manera.az
manera.az

Bədii söz və fikir axtarışında | MANERA.AZ

Bədii söz və fikir axtarışında | MANERA.AZ

Bilal Həsənli, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Qarşımda poeziyada öz sözünü demək üçün axtarılar yoluna qədəm qoymuş gənc bir yazarın –Anar Əlizadənin şeirləri var. Söz sənətimizdə öz yerini axtaran bu gəncin fərdi poetik baxışlarını, yaradıcılıq məqsədini dəqiqləşdirməsi zamana ehtiyacı olan bir məsələdir.

Anarın şeirlərinin əksəriyyəti məhəbbət mövzusundadır. İlk məhəbbətin doğurduğu kövrəklik, həzinlik, məhrəmlik “Xoş gəldin ömrümə”, “Xatirə dəftəri”, “Gör kimə aldanmışam”, Adam yaman yorulur”, “Susarsan”, “Baş tacı olub” şeirlərində aparıcı ovqata çevrilir. Müasir gəncliyə xas olan “Xatirə dəftəri” şeiri də yazarın süjetli lirikaya meyilinin təzahürüdür. Zamanın sərt axarıdnda get-gedə öləzisə də, xatirələrdə yaşayan ilk məhəbbət hissinin təsvirində konkret detallara geniş yer verilir. Məlum olur ki, lirik qəhrəman sevdiyi qızın “incə baxışlarını”, “yanaşı oturmaqlarını”, “partaya çəkdiyi naxışları” illər keçsə də, unutmamışdır:

Bir az kövrəlmişəm, uşaqlaşmışam,
Yadıma o incə baxışlar düşüb.
Yan-yana partada əyləşməyimiz,
Partaya çəkdiyin naxışlar düşüb.

Lirik qəhrəmanın sevdiyi qızı öz müəlliminə qısqanması, yağışlı bir gündə arxasınca gələrək büsbütün islanması, sevgi şeirlərini əzbərləməsi, qızın diqqətini cəlb etmək üçün hər gün təzə paltar geyinmək istəyi şeirdə aydın, axıcı bir dillə əks etdirilib. İlk baxışda səmimi hislərin ifadəsi, maraqlı bədii detalları ilə yadda qalan bu lirik şeirdə də yazarın bəzən asan yol tutduğunun, poetik fikir, bədii söz axtarışından imtina etdiyinin şahidi oluruq:

Gəlib evinizə çatdığın zaman,
Sanki bütün dünya sənin olardı.
Elə sevinərdin, elə gülərdin,
Parkdakı heykəl də heyran qalardı.

Sevdiyi qızın evə çatanda sevincinə, gülüşünə parkdakı (?) heykəlin heyran qalması (7) oxucunu inandırmır, qafiyə xatirinə deyilmiş söz təsiri bağışlayır.

Şeirin son bəndində “bilirəm o günlər qayıtmaz geri” qənaəti hər gecə qəlbindəki xatirə dəftərini açıb bağlayan lirik qəhrəmanın nisgilli düşüncələrinin son akkordu kimi səslənir.

“Gör kimə aldanmışam” şeirində əhdinə vəfasız çıxan qızın bədii obrazı diqqəti cəlb edir. Yalanşı vədlərə, əhdi-peymana inanan gənc aşiq aldandığını başa düşəndə gec olur. O, yalnız saxta sevgi sözləri söyləyən qızı deyil, özünü də ironik bir dillə ittiham edir:

Sənə günəşim deyib
Özüm oda yanmışam.
Ay mənim uşaq başım,
Gör kimə aldanmışam.

Anaya müraciətlə yazdığı süjetli şeirdə Anar dünyadan vaxtsız getmiş ata həsrətindən söz açır. İllər keçsə də atanın yoxluğuna hələ də inanmayan uşağın təbii hislərini əks etdirən əsərdə az sözlə maraqlı süjet yaradılır.

Ay ana, nə olar, yatma bu gecə,
Darıxma, üzümüz yenə güləcək.
Dur bir yemək bişir, evi təmizlə,
Bu gecə yuxuma atam gələcək.

Bədii söz və fikir axtarışında | MANERA.AZ
Anaya müraciətində lirik qəhrəmanın xasiyyəti, psixoloji durumu üzə çıxır. Məlum olur ki, atadan ötrü darıxan, lakin əli hər yerdən üzülən uşaq atanın yuxuda da olsa, onu görməyə gələcəyinə ümid edir. Ölümün hamını inandırdığı bir həqiqətlə ümid qarışıq həsrət ovqatında yaşayan uşağın barışmadığı üzə çıxır.

Gənc şair ata həsrətinin doğurduğu məhrəm hisləri uşağın dili ilə inandırıcı bədii detallarla ifadə etməyə müvəffəq olur. Uşaq düşünür ki, atası evdəki ovqatı, acınacaqlı durumu görüb narahat olacaq. Onun anasından ata gələnədək “yemək bişirmək, evi təmizləmək” xahişi onun düşüncəsində reallıqla xəyalın qovuşduğunu göstərir.

Mən hansı paltarı geyinim, ana,
İtirdim başımı, atamın canı.
Nə yaxşı yadıma düşdü, ay ana,
Atamın aldığı kostyumum hanı?

Şeir hislərin, duyğuların təbiiliyi, özünəməxsusluğu ilə oxucuya təsir edir, onu lirik qəhrəmanın mənəvi aləmi barədə düşünməyə, həssas yanaşmağa sövq edir.

“Qış günündə” şeirində - yanvar ayında - soyuq qış günündə təbiətlə insan ovqatı arasında uyarlıq əks olunub. Əsər ilk növbədə təsvirlərin təbiiliyi və inandırıcılığı ilə diqqəti cəlb edir. Müəllif soyuq qış günündə baba yurdunda üşüyən uşağın duyğularını belə təqdim edir:

Soyuq yanvar ayı, yenə kəndimiz,
Yenə nənəmgilin uçuq daxması.
Pəncərənin yanı... babam oturub,
Əlimdə nənəmin çörək yaxmacı.

Hava çox soyuqdur, bəyaz qar yağır,
Üşüyür əlim də, ayaqlarım da.
Əlimdə əlcək yox, əli yalınam.
Babamın qaloşu ayaqlarımda.

Qarlı-şaxtalı havada əlcəyi olmadığı üçün əlləri, babanın qaloşunda ayağı donan uşağın təndirdə çörək bişirən nənənin yanına gəlməsi yaxşı tapılmış bədii obrazdır.

Dartına-dartına gəlib çıxmışam,
İsti təndir başı... nənəm dayanıb.
Üzündən ağrı və acı görünür,
Deyəsən nənəmin əlləri yanıb.

İsti təndir başında nənənin əllərinin yandığını düşünüb narahat olan nəvənin qayğıkeşliyi, həssaslığı təsirli bir dillə təqdim edirlir. Lakin “Üzündən ağrı və acı görünür” misrasında “və” bağlayıcısının şerin axıcılığına xələl gətirdiyi, “Dartına-dartına gəlib çıxmışam “ misrasında söz seçimində yanlışlıq açıq-aşkar görünür. Aydın məsələdir ki, qarın üstü ilə dartına-dartına yox, üşüyə-üşüyə, büdrəyə-büdrəyə gəlmək olar.

Vaxtilə xalq şairi Rəsul Rza şeir yazarkən çəkdiyi söz axtarışı əzablarını ifadə edərək yazırdı:

Söz çıxıb ceyran dalına,
Həsrət qalıb
bir müqəyyəd qafiyənin vüsalına.

Poeziyamıza yeni qədəm qoyan digər gənc yazarlar kimi Anar Əlizadəyə də ana dilimizin zəngin söz xəzinəsindən, bədii təsvir və iofadə imkanlarından bəhrələnməyi, yeni söz, yeni fikir demək üçün yaradıcılıq axtarışları aparmağı tövsiyə edirik.

“Dağlara” şeiri dağlara müraciət formasında yazılıb. Təbiəti tərənnüm edən bu əsərdə “ dünyanın yaşıdı olan”, “başını dik tutan” dağların vüqarı, əzəməti haqqında yeni fikir söyləməyə, lirik mənzərə yaratmağa çalışır:

Kim bilir nəq qədər yaşın var sənin,
Bəlkə də dünyayla yaşıdsan elə.
Bir ömür başı dik durubsan necə?
Bəlkə ayaq üstə aşıbsan elə.

Bəlkə də dağların ayaq üstə aşması fikri ilə hardasa razılaşmaq olar, lakin sonrakı bənddə oğuz qızlarının, qadınlarının dağları görəndə yaşmaqlanması fikri, zənnimizcə, müəyyən iradlar yaradır:

Oğuz qadınları, oğuz qızları,
Səni görəndə yaşmaqlanıblar.
Səni özlərinə ya böyük qardaş,
Ya da özlərinə ata sanıblar.

Anar hələ universitet tələbəsidir. Bir neçə aydan sonra ali məktəbin bakalavr pilləsini başa vurmağa, Vətən qarşısında öz övladlıq borcunu yerinə yetirməyə - əsgərlik həyatına hazırlaşır. Şübhə yoxdur ki, qarşıdakı illər, tərcümeyi-halındakı yeni səhifələr onun düşüncələrinə, yaradıcılığına təsirsiz qalmayacaq, şeirlərində təsvir, tərənnüm etdiklərinə fərdi poetik baxışın yaranmasına zəmin olacaqdır. O, indi müşahidə etdiyimiz müəyyən mövzu məhdudluğundan uzaqlaşacaq, həyat həqiqətlərini, müasir həyatın doğurduğu düşüncələri, könül çırpıntılarını özünəməxsus bədii dillə əks etdirəcəkdir.

Anar Əlizadənin şeirlərində diqqətimizi cəlb edən poetik fikir qığılcımları onun öz bədii yaradıcılıq imkanlarını dəyərli sənət nümunələrində üzə çıxaracağına ümid yaradır. Aydındır ki, oxuculara təqdim etdiyi şeirlər hələ qönçə şəklindədir. Bu qönçənin bir gün pardaxlanıb ətirli, rayihəli, könülləri oxşayacaq gülə çevriləcəyinə ümid hissi ilə gənc yazara uğurlu yol arzulayırıq!


MANERA.AZ





Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031