manera.az
manera.az

Çətin yolnuza çıxam dünyada...

📅 15.03.2016 15:54

Çətin yolnuza çıxam dünyada...

Zamanında qiymətini almayan (əslində verilməyən) şəxsiyyətlərdən sonralar yana-yana danışmaq məncə çətin işdir. Fikirləşirsən bu yola çox vaxt nə üçün üstünlük verilib? Vaxtında qədir-qiymətini bilmədiyimiz, əvəzsiz xidmətlərini görmədiyimiz, hətta ömrünə balta vurmağa çalışdığımız bir insanın az yaşamasına sonradan təəssüflənirik. Təəssüflənirik ki, dünyadan tez getdi, yaxşıydı, bacarıqlıydi, daha nə bilim nələr...

Anadan olmasının 75-ci illini qeyd etdiyimiz istedadlı şair İsa İsmayılzadə də belə şəxsiyyətlərdən olub. Varlığında uğurlarını görmədik, istedadın yetərincə qiymətləndirə bilmədik, yoluğunda hunanistləşdik.

Gələcəkdəki olayları görürmüş kimi şair İsa İsmayılzadə hələ sağlığında bu hallara eyham vururdu:

...Bir də görərsiniz mən də getmişəm,
Bir də görərsiniz,
yoxam dünyada.
Sizin gözünüzdən elə itmişəm,
Çətin.
Çətin yolnuza çıxam dünyada.

Başanı bulayıb, köks ötürən də,
Əlini dizinə çırpan da olar,
Tüstüsü başından çıxan da olar,
Mənsiz
bir ömürdən-gündən usanan,
Başdaşına dönüb, baxan da olar...

Ötən əsrin 60-cı illərində ürəyinin diqtəsi ilə ədəbiyyata gələn İsa İsmayılzadə heç kəsi təqlid eləmədi, heç kimə oxşamadı. Əksinə poeziya aləmində yeni cığırdaşlardan biri oldu. Nə yazıqlar ki, onun yeni poetik nəfəsi, orijinal deyim tərzi, o cümlədən iş prinsipi zaman-zaman haqsız hücumlara, tənqidə hədəf oldu. Bəlkə bütövlükdə dünyanın işləri belədir. Yoxsa, bu, bəndələrin əməlidir? Yox, yox, burada dünyanın nə günahı var. Bütün dövrlərdə dünyanın özü belə iblis bəndlərin məngənəsində sıxılıb. Belə məqamlarda İsa İsmayılzadə öz ağrı-acılarını bir yana qoyub dünyanın qayğısına qalırdı:

Yaxşı adamların azalır, dünya.
Kosmosdan lazerlə...
nə bilim, nəylə
Ayağının altı qazılır, dünya.
Sənin nə xəbərin...
öz işindəsən:
Günlər bala-bala gödəlir, dünya,
Ömrün bala-bala qısalır, dünya
Sənin nə xəbərin,
öz işindəsən.


Şairin narahatlığı təbiidir. Çünki dünyanın yaxşı adamları ilə birgə, onun “çinar babaları”, “polad kişiləri”, “söyüd xanımları” da azalır. Bir də o yaxşı bilirdi ki, ana vətənin taleyi dünyanın taleyindən asılıdır. O səbəbdən şair İsanın şeir və poemalarının böyük bir qismi dünya qayğılı, torpaq istəkli əsərlərdir.

“Yaxşı adamların azalır, dünya”, “Planetim mənim”, “Bir parça torpaqdır”, “Yuxuda”, “Qatar gedir Araz boyu”, “keçim Qarayazı düzənliyindən”, “Haran ağrıyır, Vətən?”, “Hər şəhidin yaşıdı – Qarabağ” və s. Bu kimi şeir və poemalarda dünyanın narahatlığını, insanların qayğılarını bədii yönümdə ifadə edə bilmişdi.

Şair İsa İsmayılzadənin müraciət etdiyi mövzuların əksəriyyəti ənənəvi mövzulardı: dünya, vətən, torpaq, Günəş, ulduz və s. Ancaq şairin poetik irsi ilə yaxından tanış olan diqqətli oxucu bu ənənəvlikdəki yeni yanaşmanı aydınca hiss edir. Göylərin üfüqlərini aşıb, günəşin şəfəqlərini içən şair anamız torpağın göylərin ilahəsi ilə qohum olduğunu söyləyir:

“...Torpağım Günəşlə qan qohumudur... Torpağımın rənginə bax, baxsan qanın qaynayacaq”. İfadəyə bax, məntiqə fikir ver. Xalq şairi Məmməd Arazın sözləri ilə desək, “Nə qəribə deyilmişdir, nə ağır misradır. Bəli, poeziyadır, çox böyük poeziyadır. Sadəcə deyiliş yox, kəşfdir, ixtirdır”. (Bax. İsmayılzadə İsa. Gözləyin, dünyaya qayıtmağım var... Bakı, “Qanun” nəşriyyatı, 2006, səh. 229-230). Başqa sözlə, yerlə göylərin qan qohumluğunu yenidən təsdiq etməklə poeziyamıza yeni rəng çalarları gətirmişdir. Belə bədii tapıntılar şair İsa İsmayılzadə poeziyasında istənilən qədərdir.

Çox təəssüf ki, şairin poeziyasındakı yeni ifadə formaları bəzən birmənalı qarşılanmadı.

“Qatar sovet şairinin ömründən niyə keçməlidir?” Halbuki “Ömründən keçən qatar” şeirində poetik məntiq o qədər güclü, fikrin obrazlı ifadəsi o qədər incədir ki, hər hansı şübhəyə yer qalmır. Bu zərifliyi duyub qiymətləndirən şair Məmməd İsmayıl haqlı olaraq yazırdı:
“İnanıram ki, gənclərimiz “Ömründən keçən qatar”ın poetik “vaqon”larından məhəbbətlə keçəcəklər” (Bax. Yenə orada, səh.105)”

Ömrümdən bir qatar keçər həmişə,
“Bakı-Tbilisi”, “Tbilisi-Bakı”...
Ömrümü-günümü biçər həmişə,
Paylayar şəhərə, paylayar kəndə,
Paylayar kupeyə, paylayar yola,
Ayları, illəri heç salmaz, saya,
Tələsə-tələsə, fit çala-çala
Bir pay da göndərər Qarayazıya...

Əlbəttə, illərlə öz doğma el-obasına dönməyən, oraları yuxusunda belə görməyən kəslər “Ömrümdən keçən qatar” şeirindəki sətiraltı mənanı anlaya bilməz, onu ancaq “illərlə yolları ölçənlər” duyar!

“Mənə bu duyğuları çox görmə, ürək” – deyən İ.İsmayılzadə sözün həqiqi mənasında hisslər və duyğular şairi idi. Onun poeziyası ağlın və hissin məhsuludur. Buna görə həmin şeirləri tez “həzm” etmək xeyli çətindir. Çünki “şair söhbətə hisslərin, duyğuların alışdığımız, öyrəşdiyimiz məlum qatlarının, çalarlarının tükənən məqamından, bədii fikirlər qurtaran yerdən başlayır” (Bax. Arif Əmrahoğlu. “Bir şeir ömründə yaşaya biləm...” “Ədəbiyyat və incəsənət” 1991-ci il).

Ona görə də İ.İsmayılzadə poeziyasındakı şeriyyəti misraların səfindəki güclü məntiq və məna tutumunu duymaq üçün ona yeni baxış, yeni düşüncə tərzi ilə yanaşmaq gərəkdir.

Şairin yaradıcılığında müharibə mövzusuna da geniş yer verilmişdir. Bu da səbəbsiz deyildir. O, dünyaya Böyük Vətən müharibəsinin qanlı-qadalı illərində gəldi. Ömrünün sonlarında Xocalı faciəsini, torpaqlarımızın dörddə birinin işğalını gördü. Onsuz da paralanmış torpaqlarımız yenidən yaralandı. Bu yaralara məlhəm kimi “Haran ağrıyır, Vətən?” poeması və digər şeirləri yazıldı. Həmin əsərlərdə vətəndə gizlənən, vətəndən uzaqlara qaçan kəslər bədii sualların mühakiməsinə verilir:

Hara qaçırsan, Oğul?
Hara qaçırsan, vətən?
Sən qurtaran yedə ölüm başlayır,
Hara qaçırsan, vətən oğlu?

İ.İsmayılzadə təkcə sadə vətəndaşları yox, həm də vətənpərvərlik mövzusunda seyrək yazan digər qələm sahiblərini, hətta özünü belə sorğu-suallarla baş-başa qoyurdu. Şair müsahibələrinin birində deyirdi: “Bu saat torpaq dərdi, vətən dərdi mənəvi dünyamızın üstünü elə kölgələyib ki, başqa şeylər haqda, lap mütərəqqi məqamlar haqda da düşünə bilmirsən. Başqa cür də ola bilməz. Biz bu torpağın oğluyuq, bu torpağın üstündə durub ondan yazırıq... Torpaq da əldən gedəndən sonra...” Əlbəttə, torpaq da əldən gedəndən sonra mərsiyə yazmağın nə mənası var.

Vətən mövzusunda yazmaq İ.İsmayılzadənin təkcə şair vəzifəsi deyildir. Onun əsl almalı “Yurd yolunda ölməyin dilini öyrənmək” idi. Ayağının altında torpağı qaçan başının üstündə göyü oğurlanan, vətəni şəhid düşən bir şairin belə dərs almaq istəyi çox təbii və inandırıcıdır.

Sözün keşiyində qeyrətlə dayanan şair özünün dediyi kimi şeirləri qarşısında gözü kölgəli qalmadı. Çünki o bir çoxları kimi sözü yersiz səpələyib ucuzlaşdırmadı. Aylarla, illərlə sinəsində böyütdükdən sonra şeirə gətirirdi:

Keçim Qarayazı düzənliyindən...
Yəhərbel təpələr çıxsın qarşıma.
Gözümün önündə ilxıya dönsün
Dəli qulun kimi qışqıran səma
Gümüş qamçı ilə üstünə ensin.

Bütövlükdə şeirdə müvafiq sözlərdən, bədii təsvir və ifadə vasitələrindən ustalıqla istifadə edilib. Yəhər, ilxı, qulun, qamçı...
Bu sözlərdən birini yerindən tərpətsən və ya onu başqa bir sözlə əvəz etsən məntiqi ardıcıllıq pozular, şeir sınar.
Şair İ.İsmayılzadənin poeziyası təkcə sənətkarlıq yox, həm də didaktik baxımdan dəyərlidir. Onun şeir və poemaları, nəsr əsərləri gənc nəslin tərbiyəsində zəngin mənbədir. Özünün şəxsi həyatı vətənpərvərliyin canlı timsalıdır. Vətən havasına köklənmiş şeirlərində şairi tez-tez Qarayazıda doğmalar arasında görürük:

Mənim qibləgahım –
bir parça torpaq
Bir ulu Vətən,
bir qoca torpaq –
Mənim güvəndiyim dağlar ordadır.

Evimdə balaca Azərbaycan var –
Qarayazı – ünvan,
Borçalı – adı...

Oxucunun rast gəldiyi o ünvan, ad çox mətləblərdən xəbər verir. Şairin doğma yurduna, onun füsunkar təbiətinə vurğunluğu nəhayətsizdir:

Başımı qaldırıb, göylərə baxdım,
Gördüm bir səma var, doğma bir səma,
Gördüm bir günəş var, doğma bir günəş,
Mənim o günəşə qanım qaynayıb,
Yoxuşa, enişə qanım qaynayıb...

Göründüyü kimi, şeirdə heç bir pafos, tərənnüm yoxdur. Şair demir ki, “Vətən, səni mən çox sevirəm”. O deyir ki, “qanım qaynayıb”. Bəs niyə qanı qaynayır? Çünki o ünvan doğmadır, əzizdir. Ancaq doğmalara insanın qanı qaynayır. Başqa sözlə, şair xalqının danışıq dilini, onun müqəddəs andlar və frazeoloji birləşmələrini sərbəst şeirə gətirməklə oxucusunu yorulmağa qoymur, digər tərəfdən öz istək və arzularını yüksək sənət dili ilə ifadə etməyi bacarır.

Şair İ.İsmayılzadə vətəncanlı olduğu qədər, həm də övladcanlı, ata-ana qayğılı, bacı-qardaş istəkliydi. Onun valideynləri ilə görüş səhnə və xatirələri, bacısı Gülsəfaya məktubları, atası Mustafa kişinin adının nəvəsində yaşadılması, xalqımızın adət-ənənəsinin milli dünyagörüşünün parlaq görüntüləridir. Bu görüntülər gənc nəslə bir çox əxlaqi “fəzilətlər” təlqin edilir.
Önəmli tərəf odur ki, şairin poeziyasında əxlaqi hikmətlər bəzən israrla oxucuya çatdırılır. Məsələn, İslam dinində böyük günah hesab edilən qeybət Qurani-Kərimin (Hüməzə, 1, Hücərat, 12) ayələrində kəskin tənqid edilmişdir. Sonuncu mübarək ayədə belə buyrulur:
“...Qeybət etmək ölmüş din qardaşının ətini yemək kimidir. Ondan çəkinin”. Buna görə də şair qeybət edənləri və qeybətə qulaq asanları bu çirkin əməllərdən uzaq durmağa çağırır:

Yalvarıram sizə,
Mən gedəndən sonra “qeybət daşını”
Bir qara daş kimi atın dənizə,
Dalğıclar yığılsa –
Tapa bilməsin
İlişməsin ayağına bir kəsin.

Şair İ.İsmayılzadə dünyaya hamı kimi gəlsə də hamı kimi yaşamadı. Gödək ömür yaşasa da, uzunömürlü əsərlər qoyub getdi. Şeirləri kimi Vətən üçün darıxan şair ömür adlı yolun yay fəslində çox sevdiyi, hüsnünə poetik libas bişdiyi doğma yurduna döndü... Dünyasını dəyişmiş əzizləri yanında əbədiyyətə qovuşdu. Bəli, qovuşdu, ölmədi. Ölüm qarşısında ölümsüzlük heykəlinə dönüb Qarayazı torpağında bitdi. Dünyaya yenidən qayıtmaq üçün...

Fərhad Xubanlı, professor
MANERA.AZ


Baxış sayı - 1 977 | Yüklənmə tarixi: 15.03.2016 15:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031