Azərbaycan dilinin yad dillərin təsirindən qorunması və tətbiqinin təkmilləşdirilməsi
![]()
MANERA.AZ filologiya üzrə fəlsəfə doktoru, dosent Şaiqə İsgəndərovanın yazısını təqdim edir.
Müasir dövrdə dünyada gedən qloballaşma prosesi linqvistik sahədə də özünü bariz surətdə göstərir. Bu, hər şeydən əvvəl, dilçiliyin çox sürətli inkişafı və bəzi böyük dillərin dünyada aparıcı ünsiyyət vasitəsi olmaq uğrunda mübarizəsiylə müşayiət olunur. Bir çox dillər sözügedən prosesdə varlığını davam etdirə bilməmək, onu itirmək təhlükəsini yaşayır. Bu gün dünyanın dil xəritəsində görünmək və bu dil xəritəsində yerini möhkəmləndirmək irili- xırdalı hər bir dilin ən böyük hədəfidir. Bu baxımdan müxtəlif dillərin təlimi, tədrisi və öyrənilməsi müasir qlobal dil siyasətinə uyğun olaraq yenidən qurulur.
Müasir dünyada 6000 - dən çox dil vardır ki, bunlardan çox az qismi böyük məkanda işləkliyə malikdir. Dünya dillərinin çoxu dıllərarası rəqabətdə uduzaraq hətta varlığını itirmiş olur. Bu proses, şübhəsiz, dünyadakı texnoloji inqilablarla və linqvistik “imrerializm”lə bağlıdır. Belə ki, bu gün dünyada dil imperializmi azsaylı dilləri öz içində əridib assimilyasiyaya məruz qoymaqla etnodildən uzaqlaşdırır. Belə olan təqdirdə böyük maneələrə yalnız öz doğma dilinə sevgi, sayğı, hörmət və qayğı ilə dirəniş göstərmək olar.
Qeyd edildiyi kimi, dünya əhalisinin çox istifadə etdiyi böyük dillər kiçik dilləri assimilyasiya etməklə onları tarix səhnəsindən çıxarmaqdadır. Bu təhlükə bütün azsaylı dillər üçün realdır. Müasir dövrdə informasiya mühiti açıqdır və virtual məkanda inteqrasiya prosesi gedir. Belə açıq cəmiyyət şəraitində dili qorumaq və inkişaf etdirmək çox çətindir. Bu reallıqları nəzərə alaraq, dili müasir dövrün zərbələrinə dözümlü etmək üzərində düşünmək, bunun yollarını axtarıb tapmaq, dildən istifadənin yeni formalarını işləmək və bunları həyata keçirmək olduqca vacib bir vəzifə kimi hər birimizi düşündürməlidir.
Şübhəsiz, hər hansı bir dilin dünya dil olmasına iddia etməsinin başlıca səbəblərinə həmin ölkənin iqtisadi, siyasi və hərbi gücü daxildir ki, bunsuz istənilən bir dilin geniş ərazidə yayılması, təbii ki, mümkünsüzdür. Əslində bu gün dünya dili statusunda olan dillərin hər birinin bir imperiya keçmişinin olduğu bəllidir. Məhz bu səbəbdən həmin dillər çox böyük ərazilərdə yayıla bilmiş və varlıqlarını bu günədək qoruyub saxlaya bilmişlər.
Elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin və onun tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksədilməsini tələb edir. Başqa sözlə, qloballaşan dünya Azərbaycan dilinin də qarşısında təkmilləşmə və inkişaf istiqamətində geniş imkanlar açır. Bu isə hər bir azərbaycanlıdan öz dilinə böyük sevgiylə yanaşaraq nəinki doğma dilinin qorunması, eləcə də onun işləklik ərazisini genişləndirmək kimi müqəddəs bir işə vicdanla yanaşmağı tələb edir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin bir müstəqil dil kimi qorunub saxlanması, onun saflığının gələcək nəsillərə olduğu kimi ötürülməsi, habelə yeni dünyanın sərt tələblərinə davam gətirməsi yolunda göstərdiyi xidmətlər Azərbaycan xalqına və doğma dilinə nə qədər böyük dəyər verdiyini bir daha təsdiq etmiş olur. Müstəqillikdən sonra istər Ulu Öndərin hakimiyyətdə olduğu illərdə, istərsə də hazırda Prezident Cənab İlham Əliyevin imzası ilə ana dilimizin qloballaşmanın fəsadlarından, yad təsirlərdən qorunması ilə bağlı verdikləri çoxsaylı qərar, sərəncam və fərmanlar Azərbaycan dilinin böyük bir qoruma altında olduğundan xəbər verir.
Ulu Öndərin zaman- zaman ana dilimizlə bağlı səsləndirdiyi fikirlər Azərbaycan insanında doğma dilinə olan sevgisini daha da artırmışdır. Ulu Öndər çıxışlarının birində deyirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, azərbaycançılıq məsələsidir”. Ümumən, Ulu Öndərin ana dili siyasətinin əsasında mənəvi varlığımız olan Azərbaycan dilini sevmək, onu dərindən və mükəmməl öyrənmək, dilimizin qayğısına qalmaq, onun saflığını qorumaq, onunla fəxr etmək, onun gözəlliyini duymaq, mənimsəmək, hər yerdə təbliğ etmək, ana dilinin tədrisinə xüsusi əhəmiyyət vermək, onun zəngin lüğət tərkibindən və söz ehtiyatından bacarıqla istifadə etmək, bu dildə düzgün danışmaqla hamıya nümunə olmaq kimi vacib məsələlər durur.
Bu günlərdə Prezident Cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Azərbaycan dili ilə bağlı proqram xarakterli fikirlər səsləndirdi və bəyan etdi ki, “Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər”. Buna görə də cəmiyyətin bütün üzvlərinin üzərinə çox böyük məsuliyyət düşdüyünü vurğulayaraq “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır”, dedi. Azərbaycan dilinə göstərdiyi bu həssas münasibət Azərbaycan xalqında milli kimliyimiz olan dilimizin dünya dilləri ilə yanaşı dura biləcək gücə sahiblənməsinə inamı birə beş artırmış oldu.
Azərbaycan dilinin müasir dünyanın aparıcı dillərinin basqılarından qorumaq hər birimizin ən əvvəl vətəndaşlıq borcudur. Dili qorumaq təkcə doğma dilə sevgi ilə deyil, bu sevginin dilin yaşaması üçün əməli fəaliyyətə çevrilməsi ilə mümkündür. Dilimizin zamanın tələblərinə cavab verməsi üçün, ilk növbədə, dil biznes dilinə çevrilməli və tələb olunan olmalıdır. Belə olan təqdirdə dilin öyrədilməsi də kifayət qədər fərqli yanaşma tələb edir. İstər orta, istər ali məktəblərdə dilin tədrisi praktik istiqamətdə qurulmalıdır. Ana dilinin yeni yanaşmalar fonunda öyrədilməsi dilə maraq və sevgini artırmaqla bərabər, onun öyrənilməsinə böyük bir ehtiyac da formalaşdırmış olar.
Ümumiyyətlə, ana dilimizin mövqeyini möhkəmləndirmək üçün dillə bağlı məsələlərə aşağıdakı istiqamətdə yanaşılmalıdır:
- dilin yeni aspektdən öyrənilməsi;
- dilin praktik öyrədilməsi.
Bu vəzifələrin həllində əlaqədar qurumların, ali və orta təhsil müəsisələrinin, eləcə də müəllimlərin, habelə dilçilərin qarşısında konkret məsələlər durur.
Əlaqədar qurumların üzərinə düşən vəzifələr bunları aid etmək olar:
- biznes mühitinin tamamilə ana dilində olmasının təmin edilməsi;
- ana dilində yüksək məzmun və çəkiliş keyfiyyəti ilə fərqlənən uşaq cizgi filmlərinin çəkilməsi;
- məzmun və quruluşuna görə keyfiyyətli uşaq filmlərinin çəkilməsi və uşaq
tamaşalarının hazırlanması;
- mütəmadi olaraq ölkənin bütün regionlarında ana dili ilə bağlı müxtəlif
məzmunlu yarışların mükafatlandırılma ilə keçirilməsi;
- iş adamlarını ana dilimizlə bağlı layihələrə vəsait qoymağa sövq edilməsi;
- adlı- sanlı insanların iştirakı ilə ana dilimizdə ümumi imla günlərinin
keçirilməsi;
- tanınmış sənət insanlarının iştirakıyla ana dilimizdə ümumi qiraət günlərinin
keçirilməsi;
- respublikada turizmin bütün növləri üzrə əcnəbi turistlərə xidmətin ana dilində olmasının təmin edilməsi;
- ölkə boyunca bütün şadlıq saraylarından tutmuş, özəl klinika və marketlərə qədər hamısının adının azərbaycanca olmasının mütləq hala çevrilməsi;
- Azərbaycan məhsullarına, eləcə də yeni yaradılmış, qurulmuş obyektlərə milli adların verilməsinə güclü nəzarət edilməsi;
- reklam şitlərinin, eləcə də panoların üzərindəki əcnəbi ifadələrin yığışdırılması və onların Azərbaycan dilində olmasının təmin edilməsi;
- Azərbaycan dilinə daxil olan əcnəbi sözlərin yalnız ekvivalenti olmadığı təqdirdə dilə daxil edilməsinə imkan verilməsi;
- Azərbaycan dilinin daha da zənginləşməsi üçün Cənubi Azərbaycanda
yaşayan soydaşlarımızın dilinin çox müxtəlif aspektlərdən tədqiqata cəlb edilməsi, onların dil bazasından istifadə edilməsi, ədəbi-bədii nümunələrini proqramlara, dərsliklərə daxil edilməsi, folklorunun öyrənilməsi və s.
Tədris müəsisələrinin üzərinə düşən vəzifələr:
- Azərbaycan dili dərslərinin qruplara bölünərək tədris edilməsi;
- ana dilinə ayrılan saatların sayının kifayət qədər çox olmasının təmin
edilməsi;
- tədrisi əcnəbi dildə olan məktəblərdə Azərbaycan dilinin tədrisinin sinifdəki (və ya qrupdakı) əcnəbi dilli şagirdlərin(və ya tələbələrin) istəyi ilə deyil, doğma dilimizin marağından irəli gələrək yalnız Azərbaycan dilində keçirilməsi.
- həmin dərslərdə kommunikasiyanın yalnız ana dilində olmasının şərt kimi qoyulması;
- dərslik, dərs vəsaiti, metodik vəsait və tədris proqramlarının praktik istiqamətdə işlənməsi;
- davamlı olaraq müxtəlif yaş qrupları üzrə məktəblilər arasında ana dili
ilə bağlı diskussiya və debatların təşkil edilməsi;
- nitq inkişafı üzrə ayrıca saatların ayrılması;
- tez- tez ədəbi- bədii gecələrin, yazıçı və şairlərlə görüşlərin təşkili;
- natiqlik üzrə olimpiadaların keçirilməsi;
- ana dilində inşa yazı müsabiqələrinin həvəsləndirmə ilə keçirilməsi və s.
Azərbaycan dili müəllimlərinin üzərinə düşən vəzifələr:
- ana dili məşğələlərinin praktik tətbiqetmə əsasında qurulması;
- tez- tez debat və diskussiyaların təşkili ilə yüksək səviyyədə özünüifadəyə nail olunması;
- mütəmadi olaraq məktəbliləri tamaşalara apararaq ana dili vasitəsi ilə
onlarda ədəbi- bədii zövqün formalaşdırılması;
- sinifdə şagirdlərin film və tamaşalardan aldıqları təəssüratların
müzakirələrinin təşkili;
- dərslərdə müasir texnologiyaların imkanlarından istifadə etməklə bədii
qiraət ustalarının ifasından, habelə müxtəlif ədəbi-bədii parçalardan tamaşa və filmlərdən mövzuya uyğun seçilib səsləndirilməsi;
- dilə daxil olan yeni sözlər, lüğət üzərində iş, yeni söz yaradıcılığı üzrə
işlərin aparılması;
- ana dilimizin assimilyasiyasına dərhal reaksiya verilməsi;
- şagirdləri nitqlərindəki varvarizmlərdən uzaqlaşdırmaq üçün müəllimlərin diqqət və nəzarətinin gücləndirilməsi və s.
Dilçi alimlərin qarşısında duran vəzifələr:
- Azərbaycan dilinin yeni konseptual yanaşmalar fonunda praktik öyrənilməsi;
- Azərbaycan dilinin funksional qrammatikasının yazılması.
Yuxarıda deyilmiş fikirləri ümumiləşdirsək, belə qənaətə gəlmək olar: müasir dövr dilin inkişafı üçün yeni yanaşma tələb edir. Belə ki, sovet elminin tələblərinə görə fundamental və akademik səviyyədə öyrənilən və öyrədilən dil bilikləri bu gün başqa yanaşmanı zəruri edir. Zamanın tələbinə əsasən, dillər daha çevik, daha sadə və daha adekvat bir xarakterə malik olmalıdır. Bu tələblərə cavab vermək üçün Azərbaycan dilinin funksional qrammatikası yazılmalı, dil faktları bu baxımdan tədqiqata cəlb olunmalıdır. Başqa sözlə, dil faktları funksionallıq rakursundan tədqiq olunmalıdır. Dilə funksional yanaşma onun çoxcəhətli funksiyalarını öyrənməklə dil vahidlərinin izahıdır.
Azərbaycan dilinin müasir dünyanın dil təzyiqlərindən qorunmasının ən vacib yollarından biri orta və ali təhsil müəsisələrində dilimizi yeni yanaşmalar baxımından öyrədilməsidir. Dilimizin müasir dünyanın dil tələblərinə cavab verməsini və assimilyasiya olunmadan yaşamasını istəyiriksə, onun bütün səviyyələrinə münasibətdə funksionallığı əsas götürməli, onun öyrənilməsi və öyrədilməsi məsələlərinə yeni tələblər prizmasından yanaşmalıyıq. Onu da qeyd etmək lazımdır ki, funksionallıq dilin bütün yaruslarında özünü bu və ya digər dərəcədə göstərir.
Ümumiyyətlə, dillər yaşanan zamana uyğunlaşmağı sevir. Əgər zaman sürətlidirsə, dil də bu sürəti özündə bu və ya digər dərəcədə ehtiva etmiş olur. Bu gün bu tendensiyanı bütün dünya dillərinin timsalında görmək olur. Doğma dilimizə həssaslığımız o qədər olmalıdır ki, onu potensial mənfi təsirlərdən qoruyaraq zamanın sürətinə və tələbinə uyğunlaşdırmağı, eyni zamanda əsrlərə yol yoldaşı etməyi bacarmalıyıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.