Niyə yazıram? – Corc Oruell
MANERA.AZ Corc Oruellin “Niyə yazıram?” essesini təqdim edir.
Çox erkən vaxtdan, beş ya altı yaşım olandan böyüyəndə yazar olacağımı bilirdim. On yeddi yaşımdan iyirmi dörd yaşıma qədər həyatım bu fikri qovalamaqla keçdi. Amma bacarmadım, çünki mənasız mübarizənin məni özümdən uzaqlaşdırdığını və gec-tez kitab yazacağımı anladım.
Mən 3 uşaqlı ailənin ortancılı idim və ikisi ilə də aramda beş yaş fərq var idi. Səkkiz yaşıma qədər atamı, demək olar ki, görməmişəm. Bu və digər başqa şeylərdən ötrü özümü bir az tənha hiss edirdim. Buna görə də məktəb dönəmimdə məni hamının gözündən salan bəzi xoşagəlməz vərdişlər qazandım. Bütün tənha uşaqlar kimi mən də özümdən hekayələr uydurur, xəyali insanlarla danışırdım. Düşünürəm ki, yazıçılıq arzum elə əvvəl gündən dəyərsizlik və yalnızlıq duyğularımla qoşa addımlamışdı. Sözlə oynamağı yaxşı bacarırdım, sözlərin gücü ilə özüm üçün gündəlik həyatın uğursuzluqlarından qaçıb sığına biləcəyim bir dünya yaratmışdım. Bununla belə, o zamanlar yazdığım və sözün əsl mənasında ciddi hesab etdiyim mətnlərin həcmi altı səhifədən çox deyildi. İlk şeirimi dörd ya beş yaşımda yazmışdım, anam da kağıza köçürmüşdü. Şeirin pələngdən bəhs etdiyini və bu pələngin “stul kimi dişləri” (Əslində, yaxşı bənzətmədir, amma mənə elə gəlir ki, bu, Bleykin “Pələng, Pələng” şeirindən oğurluq idi) olduğunu xatırlayıram.
On bir yaşımda olarkən I dünya savaşı başladı, o zaman vətənpərvərlik mövzusunda yazdığım şeir yerli qəzetlərin birində çap olundu. İki il sonra Kitçenerin ölümünə şeir yazdım, o da eyni qəzetdə yayımlandı. Bir az böyüdükdə gürcü şeiri üslubunda “təbiət şeirləri” qələmə aldım. Bir dəfə də hekayə yazmağa cəhd elədim, amma nəticə bərbad oldu. O illər ərzində yazıya köçürdüyüm və ciddi hesab etdiyim özfəaliyyətim bunlardan ibarət idi. Bununla belə həmin vaxtlarda da müəyyən ədəbi çalışmalarım olurdu. Məsələn, özümə bir o qədər zövq verməsə də, qısa müddətdə hazırladığım cızma-qara sifariş yazılarım var idi. Dərs tapşırıqlarımla yanaşı xüsusi günlərə özəl yarı-məzəli şeirlər yazırdım. İndinin özündə də məəttəl qalmışam ki, bu şeirlər o qədər sürətlə necə yaranırdı. On dörd yaşımda cəmi bir həftəyə Aristofandan təsirlənərək onun üslubunda pyes yazmışdım. Eləcə də məktəbimizdə yayımlanan dərgilərin (həm çap, həm də əlyazma olanlar) redaktə işlərinə də yardım edirdim.
Bu dərgilər həddindən artıq gülünc, bəsit şeylər idi və mənim onlara sərf etdiyim əmək bu gündən hesablasaq, ən ucuz jurnalistika işindən də az idi. Bütün bu saydıqlarımla bərabər təxminən 15 il ya da ondan bir qədər çox müddətdə başqa bir ədəbi növlə də məşğul idim – özüm haqqımda cürbəcür hekayələr uydurmaq. Bu uydurmalar beynimdə yazdığım gündəliyim olmuşdu. Məncə, bütün uşaqlarda və yeniyetmələrdə bənzər hallar baş verir. Lap balaca olanda Robin Qud olduğumu xəyal edirdim və özümü çeşidli macəraların qəhrəmanı kimi görürdüm. Amma hekayəm qısa zamanda narsist özəlliklərdən çıxıb müşahidə etdiyim hər şeyin təsvirinə çevrildi. Eyni vaxtda ağlımdan cürbəcür təsvirlər axıb gedirdi: “Qapını itələyərək açdı və otağa girdi. Tül pərdədən süzülən sarı günəş işığı üzərində mürəkkəb qabı və yarım açılmış kibrit qutusu olan stola süzülürdü. Sağ əli cibində pəncərəyə tərəf boylandı. Küçədə pişik ölü bir yarpağın arxasınca qaçırdı” və s. bu kimi şeylər. Ədəbiyyatla məşğul olmadığım vaxtlarda – təxminən 25 yaşıma qədər bu vərdiş də mənimlə yaşadı. Bəzən lazımi bir sözü tapmaqdan ötrü xeyli əziyyət çəkirdim, amma axtarırdım. Başa düşürdüm ki, təsvirə həssaslığım nəsə məndən asılı olmayan, qeyri-iradi bir şeydir. Mənim “hekayəm”ə fərqli yaş dövrlərində təsirləndiyim yazarların üslubu çox təsir göstərirdi, amma dəyişməyən tək şey var idi. O da təsvirlərdə xırdaçılığa meylim. 16 yaşımda anidən sözlərin sehrini kəşf elədim, yəni səsləri və onların doğurduğu assosiasiyaları.
“İtirilmiş cənnət”dəki
Və oo çətinliklə və əziyyətlə
İrəlilədi: çətinliklə və əziyyətlə oo
misraları bu gün mənə bir o qədər təsirli gəlməsə də, yadımdadır, o vaxt valeh olmuşdum. “O”nun “oo” şəklində yazılması ayrıca bir zövq idi. Əşyaları, hadisələri təsvir məsələsində də hər şeyə bələd idim. O zaman üçün yazmağı arzuladığım kitab bu cür olardı: nakam sonluq, detallı təsvirlər, təsirli bənzətmələr, sözlərin qismən öz səslərinə uyğun seçilib işlənməsi əsasında yaranan irihəcmli naturalist əsər. Və 30 yaşında yazdığım (süjeti xeyli əvvəl düşünmüşdüm) “Birma günləri” romanım məhz belə bir kitab oldu.
Mən keçmişimlə bağlı bütün məlumatları bölüşürəm. Düşünürəm ki, yazıçının motivlərini onun erkən inkişafı barədə müəyyən şeyləri bilmədən dəyərləndirmək olmaz. Doğrudur, onun mövzu dairəsini yaşadığı dövr müəyyənləşdirir. Yəni ən azından bizimki kimi inqilabi çağda bu belədir. Amma o, hələ əlinə qələm almazdan öncə bir ömür boyu heç vaxt qurtula bilməyəcəyi emosional fərqindəlik qazanır. Şübhəsiz ki, bunu hiss etdikdən sonra gərək öz üzərində çox çalışsın, coşğusunu, şövqünü idarə etməyi öyrənsin ki, hansısa bir mərhələdə sərsəm ruh halında ilişib-qalmasın. Amma ilk dönəmlərdə bu duyğunu tam boğmaq da təhlükəlidir, belə olduqda yazarlıq qabiliyyətini də itirə bilər.
Əgər maddi qazanc məsələlərini bir kənara qoysaq, ümumən yazmağa (ən azından nəsr yazmağa) səbəb olan 4 təməl səbəb var. Bunlar hər yazarda fərqli dərəcədə özünü göstərir və zamanın, məkanın tələbinə görə dəyişə bilir. Onları belə sıralaya bilərik:
(I) Saf eqoizm. Ağıllı görünmək, haqqında danışılmaq, ölümdən sonra da xatırlanmaq, uşaq vaxtı səni əzən, alçaldan böyüklərdən qisas almaq və s. bu qəbildən arzular. Sadalananları nəzərə almamaq sadəcə ağılsızlıq olar. Bu cəhət yazarlarla yanaşı alimlər, siyasətçilər, hüquqşünaslar, əsgərlər, uğurlu biznesmənlər, yəni qısacası, cəmiyyətin yuxarı təbəqəsində də belədir. Əslində, əksəriyyətə baxdıqda görürük ki, çox insanlar bir o qədər də məncil deyillər. Hətta 30 yaşdan sonra fərdiyyət duyğusu yerini tamamilə fədakarlığa uduzur, bundan sonra onlar ya həyatlarını başqalarına həsr edir, ya da ağır işlərin altında əzilirlər. Az qisim insanlar da var ki, ömürlərinin sonuna qədər özləri üçün yaşamaqda böyük iradə və səy göstərirlər. Yazarlar məhz bu qrupa daxildir. Ciddi yazıçılar, əksər hallarda, jurnalistlərlə müqayisədə maddiyata az bağlı olsalar da, onlardan daha məncil və lovğadırlar.
(II) Estetik zövq. Ətraf aləmdən, kəlmələrdən və onların seçilib yerində işlənməsindən duyulan gözəllik. Bu və ya digər bir səsin təsirindən, yaxşı bir prozanın struktur sabitliyindən və ya yaxşı hekayənin ahəngdar ritmindən alınan zövq. Şəxsi qənaətlərinə əsasən, önəmli hesab etdiyin, unudulmasını istəmədiyin bir təcrübəni bölüşmək ehtirası. Estetik zövq, əslində, bir çox yazıçılarda kifayət qədər zəifdir. Lakin buna baxmayaraq, hansısa təbliğat yazarı və ya dərslik müəllifi belə, ümumi qaydalarla yanaşı yeri gəldikcə öz ürəyinə yatan sözlərə daha çox meyil edir, kitabının tipoqrafik özəlliklərinə diqqət kəsilir. Dəmiryol bələdçisi səviyyəsindən yuxarıda dayanan istənilən kitab tam mənada estetik qayğılardan azad deyil.
(III) Tarixi stimul. Hər şeyi olduğu kimi görmək, həqiqətləri öyrənmək və onları gələcək nəsil üçün qoruyub-saxlamaq arzusu.
(IV) Siyasi məqsəd. “Siyasət” termini burada daha geniş mənada işlədilib. Dünyanı müəyyən istiqamətə yönəltmək, insanların bağlı olduğu cəmiyyət təsəvvürlərini dəyişdirmək cəhdi. Bir daha təkrarlayıram: siyasi düşüncələrdən tam şəkildə sıyrılmış hər hansısa bir kitab yoxdur. Sənətin siyasətlə bağlılığının olmadığını iddia etməyin özü də bir siyasi yanaşmadır.
Bir-biri ilə mübarizədə olan bu təməl səbəblər insandan-insana və zamandan-zamana görə dəyişə bilir. Təbiətim etibarilə, məndə (yetkinlik yaşıma çatdığım zamanı nəzərdə tuturam) ilk üç motiv dördüncüyə (siyasi məqsəd) nisbətdə daha güclü ola bilərdi. Sülh və əmin-amanlıq dövründə yaşasaydım, bəzəkli-düzəkli, sırf təsvirlərdən ibarət əsərlər yazardım. Hətta bəlkə də, siyasətdən tamamilə bixəbər özüm üçün yaşayardım. Amma indiki halda bu mümkün deyil, nəyisə təbliğ etməyə məcburam. Əvvəla, özümə uyğun olmayan bir işdə (Birmada Hind imperiya polisi) 5 il çalışdım, ardınca yoxsulluq və uğursuzluq ağrısı yaşadım. Bu həm hakimiyyətə qarşı nifrətimi artırdı, həm də ilk dəfə işçi sinifin həyatını yaxından görməyimə şərait yaratdı. Birmadakı iş sayəsində az da olsa, imperializmin mahiyyətini anlaya bilmişdim. Amma bu təcrübələr düzgün siyasi yön qazanmağım üçün yetərli deyildi. Daha sonra meydana Hitler çıxdı, İspaniyada vətəndaş müharibəsi başladı və s. 1935-ci ilin sonu idi, amma mən hələ də yekun qərar verməmişdim. O zamanlarda yaşadığım fikir ayrılıqlarımın, tərəddüdlərimin əks olunduğu kiçik bir şeirimi xatırlayıram:
Xoşbəxt bir keşiş ola bilərdim.
İki yüzil öncə yaşayan,
Tanrı hökmləri haqqında xütbə oxuyub
Qoz ağaclarımın böyüməsini izləyən.
Amma əfsus ki, doğuldum iblis zəmanədə.
Əlimdən çıxdı o xoş fürsət də.
Tüklər qaralırdı dodağım üstdə.
Bilirdim, tərtəmiz olurdu ruhanilərdə.
Və sonra dövran yaxşı idi,
Biz hər şeyə asanlıqla razı.
Dərdli düşüncələrimiz uyuyurdu
Ağac qoynunda yellənən beşiklərdə.
Cəsarət edirdik cahilliyimizlə
Yaşamağa indi gizlətdiyimiz sevincləri;
O zaman alma budağında bir alacəhrə tərpənəndə
Düşmənlərim qorxudan titrədərdi.
Amma qızların belləri və şəftəlilər
Kölgəli axıntıda balıqlar,
Atlar, sübh çağı uçan ördəklər
Hamısı sadəcə bir xəyaldır indi.
Yasaqlı yenidən xəyal qurmaq;
Yarım-yamalaq və gizlidir həzz almaq.
Poladlardan düzəlir indi atlar
Və minib sürəcək onları pəzəvəng adamlar.
Mən bəxti gətirməyən insanam,
Hərəmi olmayan hərəm ağasıyam.
Keşişlə komissar arasında
Eugene Aram kimi gəzirəm.
Və falıma baxır komissar
Radio səslənərkən.
Fəqət Austin 7 söz verib keşiş
Çünki həmişə ödəyər Duggie.
Yuxumda mərmər salonlarda yaşayırdım.
Və oyandım ki, bu gerçəkdir.
Mən belə bir çağ üçün doğulmamışdım.
Bəs Smit? Bəs Jones? Bəs sən?
İspaniya vətəndaş müharibəsi və 1936-1937-ci il hadisələri bu vəziyyəti kökündən dəyişdi və mən artıq kimin yanında olduğumu anladım. 1936-cı ildən bu yana yazdığım hər ciddi əsər, hər sətir birbaşa və ya dolayı yolla totatiarizmin əleyhinə idi və öz görüşlərimə görə demokratik sosializmi dəstəkləyən yazılar idi. Belə qarışıq bir zamanda siyasi mövzularda nələrsə yazmaqdan qaçınmaq, yəqin ki, ağılsızlıq olardı. Hamı bu və ya digər dərəcədə nəsə yazırdı. Sadəcə, əsas məsələ hansı tərəfi müdafiə etmək və hansı yanaşma ilə çıxış etmək idi. Və insan öz siyasi meylində fərqindəlik qazandıqca onun estetik və intellektual tamlığı itirmədən siyasətdə əmin mövqe sərgiləməsi bir o qədər artır.
Ötən on il ərzində ən böyük istəyim siyasi yazılarımı sənətə çevirmək olmuşdu. Məni yazmağa təşviq edən həmişə ədalətsizliyə qarşı mübarizə və tərəfkeşlik duyğusu olub. Kitab yazmağa başlayanda heç vaxt öz-özümə “bir sənət əsəri yaradacağam” demirəm. Yazmaq istəyirəm, çünki ifşa etmək istədiyim bir yalan, diqqəti yönəltmək istədiyim bir həqiqət var və mənim öncəliyim səsimi eşitdirmək ehtiyacıdır. Amma estetik təcrübəm olmasaydı, heç vaxt bir kitab və ya dərgi məqaləsi yaza bilməzdim. Əsərlərimi incələyən hamı görəcək ki, orada siyasi təbliğat cümlələri ilə lazımsız, ən adi motivlər iç-içə hörülüb. Çünki mən uşaqlıqda yaşadıqlarımdan, qazandığım təcrübələrdən heç vaxt sıyrılıb çıxa bilmədim, bunu heç özüm də istəmirəm. Nə qədər ki, sağam, yaşayıram, nəsr üslubuna meylim davam edəcək, həyatı sevəcəyəm və gərəkli-gərəksiz hər növ bilgilərdən zövq almağa davam edəcəyəm. Bu cəhətimi boğmağın heç bir faydası yoxdur. Əksinə, etməli olduğum daxilimdə kök salan bəyəndiyim və bəyənmmədiyim şeyləri yaşadığımız çağın beynimizə yeritdiyi mahiyyətcə ictimai, qeyri-fərdi fəalliyyətlərlə uyğunlaşdırmaq idi.
Bu, o qədər də asan deyil. Çünki özü ilə bərabər dil-üslub problemlərini, həqiqətə sadiqlik məsələsini də gündəmə gətirir. Məsələn, bir örnək göstərim. İspaniya vətəndaş müharibəsindən yazdığım “Kataloniyaya məhəbbətlə” romanım büsbütün siaysi əsərdir, janrın formasına sadiqlik və soyuqqanlılıqla qələmə alınıb. Ədəbi hüdudları pozmadan gerçəyi olduğu kimi yazmaq üçün çox səy göstərdim. Amma kitabda Franko ilə əlbirlikdə günahlandırılan Trotskiləri müdafiə edən bir fəsil də var ki, kifayət qədər qəzet sitatları və bənzər materiallarla zəngindir. Aydındır ki, bir-iki ildən sonra adi oxucu üçün marağını itirəcək belə bir uzun-uzadı fəsil kitaba xələl gətirəcəkdi. Hətta hörmət bəslədiyim bir tənqidçi mənə irad da bildirmişdi: “Niyə baş verən hər şeyi yazına doldurmusan? Bu roman çox yaxşı bir əsər ola bilərdi, amma sən onu jurnalistika materialına çevirmisən”. Dedikləri doğru idi, amma başqa cürünü bacarmazdım ki. Çünki mən İngiltərədə çox az adama məlum olan bir şeyi – o məsum insanların nahaqdan günahlandırıldıqlarını bilirdim. Buna bu qədər hirslənməsəydim, o kitabı heç vaxt yazmazdım.
Bu problem indi də fərqli situasiyalarda ayağıma dolaşır. Ümumiyyətlə, bədii dil çox həssas və incə məsələdir və müzakirəsi çox uzun çəkə bilər. Sadəcə, son illərdə yazılarımda təsvirə az yer ayırıram, məsələləri üstüörtülü yox, açıq yazmağa çalışıram. Hər halda başa düşürəm ki, insan öz yazı üslubunu təkmilləşdirənə qədər bir də göz açır ki, artıq onun sərhədlərini aşıb keçib. Bu baxımdan, “Heyvanıstan” əsəri düşünülmüş şəkildə bədii və siyasi dünyagörüşümü birləşdirməyə cəhd etdiyim ilk kitabımdır. 7 ildir ki, roman yazmıram, amma yaxın vaxtlarda yeni əsər yazmağı düşünürəm. Bilirəm ki, o mütləq uğursuz olacaq. Çünki hər kitab uğursuzluqdur, amma bu dəfə nə yazmaq istədiyimi dəqiq bilirəm.
Yazdığım bir neçə səhifəni vərəqləyib təkrar baxıram, oradan elə görünür ki, mənim yazıçılıq məqsədim ancaq və ancaq toplumun xeyrini düşünməkdir. Amma belə düşünülməsini istəmirəm. Çünki bütün yazarlar lovğa, eqoist və tənbəl insanlardır. Onların yazmaq ilhamının altında çox vaxt böyük sirr gizlənir. Kitab yazmaq sanki bir ömür boyu məhkum olduğun ağır xəstəliklə savaşmaqdır. Əgər tanıyıb-anlamadığı, mübarizə apara bilmədiyi şeytan tərəfindən bu yola sürüklənməsəydi, heç kim öz iradəsi ilə yazıçı olmazdı. Bu şeytanın diqqət çəkməkdən ötrü körpəni ağlamağa məcbur edən instinktdən fərqlənmədiyini bilirik. Amma eyni zamanda bir həqiqət də var ki, insan öz mənini gizlətmədikcə oxunaqlı əsərlər yarada bilməz. Yaxşı nəsr pəncərə şüşəsinə bənzəyir. Hansı motivin məndə daha güclü olduğunu deyə bilmərəm, amma hansının arxasıyca qaçmaq lazım olduğunu bilirəm. Və geriyə dönüb əsərlərimə nəzər salanda görürəm ki, siyasi məqsəd izləmədiyim zamanlarda ölü kitablar yazmışam, romantik epizodlara, mənasız cümlələrə, bərbəzəkli təşbehlərə, ümumiyyətlə cəfəngiyata aldanmışam.
Tərcümə: Fidan Vahid