manera.az
manera.az

Şamil Həsənin essesi: Dalğınlıq

Şamil Həsənin essesi: Dalğınlıq
Yeni gün açılır, günəş öz şəfəqlərini təbiətə elə yayır ki, sanki, kor ilk dəfə işıq görürmüşcəsinə baxıram. Hündür binadan pəncərəsi daim yaşıllığa açılan ensiz eyvandan ətrafı seyr edirəm. Önündə daim hərəkət olan magistral yol məni həyatın sonsuzluğuna inandırmış kimi oluram. Bir də görürəm ki, yolun qurtaracağında, — hər halda mənə belə gəlir — guruldayan maşınlar məni yolun sonsuz olmadığı qənaətinə gətirir.

Çünki o sonsuz dediyim yolu qət edəcək maşınlar və onu idarə edən insanlar var. Yolun hərəkətsizliyini gördüyüm anda elə hiss edirəm ki, həyat dayanıb. Axı o yola da həyat verən bir şey var. İnsan həmin yolda yürüdükcə düşünür ki bura məni mənzilimə nə vaxt çatdıracaq, ancaq zaman o qədər həssasdır ki, mənzilini düşündüyündən də qısa edə bilər.

Binanın pəncərəsindən baxdıqda təkcə sonsuz sandığım yol yox, həmçinin bizə sonlu gələn üfüq var. O üfüq ki, özümüzü orda itirsək, çətinliklə tapacağıq. Eh, o sonlu bildiyimiz üfüqdə nə qədər insan itib! Günəşin parlatdığı üfüqün altında yamyaşıl ağaclar gözümüz boyu uzandıqca sanki mənə deyir ki, yox sən düşündüyün kimi sonlu deyil. Ağaclar, insanı üfüqün də sonlu olmadığını deməyə vadar edir. Onsuz da elədir. Meşə sayacağımız ağacların, bəzən sıx-sıx, bəzənsə seyrək görüntüsü isə insanı başqa şeylər düşünməyə vadar edir.

Meşənin kənarında uzanan çayın kiçik qolcuğu, həmin yerləri islatmaq üçün göndərilmiş bir nemət olduğunu sandırır. Gözümü çayın qolu ilə hərəkət etdirərək mənbəyini axtarırmış kimi davranıram. Amma nə mənbə? Biz onun mənbəyini tapmaq üçün gərək onun əksi istiqamətində üzək, sonlu saydığımız üfüqə baxaraq mənzilimizə çatacağımızı gözləyək. Suda üzəndə suyun yumşaqlığını duyarıq, əslində, çox da yumşaq deyil, yumşaq saydığımız şeylər bizi bax belə aldarar və əbədi sonsuzluq diyarına göndərə bilər.

Gözümü sudan çəkərək ətrafı seyr edirəm və düşünürəm ki, seyr olunası çox şeylər var. Düşünün ki, bir ömürlük həyatınızda hər şeyə baxmaq və yaşamaq arzusundasınız: yamyaşıl təbiətdə quşların öz balalarına yem verməyinə, balalarına yem gətirən quşun analıq duyğusunu necə yerinə yetirməsinə, həmin anda balalarının kiçik ağızlarını başlarından böyük açaraq civildəşdiklərinə; bulanıq çayın kənarında dəstə-dəstə üzən qazların qarıldaşmaqlarına, o anda digər tərəfdən ördək sürülərinin o dəstələri çarpazvari kəsməsini və bu dəstələrin yenə də öz sıralarını pozmadan hərəkət etməsini, həmin görüntüdən aldığın heyranlıq hissini; meşənin içindən gələn qəribə səslərin və bu səslərə qarışaraq oxunan bülbüllərin cəh-cəhini hiss etmək, o zaman içindən gələn heyranlıq duyğusunun bədənləri titrətməsini; axşam olanda meşədə yalnız qalaraq, ilk dəfə özün özünlə necə yaşadığını, bu duyğunu başqalarına necə çatdıracağını düşünməyini; səhər şehin yaşıl yarpaqları uca dağın ətəyində qalan qarın ərimiş buzluğunu andırdığını.

Bütün bunları yaşamaq və hiss etmək hər kəsə nəsib olmaz. Kimisi təbiəti odun parçaları kimi, kimisi tərk edilmiş qadının acımasız həyatını göstərən səhnə kimi, kimisi də dənizdə çırpınan yalqız adamın həyat eşqi kimi görər. Bütün bunlar baxışımıza görə dəyişir. Necə yaşadığımızı göstərən elə baxış pəncərəmizdir. Əgər okeana sahildən baxsaq, sonsuz üfüqdə itib batan su kimi görərik. Kosmosun ənginliyindən baxsaq, ovcumuzun içində qalan su kimi görəcəyik.

Bunları düşündüyüm anda gözümü bərəldib yenidən mənə sonlu gələn üfüqə baxdım; səhər-səhər əsən yelin eyvandan təxminən beş yüz metr uzaqlıqda olan sıra ilə düzülmüş çinar ağaclarının yarpaqlarını elə həzin yellədir ki, beşikdə anasının yumşaq, yarımqabar əlləri ilə yellənən körpənin aldığı həzzi hiss edirəm. Sanki indicə anasının südündən qidalanaraq, şirin yuxuya dalmış o uşaq kimi həyatın ləzzətindən bir parça qoparmışam. Yaşıl yarpaqlarda güzgütək əks olunan günəş şüaları kimi birdən beynimdə qəribə suallar oyandı: görəsən, mən bu duyğuları hardan alıram.

Belə qəribə hislər mənim bədənimdən necə çıxır? Necə olur ki, həyatın hər zərbəsində, onun polad pəncələri ilə vurulan vuruşlarında davamlı olan qərib duyğular bu bədəndə yaranır? Ah, həyat sənin özün də yaratdığın duyğular kimi qəribədir! Həyatın əsas məqsədini düşünürəm. Düşünürəm ki, bir gün yenidən yaransam və bugünkü kimi bu eyvandan üfüqün ənginliyinə baxaraq, ətrafı seyr edərək, bu gün yaşadığım hissi alacağammı? Əslində, çox düşünmüşəm, amma elə də özümü qane edəcək cavab tapmamışam. Bəs birdən yaşadığım hissi başqası yaşasa, o da mənim kimi cavabsız qalacaq?

“Heç kəs eyni hissi yaşaya bilməz” deyirəm, bəs birdən mən də başqasının yaşadığı hissi yaşamış olsam və başqası kimi bu sualı tapmaqda aciz qalsam onda necə, eyni hissi yaşamırıqmı? Elə mütləqdir ki, birisi eyni şeyləri hiss etsin? Uşaqlıqdan suallar verib cavab axtarmağı sevirəm. Elə olur ki, həyati təcrübəli sandığım insanlara qəribə suallar verirəm. Heç qəribə də deyil, bəlkə, özümlə sual verib əylənməyi sevirəm? Bax bu sarsaq düşüncələr də olmaya!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Tarix:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI