cüt olmaq insanı həmişə sıxıntılardan qurtarır, fikrini yayındırır, qayğısını azaldır. Mən fikir vermişəm, qatarlar həmişə yolları elə bil ki, döyəcləyə-döyəcləyə gedirlər. Onların səsi sanki yolları oyadır, onlara mürgüləmək imkanı vermir. Bir növü yolları diri, canlı saxlayır. Üstəlik, o diri yollar da onun üstüylə hərəkət edən qatarın və sərnişinlərin tələbləriylə razılaşır, ona tabe olur. Və bu anlaşma həm yolun özünün mahiyyətini qabardır, onu yaddaşa köçürür, həm də səfəri maraqlı edir. Bir az da sadə bir formada ifadə etsəm, bir nəfərin sükan arxasında oturub təkbaşına beş-altı yüz kilometr yol qət etməsiylə, bir nəfərin bir qatarın bir vaqonunda yol getməsi arasında yerlə göy qədər fərq var. Çünki o vaqonun içində insan nəfəsi olur… Çünki o yolu diri saxlayan var, onu döyəcləyən var. Bax, bütün bu söylədiklərimin alt qatında mənim əsas məqsədim yol sahibi olmaq fikrini önə çıxarmaqdı. Şükürlər olsun ki, yetərincə yol sahibi olanlarla yanaşı, yola üz qarası olanlar da az deyil. Neyləyək, bu da belə bir həyatdı. Ağla qara, yaxşıyla pis bəzən qoşa dayanır, yanaşı durur.
Mən filosofluq etmək niyyətiylə demirəm bunları. Və deyib yazdıqlarımı da onunla əsaslandırıram ki, yol sahibi olmaq niyyətindəyəm, bu amacla, bu məqsədlə yaşayıram. Onun gerçək olacağına içimdə şübhə yoxdu. Hələ üstəlik onu da bilib inanıram ki, mənim məqsədim olan yol qatar yolu kimi qoşa olacaq… sevincimlə həsrətim yanaşı yeriyəcək… bu yolu diri saxlayacaq…
Kimsə buna inanmaya bilər. Amma mən bilirəm ki, inananlar da olacaq və var. Və o inanan yolun kənarında və yaxud vağzalında oturub gözləyir. Mən isə…
Gecikən qatarların
sərnişinləri
onları
vağzalda gözləyənlərin
nigarançılığını da
yaşayır…
bu qatarlar
özləri də
istəmədən
gecikənlə
gözləyənin
üst-üstə düşən
zaman kəsiyindəki
əsəbi də daşıyır…
gediş haqqı ödəmədən!
***
Neçə gündü ki, Bakıda, bütövlükdə bütün məmləkətdə hava durumu dəyişib, olub boz-bulanıq. Gah yağış yağır, gah gün çıxır, gah külək əsir. Bir sözlə təbiət cilovsuz at kimi istədiyi səmtə çapır. Biz də onun bütün nazını çəkməyə məhkumuq. Çünki təbiətə qarşı insan yaranışdan acizdi. Söhbət təbiət hadisələrindən… yəni yağıntılardan… küləkdən… günəşdən… zəlzələdən gedir. Bu yerdə bir əlac var. O da özün-özünü birtəhər qorumaqdı. Doğrudur, indi bizim paytaxtda, eləcə də bəzi bölgələrdə insanların günahı üzündən də yağışın nazını yox, əzabını da çəkməli oluruq. Neyləyək? Bura Bakıdı, bura bizim şəhərimizdi. Şair dostum demişkən, «başqa şəhərimiz yox». Hə, deməli, bax bu təbiət söhbətini ona görə dilə gətirirəm ki, yağış da yerlə göy arasında yol gəlir. Yəni onun da yolu var. Qopur göy üzündən və gəlir qarışır torpağa. Adama da elə gəlir ki, bitdi onun yolu. Amma yox. Yenidən buxar şəklində gəldiyi yolu üzü geri qayıdır yağış. Gəlib-gedəndə izi qalır həyatımızda, həyətimizdə… Biz də bu həyatın, bu həyətin adamlarıyıq. Ona görə də bu izlərin bizdə yaşayacağına, bizdən də sonrakılara keçəcəyinə heç şübhəniz olmasın. Axı göy üzündə həmişə bulud var, özü də dolmuş bulud. Yer üzündə də insanlar. O yağış öz yolunu gələcək, biz insanlar da o yolun hardan başlayıb və bir daha hara qayıdacağını bildiyimiz halda başımızı aşağı salıb öz işimizi görməyəcəyik. Ya yağışa şeir yazacağıq, ya yağışın artıq selə çevrilmiş suyunu, səmtini dəyişəcəyik, ya da qol-qola girib yağış altında gəzəcəyik. Məncə sonuncu daha gözəl variantdı. Ən azından üst-başımız kimi ruhumuz da yağış suyunda yuyunacaq. Amma belə məqamda hərdən mənim yağışa yazığım gəlir. Bu boyda yol gəlir, amma qədri-qiyməti bilinmir. Deməli…
Şəhərə
yağan yağış
asfalt
küçələrdə
qol-budaq olur-
damlalar çiliklənir…
kəndə yağan yağış
becərilən əkinlərdə
bağ-bağçada
yaşıl budaq
yarpaq olur-
çiçəklənir
yağışın da
adamlar tək
bəxti fərqli
gah gətirir,
gah gətirmir…
yağışlar…
özləriylə
heç nəyi bitirmir
nə də itirmir!..
***
Yazımın əvvəlində vurğulamışdım ki, içimdəki ilk fikri sözə çevirib kağıza köçürmək elə-belə başa gəlmir. İndi yəqin hiss elədiniz bu yazını oxuyanda həmin o dediyimin nədənini. Ona görə də tam arxayın, necə deyərlər, sərbəst bir şəkildə yol məsələsinə təkrar dönürəm. Ədəbiyyatda da yol söhbəti, yol məsəli var, sevgidə də. Məhəbbətdə də ən maraqlısı budur ki, sevginin, məhəbbətin ədəbiyyatdakı ən böyük yolu mənə görə Füzulinin, Məcnunun yoludu. Füzuli babamız Məcnun timsalında, Məcnun dilində o yolu ifadə edib, o yolu göstərib. Biz də o yolun yolçularıyıq – olublar, olmuşuq, olacaqlar. Çünki bu bir əbədiyyət yoludu. Olumdan ölümə gedən yolun paralelidi. İnsan doğulur, anlayır və sevir. Gedir o yolla. Onunla çiyin-çiyinə də olumu, yəni doğulmağı, anlamağı və ölümü yanaşı gedir. Sevgiyə qovuşur və bu da onun əbədiyyəti olur. Qazanır o əbədi sevgini. Qonşuluqda da onu gözləyən əbədiyyətin qapısının açarı olur əlində. Heç də təsadüf deyil ki, olumdan ölümə doğru gedən insan olumdan sevgiyə də bax eləcə başı aşağı, içi qayğı dolu, fikri dolaşıq və bəzən də döyüşməklə, vuruşmaqla, ya da diş-dırnaqla gedir beləcə…
Görürsünüz, insanın yolunu? Məncə bu barədə düşünmək suallara cavab tapmaq şansı vermir. Ona görə ki, burda suallar da çoxdu, cavablar da. İnsan da itib-batır bu sual-cavabda. Mən şəxsən Məcnunun yolunu öz düşüncəmə, öz dərketməmə görə elə bilirəm ki, gözüyumulu gedə bilərəm. Etiraf edim ki, elə belə də edirəm. Amma hərdən gözümü açıb baxıb görürəm ki, Məcnun getdiyi yolun özündə deyiləm, onun kölgəsi olan yolun üstündəyəm. Bax, Füzuli babamın qüdrətinin bir nümunəsi də burda çıxır ortaya. Lakin nə olur-olsun Məcnun yolu əbədiyyət deməkdi, əbədiyyətə gedib çatmaq deməkdi. Bunu kimsə mənə dandıra bilməz, çəkindirə bilməz məni bu yoldan. Axı, bu bitməyən yolun nümunəsi olan əbədiyyət yolu orda, cənnətdə də öz işini görür, öz naxışlarını vurur. Və biz də əminik ki, cənnətdə də həyat var, cəhənnəmdə olduğu kimi.
Mən isə bütün bu yol məsələlərini bir kitab kimi, bir dəftər kimi qatlayıb qoyuram cibimə. Özü də ürəyimin üstündəki cibimə. Axı hər şey ürəyimdən başlayır. Ona görə də:
Qazanmışam bu adı
Həsrət məni budadı…
Bu bir sirri xudadı-
Çözülməz!
Qəm çəkirəm, qəm-qədər
Kiprikdəki nəm-qədər!
Dəm olmaq da dəm qədər-
Dözülməz!
Sev, sevginlə boy at da
Tər və yaxud boyat da…
Bil, sevgidi həyatda -
Bezilməz!
Hə, yollar bitmir. Bu mənim inancımdı. Sizdə necədi deyə bilmərəm. Amma təkrar olsa da, gəlin yadımızda saxlayaq:
- Bitməyən yollar həm də bitməyən ömürdü! – mənim üçün.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.