manera.az
manera.az

Azad olmayan mətnlər – Cavanşir Yusifli

Azad olmayan mətnlər – Cavanşir Yusifli
MANERA.AZ Cavanşir Yusiflinin “Azad olmayan mətnlər” yazısını təqdim edir.

O fikirlər mötəbər sayılır ki, eşitdiyin anda yox, məhz dinlədiyin anda… yenə yox, yazılana qədər insanların hiss etdiyi şeylər olsun. Kimsənin hiss etmədiyi şeyi yazmaq olmur, arada gərək bu iki nəsnə arasında cazibə qüvvəsi olsun. Bu səbəbdən gözəl şeirlərin misraları arasındakı boşluq həmin cazibə qüvvəsinin paylandığı məkan adlandırılır. Hiss edilən mətnlərin yazılması sevinc, fərəh, təbəssüm sahəsini genişləndirir və bu məqamda sən ən dəqiq təyinlərlə, ən kəskin kateqoriyalarla işləməli olursan.

Höldüerlinin təsbitləri bu mənada dəhşətlidir:

… İztirabsız adamlara həsəd aparma, hər şeyi olan,
ağacdan büt kimi adamlar,
ürəkləri o qədər boş, ruhları o qədər yalın ki,
yağış və günəş haqqında sual verməzlər,
düşünməzlər belə,
çünki
əkib-becərməyə bir şeyləri yox.

Əlbəttə, şübhəsiz !
Xoşbəxt olmaq nə çətin işmiş,
özü də, ürəkdən boş, ağıldan kəm ola-ola.

Üstəlik, minnət qoyub sizə lütfkarlıq da göstərə bilərik,
yəni,
ox yaydan çıxıb hədəfə dəyməyəndə
taxta dərddən içini gəmirmiş,
ya da deşik bir bardaq divara çırpılanda darıxdığındanmı çilik-çilik olur?
Sadəcə, şərəfli insanlar,
siz bunu eləməlisiniz,
hətta başqalarının da heç də xoşbəxt olmadığını anladığınız,
həm də özlərindən razı qalmadıqlarını bildiyiniz
dünyanın sükutu
sizi bezdirəndə
siz susun,
susun siz,
çünki bu, yəni, siz də boyun əysəniz…
dünyanın sonudu demək…

Hiss etdiyimiz şeyləri dərhal unuduruq, kimsə yazan, yaxud deyən kimi yenidən anlayırıq və bu dəfə artıq bütün dərinliyi ilə. Üst qatla dərinlik arasındakı ilahi bağlılıq, bir-birini tamamlama və itələmə hissiyatı yoxdursa, bədii mətn də yoxdur. Bu səbəbdən mətnyaratma prosesi arasıkəsilməz olmalıdır.

Cənubi Koreya yazıçısı Han Kanqın 2007-ci ildə Bukerə, daha sonra Nobelə layiq görülən əsərinin keçdiyi yolu izləyin, yaxud əvəlki əsərlərindən həmin o bədii mətnə qədərki azdığı və uc-uca gətirdiyi yollara…

Bu münasibətlə Nitsşe “Musiqi haqqında” əsərində yazırdı: “Dillərin çoxluğunda belə bir fakt aydın şəkildə görünür ki, söz və əşya heç zaman tam və lazım olduğu halda üst-üstə düşmür və söz elə simvoldur. Ancaq söz nəyi simvolizə edir? Yəqin ki, şüurlu, yaxud şüursuz olmağından asılı olmayaraq təsəvvürləri; Söz-simvol dünya, gerçəkliklə birlikdə bizim də əks olunduğumuz daxili mahiyyətə uyğun gələ bilməz axı. Bu mahiyyəti biz ancaq təsəvvür kimi bilirik, onu biz yalnız obrazlı təzahürlərində dərk edirik; Birbaşa o mahiyyətə aparan onlardan başqa yol da yoxdur.

Belə ki, instinktiv həyatın məcmusu, hislərin, duyğuların, effektlərin, iradi hərəkətlərin oyunu daha dəqiq özünü sınamalarda bizə mahiyyət kimi yox, olsa-olsa təsəvvür kimi tanışdır – bunu mən Şopenhauerə qarşı deməliyəm; bunu da artıq deməliyik ki, Şopenhauerdə “iradə” elə tam olaraq dərk edə bilmədiyimiz nəsnənin ən ümumi təzahür formasından başqa bir şey deyildir.”

Söz təsəvvürləri simvollaşdırır, düşüncəmizdə olanları, şüuraltında yaşananları. Şeir bəzən yuxunu, həm də içinə yağış çilənən yuxunu xatırladır. Amma bütün bunların mənfəzində o hissetmənin tanrıyla bağlı yolları görünür, hara qədər görsən də, o yola, sadəcə, tamaşa edə bilərsən.

Çeslav Miloş:

Dünyanın son günündə
Arı ərik gülünün başına fırlanır,
Balıqçı şəfəqlərlə oynaşan torları yamayır
Delfinlər sevincdən atılıb-düşür dənizdə,
Sərçə balaları navalçaya ilişib qalıb
İlan qabığı günəş altında parıldayır, mis kimi.
Dünyanın son günündə
Əllərində çətir qadınlar çöl boyu gəzirlər
Sərxoşun biri çəmənliyin qırağında tirlənib
Göyərtisatan küçədə bağırır
Sarı yelkənli gəmi sahilə yan alır,
Hava skripka səsi qoxur
Ulduzlu göyləri üzümüzə açır.

Məlum janrların içində hər kəs, hər bir qələm əhli öz janrlarını yaradır. Janr əslində illər boyu pardaqlanıb insanın özünə bənzəyir və bir gün elə bu səbəbdən sən dayanmalı olursan. Janr danışır. Nağılların səslərini eşidirsinizmi: biri vardı, biri yox, dayanmasan, bu yerin dərinliyindən, göy qübbəsinin qəlbinin başından süzülüb gələn səsləri eşitməzsən… Dayan… Dayanmasan, janrdan nələrsə, hansı mühüm fraqmentlərsə suvaq kimi yerə tökülər və sən yarandığın kimi bir gün yox olarsan. Yazmağın əsl anlamı dayanma annını dərk etməklə başlayır. Hər şey bir məcraya axışır, yazdıqların üfüq boyu ağ suların üzərində görünür və itir. İndi, günü bu gün hansı mətnləri ki gündüz əldə çıraqla axtarırsan oxumağa, zövq almağa, o mətnləri yaradan müəlliflərin ömür payında sükut hər yeri zəbt edib, adam susub ki, yazıb və yazdıqlarını unudub, unutmasan, yeni süjet, yeni metafora, məna, heç nə… yarada bilməzsən…

Bizdə bütün yazı-pozu əhli, özünə intellektual deyən hər kəs qışqırır…

Yuxarıdakı fikrə qayıdaq, vaxtilə hiss etdiyini kimsə yazanda öz-özünə deyirsən: “…mən hiss etmişdim, bu belədi, onu siz yazdız”. Bu qayda heç zaman pozulmur, pozularsa, harmoniya olmaz, daxili, ruhani harmoniya… yadına düşər ki, sən nəyisə yarıyolda düşürüb itiribsən, beynin deşilsə də, heç nə xatırlaya bilməzsən…

Bu iki nəsnənin bağlantısı (yaddaşına hopanın kiminsə qələmindən gəlməsi…, – demək, hər bir yazı yol gəlir, səndən keçməsə dirilməz… ) bədii mətni yaradır. Bədii mətn özlüyündə bir ideyadır…Bütün hallarda bədii mətn tək yaranmır, virtual ələmin sızıntıları əvvəl-axır onu idarə edir. Ruhundan içinə dolan məna, işıqlanma… – adına nə deyirsiz deyin… hökmən yazılmalıdır, ya sən, ya bir başqası, amma o da bilir kimi axtardığını…

Bu zaman dünya, gerçəklik hiss edilərək çapılır, kəşf edilir, bədii mətnlərdəki əksetdirmə üsul və üslubları da buna uyğun dəyişir, bir-birini əvəz efir. Ancaq dünya, gerçəklik həmişə birtərəfli əks etdirilir, Coys əgər bir istiqamətdə yüksək üslub texnikasıdırsa, onun dörd bir yanında köhnə üslub nümunələri hökmən olmalıdır. Həm də çox sayda. Coysun əsas əsərləri təqlidə, oxşara yer və yol qoymur, bunu oxuya, yaxud ondan yan keçə bilərsən. Təqlid olunan mətnlərin yuxarısı – o mətnlərin “fəza hissəsi” kitab rəfləridir, ta üfüqlərə qədər yüksəlir, təqlid edən o ən uca məqama çatmaq arzusuyla belə edir. Coysun əsərindən yuxarıda o rəflər hələ ki yoxdur.

Bizdə bir tərəfdə İsa Hüseynov var, özünü keçmək istəyən, mətnləri qaranlıqdan işığa doğru can atan, işığa çıxınca ağaran, hərfləri pozulan mətnlər.

İsa Hüseynovun “gecikən” üslubunda əsas xassə məhz bu “işıqlanma” məqamına əsaslanır, hər şey çox gözəldir, o qədər gözəl ki adamın ağlı başından uçar, amma hələ qaranlığın içindəsən, işıq yox, bir kibrit çöpü yandımı, hər şey – o gözlərə sürmə olan gözəllik uçub dağılacaq. Ona görə işığa çıxan nə varsa, yəni o dağıntıdan yerdə, vərəqlərin üstündə qalanlar oxunsa da, anlaşılmamağa məhkumdur. Coysda əsas dillərdir, burda dilsizlik…

Coys şərh vermir, şərh tələb edir… İsa Hüseynovun o gecikən mətnlərini kimsə izah etməlidir, osa yoxdu… Olmağı da fantaziyadı…

Sabir Əhmədov var, güllələri zil qaranlıqdakı hədəfləri vurub yıxan, gözəl, mükəmməl mətnlər və bütün cümlələrin hədəfdən yayındığı “Azığa doğru” mətnləri… Sosial ağrıları hədəf alanda çox dürüst mətnlər yaradan Sabir Əhmədov, amma bir ağrı, bir iztirab var: Gülmalı kişinin axırı… Bax, bu mətn o sosiallığın zirvəsidir, bədii sözün ən gözəl, ən dürüst, ən hissiyatlı fəsli… Amma elə ki yazıçı dünya və gerçəkliyi başqa-başqa, fərqli üsullarla qavramaq, bizə göstərmək istəyir, məlum olur ki, bunun üçün metod düzgün seçilməyib…

Və bir də, ortada bu qədər təcrübə varkən primitiv üslub oyunlarının baş alıb getdiyi zəif tarixi romanlar… Bizdə tarixi romanlar necə meydana gəldi? Yazıçı bu sahədə, yəni millətin öz tarixini bilməsi müstəvisində bir boşluq və ya uçurumun olduğunu hiss edir. Tarixçi susur, yazmır, yazsa da, metodu son dərəcə primitiv, mənbələri köhnə, dillərlə bağlı bilgisi yox dərəcəsində…

Yazıçı tarixçini əvəz etmək istəyəndə bədii mətn dilsiz qalır…

Keçən il Nobel alan Koreya yazıçısı milli ədəbiyyatın, belə deyək, uğurlu janrlarından danışır. Hamı ədəbiyyata kiçik hekayə və şeir yazmaqla gəlir, sonra məsələ dəyişir, yəni ciddiləşir və “Vegeteryan” kimi nümunələr yaranır. Bizdə də hekayə ən uğurlu və sevimli janrdır. Yaradıcılığa şeir və hekayələrlə başlayan nə qədər istedadlı yazıçımız var. Nə qədər!!! Zamanla normal, bəzən çox gözəl hekayə müəllifləri janrın içində darıxırlar. Və romanda uduzurlar…

Yəni Coysdan sonra dünya onun cızdığı üslub, estetika yoluna düşmədi, bəs nə oldu? O oldu ki, hərə öz hislərinin dərinliyini yazmağa çalışdı. Coysdan Ekoya qədər dünya şırım-şırım çapıldı, bu çapıq yerləri üzərindəki əlyazma xəttini kimsə oxuya bilmədi.

Dahi yazıçıların kəşf etdiyi nəsnələr sənin vaxtilə hiss etdiyin şeylərdir. Kimsə bunu necə var, elə yazır. Kimsə başqa şəkildə, tam “tərsimi həndəsə” müstəvisində ifadə edir. Sənin insan kimi hiss etdiyin şeylər, sadəcə, dərs mövzusuna çevrilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Tarix:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
2930