manera.az
manera.az

Nә yaxşı ki yaddaşında var izim - İsmayıl İmanzadənin şeirləri

📅 12.12.2025 20:12

Nә yaxşı ki yaddaşında var izim - İsmayıl İmanzadənin şeirləri
İSMAYIL İMANZADƏ - 80

Hər gecə ölürəm yuxularımda

Hər gecə ölürəm yuxularımda,
Hər səhər təzədən dirilirəm mən.
Könlümdə çağlayan duyğularımda
Çalxana-çalxana duruluram mən.

Qəm-qüssə çiynimdə qara tabutum,
Zülmətdən qaçıram al günəş kimi.
Saflıq axtarıram hərdən bir udum,
Sınağa çəkəndə illər qəlbimi.

Həyat gözlərimdə yarımçıq yuxu,
Ovulub içimdə səsim, harayım.
Gedən köç qayıtmır... onu mən axı,
Necə soraqlayım, harda arayım?!

Anlar ötüb keçir lal kimi səssiz,
Kövrək xatirələr yolur “saçını”.
Taleyin hökmüylə titrəyəndə diz,
Hər sual qurulan dar ağacımı?..

Köksümdə nisgilin şırımı dərin,
Xəyalım sabaha üz tutan cığır.
Gözümdən yayınıb itən illərin
Tüstüsü hələ də başımdan çıxır...

Buludtək dolmasam, şeir yazmıram!

Sızlaya-sızlaya ömrün qışında,
Öyrəndim “dilini” soyuq daşın da.
Hərdən zümzüməli bulaq başında
Xəyala dalmasam, şeir yazmıram!

Çoxuna bələdçi oldum izimlə,
Bilmədim qızınan varmı közümlə?
Xəlvətə çəkilib hərdən özümlə,
Üz-üzə qalmasam, şeir yazmıram!

Söykədim üzümü Tanrı nuruna,
Aludə olmadım dünya varına.
Dözməyib bir eşqin intizarına
Saralıb-solmasam, şeir yazmıram!

Döndüm naləsinə ocaq yerimin,
Üstünə qar yağdı diləklərimin...
İşvəli-qəmzəli ilham pərimin
Sorağın almasam, şeir yazmıram!

Sözüm qözüqıpıq bir yetim deyil,
Kiməsə yarınmaq xislətim deyil.
Yersiz əsib-coşmaq adətim deyil,
Buludtək dolmasam, şeir yazmıram!

Söz

Avazıdır ötüb keçәn hәr anın,
Heç vaxt gizli saxlamayıb ünvanın.
Qobustanda daş köynәkli dastanın
Mürgülәyәn yaddaşında sirdi söz.

Sәdasıymış torpağın da, daşın da,
Şәhiddi, qazidi yurd savaşında...
Saxlamışam ürәyimin başında,
Dәyәrlidir sәrraf olan yerdә söz.

Hәr şah beyti çiçәk kimi tәzә-tәr,
“Bәslәsәn”, sal daşın üstә dә bitәr...
Öz qınına tez çәkilәr qәm-kәdәr,
Mәlhәm kimi yaxılanda dәrdә söz.

Halallığı açıq alnım, ağ üzüm,
Hәr misrası göz oxşayan bir düzüm...
Nә yaxşı ki yaddaşında var izim,
Hәmdәmimdi qәlәm-kağız, bir dә söz...

Gedirik

Puç olmuş ümidlər zülmət dərədi,
Dönük bəxt keçilməz səddi-bərədi.
Dünya sınıq-salxaq bir pəncərədi,
Bircə yol gözucu baxıb gedirik.

Nə torpaq, daş-kəsək, nə dağ deyilik,
Sevincdən, qüssədən uzaq deyilik.
Üzü-üzlər görmüş qonaq deyilik,
Əcəl “get”-deyəndə çıxıb gedirik.

İmdad diləsək də arzu-diləkdən,
Hər ötən günümüz keçir ələkdən...
Kəfənə bələdik elə bələkdən,
Bəlkə kölgəmizdən qorxub gedirik?

Gizli oyunsa da, çox qəribədir...
Bilmirik həyatın mənası nədir.
Ömrümüz nişangah, ölüm güllədir,
Tətiyi özümüz çaxıb gedirik.

Mәn şәhәr adamı ola bilmәdim...

Arabir fikrimi cәzb elәsә dә,
Mәn şәhәr adamı ola bilmәdim...
Bircә yol ürәkdәn gülә bilmәdim.
Döşümә yatmadı tozlu küçәlәr.
İtirdim özümü sәsdә-sәmirdә,
Gәlib tapdı mәni yuxularımda,
Hәsrәtin çәkdiyim aylı gecәlәr...

Gördüm qaşqabaqlı adamlarını,
Gördüm qana hәris harınlarını.
Mәnә gözlәrinin ucuyla belә
Baxmayıb, yanımdan ötüb getdilәr.
Beşinә-üçünә salam versәm dә,
Tәbәssüm qonmadı dodaqlarına,
Gözüm görә-görә itib getdilәr.

Hey zara gәlsәm dә fikrin әlindәn,
Baş aça bilmәdim insan “selindәn”!
Döngәlәr qarşımda bir sәddә döndü,
Kәc baxdı üzümә dalanlar mәnim.
Arabir rastıma çıxdı “dost-tanış”,
Gah ütülü sözlә, gah şirin dillә
Üstümә şığıdı yalanlar mәnim...
Qarşımda dağ kimi dikәldi yollar,
Gündәlik “әlmuzdum” yağlı “sağol”lar!
Anladım özgәymiş şәhәrin tәrzi.
Burda işә keçmir mizan-tәrәzi...
Burda baş girlәmәk deyilmiş asan,
Kimәsә müftәcә yem olmamaqçün,
Gәrәk bir az fәndgir, ayıq olasan!

Gördüm bu tövr ilә, belә gedişlә,
Qulpundan tutduğum halal bir işlә,
Çoxları gәrәksiz sayacaq mәni,
Saflığım kәnarda qoyacaq mәni.
Adım düşәcәkdir “qara dәftәrә”,
Zalımın üzünü güldürәcәyәm,
Tapdayıb keçәndә “qırmızı xәtti”,
Külfәti acından öldürәcәyәm!..

Meşin qapılara düşmәz açarım,
Kimdәnsә mәrhәmәt ummağım әbәs,
Hara çatasıdır boğulmuş bu sәs?!
Gümanım bir qalaq quru tәsәlli,
Dönük taleyimdәn tutdum beşәlli!..
Nә ev-eşik umdum, nә gün-güzәran,
Onları verәn dә, alan da bәlli!..

Yamanlıq “suyumu” kәsdi dәhnәdәn,
İllәrlә artmadı “boyum” bir qarış!
Dedilәr ya çıx get gәldiyin yerә,
Ya da taleyinә boyun әy, – barış!
Burda haqsızlıqdır sahib, haqlara,
Heç demә kimdәnsә әnam alanda
Yaltaqlıq, mәddahlıq gәlirmiş kara!..

Әzilib-büzülüb xırdalanmadım,
Allahsız birini “tanrı” sanmadım!
Burda “akulalar”, “qurdlar” ayaqda,
Burda güclülәrә girovdur Haqq da...
Yaxşı ki uzunmuş dilim-dilçәyim,
Yaxşı ki yalmana, yaltağa yadam!
Mәn şәhәr adamı ola bilmәdim....
Yolların “qıfılın” açın, gedirәm,
Mәn burda yaşaya bilmәrәm, atam!

Mənim bu dünyadan gözüm su içmir

Allah, yaratdığın dünya budursa,
Bəs, niyə aləmə hökm eləyir şər?
Nemətin od, torpaq, hava, sudursa,
Daha nə istəyir görəsən bəşər?

Ya Sən xəlq etdiyin dünya bu deyil,
Ya da pozulubdu mizan-tərəzi.
Bilən yox nədəndir artır ilbəil,
İnsanın-insana kini, qərəzi...

Sənin əvəzindən hökm edənə bax,
Məzluma əl uzat, yiyə dur, Allah!
Üst-üstə çəkilsin sinəsinə dağ,
Kim ki varlığını unudur, Allah!

Rəhmin gəlməsəydi gül balalara,
Yerin “şah damarın” kəsib atardın.
Son qoyub biryolluq sərvətə-vara,
İnsanın nəfsindən ocaq çatardın!..

Bağışla... səbrini tarıma çəkdik,
Özün də bezmisən cəngdən-savaşdan.
Toxumluq dən verdin... qan-qada “əkdik”,
Barı cəzamızı ver bəribaşdan...

Heç kim “arşınınla” öz boyun ölçmür,
Tanrım, yamanlığın amanını qır!
Mənim bu dünyadan gözüm su içmir,
Sən onu təzədən bir də yarat, qur!

Adam olmaq çətinmiş

Hər yetən indi özün
Hamıdan üstün sanır.
Nə vicdan dilə gəlir,
Nə üz-üzdən utanır...

Dil yanılıb, çaşanda
Doğru sözdən qan çıxır.
Yamanlıq başa keçir,
Qəlb sızlayır, can çıxır!

Yaxşılıq düşmür yada,
Qaçır hər şeyin dadı.
Qulaqlara çatmayır
Yerin, göyün fəryadı!

Maraqlar toqquşanda
Tapdalanır duz-çörək.
Kasıb, anan ölməsin,
Di, dərdə tablaş görək?!

Qohum-qardaş, dost-tanış
Yadlaşır asta-asta.
Adam olmaq çətinmiş
Vallah, bu basabasda!..

Gecənin bu vaxtı

Bu yaz da əritmədi
Həsrətimin buzunu.
Bilirəm nə boydadır
Dərdin "eni-uzunu”.

Bir qaranlıq nöqtədə
Fikrim ilişib qalıb.
Ciliklənən ümidim
Hardasa düşüb qalıb.

Arxasınca qaçıram
Ötüb keçən anların.
Qar yağır gözlərimdən
Üstünə gümanların.

Əl atıb yapışmışam
Bəxtimin yaxasından.
Sızlasam da oyanmır
Gecə div yuxusundan.

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 280 | Yüklənmə tarixi: 12.12.2025 20:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031