Yaşar Rzayevin elmi fəaliyyəti - Sərraf Talıbov yazır

MANERA.AZ Sərraf Talıbovun (Sərraf Talıb) "Yaşar Rzayevin elmi fəaliyyəti: Azərbaycan ədəbiyyatında milli özünüdərk və azadlıq meyilləri" məqaləsini təqdim edir.
(“Bədii söz və azadlıq şüuru” kitabı əsasında)
Yaşar Rzayev dedikdə, ilk növbədə gözümüzün önünə Lənkəranın ictimai-siyasi həyatında, xüsusən də 90-cı illərin ən qarışıq bir dövründə taleyinə cənub bölgəsinin mərkəzi şəhərinə rəhbərlik etmək kimi ağır bir vəzifə düşmüş və bu siyasi burulğandan alnıaçıq-üzüağ çıxmağı bacaran ziyalı bir şəxsin siması gəlir. Yaşar Rzayev yaradıcı bir şəxs idi- jurnalistikadan siyasətə, idarəçiliyə gəlmişdi, özü də uğurla gəlmişdi. Lakin bu böyük idarəçilik yükü onu sevdiyi sahədən ayrı sala bilməmişdi. O, publisistik yazıları ilə yanaşı, nəsrə, ədəbiyyatın nəzəri məsələlərinə də baş vurur, bu sahədə də yazı xatirinə deyil, öz dolu-düzgün sözünü deməyə çalışırdı. Necə deyərlər, “artıran söz qədrini sidq ilə qədrini artırar, kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”. Məhz bu xüsusiyyət, sözə məsuliyyətlə yanaşmaq hissi, ona ədəbi tənqid sahəsində də uğur gətirmişdir.
Yaşar Rzayevin yazılarında milli varlığımızın təmsilçiləri, milli mənliyə sədaqət, milli özünüdərk kimi mövzular geniş yer alır. Onun elmi məqalələri bir çox elmi jurnallarda, o cümlədən "Dil və ədəbiyyat", "Elmi axtarışlar", "Azərbaycan", "Filologiya məsələləri" və digər nəşrlərdə, o cümlədən beynəlxalq elmi konfransların iştirakçısı kimi xarici ölkələrdə də çap olunmuşdur. Azərbaycan ədəbiyyatı və tənqidi sahəsində tanınmış bir araşdırmaçı və yazıçı kimi “Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu”(1960-1980-ci illərdə) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, “Azərbaycan romanı siyasi-ideoloji proseslər və milli-mənəvi ideallar kontekstində (1930-1950-ci illər)” adlı doktorluq dissertasiyasını yazmışdır. Yaşar müəllim 45 elmi, 200 müxtəlif məqalə, oçerk , resenziya, tərcümə müəllifidir. Elmi məqalələri Rusiya, İran, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistanda elmimetrik orqanlarda nəşr olunmuşdur. Onun elmi fəaliyyəti əsasən XIX əsrin II yarısı və xüsusən də XX əsrin əvvəlləri, 60-cı və 90-cı illər ədəbi proseslərinə həsr olunmuşdur.
Y.Rzayevin ədəbi tənqidi məqalələri və resenziyalarında milli mənlik, ədəbi proseslər, ədəbi metodlar və ədəbiyyatımızın müxtəlif dövrləri araşdırılmışdır. Biz, bu kiçik yazımızda onun bütün elmi fəaliyyətini araşdırmaq fikrindən uzağıq, yalnız müəllifin 2007-ci ildə nəşr olunan “Bədii söz və azadlıq şüuru” kitabı ilə bağlı bəzi mülahizələrimizi diqqətinizə çatdırmaq istəyirik. Əsər ön söz, giriş, 2 fəsil və nəticədən ibarətdir. Sanballı kitabın elmi redaktoru filologiya elmləri doktoru Akif Hüseynlidir. A.Hüseynli ”Redaktordan” başlığı altında yazır: ”...Müəllif həqiqətən zəngin və dəyərli tədqiqat materialına müraciət etmişdir; imperiya əsarətində yaşamış xalqa milli azadlıq hissləri aşılamış, onun milli şüurunu daima oyatmış və silkələmiş bədii əsərləri müəyyənləşdirib araşdırmaq bugünki qayğılarımız baxımından çox əhəmiyyətli elmi-estetik nəticələrə gəlməyə imkan vermişdir.
Bu qayğılar hazırda qarşımızda duran ən vacib vəzifə ilə - ərazi bütövlüyümüz, dövlətçiliyimiz və müstəqilliyimizi qorumaq əzmi və zərurəti ilə bağlıdır.”(1, s.3) Y.Rzayev araşdırmalarını iki istiqamətdə aparır. İlkin olaraq XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində ölkədə milli şüurun oyanışında aparıcı rol oynayan dahi söz adamlarımızın əsərlərinə toxunur, onları təhlil süzgəcindən keçirir və aldığı nəticələri təqdim edir. Bu sırada tanınmış yazıçı və jurnalistlərdən H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, N.Nərimanov, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Hadi, M.Ə.Sabir, Ü.Hacıbəyov, H.Cavid, ictimai xadimlərdən H.Z.Tağıyev, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə və başqalarının fəaliyyətlərini özünəməxsus tərzdə təqdim etməklə onların milli azadlıq ruhunun oyanmasındakı rolundan bəhs edir.
Tədqiqatçı “Milli şüurun inkişafında Azərbaycan ədəbiyyatının tarixi roluna nəzər” fəslində XIX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatında maarifçilik ideyalarının yayılmasında mühüm rol oynayan A.Bakıxanov, Q.Zakir, İ.Qutqaşınlı, M.F.Axundov, H.B.Zərdabinin fəaliyyətini nəzərdən keçirir. Xüsusən də Mirzə Fətəli Axundovun yaradıcılığının təhlilinə xüsusi yer ayırır. O yazır: ”XIX əsrin ikinci yarısında Azərbaycanda ədəbi-bədii və ictimai fikrin təşəkkülü, maarifçiliyin inkişafı ilk növbədə Mirzə Fətəli Axundovun adı ilə bağlıdır.”(2,s.19) Y.Rzayev “Kəmalüddövlə məktublarını” M.F.Axundov yaradıcılığında siyasi inkişaf kimi deyil, həm də Azərbaycanın sosial-siyasi fikrində milli ideya axtarışlarının, millət ideyasının, azadlıq şüurunun formalaşmasında mühüm cəhd kimi qiymətləndirir. M.F.Axundov belə yazmışdır: “...növü-bəşərin fərdlərindən hər biri sağlam əqlin hökmü ilə tam azadlıq nemətindən istifadə etməlidir... Tam azadlıq iki növ azadlıqdan ibarətdir; biri ruhani azadlıqdır, o biri cismani azadlıqdır”(3, 217). Müəllif mlli azadlıq şüurunun ilk oyanışını M.F.Axundovdan başlamaqla H.Zərdabi, M.Şahtaxtlı, S.Vəlibəyov, C.Ünsizadə, N.Nərimanov, S.M.Qənizadə və başqalarının yaradıcılığında axtarır, “Əkinçi”, “Ziya”, “Kəşkül” kimi qəzet və jurnallarda bu işartıları üzə çıxarır.
Milli müstəqillik təfəkkürünün formalaşması və inkişafında həmin dövrdə fəaliyyət göstərən ziyalıların söz və sənət sahiblərinin rolunu xüsusi qeyd edir. Yaşar Rzayev vurğulayır ki, “əsrin əvvəllərində milli istiqlaliyyət hərəkatımızın birinci-mənəvi-ideoloji hazırlıq mərhələsində istiqlal idealının əsas ifadəçilərindən biri “Molla Nəsrəddin” ədəbi məktəbi oldusa, digəri milli mətbuatımızın “Həyat” – “Füyuzat” istiqaməti ilə təmsil edildi.”(4, s.22-23) Müəllif tanınmış ədəbiyyatşünas Yaşar Qarayevin fikirlərinə xüsusi önəm verir. C.Məmmədquluzadənin yeri haqqında Y.Qarayevin dedikləri: “Bizim ədəbiyyatda ağlın dastanına zirvə - Nizamidir; eşqin və qəmin faciəsinə memar Füzulidir; qeyrətin ağrısına, namus yanğısana timsal Sabirdir; həm ağıl, həm də qeyrət üçün borcun, cavabdehliyin ölçüsünə misal – Cəlil Məmmədquluzadədir”(5, 236). Y.Rzayev haqlı olaraq bildirir ki, Mirzə Cəlil hədər yerə demirdi, “yüz illərlə yatmış milləti oyatmaq üçün və məmləkətin qulağına dirilik şeypuru çalıb” oyatmaq lazımdır. Məqalədə Y.Rzayev dil məsələsində ana dilin önəmi ilə bağlı C.Məmmədquluzadə, Ə.Hüseynzadə kimi ədiblərin yaradıcılığına diqqət çəkir. Müəllifin M.Ə.Rəsulzadə yaradıcılığına münasibəti də maraq doğurur.
Onun “1907-ci ildə yazdığı “Həsbi-hal” şeirini M.Ə.Rəsulzadənin ilk siyasi platforması kimi səciyyələndirir. Ondan əlavə M.Ə.Rəsulzadənin həyat konsepsiyasına çevrilən “Milli dirçəliş” adlı 7 məqalədən ibarət nəzəriyyəsinə xüsusi diqqət yetirir və hər məqaləni ayrıca tədqiqata cəlb etməklə M.Ə.Rəsulzadənin milli dirçəliş və inkişafla bağlı fikirlərinə işıq tutur. Əsrin əvvəllərində ədəbiyyatda azadlıq ideyalarının yayılmasını təhlil edir, bu nöqteyi-nəzərdən M.Hadi, Əlabbas Muznib, Əhməd Cavad, Cəfər Cabbarlı, Umgülsüm, S.Mənsur, Əbdürrəhman Dai, Əli Yusif kimi ədiblərin yaradıcılığından misallar gətirir. M.Hadinin yaradıcılındakı azadlıq çağrışlarını Y.Rzayev onun:
İmzasını qoymuş miləl övraqi-həyata,
Yox millətimin xətti bu imzalar içində. (6, s.129)
beytini misal gətirməklə şairin azadlıq və istiqlaliyyət çağırışlarını diqqətə çatdırır.
Bu məqalədə müəllif maraqlı bir nəticə ilə çıxış edir: “Azərbaycanda cumhuriyyət dövrünün poeziyası, nəsri, dramaturgiyası, hər şeydən əvvəl vətənpərvərlik ruhu ilə seçilir... tədqiqatlar göstərmişdir ki, hətta ay da, ulduz da, rəmz və obraz kimi rəsmiləşən milli simvolikaya – üç rəngli bayrağa və gerbə poeziyadan, romantik nəsrdən və publisistikadan keçərək gəlmişdir.”(7, s.45)
I fəslin II bölməsi “Milli şüurun təşəkkülündə 1920-1950-cı illər mərhələsi və Azərbaycan sovet ədəbiyyatı” adlanır. Müəllif bölmədə həmin dövrdə ölkə ədəbiyyatında səs çıxaran ədəbi nümunələri araşdırır, əsərlərin aşıladığı fikir və ideyaları özünəməxsus şəkildə ortaya qoyur. Müəllif bu dövrdə ölkədə hökm sürən ictimai-siyasi tendensiyalardan bəhs edir, onların ədəbiyyatda inikasını misallar əsasında göstərir. Bu mürəkkəb dövrdə hökm sürən repressiyalar, mövcud əzici ab-hava, sovet ideologiyası çərçivəsində yazan şair və yazıçıların fəaliyyətinə diqqət çəkilir. Bütün bu təzyiqlərə baxmayaraq azadlıq ideyalarını üstüörtülü şəkildə də olsa verməyə çalışan ədiblər təqdir edilir. Dahi sənətkat Hüseyn Cavidin “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam”, C.Cabbarlının “Od gəlini” pyesi, S.Vurğunun “Azərbaycan” şeiri, “Vaqif” pyesi, Y.V.Çəmənzəminlinin “Qan içində”, M,S,Ordubadinin “Qılınc və Qələm”, M.İbrahimovun “Gələcək gün”, Ə.Abbasovun “Zəngəzur” romanı, M.Hüseynin “Cavanşir” pyesi, R,Rzanın şeirləri, S.Rüstəmin “Cənub şeirləri”nin milli şüurun inkişafına təsirindən danışır. Y.Rzayev sovet senzurasından keçən bu əsərlərdə müsbət işartılar görür. S.Vurğunun “Komsomol poeması”nda möhtəşəm “Dünya”şeirinə müraciət edir. Müəllif bildirir ki, bu şeirin dərin altqatında rəmzlər, müəllifin ürək sirləri yatır:
Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay,
Fəqət nə Cəlal var, nə də ki, Humay,
Nə ömrə acıyır, nə yaşa, dünya (8, s.129).
Müəllif bu bölməni R.Rza, S.Vurğunun milli vüqar, milli iftixar hissi barədə fikirlərilə bitirir.
Kitabın II fəsli “Müasir Azərbaycan ədəbiyyatı və milli müstəqillik şüurunun formalaşması” adlanır. Fəslin I bölməsində 60-80-cı illərin ədəbi prosesi tədqiq edilir. Həmin dövrün yumşalma ab-havasından bəhrələnərək ədəbiyyata gələn ədiblərin yaradıcılığı nəzərdən keçirilir. Y.Rzayev qeyd edir ki,”1960-1980-cı illərdə yaranan bədii dəyərlər Azərbaycanda milli şüurun formalaşmasına, hətta milli-azadlıq hərəkatının təşəkkülünə də çox ciddi təsir göstərmişdir…”(9, s.65) Müəllif həmin illərdəki ədəbi qüvvələri 5 qismə ayırır.
Bunlardan S.Rüstəm, Rəsul Rza, M.İbrahimovdan tutmuş B.Vahabzadə, Nəbi Xəzri, İsmayıl Şıxlı, Məmməd Araz, Xəlil Rza, Əli Kərim, Anar, Yusif Səmədoğlu, Elçin, Mövlud Süleymanlı, Ramiz Rövşən, Afaq Məsud, Seyran Səxavət və başqalarının yaradıcılığından misallar gətirir. Y.Rzayev həmin dövrdə fəaliyyət göstərən ədəbiyyatşünas və ədəbi tənqidimizin tanınmış simalarını da yaddan çıxarmır. Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Bəkir Nəbiyevin bu sahədəki istiqamətverici rolundan bəhs edir. B.Vahabzadənin “Latın dili”, Xəlil Rzanın “Afrikanın səsi”, Rəsul Rzanın “Rənglər” silsiləsi, Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır” romanı, Nəbi Xəzrinin “Kiçik təpə” poeması, İ.Əfəndiyevin bəzi pyeslərini müəllif “ətaləti silkələyən” əsərlər kimi qiymətləndirir. Şəhriyarın “Heydər babaya salam” əsərinin ikiyə bölünmüş xalqın dəruni tellərinə sığal çəkdiyini, bu səbəbdən şeirin dillər əzbəri olduğunu bildirir:
Heydərbaba, göylər bütün dumandır,
Günlərimiz birbirindən yamandır,
Birbirizdən ayrılmayın amandır,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar. (10, s.164-165)
Y.Rzayev mövzuya sadiq qalaraq bu fəsildə də azadlıq ideallarının ədəbiyyatda tərənnümünə diqqət çəkir. Bildirir ki, “Bədii ədəbiyyatda azadlıq ideallarının tərənnümü, milli müstəqillik uğrunda mübarizəyə çağırış motivləri müasir mərhələdə Azərbaycan ədəbiyyatının aparıcı ideya-mündəricə təmayüllərindən olmuşdur.” Araşdırıcı azadlıq ideallarının inkişafını 6 amillə qiymətləndirir. Bildirir ki, burada keçmişdən gələn ədəbi impulslar, azadlıq ruhlu ədiblər, tarixi keçmişimiz, dogma yurdun təsviri, Azərbaycan ədəbi dilinin gözəlliyi kimi xüsusiyyətlər nəticədə azadlığı tərənnüm edən əsərlərin yaranmasına gətirib çıxarmışdır.
Yaşar Rzayevin nəsillər arası müqayisələri də maraqla qarşılanır. O, B,Vahabzadənin “Gülüstan” poemasını, S.Vurğunun “Zəncinin arzuları”, M.İbrahimovun “Çandranın üsyanı”, X.Rzanın “Afrikanın səsi”, S.Rüstəmin “Cənub şeirləri”, Anarın “Səhra yuxuları”nı misal gətirərək bildirir ki, hadisələr ayrı-ayrı məkanlarda baş versə də, fərqi yoxdur, hər kəs bu əsərlərdə Azərbaycanı, özünü görürdü. Yaşar Rzayev azadlıq şairi Xəlil Rza yaradıcılığının təhlilinə xüsusi yer ayırır. Onun “Apardı sellər Saranı”, “Mənim şeirim”, “Afrikanın səsi” şeirlərini, “İki qardaşın” poemasını tədqiq edir, şairin açıq mətnlə çağırışını təqdir edir.
Müəllif bölmənin sonunda İsa Hüseynovun, İsmayıl Şıxlının, Sabir Əhmədovun, İlyas Əfəndiyev və digərlərinin ayrı-ayrı əsərlərini bu dövrdə ədəbiyyatımızda ciddi ədəbi hadisə kimi dəyərləndirir.
Yaşar Rzayev digər ədəbi dövrlər kimi 90-cı illər ədəbi prosesi haqqında da geniş araşdırmalar aparmışdır. Kitabın II fəslinin II bölməsi “90-cı illərdə ictimai-siyasi proses və ədəbiyyat” adlanır. Bu bölmədə də geniş araşdırmalar aparan müəllif ədəbi mühitin üzdə olan tanınmış simalarının əsərlərinə müraciət edir, bu əsərlərdə yeni ab-hava ilə bağlı mülahizələrini irəli sürür. Artıq yeni şərait, milli suverenliyə çağırışlar öz bəhrəsinini vermiş, yəni Azərbaycan 1991-ci ildə özünü müstəqil elan etmiş, BMT-yə üzv qəbul edilmişdi. Azərbaycanın üçrəngli bayrağı, latın dili bərpa olunmuşdu. Yeni dövr, yeni çağırışlar demək idi. Bu da ədəbiyyatda təsirsiz ötüşməmişdi. Bunu ustalıqla təsvir edən Y.Rzayev bu dövrdə boy verən ədəbi qüvvələrin yaradıcılığına işıq tutmaqla onları araşdırır. Lakin, qeyd edir ki, bu azadlıq asanlıqla bərqərar olmadı. İmperiyanın törətdiyi 20 yanvar faciəsi və bunun fonunda yaranan ədəbi nümunələr Y.Rzayevin diqqətindən qaçmır. Xüsusən də o, X.Rzanın çağırışçı şeirləri, B.Vahabzadənin mərsiyəvari “Şəhidlər” poeması, Sabir Əhmədovun hekayələr silsiləsi, Musa Yaqubun şeirlərinə xüsusi önəm verir.
90-cı illər ədəbiyyatının “keçid dövrü ədəbiyyatı” kimi səciyyələnməsini inkar etməyən müəllif bu dövrün həm də nəsillərin qovuşma dövrü kimi qiymələndirir. Bu dövrdə Azərbaycan poeziyasının 40 illik öncülləri - B.Vahabzadə, M.Araz, N.Xəzri, Qabil, N.Həsənzadə, Cabir Novruz, F.Mehdi, F.Qoca, F.Sadıq, sonrakı nəsillərin nümayəndələri - Ə.Salahzadə, V.Səmədoğlu, M.Yaqub, Z.Yaqub, R.Rövşən, V.Cəbrayılzadə və başqalarını əsas yaradıcı qüvvə kimi xarakterizə edir.
II bölmədə poeziya ilə yanaşı, nəsr və dramaturgiyada İ.Məlikzadə, Anar, Məmməd Oruc, R. İbrahimbəyov, A.Abdullazadə, Ə.Əmirli, Ə.Əylisli, İ.Əfəndiyev, Elçin, A.Məsud, S.Budaqlı, B.Vahabzadə,V.Babanlı, K.Abdulla və başqalarının yaradıcılığına toxunur. Y.Rzayev əsərin sonunda qeyd edir ki, “...Azərbaycan ədəbiyyatı XX əsrdə həm də tarixi bir missiyanı yerinə yetirdi; xalqın mülli şüurunu oyatdı, azadlığa və müstəqilliyə gedən yolda güclü ideya-mənəvi qüvvəyə çevrildi.” (11, s.122)
Əsərdə tədqiqə cəlb edilən C.Novruzun “Kaş millətdə ruh yaşasın” şeiri diqqətimizi cəlb etdi. Şair deyir:
Millət əzər, əzilər də,
Kaş millətdə ruh yaşasın.
Əyri qəddi düzələr də,
Kaş millətdə ruh yaşasın.
Qeyrət ruhun gücündədir,
Qüdrət ruhun gücündədir,
Millət ruhun gücündədir,
Kaş millətdə ruh yaşasın...(12, 77).
Müəllifin misal gətirdiyi səmimi, ezop dilindən xali C.Novruzun bu sadə şeirindən döğan fikirlər, deyərdim ki, bütün kitabın leytmotivini təşkil edir.
Yazımı kitabın elmi redaktoru, fil.e.doktoru Akif Hüseynlinin fikirləri ilə bitirmək istəyirəm: “Mən bu fikirdəyəm ki, təcrübəli qələm sahibi Yaşar Rzayev qarşısına qoyduğu vəzifənin öhdəsindən gələ bilmişdir. Bu tipli tədqiqatlara hazırda ehtiyacımız çoxdur... Şübhə yoxdur ki, milli azadlıq şüurumuzun istər təşəkkül, istərsə də yüksəliş tarixi daha vüsətli, daha mürəkkəb bir proses olmuşdur. Əlbəttə, bu istiqamətdə axtarışlar davam etdiriləcək, ədəbiyyatımızla milli şüurumuz arasında üzvi bağlılığın yeni-yeni çalarları üzə çıxarılacaqdır.”(13, s.6)
Ədəbiyyat
1. Yaşar Rzayev. “Bədii söz və azadlıq şüuru”. Bakı, “Nurlan”, səh.3
2. Yaşar Rzayev. “Bədii söz və azadlıq şüuru”. Bakı, “Nurlan”, səh.19
3. Axundov.M.F. Bədii və fəlsəfi əsərləri. Bakı, Yazıçı”, 1987, s.383
4. Yaşar Rzayev. “Bədii söz və azadlıq şüuru”. Bakı, “Nurlan”, səh.22-23
5. Qarayev Y.Tarix: yaxından və uzaqdan. Bakı, “Sabah”,1996, s. 236
6. Hadi M. Seçilmiş əsərləri. I cild. Bakı, “Elm”, 1978, s.45
7. Yaşar Rzayev. “Bədii söz və azadlıq şüuru”. Bakı, “Nurlan”, səh.129
8. Səməd Vurğun. Poemalar. Bakı, “Azərnəşr”1959, s.129
9. Yaşar Rzayev. “Bədii söz və azadlıq şüuru”. Bakı, “Nurlan”, səh.65
10. Şəhriyar M. Yalan dünya. Bakı, Azərbaycan ensiklopediyası”, 1993, s.164-165)
11. Yaşar Rzayev. “Bədii söz və azadlıq şüuru”. Bakı, “Nurlan”, səh.122
12. Novruz C. Özünü qoru, xalqım. Bakı, “Şirvan”, s.77)
Sərraf Talıbov,
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin
Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.