Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin informasiya texnologiyaları sahəsində beynəlxalq təhsil proqramları üzrə növbəti məzun günü keçirilib. Tədbirdə universitet rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, tərəfdaş təşkilatların rəhbərləri, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər. Tədbirin açılışında çıxış edən təşkilatçılar bildiriblər ki, bu məzun günü AzMİU-da rəqəmsal transformasiya, innovativ təhsil yanaşmaları və tələbələrin beynəlxalq sertifikasiya imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin növbəti uğurlu nəticəsidir. Qeyd olunub ki, universitet rəhbərliyinin dəstəyi ilə tələbələr informasiya texnologiyaları, iqtisadiyyat, memarlıq və dizayn istiqamətləri üzrə müxtəlif beynəlxalq sertifikat proqramlarında iştirak etmək imkanı qazanırlar.
Mərasimdə vurğulanıb ki, AzMİU-da tələbə və əməkdaşların rəqəmsal səriştələrinin artırılması məqsədilə “Rəqəmsal bacarıqlar” sertifikasiya proqramı, “Süni intellekt alətlərindən səmərəli istifadə” silsilə təlimləri, eləcə də xanım tələbələr üçün “AI for Her” GenAI bootcampı kimi layihələr uğurla icra olunur. Hazırda müxtəlif istiqamətlər üzrə aktiv tədris proqramlarına 1200-dən artıq müraciət qeydə alınıb.
Tədbirdə AzMİU-nun rektoru Gülçöhrə Məmmədova çıxış edərək universitetdə tələbəyönümlü mühitin formalaşdırılmasının, gənclərin əmək bazarına uyğun müasir bilik və bacarıqlarla hazırlanmasının prioritet istiqamətlərdən biri olduğunu bildirib. Rektor rəqəmsal dövrün çağırışlarına cavab verən bu cür təşəbbüslərin universitetin inkişaf strategiyasında mühüm yer tutduğunu qeyd edib.
Sonra AzMİU rektorunun müşaviri Sərxan Talıbzadə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Vurğun Hacıyev, Holberton School Azerbaijan icraçı direktoru Şəmsi Bayramzadə və AzMİU-nun Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Mərasim çərçivəsində tələbələrin hazırladıqları final layihələri də təqdim olunub. Təqdim edilən “UniEvents” və “MedSearch” layihələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bildirilib ki, bu cür layihələr tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirdiyini, onların komanda işi, analitik düşüncə və real problem həlli vərdişlərini inkişaf etdirdiyini göstərir.
Tədbirin sonunda proqramı uğurla başa vuran məzunlara sertifikatlar təqdim olunub. Həmçinin tədris müddətində fəallığı ilə seçilən bir qrup tələbə xüsusi təşəkkürnamələrlə təltif edilib.
Qeyd edək ki, AzMİU-da informasiya texnologiyaları və süni intellekt istiqamətində həyata keçirilən bu kimi layihələr universitetin innovativ inkişaf modelinin mühüm tərkib hissəsidir və tələbələrin rəqabətqabiliyyətli kadr kimi formalaşmasına xidmət edir.
Baxış sayı - 14 |
Yüklənmə tarixi: 21.04.2026 18:21