Sahibsiz ev - Əzizə Cəfərzadənin hekayəsi

MANERA.AZ Xalq yazıçısı Əzizə Cəfərzadənin "Sahibsiz ev" hekayəsini təqdim edir.
Gəlin günəş altında bir kölgə səssizliyi ilə uzaqlaşdı. Mən də, müsahibim də onun ardınca baxa-baxa durmuşduq. Mən anlaşılmaz bir hissin təsiri ilə təəccüb və maraqla, müsahibim isə gəlini tanıdığı, onun həyatına məndən yaxşı bələd olduğu üçün anlamadığım təəssüf qarışıq dərin bir kədər hissi ilə! Hər ikimiz qızmar günəş altında durduğumuzu unudub, əllərimizi hayil etmədiyimizdən gözlərimizi qıyıb baxırdıq.
— Onun haqqında mənə danışın.
Müsahibim nazik qaşlarını baş-başa çataraq dedi:
— Mən nə bilirəm ki, nə də danışım! Kəndin gəlini, qızı azdı? Sən niyə bundan yazmaq istəyirsən?
Nərgiz bacı nə qədər sərt danışsa da, onun sözlərində məni maraqlandıran, kəndə gələndən bəri nəzərimi cəlb edən o qəribə qıza bir mehribanlıq, dərin, anlaşılmaz bir ehtiram duyurdum. Qəribədir, elə məni də maraqlandıran müsahibimin bu anlaşılmaz münasibəti idi. Əgər mən Nərgiz bacını yaxşı tanısaydım, bəlkə də təəccüb etməzdim. Amma iş bunda idi ki, mən heç Nərgiz bacının özünü də yaxşı tanımırdım. Bircə bunu bilirdim ki, Nərgiz bacı kəndin, rayonun tanınmış adamlarındandır. Bir aləm söz bilən sinədəftərdir. Tuğay adlı bircə oğlunu müharibədən bəri təkbaşına böyüdüb oxutmuşdur.
Tuğay indi kolxozda zootexnik işləyir. Onu da eşitmişdim ki, Nərgiz bacı uzun illərdir kənd soveti sədri vəzifəsində çalışır; deyəsən, müharibə illəri və ondan sonrakı bir neçə ili də kolxoz sədri olub. Sonra cəbhədən qayıdan əlli-ayaqlı cavanlardan birinin sədr seçilməsinə özü çalışıb, camaat isə onu kənd soveti sədri vəzifəsində güclə saxlayıb. Bildiyim bundan ibarət idi. Ona görə də bu qabaqcıl fikirli, böyük həyat təcrübəsi olan qadının o qız haqqında sərt danışması məni çox təəccübləndirmişdi.
Biz danışa-danışa Nərgiz bacının evinə gəlib çıxmışdıq.
Səliqəli, alçaq hasarı olan həyətin darvazası önündə bizi qarayanız bir qarı saxladı:
— Haçan bekar olarsan, a Nərgiz, biz də bir dərdimizdən-çorumuzdan sənə danışaq.
Mən dərhal qarını tanıdım. Bu, dünən kənd soveti idarəsinə şikayətə gələn Xəndan qarı idi. Daima hamını qayğı ilə dinləyən Nərgiz bacı nədənsə indi deyinməyə başladı:
— Mən şikayətə idarədə baxıram, evdə kənd soveti sədri deyiləm ki, dərdini mənə deyəsən. Bir də sənin nə dərdin var axı, ye, iç, hökumətdən pensiyanı al, kefini elə...
— Boy, bu nə sözdür, ağrın alım; evdə İspalxum olmayanda nə olar, qonşumsan ki... Vallah, məni qınama, ağız, bir ağlaşmalıq dərdim var, deyərəm sənə, ürəyim boşalar...
Nərgiz bacı gülümsədi:
— Neynək, təki ölən olmasın, get, özün kimisi varsa tap, yığılın arxın başına, deyin gəlindən — ağlaşın...
Xəndan arvad ya Nərgiz bacının sözlərindəki istehzanı başa düşmədi, ya fərqinə varmadı, nə idisə, əlini gözünün üstünə tutub uzaqlara, kəndin aşağısındakı pambıq tarlalarına tərəf baxdı, həsrət duyulan bir səslə Nərgiz bacıya dedi:
— Salehəni gördüm, indicə burdan gedirdi, pambığa...
Deyirəm nə olaydı qismət olaydı, ocağımın başında bir belə can əyləşə idi... Amma neynəyəsən ki, imam Hüseynə su qəhət olan kimi, ona da ər çörəyi qismət deyil. Nərgiz bacı yenə də ağır-ağır dilləndi:
— Salehəynən nə işin var axı. Sözün var, öz sözünü danış. Xalxın dərdi sənə qalmayıb ki, ay arvad.
— Vallah, istədiyimdən deyirəm. Allah yazığı xoşbəxt edəydi, gedənnər gələydi, ya nəsib, ya qismət.
Müharibədən uzun illər keçməsinə baxmayaraq, hər dəfə qocaların dilindən eşitdiyim bu “gedənlər gəlsin” sözü məni titrətdi. Maraqlandığım Salehə haqqında Xəndandan bir söz eşidə bilim deyə diqqətlə ona qulaq asmağa başladım. Lakin qarı ayrı mövzuya keçdi.
— Gəlin belə olar da... Yoxsa mənimki kimi... Vallah gəlin döyü, nağaradı nağara! Səhərdən axşamaçan dınq-dınq dınqıldayır. Deyirəm ona, ay rəhmətliyin qız nəvəsi, gey bezi, gəz düzü; daha nə sovxaşmısan canıma! Yox, Sadayın itkin canıyçın, o gün ağlım başımdan çıxmışdı, caynaqlarımı ovcuma batırıb, ağrımın acısını udmuşam, gəlin olan bəndə, tövbə... yanıma da gəlmədi, uşaqlar ağlaşır; ay nənə öldü, vay nənə öldü. Biri deyir cınağın ov, biri deyir qarısın boğ!.. Mənimki də vurub özünü azarlığa, onda əgəm azar varsa, mənə gəlsin; yalandan özün faqqılığa vurub, ağız! Görmürsən beş yuxanı birdən səyirdir... Allah mənə qismət eləsəydi, bir beləsin alardım. Yox, harda idi məndə o bəxt!
Nərgiz bacı, imkan tapıb qarının sözünü kəsdi, qəzəblə dedi:
— Alaydın da, kim əlinin qabağına əl tutmuşdu? Subay-salıq, daha nə istəyirdin?! Alaydın oğluna, olaydı sən deyən...
Arvada elə bil od vurdular, sanki bircə bunu gözləmirdi:
— Bildim bəyəm! Xəbəri oldu mən ölmüşün? Hindiki zamanda oğullar öylənəndə analar axırda xəbər tutur. Özləri tutuşandan, alışıb-verişəndən sonra yalandan saqqalımıza soğan doğrayırlar, korun gözündən yaylıq asırlar ki, nə var, nə var, ana, gəl məni öyləndir... Sonra da belə bədasılın biri gəlir ürcah olur yaxama. Kafər ocağının başında otursun onu. Di gəl Xəndan arvad, bacar bunuynan... Onnan Allah bacarmaz, Allah ona verdiyi canı ala bilmir, mən
onuynan necə bacarım?
Nərgiz bacı qarının sözünü xırp kəsdi:
— Necə qıyırsan, ay yolsuz, o cür cavan gəlinə elə deyirsən? Atalar deyib “Gəlin gəlin deyil, düşdüyü yer gəlindi”.
Elə oğlun da, gəlinin də səndəkini yaxşı bilir. O dil ki, səndə var... Heç göydən enən mələknən də yola getməzsən, hayıf deyildi o qız? Yaxşı ki, sənin qapına qismət olmayıb, necə deyərlər: Allah üzünə baxıb, sənin ocağının qırağında oturmayıb. Yoxsa onu da alabaydaq eləmişdin... Onun heç ölüsünü də sənə verməzdim.
Son cümləni Nərgiz bacı, artıq bizdən uzaqlaşmış qarının qarasınca, dişləri arasında, kəskin bir qəzəblə dedi. Sonra mənə tərəf döndü, birdən-birə gözləmədiyim halda, yumşaq səslə danışmağa başladı:
— Bilirsən, bala, incimə məndən. Bilirəm o qız haqqında oçerk də, lap elə qalın kitab da yazılmağa layiqdir. Amma bu elə ağır bir dərdi mənim yadıma salır ki... yadıma salır deyəndə, yəni heç yadımdan çıxmır. Bu elə göz dağıdır ki... Gözümüzün qabağında dolanan o gəlin — qız (belə deməyimə təəccüb eləmə, onun elə bir üzü qız, bir üzü gəlindi), kənd camaatının sinəsində ağır yaradır; üstü köz bağlasa da, sızıldayan yaradır. Haqqında necə danışacağımı da bilmirəm. Elə bil hər dəfə bu barədə danışanda həmin ağır yaranın közünü qopardıram. Kənd camaatının elə hamısı mənim kimidi, heç kəs ona ürəyi ağrımadan baxa bilmir. Heç kəs bu barədə danışmır, heç kəs ondan bir söz soruşmur, heç kəs ona elçi getmir. Elə bilirsən gözəl deyil... Yox, elə gözəldir ki, daşlarımızın xınalı kəkliyindən qalmaz. Birdən elə düşünərsən ki, bəlkə namussuz bir iş tutub, ona görə yaxın durmurlar... Ah, Allah eləməsin, batan gündə, doğan ayda ləkə var, onda yoxdur! Yoxsa deyərsən ki, işsiz-gücsüzdür... bu da deyil; onun əlindən elə işlər gəlir ki,… bir gəlin kimi iynəli-saplı, şirəli-şəftəli. Gözəl palazlar toxuyur ki, göydə gedən quşların şəklini üstünə salır... Tarlada işləməyini də bayaq gördün, iki kişiyə bərabərdir... Hər il kolxozda ondan çox əməkgün qazanan olmur. Pambığın lap anasıdı...
Bunlar heç biri deyil, bala, onun dərdi dünya boydadı... Bilirəm, əl çəkən deyilsən, qulaq as, danışım. Elə təkcə işini görməyin bəs deyil, gərək tərcümeyi-halını da öyrənəsən. Sənin kimi cavan qəzet müxbirləri yanıma vaxtında çox gəlib, hər şeyi bilməyə çalışırsınız. Elə bilsəniz yaxşıdı. Nə isə, söhbətim uzansa, bir az səliqəsiz, baş-ayaq çıxsa, məni bağışla, oğul, mən bu hadisədən həyəcansız danışa bilmirəm. Əvvəl gərək özümdən başlayam. Otuz ikinci ildə qış gecələrindən birində bibimgildə qalmışdıq, bir mən, bir də qardaşım Saday. Səhərə yavuq kənddə bir qıyqışqırıq qopdu, bir çaxnaşma düşdü ki, hamımız yuxudan oyandıq. Bibim də, bibimin əri də harasa yüyürüb getdi, çölə qaçdıq; camaatdan da əli bel-kürək tutan, silahı olan üzüaşağı, bizim evimizə tərəf cumurdu. Biz də, bacı-qardaş, alaqaranlıqda evə tərəf qaçdıq, atışma artıq kəsilmişdi. Amma camaat evimizi halaylamışdı. Bibimin oxşama səsi “can qardaş, vay qardaş” naləsi kəndi başına götürmüşdü. İçəri girəndə atamı da, anamı da qanına bulaşmış gördüm. Atam onda kənd sovetinin katibi idi. Qolçomaqlar onun əlindən yanıqlı idilər. Kim isə gecəynən evimizə basqın edib atamı-anamı öldürmüşdü. O kolxozlaşma illərində belə işlər tez-tez baş verirdi. Özün də oxumuş olarsan, qolçomaqlar o illərdə asan təslim olmurdu, sovet işçilərini əllərinə düşəndə sağ buraxmırdılar.
Bibimin övladı olmurdu deyin, bizi çox istəyirdi; elə sağ qalmağımız da bibimin bizi çox istəməsindən olmuşdu. O gecə bizi evində saxlamasa idi, biz də ata-anamız kimi qolçomaq gülləsinə qurban olacaqdıq. Bibim məni də, qardaşımı da öz evinə apardı, hər ikimizi oxutdu, kənd məktəbində az-çox savad aldıq, “Yetim böyüyər, yamanlıq Əzrayıla qalar” deyiblər. Biz də böyüdük. Mən otuz doqquzuncu ildə bibimin qoşduğu cer-cehiz və xeyir-duası ilə
ər evinə köçdüm. Ərim kolxozda briqadir idi. Çox mehriban adamdı. Qırxıncı ildə, həmin sən gördüyün oğlum dünyaya gəldi. Ərim bircə qardaşımın könlü xoş olmaq üçün dedi ki, Saday, balaca bacıoğluynan sənin adın tutaş olsun deyin, gəlsənə adını Tuğay qoyaq? Saday da razılaşdı, mən də.
Sadayım da daha böyümüşdü. Görməli bir oğlan olmuşdu, həm kolxozda işləyir, həm də axşamlar köhnə ata evimizin yerində yeznə-qayın çalışıb özünə ev tikirdi. Uçulub dağılmaqda olan tövləni, həyəti sahmana salırdı. Mən də, ərim də Sadayı evləndirmək, baş-göz etmək fikrinə düşmüşdük. Qardaşımın uca boyuna, kəndin qocaları demişkən, kazak sayağı at minməsinə baxmaqdan doymurdum. Gözaltı qızları gözdən keçirir: “Qardaşım bu nazlı sonaların hansını bəyənir, görəsən? Bircə quş olub ürəyinə girəydim, qəlbindəkin bileydim” deyirdim. Bu vaxt mənə xəbər verdilər ki, qız niyə axtarırsan, qardaşın Salehəni gözaltılayıb, hər ikisinin meyli bir-birinədi. Elə bunu eşidən kimi özümü dünyanın ən bəxtəvəri sandım. Su sonası Salehə kimi qızı kim istəməzdi?! “Can, ay qardaş, — dedim, — ağlına, ürəyinə qurban olum. Lap ürəyimdəndi, durnanın gözündən vuran gözlərinin dərdi mənə gəlsin.
Qardaş, nə sərrast gözün varmış, gözəllərdə gözəl, işdi-güclülərdə ən yaxşısın seçmisən!.. Adınız da tutaş gəlir Saday — Salehə. Qardaşımdan soruşdum, dodaqaltı gülümsədi, başını aşağı dikməsindən, qız kimi həyalı-həyalı qızarmasından başa düşdüm ki, elə doğrudur. Gecəynən əhvalatı ərimə də açdım. O da razı qaldı. “Taylı tayın tapar, atlaz babı”, yaxşı oldu, Nərgiz dedi.
Nə başını ağrıdım, oğul, nişan qoyduq, bir al alın kəlağayısı, bir də anamdan qalma yaqut qaşlı qızıl bir üzüyümüz vardı, onu apardıq. Qırx birinci ilin mayında hər şeyimiz hazır idi. Salehənin dədəsi məktəbimizdə müəllim işləyirdi, canlara dəyən adam idi. Dedi ki, “qoy” məktəblərdə dərslər qurtarsın, sonra toyu edək, yoxsa sizin dəbi bilirəm, üç gün aşığa nağıl dedirtdirəcəksiniz, dərs yaddan çıxacaq”.
Ömrümdə birinci dəfə idi ki, ağbaşlılıq edirdim, özü də lap əslisindən elədim. Aşıq Şamılı gətirtdim, bütün obanı toya çağırdım. Qonşu kəndlərə atlı saldırdım, xəbər elədim! Sonra lap qədim adətimizcə çoban Səmədin əlinə bir yaba verdim, qardaşımın qapısında qalanan ocaqların altında yandırmaq üçün yabanın başına bir şələ qaramığ keçirib, üzünə al duvaq saldım. Zurna-balaban çaldıra-çaldıra qabaqda qaramıx aparan Səməd, dalınca da çalanlar, tökülüşüb Salehəgilin qapısına yollandıq. Elə bu dəmdə, dilim ağzımda quruyub damağıma yapışdı, kənd soveti qapısına yığışan atlıları bayaqdan toya gələn qonaq hesab etmişdim, sən demə dava başlayıbmış...
...Dünyanın qara günü başlandı. Qardaşıma üç gün möhlət vermək istədilər, özüm də başa düşdüm ki, arzu-kamsız getməsinə qıymırdılar. Amma Sadayım özü razı olmadı, bircə bunu dedi: “Bacı, necə razı olarsan ki, xalxın qızı bədbəxt olsun? Tez gələrəm, yenə mənimdi, gəlmərəmsə, bədbəxt olmaz”. Gözümün yaşı üzümü yandırdı; ərim də qardaşım da, Salehənin atası da elə o gecə getdilər.
Kolxozdan kişi işçi qüvvəsi getmişdi; qalan arvad-uşaq idi, bir də qocalar... Mən əvvəl günlər ərimin əvəzinə briqadir oldum, sonra iclaslardan birində camaat yığılıb məni sədr seçdi. Razılıq vermirdim, deyirdim, — apara bilmərəm, canım, bu boyda kolxozun işi zarafat deyil. Qoyun kişilərdən, Dənyar babadan-zaddan biri olsun.
Dedilər ki, yox, Nərgiz, sən bizim kəndin rayon mərkəzindən uzaq olduğunu yaxşı bilirsən, qoca kişidə at minmək, sahələri gəzmək, iclasa, iş dalınca getməyə güc hanı? Bir də ki, savadı, yazı-pozusu yoxdur.
Razılaşdırdılar. İşlədim, adımı da “Nər qız” qoydular. O illərin acısı indi də heç kimin yadından çıxmayıb. Gəlinlər, qızlar yer suvardılar, bənd bağladılar. Görmədikləri iş qalmadı. Əsgərlərə corab toxuyan nənələr, hətta indicə üzünə deyindiyim Xəndan arvad da o ağır günlərdə kolxozumuzun adına tank qayırtdırıb cəbhəyə göndərmək üçün dür-düyünçələrində nə vardısa, verdilər. Salehənin barmağından anamın yadigar üzüyü də onda çıxdı.
Salehə az danışan qız idi, mənim yanıma qısılıb işlədiyi günlərdə də dodağından bir kəlməni güclə eşidərdik. Onda hələ mən briqadir idim, o da manqabaşçısı. Sonra mən sədr olanda Salehəni briqadir qoyduq. Əl-ələ verib işləyirdik. Hərdən gecə yarıyadək, bəzən də ilk xoruz banına kimi kolxoz idarəsində otururduq. Bu ağır günlərdə o qədər işim olurdu ki, Tuğayım da yadımdan çıxırdı. Çörək-xörək bişirməyə də əlim çatmırdı. Salehə arabir bizə gəlir, mənə ev işlərində də kömək edirdi. Sadayımın nakam gəlini mənə gəlinlik eləyirdi.
Bir gün Salehəynən idarədə gecəyarıyacan oturduq. İşdən başım ayazıyanda dedim:
— Salehə, gözümün işığı, nə vaxtdı dədəm oğlu qardaşımın evi elə qalıb. Yəqin indi toz basıb. Getdiyi yolların qadasın aldığım, o dam-daşın, hər kərpicin, hər daşın bir arzuynan qoyub. Macal da tapmıram ki, gedim bir yır-yığış eləyim. Bu açarı verim sənə, vaxtın olanda bir dəy...
İndi də özümə bunu bağışlaya bilmirəm ki, nə üçün o qıza açarı verdim. O oldu, bu oldu, daha Salehədən açarı ala bilmədim. Nə üzüm gəldi, nə dilim vardı... Müharibə qurtardı... Sağ qalan qayıtdı. Ərimlə Salehənin atasının qara kağızını aldıq, gözümüzü yollardan yığdıq, Sadayın isə nə öldüsü bilindi, nə qaldısı; heç itkin kağızını da almadıq. Harda bir qardaşlıq məzarı gördüm, harda bir adsız əsgərə heykəl qoyulduğunu eşitdim, Sadayım yadıma
düşdü, ürəyim köz üstə düşmüş quyruq kimi əridi, zədən-zədən oldu, tüstüm təpəmdən çıxdı. Bəzən qarasına deyinirdim: “Can qardaş, niyə razı olmadın? Niyə üçcə günü mənə qıymadın? Bəlkə indi oğuldan-qızdan bir nişanan qalardı. Al duvaqlı gəlinini gözü yaşlı, göz dustağı qoydun”.
...Ara sakitləşəndən sonra Salehəyə elçi elçi üstündən gəldi. Qız birinə də getmədi, birinə də göz ucuynan baxmadı. Əvvəllər onun belə vəfalılığı xoşuma gəlirdi, ürəyimdən idi, ümid eləyirdim ki, bəlkə qardaşım əsir olub, bəlkə itkin düşüb. Sorağı çıxan az olmadı ki!.. Bu yandan da hər yerə səs yayıldı ki, Salehə Sadaya görə elçiləri rədd eləyir, yəqin o vədə aralarında bir şey varmış. Bunu da yayan elə Xəndan arvad kimi sözgəzdirənlər, əli Salehədən çıxanlar, elçisi qaytarılanlar oldu... Amma ağlı olan bu böhtana inanmadı. Günün birində Salehənin anası yanıma gəldi. “Nərgiz bacı, dedi, necə razı olursan ki, balam bədbəxt olsun? Oturduğu bəs deyil? Səni çox istəyir, bəlkə səndən çəkinir. Balamı danla, dilə tut, bəlkə bu istəyənlərin birinə hə desin.
Sənin də qardaşın qayıdar, Allah qoysa, nə çoxdu eldə qız! Vallah, Salehədən də yaxşısını özüm toy eləyib ona alaram...” Dedim, mən nəyin günahkarıyam, Gülzada? Özümün də dərdim az deyil, qardaşım qayıdan olsaydı, qayıdanlarla gəlmişdi. Qaldı Salehə... Elə mən özüm də onun xoşbəxtliyini istəyirəm. “Tuğayın xoşbəxt olsun, dedi, Nərgiz bacı! Balamı sən yola gətirə bilsən gətirmisən, gətirə bilməsən, qız qarıyacaq, bədbəxt olub gedəcək...” Dedim, Gülzada, indiki cavanlar bizdən çox ağıllıdı, bizdən çox gözü açıqdırlar, bacım, əlimdən gələni elərəm, amma məndən incimə!.. “Nə
danışırsan, Nərgiz bacı, dedi, dərdin mənə! Məgər mənim ürəyim daşdandı? Qismət olmadı ki, gözün dolusu görəsən... Bilirəm ona “get” demək sənə necə ağırdı, amma əlacım yoxdu”. Salehənin anası getdi. Məsəl var, deyərlər “Əri döymüş arvadı it də qapdı bu yandan”. Dərdim birə beş artdı. Axşam Salehə idarəyə gəldi, başqa briqadirlər kimi, səhərə tapşırıq alıb getmək istəyəndə onu saxladım.
— Salehə, — dedim, — bizimki belə gəlibmiş, dünyada dava salanları didərgin düşsün, niyə ananın sözünə baxmırsan? İstəyənlərdən birinə getmirsən?..
Susdu, qəmli gözlərini üzümə dikib durdu.
— Niyə cavab vermirsən? — dedim. Mən Sadayın anası əvəzi bacısıyam, özüm sənə izin verirəm. Boğazım qəhərlənməsin deyin əlimi hulqumuma atdım.
Qız, dik gözlərimin içinə baxıb dilləndi:
— Sən gedərsən? Anam gedər?
Heyrətlə üzünə baxdım.
— Biz ayrı, bizim işimiz başqadı, uşaqlarımız var, külfət sahibiyik, bizə baxma, dedim.
— Niyə ki? Üç-dörd uşağıyla ərə gedən arvad azdır? Bəs niyə bircə Tuğayla cavan canını çürüdürsən?
Bu susqun qızdan eşitdiyim bu qətiyyətli sözlər qərarının möhkəm olduğunu, sözündən dönməyəcəyini bildirirdi. Doğrusu, bu mənə bir növ ölüm hökmü, intihar kimi təsir bağışladı. Dilim dolaşa-dolaşa dedim:
— Sən nə sayıqlayırsan, bala. Axı sən qız uşağısan, belə sözlər sənə yaraşmaz. Saday özü o vaxt sənə qıymadı, elə bu
günü fikirləşib qıymadı.
— Bilirəm, Nərgiz bacı, mən də elə onda sözümü özünə demişəm.
“Ya rəbbi, o çaxnaşmada onlar necə, hardan vaxt tapıb görüşmüşlər, əhd-neyman qoymuşlar?”— deyə ürəyimdən
keçirdim.
— İndi mən onun əvəzinə sənə izin verirəm...
Sözümü qurtarmağa qoymadı, ağlaya-ağlaya dedi:
— Nərgiz bacı, dünyada nə desən, nə iş tapşırsan canla-başla, gözüm üstə, amma qurbanın olum, bir də bu barədə mənimlə danışma, inciyərəm səndən. Mən heç vaxt...
Onu ağlamaq boğurdu, sözünü bitirməmiş, qaçıb getdi. Ondan sonra Salehə ilə bir də bu barədə danışa bilmədim. Anası da qızının üstündə mənimlə pozuluşdu. Yazıq arvad nə bilsin ki, mən elə özüm də onun kimi Salehənin xoşbəxt olmasını arzulayıram.
Yeri düşdükcə qızı danlayırdım, amma Salehə elə o gündən ki, məndən Sadayın evinin açarını almışdı, bir də qaytarmırdı, gecələr gedib yır-yığış edir, silib-süpürür, yayda palaz-paltarını naftalinə qoyur, qışda çıxarıb öz yerinə asırdı. Sonrakı illər daha gecələr getmirdi; hər gün obaşdan, günün qulağı çırtan kimi işə getməmişdən qabaq yerindən durur, Sadayın evinə gedir, bir saat otaqda qalır, nə eləyir, nə eləmir bilmirik, iş vaxtı çatanda evdən çıxır, kətmənini götürüb, tarlaya yola düzəlir. Əvvəllər ona bu barədə tay-tuşundan öcəşib eləyən, zarafatlaşan da oldu; qız susdu, dinmədi. Tay-tuşu gəlin oldu, evlərə getdi, oğul-uşaq sahibi oldu. Amma Salehə elə əvvəlki kimi, gəlin olmadığı o evin qapısından hər gün səhər girib bir saat qalır, sonra da çıxıb işə gedir.
— Cavanlı-qocalı ağzı yetən dil tərpətdi, danladı-dansadı, “Cavansan, özünü öldürmə, bir sənin üçün olmayıb ki! Elnən gələn qara gün toy-bayramdı; hamı necə, sən də elə, çıx get istəyənlərin birinə, gül kimi canını çürütmə” dedilər. Qız bu qulağından aldı, o qulağından verdi. Daha qoca, cavan hamı səhər sübhdən onun Sadayın evinə getməsinə adət etmişdi.
Gedib baxmağa ürəyim gəlmir, amma tay-tuşundan gedib gələnlər xısınlaşır ki, evdə toy gecəsinin bəzəyini pozmayıb. Necə var elə də qalıb, sahibini gözləyir. Mən kolxoz sədrliyini təhvil verən ili qərar qoyduq ki, çayın o tayına köçək. Hə... indiki bu kənd yeri əvvəlkindən həm baxarlı idi, həm də tarlalara daha yaxın idi, yay-qış işə gedəndə çay addamaq lazım olmayacaqdı. Su da bu yerlərə yaxşı çıxırdı. Qərar qəbul elədik, hökumətdən yardım-filan aldıq, tikinti materialları gətirtdim, bu yeni kəndi salmağa başladıq; həmin il kəndimizdə ali təhsilli, əsgərlikdən qayıtmış təcrübəli cavanların birini seçib get-gedə böyüyən kolxozumuzu ona tapşırdıq, məni də kənd sovetinə sədr seçdilər... Bütün kənd köçəndən sonra o tayda tək bircə Sadayımın evi qaldı. Əvvəlki kimi təzə idi, suvağı şirəsi yerində idi, həyət-bacası təmiz idi... Heç bilmirdik qız bu şirəni ona haçan vurur?! Qərəz, kənd bura köçəndən sonra Salehə, yenə əvvəlki kimi hamının gözü qabağında hər gün sübhdən yerindən durur, çayı keçib o taya gedir, evə girir. Bir saat sonra çıxır, qızarmış gözlərini günəşdən qıya-qıya qapını qıfıllayır, kətmənini götürüb işə yollanır. Daha heç kəs ona bir söz demir, heç kim danlamır, tay-tuşu öcəşmir, elçi gedən də yoxdu, hamı elə bil bir-birinə söz verib. Onun gözdağı kimi qarşıda gəzməyini görəndə bütün dodaqlardan müharibəyə, onu törədənlərə lənət qopur. Sakit baxışlarla, təəssüf hissi ilə dalınca baxıb durur, dərdinə şərik oluruq. Harda bir dava sözü, müharibə sözü eşidiriksə, deyirik: kaş bizim Salehəni görəydilər.
1955
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.