Çağdaş rus nəsrindən Yeni tərcümə | MANERA.AZ
![]()
MANERA.AZ xəbər verir ki, “Qanun” nəşriyyatı Nəriman Əbdülrəhmanlının tərcüməsində çağdaş rus ədəbiyyatının ən diqqətçəkən nümayəndələrindən biri olan Vladimir Varavanın “İyul işığı” adlı hekayələr toplusunu oxuculara təqdim edib.
Tanınmış filosof və yazıçı Vladimir Vladimiroviç Varava 1967-ci il mayın 31-də Voronej şəhərində anadan olub. 1994-cü ildə Voronej Dövlət Pedaqoji Universitetinin xarici dillər fakültəsini bitirib, sonra aspiranturada fəlsəfə üzrə təhsil alıb, 1997-ci ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1994-cü ildən Voronej Pravoslav Ruhani Seminariyasında, 1997-ci ildən Voronej Meşə-Texniki Akademiyasında dərs deyib. Hazırda Voronej Dövlət Universiteti psixologiya və fəlsəfə kafedrasının professorudur.
Vladimir Varava rus fəlsəfi fikrinin canlanmasında xüsusisi xidmət göstərib. O, Vorohejdə fəlsəfə-ilahiyyat dərnəyi yaradıb, ilahiyyatçılar Yevgeni Bolxovitinov, və Nikolay Fyodorovun, böyük rus yazıçısı Andrey Platonovun yaradıcılığının tədqiqi ilə ciddi məşğul olub. 2007-cu ildən A.Platonov adına etik-fəlsəfi seminarın təşkilatçısıdır.
O, uzun illərdir ki, Rusiyanın nüfuzlu elmi və ədəbi-bədii jurnallarında fəlsəfi, ədəbi-bədii əsərlərilə çıxış edir. Rus fəlsəfəsi, mədəniyyəti və ədəbiyyatına dair 200-dən artıq sanballı məqalənin, “Apofatik etüdlər” silsiləsinin, o cümlədən, “Rus filosofunun Zəburu” (2006), “Əbədi fəlsəfə” (2007), “Yaşayanları və ölənləri qarşılamalı” (2007), “Çağdaş mədəniyyətdə ölüm bütləri” (2011), “Fəlsəfənin naməlum allahı” (2013), “Fəlsəfə vəkili” (2014) və s. sanballı monoqrafiyalar müəllifidir. Elmi və ədəbi-bədii əsərlərinə görə bir sıra mükafatlara layiq görülüb. 2009-cu ildən Rusiya Yazıçılar İttifaqının üzvüdür.
Vladimir Varavanın hekayə və povestləri çağdaş rus nəsrinin ən maraqlı təzahürlərindən biridir. Sanballı fəlsəfi özül üzərində təşəkkül tapan əsərlərində o, hekayəçiliklə məşğul olmur, insan qəlbinin və ruhunun gözəgörünməz qatlarına enir.
MANERA.AZ