manera.az
manera.az

Aləmdə səsim var mənim - Seyid Əzim Şirvaninin qəzəlləri

Aləmdə səsim var mənim - Seyid Əzim Şirvaninin qəzəlləri
Seyid Əzim Şirvani - 190

* * *
Əmərəm ləblərini ta nəfəsim var mənim,
Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim.

Gəldi qanımı töküb yar qurtatsın qəmdən,
Şükr lillah ki, könül, dadrəsim var mənim.

Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan,
Qoy nəva ney tək edim ta nəfəsim var mənim.

Mürği-baği-mələkutəm qəfəsi-çərxə əsir,
Bu əcəb təng olan gör qəfəsim var mənim.

Bikəsəm aləm ara, dərdü qəmindən özgə,
Nə həvadarü nə yavərü nə kəsim var mənim.

Etmişəm gərçi bu dəm aləmi-nasutü vətən,
Ey könül, böylə deyil, pişü pəsim var mənim.

Karvan getdi, könül, qafil edirsən nalə,
Dəm-bə-dəm naləvü bangi-cərəsim var mənim.

Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.


* * *
Necə həmtay tutum hər büti-zibayə səni?
Vermərəm, tanrı bilir cümlə bu dünyayə səni.

Qorxuram ki, nəzər əhli deyə naqisdi bu söz,
Oxşadam hüsndə hərçənd tamam ayə səni.

Arizin gün əvəzi, aləmi nurani edər,
Gər mələklər çəkələr ərzi-müəllayə səni.

İstəməz abi-bəqa Xızrı-Məsiha xurşid
Göstərə bir kəs əgər Xızri Məsihayə səni.

Şaxi gül qoyma sala sayə səni bağ içrə,
Bu nəzakətlə, gülüm incidər ol sayə səni.

Ey pəriçöhrə, gəlir billəhi, heyfim özümün
Ki, desin yar, xəyaliq, məni-rüsvayə səni.

Nə edir arizuyi-hur, nə gülzari-behişt,
Versələr gərçi ki, bu Seyyidi-şeydayə səni.


* * *
Olmasaydı qəmi-eşqin dili-viranımda,
Saxlamazdım onu bu izzət ilə yanımda.

O qara xalı mənə versələr qanın içərəm,
Nə üçün mənzil edib arizi-cananımda.

Tutanı müshəfi-rüxsarüvi ol kafər xət,
Görünür gör nə xələllər mənim iymanımda.

Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,
Bu nə rəftardır ol sərvi-xuramanımda?

Düşəni xublərin könlümə fikri, Seyyid,
Əlli Yusif tapılar külbeyi-əhzanımda.


* * *
Eşqdir eyləyən aləmdə bəlalər iycad,
Eşqdəndir bu qədər aləmi-kovn içrə fəsad.

Eşqdir mürşidi-kamil, ona afaq mürid,
Eşqə şagird cahan əhli, o kamil ustad.

Eşqdir aləm ara darə çəkən Mənsuri,
Eşqdir Qeysi qılan Leyli qəmindən naşad.

Dağdə surəti Şirinini nəqş eylər ikən,
Başına vurdu külüngün niyə axır Fərhad?

Seyyida eşq sözün söyləmə nafəhmlərə
Çəkmə zəhmət nə bilir rütbeyi-insani cəmad.


* * *
Qönçənin bağrını əzzəldə fələk qan eylər,
Sonra könlünü açıb dəhrdə xəndan eylər.

Səltənət təxtinə bir payədi zindan, ey dil,
Yusifi izzət üçün sakini-zindan eylər.

Çəkməsə rənc kişi gəncə olurmu vasil,
Rəsmdir, rənc çəkən karını asan eylər.

Səbri-Əyyub gərək aşiqi-dilxüstədə,
Aqibət lütfi-xuda dərdinə dərman eylər.

Olmasa kar pərişan, ona saman olmaz,
Hər pərişanlığa tanrı özü saman eylər.

Bir düşəydi əlimə vəsl, deyəydim bir-bir,
Bu cəfalər ki, məni möhnəti-hicran eylər.

Seyyida, qorxma ki, aləmdə xudavəndi-əhəd,
Səni izzətlə dəri-dövlətə dərban eylər.


* * *
Neylirəm, gülzarı kim, sən gülüzarımsan mənim,
Sünbülüm, sərvim, gülüm, bağım, baharımsan mənim.

Dolsa aləm xublərdən istəməm, zira ki sən
Xublərdən, sevdigim, nigarımsan mənim.

Gah alırsan canımı, gahi verirsən can mənə,
Sən məgər kim, ey büti-tənnaz, tarımsan mənim.

Gəlmə nəşim üstə versəm həsrətindən can əgər,
Qeyrilər ta olmasın agəh ki, yarımsan mənim.

Başımın tacı qübari-məqdəmindir, ey sənəm,
Sən səriri-izzət üzrə tacdarımsan mənim.

Seyyidi-sərgəştə tək, miskin gədayəm, leyk sən
Sərvərim, şahım, pənahım, hər nə varımsan mənim. .

Tural Adışirinin təqdimatında...


Baxış sayı - 1 036 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031