Ədəbiyyatımızda torpaq mövzusu - Əziz Sultan yazır
MANERA.AZ Əziz Sultanın "Torpaq və ədəbiyyat" yazısını təqdim edir.
Torpaq. Bu sözü eşidəndə insanın daxilindən qəribə bir duyğu keçir - doğmalıq kimi rahatlıq verən, arxayınlıq gətirən, sevgi cücərdən bir duyğu. Sanki torpaq özümüzdən bir parçadır, hərçənd, biz özümüz ondan bir parçayıq. Bəlkə də, bu doğmalığın səbəbi elə budur?
Tarix boyu insan bildiklərini, öyrəndiklərini, düşündüklərini yazmağa meyilli olub. Qayaüstü şəkillərdən heroqlif kitabələrə, əl yazısından səs qeydlərinə, videoçəkilişlərə qədər hər şey insanın özünü yazmaq istəyinin nəticəsidir. Torpağa qarşı duyduğu hissləri də yazıya köçürüb, insan. Bu hisslər nə tarixin, nə də hansısa bir dəqiq elmin mövzusudur. Bu birbaşa duyğuların kəlmələrə nəqş edildiyi dəruni söz sənəti olan ədəbiyyatın mövzusudur.
Təsadüfi deyil ki, Azərbaycan ədəbiyyatında da torpaq mövzusu mühüm yer tutur. Torpaq ümumi olaraq Vətən sevgisini, yurda bağlılığı, insanpərvərliyi təmsil etsə də, mənəvi mənada həm də insan ilə əbədiyyət arasındakı əlaqəni təmsil edir.
Torpaq ana kimi sevilir, ona bəslənən məhəbbətin həddi-hüdudu yoxdur. Torpaq qəhrəmanlarımıza güc verən möhkəm dayaqdır, arxadır, onlar üçün mənəviyyat mənbəyidir. Torpaq uğrunda mübarizə həyat uğurunda mübarizə ilə eyniləşdirilib. Torpaq həmçinin zəhmətin, bərəkətin də kifayət qədər təsirli təlim məktəbidir. Qədim atalar sözlərimiz bunun ən gözəl nümunəsidir. Məsələn:
Torpaq deyər: "Öldür məni, dirildim səni!"
Sular hərəkətlidir, torpaq bərəkətli.
Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.
Son əsrlərdə məruz qaldığımız çətinliklər səbəbi ilə yaxın dövrdə qələmə alınmış əsərlərdə torpağa çağırış əsasən onun işğaldan azad edilməsi mövzusuna köklənmişdi. Bununla belə, bu da özlüyündə torpağa olan məhəbbətin kəlmələrdə çiçək açıb könlümüzə töhfə verməsinin açıq təzahürü idi.
Çünki torpaq hər zaman həyatın mənəvi, mədəni və sosial dəyərinin mücməl tərifi olmuşdur.
Bu məqamda mərhum şairlərimizdən bir neçə nümunə verməsəm, ədəbiyyatdan söhbət açmaq yersiz olar. Məsələn, İslam Səfərli ötən əsrimizdən boylanaraq:
El özü qoruyar axarlı şeri,
Dağlar quzey qarı sərində saxlar.
Bağrıma basmasam hər qarış yeri,
Torpaq öz sirrini dərində saxlar.
– deyərək sözü elə əmanət edir, oxucunu torpağın sirlərini öyrənmək üçün ona sevgi ilə yanaşmağa səsləyirdi. Yaxud Qabilin:
Mən gözümü bu torpaqda açmışam,
Mənim dilim bu torpaqda söz tutub.
İməkləmiş, yerimişəm, qaçmışam-
Dizlərimi qanadanda daş-kəsək
İlk yaram da bu torpaqda göz tutub.
– misraları da sözün torpaqdan ilham almasına, insanın hər ağrı-acısına bu torpağı məlhəm bilməsinə çox gözəl nümunədir.
İllər bizi müharibənin iztirablı hay-küyünə, boğucu barıt qoxusuna boğduqca nəfəslik kimi üz tutduğumuz, duyğularımızı boğulmaqdan qurtarmaq üçün əl atdığımız ədəbiyyat daha da kəskinləşməyə, bədbinlik qarşısında çaşqınlığa məruz qalan ruhları ayağa qaldırmaq üçün səsini qaldırıb hayqırışa çevrilməyə üz tutdu. Məmməd Araz yatmış vulkanı oyatmaq üçün könlümüzün kök saldığı torpağı titrədərkən, Xəlil Rza oba-oba, oymaq-oymaq gəzərək bu torpağın üstündəki milyonların dili ilə səs verirdi çağırışlara. Bəxtiyar Vahabzadənin:
Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizim babaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.
– misraları da varlığımızın dünəni, bu günü və sabahı üçün torpağın ən mühüm sənəd olduğunu ifadə edən qüvvətli bir vurğu daşıyır. Və nəhayət, arzularına çatan xalq üçün torpağın sevincini ifadə edən ədəbiyyat adına Fikrət Qocanın bu misralarını yada salmaq istəyirəm:
Torpaq acgözlüyü eyləyənlərin
Ruhunu zülmətlə örtər O Torpaq.
Vətən torpağını qoruyanların,
Alnından, gözündən öpər O Torpaq.
Zaman-zaman həyəcan təbilləri çalan ədəbiyyat dənizimiz gəmilərdən hündür nəhəng dalğalara tutulsa da, ümumi olaraq hər zaman öz axarına, mənəviyyat qayanamasından bəhrələnən saf mənbələrinə bağlı qalmışdır. Özə qayıdış, əsldən qopmamaq ümumi olaraq ədəbiyyatımızın əsas meyarı olmuşdur. Necə ki, dahi Nizami torpağı və suyu bu cür təsvir edirdi:
Göyə doğru əgər çox qalxsa da su,
Yenə torpaq olar ən son arzusu.
Beləliklə, torpaq, ədəbiyyatımızda sadə bir metafora olmaqla qalmamış, hər zaman dilə gələn, yardım çağıran, haqqı tələb edən, qələbəyə səsləyən və mənəviyyatımızı tənzimləyən müdrik bir obraz olmuşdur. Şeyx Nizaminin də işarə etdiyi kimi, torpaq həyatımızın istiqamətini anladan hekayənin sərlövhəsidir. Su torpağın qoynunda nəşət edən diriliyi təmsil edir.
Bu mənada su həyatdır, candır, insandır. Nə qədər yüksəlsə də, göylərə ucalsa da, sonda qayıdacağı yer torpaqdır, özə qarışmaq, ölümlə qarşılaşmaqdır. Beləliklə, torpaq həm ölüm rəmzidir, həm də diriliş məcrası. Həm gələcəyə toxum əkməyin rəmzidir, həm də əkdiyini biçməyin.
Bir gün ruhumuz bu torpağın bağrına bir toxum kimi əkilərkən ondan cücərəcək nəticənin könlümüzü şad etməsi təmənnası ilə!..