manera.az
manera.az

Dərdini Tanrılı yazıya denən - Nicat Hunalpın şeirləri

📅 17.02.2026 11:37

Dərdini Tanrılı yazıya denən - Nicat Hunalpın şeirləri
Nicat Hunalpın təqdim olunan şeirləri onun təkcə duyğulu deyil, həm də və milli kökə söykənən bir şair olduğunu göstərir. Mingəçevir ədəbi mühitinin yetirməsi kimi o, sözə məsuliyyətlə yanaşır, ənənə ilə müasir duyumu birləşdirə bilir. Bu şeirlər əsasında demək olar ki, Nicatın yolu artıq öz poetik istiqamətini tapmış gənc qələm sahibinin yoludur.

“Söykən çomağına, eloğlu” şeirində şair köçərilik ruhunu, çöl mədəniyyətini, çoban həyatının fəlsəfəsini poetik kodlara çevirir. Çomaq burada sadəcə dayaq olmaqla yanaşı, həm də kimlik, yaddaş və dirəniş rəmzidir. “Dəyirman yuxular, unlu yuxular” kimi obrazlar xalq təfəkküründən süzülüb gələn ifadələrdir və şairin dili ilə yenidən canlanır. Bu şeir göstərir ki, Nicat milli ruhu qoruyaraq onu çağdaş poetik forma ilə təqdim etməyi bacarır.

“Qara çadır dastanı” şeirində Oğuz mifologiyasına, Dədə Qorqud dünyasına istinad edən şair tarixlə polemikaya girir. Alp Aruz obrazı üzərindən həm taleyin yazısı, həm də xalqın faciəvi bölünməsi poetik dillə ifadə olunur. Bu, gənc yaşda böyük mövzulara müraciət etmək deyərdim ki, cəsarətli addımdır. Nicat burada təkcə şair kimi yox, həm də düşünən, sorğulayan bir vətəndaşdır.

“Bayquş kədəri” və “Ölüm kədərliydi o axşam çağı” şeirlərində isə fərdi ağrı ön plana keçir. Xüsusilə sonuncu şeirdə ölüm mövzusu çox təbii və təsirli təsvir olunur. Məişət detallarının – saatın, şalın, qayçının, siqaretin – poetik mətnə daxil edilməsi itkini daha real və sarsıdıcı edir. “Adam nənədən də yetim qalarmış” misrası isə yadda qalan, oxucunun içində iz buraxan səmimi etirafdır.

Bu şeirlər Nicat Hunalpın poetik üfüqünün geniş olduğunu göstərir. O, həm epik nəfəsə, həm lirizmə, həm də fəlsəfi dərinliyə malikdir. Ən önəmlisi isə odur ki, onun səsi imitasiya deyil – özünəməxsusdur. Bu özünəməxsusluq qorunduğu və zəhmətlə cilalandığı halda Nicat Hunalp əminəm ki, Azərbaycan ədəbiyyatında öz möhkəm yerini tuta biləcəkdir.

Ona uğurlu yol arzulayarkən bir daha deyərdim: söykəndiyi çomaq möhkəm, yazdığı söz isə uzunömürlü olsun. Çünki istedad var – indi bu istedadın davamlı zəhmət və böyük ədəbiyyat sevgisi ilə daha da püxtələşməsi zaman məsələsidir.

Tural ADIŞİRİN
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin
"Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi


______________________________

NİCAT HUNALPIN ŞEİRLƏRİ...

Söykən çomağına eloğlu

Taleyin yazılıb bu çölə, düzə,
Bəxtin dəyənəyə, çomağa düşüb
Hay- haray salmısan köçü Arana,
Gah yolun yaylağa, gah dağa düşüb

Söykən çomağına , söykən eloğlu,
Quşgözü seyr elə bu çölü - düzü
Görən kim ağladıb bu buludları,
Göyün ayağını yerdən kim üzüb

Səni də sabaha tez çıxaracaq ,
Qoyunlu yuxular, yunlu yuxular
Hələki üyüdür dərdimizidə,
Dəyirman yuxular, unlu yuxular

Bu qaşqa təkələr, bu azman qoçlar,
Hələ ac saxlamaz tox saxlar bizi
Birdən göy otlara yuxu satarıq,
Çəpişlər, quzular sorağlar bizi

Uzat ayağını bu çöl düzündə,
Birazca ayağın dinc qalsın belə
Çomağ qorxusu var qoynun canında,
Ölmək qorxusu var gözündə hələ

Söykən çomağına, söykən eloğlu,
Dərdini qoyuna - quzuya denən
Dişinin dibində sıx - saxla hələ,
Dərdini Tanrılı yazıya denən

Ovut kədərini çöllərdə ovut,
Qurut köynəyini buludun üstə
Açıb qollarını göylərə sarı,
Uzan bu Tanrılı göy otun üstə,
Söykən çomağına, söykən eloğlu
Dayan bu qarğıdan boz atın üstə,
Söykən çomağına, söykən eloğlu

Qara çadır dastanı

Bu qara çadır mənə borc olsun dedi Alp Aruz

Gəlmişəm sözümü dinlə ay dədə,
Min ildir ruhumda gör nələr yatır
Oğuzun başına bəla gətirdi,
O qara qovurma, o qara çadır

Buyruğu beləydi Bayandur xanın,
Üç çadır qurulsun ağ, qızıl, qara
Ağrısı getməyib həmin yurtanın,
O çadır Oğuzun qəlbində yara

Küsəndə obadan,eldən Alp Aruz,
Dış Oğuz, İç Oğuz oldular düşman
Alma tək içindən oyuldu Oğuz,
Axırda Oğuzu tutdu həmin qan

Həmin qan Oğuzu yuxuya verdi,
Həmin qan Oğuzu daşa çevirdi
Tanrı qara yazdı bəxtin Oğuzun ,
Tanrı baharını qışa çevirdi

İndi haqqı deyim, mən haqqı Dədə,
Tutalım kökümüz lap qurddan gəlir
Bizim başımıza gələn bəlalar,
Elə sən Dədəmiz Qorquddan gəlir

Tanrı yazmayırmı taleyi, bəxti?
Tanrı vermir məgər oğulu- qızı?
Bəs niyə sındırdı bəy qürurunu,
Ulu xan babamız o Alp Aruzun

Tutdu gözümüzü o qarğış, o ah,
Babamız etdiyi səhv tutdu bizi
Neçə il ulu xalq, bəy xalq , sultan xalq,
Deyə - deyə babam ovutdun bizi

Züryətsiz olmağı günahı deyil,
Tanrının Aruza yazan yazıydı
O vaxtdan bu yurdda bütün sonsuzlar,
Talecə , qismətcə Alp Aruzuydu

Olarda qınandı eldə, obada ,
Oğulsuz dedilər qızsız dedilər
Toya çağırmayın uğursuzluqdu,
Sən Allah yan elə, sonsuz dedilər

İçində göynədi yarası Dədəm,
Kimsə nə çəkirdi Aruz ,bilmədi
Uçmağa vardıda , qəbridə itdi,
Qara çadırdakı Aruz ölmədi

Daşıdı içində sonsuzluq dərdin,
Min ildir yerində daşlaşıb qalır
Baybican, Bəybura, Qılbaş , Alp Aruz,
O qara qovurma ,o qara çadır

Bayquş kədəri

Həmin yay gecəsi dərd üstəmiydi?
Dərdini danışsın deyə gəlmişdi
İlahi, gilənar budağı üstə,
Oturan, o bayquş nəyə gəlmişdi?

Taleyin əlində başı qovğada ,
Nə yeri verdilər, nə göyü ona
Xaraba yerlərə yazıldı bəxti,
Tanrıda qıymadı bir öyü ona

O gün nə düşmüşdü yadına görən,
Yarasın beləcə nə tərpətmişdi?
Gecənin yarısı dərdin bölməyə,
Qapımı bayquşa kim göstərmişdi?

Tanrı qonağıydı , Tanrı qonağı,
O bayquş görəsən nəyə gəlmişdi,
Bir kəlmə demədi, heç danışmadı,
Bəlkə də , Tanrıydı hələ kim bilir?
Öldümmü? , sağammı ? deyə gəlmişdi

Ölüm kədərliydi o axşam çağı

Ölüm kədərliydi o axşam çağı ,
Ölüm qoxuyurdu evin hər yanı
Atamın saatı ,anamın şalı,
Babam tüstülədən son siqarıda ,
Nənəm düyünçəyə yığıb aparıb

Ölüm kədərliydi o axşam çağı,
Gecənin ən yalqız, ən kürən vaxtı
Nənəm hazırlaşır burdan köçməyə
Xalam gözlərini divara dikmiş,
Anam qayçı gəzir kəfən biçməyə

Ölüm kədərliydi o axşam çağı ,
Hələ onda bildim otuz yaşımda ,
Adam nənədən də yetim qalarmış
Hələ də gözümün önündən getmir,
Taleyin üzünə çəkdiyi qırış

Ölüm kədərliydi o axşam çağı
Sən getdin saçından düşən bircə tel,
Yorğanın üstündə evsiz üşüyür,
Sən getdin bir yolluq pəncərəndə gül,
Otağın darıxıb sənsiz üşüyür

Ölüm kədərliydi o axşam çağı,
Boynuma asdığım kərgədan dişi,
Fikrimdə yas tutub sənə bir şaman,
Diksindim gördüm ki, papaqlı kişi,
Məzarın üstündə oxuyur Quran

Ölüm kədərliydi o axşam çağı,
Tənha məzarlığın ən axırında ,
Özümlə danışdım başdaşın üstə
Sənə gətirdiyim nərgizgülünün,
Solan çiçəkləri məzarın üstə
Ruhumu bürüyüb qaranlıq kölgə,
Yorğun addımlarım yol alır öyə
Gecələr ölülər danışır bəlkə,
Şəkillər daşlardan baxırlar göyə


Baxış sayı - 674 | Yüklənmə tarixi: 17.02.2026 11:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031