Saramaqo sübut etməyə çalışırdı ki... - Azər Qismət yazır |MANERA.AZ
![]()
Azər Qismət
Kim inanardı ki, qoca Saramaqo ömrünün ahıl yaşında masa arxasında əyləşib özünün bütün dünyada məşhur əsərlərini yazacaq. Joze Saramaqo dünya ədəbiyyatına bir ahıllıq gətirdi: sözün çəkisi daha da artdı, problemlərə və hadisələrə dolğun cavablar verildi. Özü də həmin cavablar özünün dərin izahları ilə seçildi. Bununla bərabər həm “İsanın İncili” əsərində din xadimlərinin qəzəbini, həm də “Təxirə salınmış ölüm”lə yaşadığı ölkə rəhbərliyinin nifrətini qazandı.
Joze Saramaqo Ceyms Coys kimi “Uliss” əsəri kimi ədəbiyyatın sonuna çıxmaq istəmirdi. Necə ki, Borxes onun barəsəində belə demişdi. Yazıçının yaradıcılığına nəzər salarkən görmək olar ki, fitri istedad və bazadan mükəmməl istifadə onu Ceyms Coys səviyyəsinə çoxdan qaldırmışdı. Bircə fərqləri ondan ibarət idi ki, Coys kimi şüur axını ilə məşğul olmurdu.
Joze Saramaqo “Korluq” əsəri ilə cəmiyyətdə kor və görünməz hadisələrə işıq saldı. O, bütün hallarda dərinliyi ilə seçildi. Hadisələrə üzdən yanaşıb yalnız gedişatla kifayətlənmədi, süjet xəttini “Təxirə salınmış ölüm” əsəri ilə davam etdirdi, baş verən bir hadisənin fövqündə altdakı qatları açdı.![]()
Adı naməlum olan bir ölkədə ölüm təxirə salınır. Ölüm ya öz işini bitirir, ya da yorulur, hər nədənsə dayanır və insanlar həyatla vidalaşmırlar. Və bu hadisənin nələrə gətirib çıxaracağını Saramaqonun fitri istedadı, üstəlik dünyada baş verən siyasi gedişatdan xəbərdar olması əsəri mükəmmələşdirib. İnsanlara “əbədilik ömür” bəxş edilir. Əhali arasında eyforiya hökm sürür ki, bu hadisəyə necə son qoysunlar, necə etsinlər ki, ölüm yenidən qayıtsın. Insanlar əbədi yaşamağa məhkum edilir. Necə ola bilər ki, dünən uşaq böyüdən, iş-gücünə gedib-gələn insanların ölümü birdən-birə dayansın. Gərginliyin ortasında Saramaqo ölkənin kardinalı ilə Baş naziri arasındakı dialoqu çox ustalıqla qələmə alıb. Həmin dialoqdan aydın olur ki, ölümün təxirə salınması izaholunmaz hadisələrə gətirib çıxara bilər və bunun sonu yaxşı görünmür.
Portuqaliya yazıçısı həmin dialoq vasitəsilə özünün fundamental bazasını nümayiş etdirir. Bircə ölümün olmaması ilə həyat kodeksləri də dəyişir. Hətta minilliklərdən bəri mövcud olan və insanların gündəlik həyatlarına, alt şüurlarına pərçimlənən dini dəyərlər də öz qüvvəsini itirir. Əgər xristianlıqda “İsa Məsih zühur edəcək” deyilirsə və adamlar nəhayət xeyirin şərə qalib gəlməsi arzusu ilə həmin günü gözləyirlərsə, bəs, bu ölümün təxirə salınması nədən xəbər verir?! Kardinalla Baş nazirin dialoqunda bu açıq-aşkar narahatlıq hiss edilir. İsa Məsih zühur edəcəkcə, deməli o əvvəlcə ölməlidir. Əgər ölüm yoxdursa, deməli peyğəmbər ölməyib və zühurdan söhbət gedə bilməz. Ya kilsə nizamnaməsində dəyişiklik edilməlidir, ya da dünənə qədər mövcud olan dini moizələr başqa istiqamətə yönləndirilməlidir. Məhz bu dualoq onu sübut edir ki, təbiətdə dəyişiklik aparmaq olmaz. Hər şey öz yerində olmalıdır. Nə haradadırsa orada da qalmalıdır. Nə artıq, nə əskik. Beləliklə, Joze Saramaqonun sonuncu - “Təxirə salınmış ölüm” romanı “İsanın İncili” kimi həddən artıq cavabsız suallarla doludur. Əslində, ilk baxışda belə görünür. Yazıçı o suallara cavab tapır. Sadəcə, bəşəriyyəti qoyduğu problemlərlə düşündürür.
Joze Saramaqo – proqnoz adamdır. Hərdən adamlarda qeyri-ordenar fikirlər baş qaldırır: “Birdən ölüm olmasa, dünyanın bütün adamları kor qalsa, yaxud hər yerdə oxşarlar gəzsə, necə olar?”. Bu suallar “proqnoz adama – Saramaqo”ya verilsə, cavablar mütləq tapılacaq. Düzdür, həmin cavablar optimist olmayacaq, amma rahatlıq yaranacaq. Əgər kommunist ideologiyası dövrü hökm sürsəydi, yazıçını qulaq edib düşərgəyə yollayardılar. Axı, necə ola bilər ki, o, dünyanın, eləcə də ölkənin gələcəyi barədə pessimist düşünsün?! O, belə proqnozlarla həm də təbii hadisələrin dəyişməsi, təbiətin balansının pozulması fövqündə Tanrının yaratdığının nə etdiyini, hansı yeni çirkinliklər törətməsini də nümayiş etdirir: budur insan və onun xisləti. İnsan özünü gözlənilməz vəziyyətlərdə idarə edə bilmir, çaşıb qalır və bu çaşqınlıq daha pis hadisələrə gətirib çıxarır. Bəzən tənqidçilər proqnozlarına görə onu “özünəqapanmış nəzəri ehitmalçı” da adlandırırlar. Saramaqo ehtimalla çıxış edir, hamı düşünür. O, sadəcə beyninin məhsulunu ortaya qoyur, başqa heç nə. Lakin bu fikirlərin yanlışlığını anlamaq elə də çətin deyil. Nəzərə alaq ki, Saramaqo yaradıcılığa yaşlı vaxtında başlamışdı. Demək olar ki, 60 yaşında. Və həmin yaş dövründə artıq yazı masasının arxasında bitkin, həyat həqiqətləri ilə zənginləşən, bitkin bazalı bir insan oturmuşdu. Məhz bu cəhət onu deməyə əsas verir ki, Saramaqo havaya söz tullayıb hamını onun ətrafında düşünməyə vadar etmirdi. Onun istər “İsanın İncili”, istər “Korluq”, istərsə də “Təxirə salınmış ölüm” əsərlərində hər havaya atılan sözün arxasında gerçəklik dayanırdı.
“Təxirə salınmış ölüm” əsərində yazıçı sübut etməyə çalışırdı ki, həyatda düzlük və haqq axtarmaq, üstəlik bütün ömür boyu bununla məşğul olmaq qadın xislətinə məxsus xüsusiyyətdir. Kişi isə belə həqiqəti axtarıb tapmağa çalışmır. O kişidir və bütün əzablara sinə gərib yaşamağa və qidalanmağa bir çıxış yolu axtarıb-aramalıdır. Saramaqo həm də ölkələri də kişi və qadınlığa bölür. Hər halda alt şüurdan belə oxunur. Ölüm həm də qadındır. O, incə və həssasdır. İşini bilir, vaxtında gəlir. Lakin onun birdən-birə dayanması isə kişiliyin gəlməsinə işarədir. Ölüm yoxdursa, yaşa görüm necə yaşayırsan. Ölüm yoxdursa ağlamaq da yoxdur. Axı, ölüm qadın kimi ağlaşma gətirir.
Saramaqonun əsərləri demaqoqiya üzərində qurulub. Bütün əsərləri boyu darıxdırıcılığın olmaması da məhz demaqoqiya və fitnəkarlıqla yoğrulmasındadır. Bunu necə inanılmaz dərəcədə orijinal qaydada etməsi isə söz ustalığından xəbər verir. Saramaqo həm də ədəbi dillə oynayır. O, ədəviyyata sərhəd qoymur. Normal bir yazışmanın mərkəzində hadisələri elə çevirir və alt-üst edir ki, oxucu yorulmur, daim həmin əsəri yenidən oxumağa tələsir və hər qiraətdə yeni detal tapıb ətrafında düşünür. Bir sözlə mərhum qoca heç də özünə qapanmamışdı. Bir yaşlı vaxtında beyninin ucsuz-bucaqsız olmasını sübuta yetirmişdi. O, həm də beynin necə sərhədsiz olduğunu göstərmişdi.
Saramaqo hiyləgərliklə məntiqi birləşdirməyi bacarırdı. Məsələn, siyasi jurnalistika ilə ədəbiyyatı birləşdirməsi hələ uzun illərin müzakirə mövzusuna çevrildi. Qocanın əsərlərində Markes və Dostoyevski kimi sözün qüdrətinə rast gəlmək alınmasa da, real dildə yazıb-yaratması, eyni zamanda düşündürməsi daim yaşadacaq Jozeni. Oxucunun mədəsi onun yazdıqlarını qəbul etməyə bilər. Məsələ burasındadır ki, oxucu bundan narahatlıq keçirmir, sadəcə özünə təskinlik verir ki, “mənim mədəm doğuluşdan xəstədir, görünür belə əsərlər mənlik deyil”. Oxucu yazıçının timsalında azacıq Onore de Balzak, azacıq Henri Ceyms, azacıq da Uelbeki görə bilər. Bütün bunların qarışığı oxucu üçün gözəl menyüdür. Lakin üstünə də Saramaqo fantaziyası əlavə ediləndə ortaya tamam fundamental ədəbi nümunə qoyulur.
Saramaqonun bütün əsərləri həm də insanları qorxuya salır. İnsan əsəri oxuyub başa vurandan sonra həm də yaxınlarını dəyərləndirir, həyatın hər anının qədrini bilir, onun faniliyini düşünür. Doğrudan da birdən ölüm təxirə salınsa, yaxud hamı kor qalsa necə olacaq? Əbədi həyat barədə həmişə düşünən insanlar onun dərmanını da tapmaq arzusu ilə yaşayıblar. Loğmanlar dirilik suyunu kəşf etməyə çalışıblar, böyük imperatorlar əsgərlərini uzaq-uzaq diyarlara yollayıblar. Ən azından dünya əhalisinin yarısı əbədi həyat arzulayıb. Saramaqo mövzu ətrafındakı bütün qədim istəkləri darmadağın edərək qəm-qüssə gətirdi. Məlum oldu ki, insanlar əbədi həyata hələ hazır deyillər. Onun gətirəcəyi sürprizlər yaxşı heç nə vəd etmir. Yazıçı mövzunu dərinləşdirib çox uzaqlara getdi, qurdaladı, bununla da insanları əhəmiyyətsiz məsələdən ayırdı. İlk baxışda yazıçının ironiyası oxucuda əsəbilik yarada bilər. Lakin bu ilk baxışda belədir. Sonradan məlum olur ki, ironiyalar əsərə gözəllik gətirir, onu bəzəyir. Neçə il bundan əvvəl “Fantastika dünyası” adlı jurnalın əməkdaşları həm ədiblərlə, həm də oxucularla sorğu keçirmişdilər: “Təxirə salınmış ölüm”ü fantastik əsər hesab etmək olarmı?”. Sorğu maraqlı alınmışdı. Məlum olmuşdu ki, sorğu iştirakçıları onu fantastik əsər hesab edirlər. Çünki yalnız belə əsərlərdə hadisələr alfa və omeqa istiqamətində gedir.
Saramaqo həm də adamları qorxulu sürprizdən xilas edir. Birincisi, ölüm yalnız bir naməlum ölkədə baş verir. Bu yerdə Alber Kamyünin “Taun” əsərindəki naməlum şəhəri xatırlayaq. Xeyr, plagiatlıq deyil. Sadəcə, vəziyyətin dolğun xarakterizəsi üçün naməlum şəhər və ölkələr, naməlum obyektlər vacib şərt sayılır. Deməli, birinci halda ölümün ancaq bir ölkədə təxirə salınması adamları qismən rahatlandırır. Oxucunun ürəyini yerinə gətirən ikinci cəhət əsərin ortasında ölümün yenidən qayıtmasıdır. Ya ölüm işini yenidən modernləşdirmək üçün yaradıcılıq məzuniyyətinə çıxmışdı, ya da adamları sınağa çəkirdi: axı, həmin günə qədər ölümə qarğışlar edilir, şəninə pis söyüşlər səsləndirilirdi. Ölüm özünə hörmət qazandırmaq üçün kiçik taym-aut götürmüşdü.
Üçüncü təskinverici məqam ondan ibarətdir ki, ölüm qadındır. Və bununla hər şeyin izahı verilir. Qadın naz edib uzaqlaşdı, hikkəsini boğa bilməyib yenidən qayıtdı. Əgər ölüm qadına bənzədilməsəydi, əsər oxucuları qorxu altında saxlayacaqdı. İronik gəzişmə isə nisbi yüngüllük gətirdi. Ölümün qadına bənzəməsi kimi güldürməz ki?!
Yox, yazıçı ədəbi-fəlsəfi eksperimentlə məşğul olmur, nə də insanların hissiyatı ilə oynamırdı. Formula belə qurulurdu: ortaya fantastik ideya atılır, sonra qumun içi ovulur ki, ordan nə çıxacaq. Qurdalayıb nə isə çıxarmağı ancaq o bacarardı. Hər an baş verə biləcək hazlırlıq mövqeyində dayanmağı öyrədirdi bəşəriyyətə. Məhz buna görə də Nobel Komitəsi onu Ali mükafata layiq gördü. Baxmayaraq ki, neçə illər həmin mükafata namizəd göstərildi, nəhayət ki, Komitə üzvləri qəti qərara gəldilər ki, o, bu mükafata layiqdir. Çünki Joze Saramaqo dahi idi. Bəlkə 1995-ci ildə yazdığı “Korluq” əsəri ilə buna nail ola bilmədi. Üstündən 10 il keçəndən sonra daha da təkmilləşdi və mükəmməlləşdi, “Təxirə salınmış ölüm”lə bəşəriyyəti təəccübləndirdi. Həm də məlum oldu ki, “özünütəkrarlama” heç də həmişə darıxdırıcı olmur. Sadəcə, yazı bazasının genişliyi o təkrarlığı yoruculuqdan qurtarır. Digər məqam ondan ibarətdir ki, dünyanın heç bir tənqidçisi və oxucusu Saramaqo ilə mübahisəyə girişməyib. Cəhd edənlərin ədəbi mülahizələri də özünün boşluğu ilə seçilib. Yazıçı elə eksperimentlərlə çıxış edirdi ki, gerçəklikdə bütün bunlar baş verməmişdi. Hamısı nəzəriyyəyə əsaslanırdı. Məhz bu nöqteyi-nəzərdən onunla mübahisə lazımsız işə çevrilirdi. Yazıçı bütün bunları əvvəldən nəzərə almış və götür-qoy etmişdi.
MANERA.AZ