manera.az
manera.az

Əlçatmazım ol - ŞEİRLƏR | MANERA.AZ

📅 15.04.2016 18:13

Əlçatmazım ol - ŞEİRLƏR | MANERA.AZ
MANERA.AZ İntiqam Yaşarın şeirlərini təqdim edir:


Gələlər

Elə qışqırasan durduğun yerdə,
mələklər diksinib səsə gələlər.
Təntiyib yolu da, səhv salalar lap.
üstünə birbaşa, kəsə gələlər.

Narahat, təlaşlı hal-əhvalları,
çırmana imdadçün güclü qolları,
Milyon işiq illik uzun yolları,
su yoluna misal, qısa gələlər.

Onlara yağlı bir kələk gələsən,
“Sizi aldadırdım”- deyib, güləsən.
Bir də gəlməyələr imdad diləsən,
Gəlsələr, gəlsələr yasa gələlər.

Adamın

Bəzən elə səhvlər olur,
Silməyi gəlmir adamın.
Gülməli səhv olsa belə,
Gülməyi gəlmir adamın.

Hər nəfəs səni incidən,
Boylanır qəlbin küncündən.
Qəm var şirindi sevincdən,
Bölməyi gəlmir adamın.

Qürur gedər öz işinə.
Bu dəm səninlə işi nə?
Vallah, vida görüşünə
Gəlməyi gəlmir adamın.

Əlçatmazım ol

Demirəm baharım ol,
Demirəm ki yazım ol.
Bu da bəs edər mənə,
elə əlçatmazım ol.

Qaçdı-tutdu oynayım
qoy, sənin xəyalınla.
Hərdənbir qonağım ol,
lap günah-babalınla.

Qəfil zəng et yoldayam,
tez düşüm əl-ayağa.
Özümə əl gəzdirim,
qaçım güzgü-darağa.

Sən gələcəksən deyə,
salım evi səhmana.
Yığım artıq şeylərin
hərəsini bir yana.

Gəlib-gedən yox deyə,
evim tör-töküntüdü,
qapıdan girən deyər,
yəqin ki, söküntüdür.

Bəlkə,düşüb plana,
göydələn tikəcəklər.
Əvvəldən nə vardısa,
kürüyüb tökəcəklər.

Qalın-qalın divarlar,
kükrəyərkən üstümə.
Bir qədəmlik yerim ol,
durmasınlar qəsdimə.

Demirəm baharım ol,
demirəm ki, yazım ol.
bu da bəs edər mənə,
elə əlçatmazım ol.


MANERA.AZ


Baxış sayı - 1 669 | Yüklənmə tarixi: 15.04.2016 18:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031