Ədəbiyyatımızda multikulturalizm - Çinarə Rzayeva yazır

MANERA.AZ filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayevanın "Şifahi və yazılı ədəbiyyatımızda multikultural dəyərlər" yazısını təqdim edir.
“Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır” deyən ulu öndər Heydər Əliyevin Azərbaycanda yaşayan azsaylı xalqlara olan hümanist münasibəti, nümunəvi diqqəti və qayğısı bu gün də özünü göstərir.
Göründüyü kimi ümummilli liderin alicənablığı bir çox sahələrdə olduğu kimi multikulturalizm sahəsində də diqqət çəkir.
Multikulturalizm termini son dövrlərə təsadüf etsə də bu hadisənin tarixi Azərbaycan Respublikasında ta qədim zamanlara gedib çıxır. Keçmişimizə nəzər saldıqda multikultural dəyərləri həm şifahi, həm də yazılı ədəbiyyat nümunələrində görə bilirik. Folklorumuzda özünə yer tutan digər xalqlara məxsus folklor nümunələri bu gün öz folklor nümunələrimiz ilə yanaşı işlənməkdədir.
Bu nümunələr atalar sözlərində, dastanlarda, nağıllarda və digər nümunələrdə əks olunmuşdur. Hətta bəzi atalar sözləri vardır ki, Azərbaycan atalar sözləri ilə eynilik təşkil edir. Deyilənlərlə bağlı bir neçə nümunəyə diqqət yetirək:
Udilərdə: “Ağıllı fikirləşincə dəli vurub aparır”.
Alman atalar sözləri də folklorumuzda yer alır. Məsələn: “Arvad evdar olan yerdə tirləri də piy basar”.
Başqırd atalar sözləri də özünə məxsusluğu ilə seçilir. Belə atalar sözləri dilimizdə o qədər işlənir ki, hətta sanki özümüzünkiləşib. Bir neçə nümunəyə nəzər salaq: “Torpaq çörəyi ilə, insan əməyi ilə”; Sən özün torpağa əyilməsən, o sənə yaxın gəlməz”; “Zoruna güvənmə, ağlına güvən”.
Fin atalar sözlərinə nəzər yetirək: “Bir həftə səhv etməkdənsə, bir gün fikirləşmək yaxşıdır”. “Əkin əkənə - torpaq, avar çəkənə - su həmişə tapılar”.
Ləzgi atalar sözləri: “Bir qoyundan iki dəri soyulmaz”; “Hər qamışdan qənd qayırmazlar”.
Bu da onu göstərir ki, Azərbaycan xalqı ta keçmiş zamanlarda belə dinə, dilə, irqə ayrım etməmiş, əksinə digər xalqların milli-mənəvi dəyərlərinə, folkloruna dəyər vermişdir.
Bunlarla yanaşı Azərbaycanda multikulturalizmin bir göstəricisi də digər xalqlara məxsus dastanların, nağılların Azərbaycan dilinə tərcümə olunmasıdır. Tərcümə olunan bu əsərlər millətlərarası əlaqələrin genişlənməsinə, onların mədəniyyətinə, milli-mənəvi dəyərlərinə, folkloruna yaxından bələd olmasına əsas verir. Bu tərcümələrin digər müsbət cəhətlərindən biri də başqa millətlərə, xalqlara məxsus folklor nümunələrinin orta məktəb dərsliklərində və sinifdənxaric oxu kitablarında uşaqlara tədris olunmasıdır.
Şifahi xalq ədəbiyyatı ilə yanaşı, yazıçı və şairlərimiz ortaya dəyərli əsərlər qoymaq üçün digər millətlərin mahiyyətini, mədəniyyətini, tarixini dərindən öyrənmiş, bunu əsərlərində əks etdirmişlər. Bu yerdə dəyərli yazıçı və şairlərin yaradıcılığına nəzər salmaq lap yerinə düşər. Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Məhəmməd Hadi, Abdulla Şaiq, Hüseyn Cavid və başqaları yaradıcılıqlarında multikultural dəyərlərə müxtəlif formalarda yanaşmışlar.
Belə ki, bir çox yazıçıların əsərlərinə diqqət yetirdikdə baş qəhrəmanlarının başqa millətdən olduğunu görürük. Belə ki, dahi şair Nizami Gəncəvinin “Yeddi gözəl”əsərində hər gözəlin başqa bir millətdən olması multikultural dəyərdən xəbər verir.
Dahi şair “Yeddi gözəl” poemasında yeddi ölkə gözəllərinin hər birinin müxtəlif dinə, millətə, əqidə və düşüncəyə sahib olmasını əsər boyu hiss elətdirməyib. Məhz dahi şairə dünya sevgisini, dünya şöhrətini qazandıran özəlliklərdən biri də budur.
Nizami Gəncəvinin təkcə “Yeddi gözəl” poemasında yox, bir çox əsərlərində bunu görürük. “Xosrov və Şirin” poemasında atəşpərəstliyin, xristianlığın, bütpərəstliyin insan səadəti və xoşbəxtliyi yolunda heç bir maneə törətməməsi mütəfəkkir şairdə multikultural dəyərin yüksək olmasını bir daha sübut edir. Eyni zamanda dahi şair Nizаmi Gəncəvi “İsgəndərnаmə” əsərində milli və dini fərqlərə qısqаnclıq göstərməyən, onlar arasında heç bir fərq qoymayan hökmdаr оbrаzı yаrаtmışdır. Şair yazır:
Zəncinin zаhiri qаrаdır, аncаq,
Sən аgzındаn çıхаn sаf sözlərə bах.
Zənci dəmir kimi qаrа, pаrlаqdır,
Üzü qаrаdırsа, ürəyi аgdır.
Multikulturalizmin izlərini böyük dramaturq, romantik şair Hüseyn Cavidin 1914-cü ildə məhəbbət mövzusunda yazdığı “Şeyx Sənan” mənzum dramında da açıq şəkildə görmək mümkündür. Bildiyimiz kimi bu dram Sənanla gürcü qızı Xumarın sevgisindən bəhs edir. Hüseyn Cavid “Şeyx Sənan” dramında baş qəhrəmanlarının birini müsəlman, birini xristian gürcü seçməklə, yəni başqa millətə, xalqa məxsus seçməklə, dinə, irqə ayrım etməmiş, əksinə multikultural ruhlu olduğunu sübut etmişdir.
Onu da qeyd edək ki, multikultural dəyəri mütəfəkkir şairin təkcə “Şeyx Sənan” əsərində deyil bir çox əsərlərində görmək mümkündür. Mütəfəkkir şairin bu qəbildən olan əsərlərindən diqqətimizi daha çox çəkəni “Qız məktəbində”şeiridir. Böyük şair bu şeirdə balaca qızın-Gülbaharın dili ilə dünyadakı bütün insanlara bəslədiyi sonsuz sevgi və məhəbbət duyğularını ifadə edir. Bu yerdə həmin şeirin son misralarını xatırlamaq lap yerinə düşər.
– Pək doğru söz... Bu dünyada sənin ən çoq sеvdiyin
Kimdir, quzum, söylərmisin?
– Ən çoq sеvdiyim ilkin
O Allah ki, yеri-göyü, insanları xəlq еylər.
– Sonra kimlər?
– Sonra onun göndərdiyi еlçilər.
– Başqa sеvdiklərin nasıl, yoqmu?
– Var...
– Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar.
Multikulturalizm bir siyasətdir və bu siyasət Azərbaycanda qədim zamanlardan özünü göstərə-göstərə gəlib bu günümüzə çatmışdır. Qədim zamanlardan bu günə kimi Azərbaycan millətindən, irqindən, dilindən, dinindən asılı olmayaraq hər bir millətə, xalqa, hər bir kəsə qucaq açmış, ona özünün doğması kimi dəyər vermiş, onun milli dəyərlərinə bütün dövrlərdə hörmət etmiş və onlara öz yaşamında xüsusi yer ayırmışdır.