Buğac - Nəriman Əbdülrəhmanlının hekayəsi

...Gələn adam ev yiyəsiylə hörmətlə, ikiəlli görüşdü, üz vursa da, içəri girmək istəmədi, dedi, artıq yaz özünü bildirir, hava da xoşdu, söhbətimizi elə burda, həyətdəcə eləyərik. Sonra aralarında elə bir yaxınlıq olmasa da, iş-gücünü, əhli-əyalını xəbər aldı, bu məqamda da kişinin simasındakı intizardan, baxışlarındakı sorğudan gözgörəti zövq ala-ala sözünü uzaqdan başladı, havadan-sudan danışdı, qışın yetərincə yağmurlu keçməməsindən gileyləndi, əlavə elədi ki, vallah, zəmanə dəyişib, qışda qar yağmır, payızda yağışdan göz açıb dünyaya baxa bilmirik; ardınca da, güman ki, ev yiyəsinə yaxınlığını nəzərə çarpdırmaq üçün stul gətirməsinə imkan vermədi, dedi, stulu-filanı neynirsən, a sağolmuş, dədə-babalarımız yerdəcə oturub gap eləyiblər, bəri gəl görək, sonra da bahalı, səliqəli geyim-keciminə qızırğalanmadan yanını hasarın dibindəki kötüyün üstünə qoydu.
Bu yerdə ev yiyəsinin nəfəsi səbirsizlikdən tıncıxdı, indiyəcən qapısını bir dəfə də olsun, açmamış naqafil qonağının niyyətini soruşmaqdan özünü güclə saxlayıb çar-naçar yanına çökdü, söylədiklərinə ədəb xətrinə başını tərpətməklə, “hə, elədi, haqlısan” mızıldamaqla qoşuldu, həmin məqamda da gələn adamın gözlərini tövlənin yanında dirəyə bağlanmış Buğaca zillədiyini sezib əməlli-başlı narahat oldu, beynindən keçirdi ki, deyəsən, bu da buğaya müştəri çıxıb, amma belə niyyəti varsa, nahaq gəlib, nəyinə güvənir axı, qapımdan əliboş qaytardığım adamlardan, yəqin, xəbər tutmamış olmaz. Buğac da, elə bil, gələn adamın məqsədini, yiyəsinin əndişəsini duyub qulaqlarını şəklədi, başını bulayıb fınxırdı, qoyruğunu bir-iki dəfə sağrısına çırpdı, bütün bunlarla da yetinməyib ayaqlarını görürüb-qoydu, bir qədər aralıdakı inəklə buzova sarı imrənə-imrənə qısaca böyürüb dirəyin başına dolandı.
Gələn adam artıq mətləbi uzatmağın təhlükəli olduğunu, ev sahibinin hövsələdən çıxdığını sezib boğazını arıtladı, qəddini dikəldib, özünə daha da abırlı görkəm verməyə çalışdı, dedi, bilirəm, fikirləşirsən ki, müəllim birdən-ikidən qapımı açmayıb, indi xeyir ola, günün şər vaxtı gəlib, həm də sözünün canını söyləmək əvəzinə havadan-sudan, bağdan-bostandan danışır; dedi, məsələnin səndən ötrü bu qədər həssas (bu məqamda da beynindən keçirdi ki, “həssas” kəlməsi dilimə hardan gəldi axı, elə bilər, savadımı göstərirəm) olduğunu bilirəm; sözün qısası, yəqin, xəbərin var, üç ildi ki, məktəbin-müəllimliyin daşını atmışam, əlimdə-ovcumda nə vardısa, yığıb-yığışdırdım, bir az da borc-xərc elədim, çöldə yataq, bir az da mal-qoyun aldım, çoban tutdum; dedi, hamının işi avand olsun, yavaş-yavaş işlərim qaydasına düşür, amma bu qış gözlənilməz bir problem (yenə beynindən keçirdi ki, bu kəlməni də də nahaq işlətdim) çıxdı, iki buğamdan biri götürüm düşdü, dava-dərman kömək eləmədi, heç əti də ələ gəlmədi, o biri də gözümə yaxşı dəymir, qorxuram bu il inəklər də, artıq vaxtı çatan düyələr də buğasız qalalar; sonra əlavə elədi ki, sozümün canı budu, Buğacına (bu məqamda istədi soruşsun, a kişi, “Kitabi-Dədə Qorqud” dastanındakı Dirsə xan oğlu Buğac haqqında boydan xəbərin var, yoxsa adını elə-belə Buğac qoymusan?) üç-beş aylıq ehtiyacım var.
Gələn adam o məqamda özünü cənnətdə atası Anudan Cəma Buğasını istəyən İştar (yəqin ki, kişinin bundan da xəbəri yoxudu, “Gilqamış” dastanını oxumamışdı) kimi hiss eləmək fikrində deyildi, ev yiyəsi də sanki bayaqdan bəri udduğu nəfəsini indi buraxdı, köpü yatdı, sir-sifətindəki gərginlik sovuşdu, hətta canına bir qədər təpər gəldiyini də hiss elədi: uzaqdan-uzağa tanıdığı hörmətli bir adam kəndin o başından durub qapısına gəlmişdisə, deməli, Buğacın əməlli-başlı dəyəri vardı. Amma yox, satmaqdan qəti söhbət gedə bilməzdi, gələn adam da, güman ki, qapısını açıb, ağzı yanmış halda geri qayıdan adamlar barədə eşidib, belə bir təklif eləməyəcəkdi. Hər ehtimala qarşı, təhlükəni aradan qaldırmaq üçün dedi, vallah, Buğacı heç axır vaxtlar naxıra da qatmadım, hər gün örüşə özüm çıxardım, gözümdən irağa buraxmaq istəmədim. Gələn adam, görünür, özünə arxayınıydı, əlini kişinin dizinə vurdu, dedi, qorxma, Buğaca necə mehr saldığından, nə qədər dəyər verdiyindən xəbərim var, onu almağa gəlməmişəm, təmənnam budu ki, verəsən, yatağa aparam, bu yazı-yayı, payızın otralarınacan qalsın, həm dağ otundan yeyib daha da kökəlsin, üç-büş ay canın rahat olsun, qayğın azalsın, həm də o savab iş görsün, heyvanlar buğasız qalmasınlar, payızın ortalarında da, sağ-salamat gətirib qapına bağlayım. Sonra əlavə elədi ki, bilirəm, camaatın mal-qarasının da buğaya ehtiyacı var, ona görə də çox gecikdirmərəm, üstəlik, maşın tutub o inəkləri dağa aparmağa da söz verirəm.
Elə bu məqamda da ev yiyəsinin arvadı bayıra çıxdı, qonağa “xoşgəldin” elədi, artırmadakı sərnici götürüb tövləyə sarı getdi; həmin məqamda gələn adam deyirdi, üstəlik də halallıq üçün bir doğar qoyun, bir-iki baş da pendir peşkəş eləyərəm, kişi də cavab verdi ki, payın artıq olsun, məsələ qoyunda-pendirdə deyil, elə həmin anda da sərnic arvadının əlindən düşüb dınqıdadı, kişi dərhal haqq-hesabını götürdü, qonaq da bu sözsüz anlaşmadan razı halda gülümsəyib əlini yenə onun dizinə vurdu, dedi, arada xətir-hörmət, haqq-salam, kişi söhbəti var, heç bir narahatlığın olmasın, mal-heyvan dama girməmiş Buğacı dəf-daraqla gətirib qapına bağlayacağam. Ev yiyəsinin arvadı da söhbətin nəylə başa çatdığını öyrənmək, bəlkə də ərinə geri çəkilmək üçün yol qoymamaq niyyətiylə (deyəsən, pendir bir yana, doğar qoyun onu hövlləndirmişdi) qayıdıb yanlarından keçdi, alımını almış kişinin də razılaşmaqdan başqa əlacı qalmadı, dedi, nolar, bir halda ki, qapıma gəlibsən, xeyirli olsun, Allah damazlığını bol eləsin, sonra da çay içmək təklifini bir daha bildirdi, amma gələn adam dedi, artıq şər vaxtıdı, bir azdan havanın qaralacaq, Buğacı işıqgözünə evə çatdırsam, daha yaxşı olar, səhər tezdən də yatağa aparacağam, sonra da qalxdı, dil-ağız elədi, soruşdu ki, buğanın bilməli olduğu elə bir huyu-xasiyyəti varsa, bu başdan de, yanlışlıq olmasın. Ev yiyəsi dedi, ona indiyəcən ağac dəyməyib, bir də fövri davranışı xoşlamır, bunları yadında saxlasan, yetər.
Buğac, elə bil, həyatında kəskin dəyişiklik olacağını duymuşdu, yenə başını bulayıb fınxırdı, qabaq ayaqlarını yerə döydü, quyruğunu sağrısına şappıldada-şappıldada böyürdü. Ev yiyəsi o böyürtüdəki ayrılıq çalarını duyub qəfildən kövrəldi, az qaldı, fikrindən daşınsın, amma artıq geriyə yolu qalmamışdı, arada kişi söhbəti, arvadının hikkəsi, üstəlik də doğar qoyun, bir-iki baş pendir vardı, buna görə də çar-naçar Buğacın kəndirini dirəkdən açmağa getdi. Gələn adam bu müddətdə sevincək özünü darvazadan bayıra atdı, bayaqdan bəri maşında gözləyən oğlundan iri şokolad qutusunu alıb qayıtdı, yedəyində Buğac darvazanın ağzında dayanmış ev yiyəsiylə üz-üzə gəldi, qutunu verib dedi, bu da kiçik bir şirinlikdi, yengəyə də minnətdarlığımı çatdır, gözün arxada qalmasan, arabir sorağını yetirərəm, inşallah, vədələşdiyimiz vaxt da gəlib çayını içərəm, sonra kəndiri ev yiyəsinin açıq-aşkar titrəyən əlindən aldı, çalışdı ki, üzünə baxmasın.
Kişi də darvazanın ağzında durub qonağın yedəyindəki Buğaca tamaşa eləmək istəmədi, qorxdu ki, özünü saxlaya bilməz, qonum-qonşu yanında rüsvay olar, əlini heyvanın sağrısına vurdu, tələm-tələsik içəri girib qapını çəkdi, Buğacın böyürtüsünü eşidəndəsə geri dönmək istədi, amma bayaqdan bəri ayıq-sayıqlığını itirməyən arvadını qarşısında görüb fikrindən daşınıb qutunu ona uzatdı. Arvadı da kefikök halda dedi, qaş-qabağını sallama, a kişi, elə bil, oğlunu qürbətə yola salıbsan, pis ha olmadı, payızacan səhər-axşam örüşə çıxarmaqdan canın rahat olar, bir inək, bir buzovdu, onu da qatarıq naxıra, bir doğar qoyun, bir-iki baş da pendir artıqlıq eləməz, heyvan da payızacan əməlli-başlı kökələr, uşaq gələndə xeyir işində kəsərik. Qadın bu sözləri deyə-deyə evə girib işığı yandırdı, qəfildən təkcə həyətdə deyil, öz içində də sınırsız boşluq yarandığını duyan kişi bayaqkı yerə, hasarın dibindəki kötüyün üstünə çökdü, arvadı çağıranacan da qımıldanmadı.
***
Buğac günün şər vaxtı yad adamın arxasınca hara getdiyini kəsdirməyə çalışırdı. Kəndiri onun əlinə keçəndə bir-iki dəfə dartınmış böyürmüş, amma geridə yiyəsinin nə özünü görmüş, nə də səsini eşitmiş, çaşqınlıq içində qalmışdı. İrəlilədikcə tanış iylər, tanış mənzərələr get-gedə uzaqlaşır, toranlıqda yox olurdu. Əvvəlcə yaşıdı, bir yerdə böyüdüyü, ötən il bu vaxt üçyaşar düyə olan, cəmi bir ay qabaq ilk balasını dünyaya gətirmiş Ayqızın (adını yiyəsinin arvadı qoymuşdu), sonra ayaqları təzəcə yer tutmuş balasının (hələ adı yoxudu) məhrəm iyi get-gedə öləzidi, yaz başının bir-birinə qarışmış cücərti, zoğ, puçur, çürümüş ot, xəzəl, yaş torpaq iyləri içində itdi. Anasını dumanlı xatırlayırdı, heç bir yaşı tamam olmamışdı ki, yaz günlərinin birində iki nəfər yad adam gəlib yiyəsiylə nəsə danışıb-barışmış, beləcə, kəndirindən çəkə-çəkə aparmışdılar. Onda gedənlərin dalınca nə qədər dartınmışdısa, yiyəsi boynunu qucaqlayıb buraxmamış, üstəlik, özü də kövrəlmişdi. O ayrılığın acısı aylarla sürmüş, yaşıdı olan buzovun anasından duyduğu mehri belə, uzun müddət dindirə bilməmişdi. Günlərini hava qarlı, şaxtalı, yağışlı, küləkli olanda kiçik tövlədə, az-çox açılanda da həyət-bacada keçirmiş, sonrakı ilsə yiyəsi onu da yaşıdı buzovla birgə naxıra qatmışdı. Kişi gün çıtlayanda onları inəklə birgə darvazadan çıxarır, yola ötürür, naxır gəlib çatanacan göz olur, sonra da naxırçıyla bir-iki kəlmə kəsib qayıdırdı.
İki il də beləcə, dərələri-təpələri dolaşdı, axşamlar, tövlədə qaldığı günlərdə yiyəsindən diqqət gördü: kişi ona əməlli-başlı meyil salmışdı, tez-tez baş çəkir, tumarlayır, qaşovlayır, suyunu-otunu, kəpəyini-arpasını əskik eləmirdi. Üç yaşında artıq tökməbədən, aypara buynuzlu, oyur-oyur oynayan, yiyəsinin fərəhdən köksünü qabardan cöngəyə çevrilmişdi. Elə o vaxtlarda da yaşıdı olan düyənin anasını yad adamlar yedəkləyib gedər-gəlməzə aparmışdılar, daha naxıra düyəylə birgə qatılırdı. Ötən yay naxırdakı buğanın başlarından böyük iddialarla yaşayan erkəklərə dərs verdiyinin, burulmuş cöngələrin çəkdikləri dözülməz ağrıların şahidi olmuş, payızın əvvəllərindəsə qismətinə həmin buğayla kəllə-kəlləyə gəlmək düşmüşdü. Dörd yaşına qədəm qoymuşdu, artıq hədd-büluğa çatdığını duyur, damarlarında qanı coşub-qaynayırdı. Bir yerdə böyüdüyü, mehrini saldığı düyədən aralanmır, hərdən buğa yaxınlaşıb onu imsiləyəndə böyürür, buynuzunu irəli verib üstünə cumurdu. Bu da, şübhəsiz, özünü naxırda külli-ixtiyar sahibi sayan buğanın heç xoşuna gəlmirdi: onun saymazlığına bir neçə kərə dözdü, axırda, deyəsən, buğalıq iddiasına düşən qanacaqsızın dərsini vermək qərarına gəldi, növbəti saymazlığıyla qarşılaşanda da hiddətindən gözləri qan çanağına döndü, böyürüb qabaq dırnaqlarıyla yeri eşdi, sonra başını əydi, buynuzlarını irəli verib cavan rəqibinin üstünə şığıdı.
O da, elə bil, zərbəni irəlicədən hiss eləmişdi, düz vaxtında yayına bildi, müqavimətə rast gəlməyən buğa müvazinətini saxlaya bilməyib xeyli getdi, sağ ayağı çuxura düşdüyündən yıxıldı. Tez qalxsa da, artıq görkəmində əvvəlki qətiyyət, əminlik sezilmirdi, amma naxırın gözü qabağında buğalıq iddasına düşmüş beyniyelli cöngəyə yenilmək ondan örtü hər şeyin sonu olardı: gərək bundan sonra bir inəyə-düyəyə yaxınlaşmaya, hələ damarlarında qaynayıb-coşan istəyi boğaydı. Bu niyyətlə də geri döndü, rəqibinin qabaq ayaqlarını aralı qoyub dik-dik baxdığını görəndə aləm gözlərində qaraldı – daha dünyada heç bir qüvvə onun qarşısını ala bilməzdi. Amma cəmi bir neçə an sonra sanki sal qaya parçasına rast gəlib dal qıçları üstə çökəndə, indiyəcən duymadığı nagəhan qorxu içində yeni, daha amansız, bəlkə də axırına çıxacaq zərbəni gözləyəndə, deyəsən, naxırda üç ildən bəri sürən şəriksiz hökmranlığının başa çatdığını aydınca dərk elədi. Düzdü, naxırçı özünü yetirib yenilgisinin rüsvayçılığa çevrilməsinə imkan vermədi, ancaq artıq hər şeyin dəyişdiyini, əvvəlkitək olmayacağını sezib sınmışdı, başını aşağı salıb aralanmasında da bu sınıqlıq aşkarca sezilirdi. Həmin gün bir inək-düyəyə yaxın getmədi, axşamüstü kəndə də həmişəkitək naxırın başında yox, yan tərəfdə, bir qədər aralıda qayıtdı.
Naxırdakı “hakimiyyət dəyişikliyi”ni camaata səhəri günün axşamı bir yığnaqda naxırçı çatdırdı, cöngənin buğanı “çökdürməsi”ni yerli-yataqlı nağıl elədi, olub-keçəni eşidən el şairi də elə ordaca ilhama gəlib dedi, buğanı lap Dirsə xanın oğlu Buğac kimi yenib, Dədəm Qorqud oğlanın adını Buğac qoyub, mən də cöngəyə Buğac adı verirəm, baxtını tanrı versin. Naxırçı dedi, ay şair, heyvanın nə baxtı olasıdı, ya burdurub, kökəldib satacaqlar, ya da özləri xeyirdə-şərdə kəsəcəklər. Yetkinlik həddinə çatmış cöngənin yiyəsisə bu söz-söhbətdən əməlli-başlı fərəhləndi, Buğac adını sidq-ürəklə qəbul elədi, amma “burdurmaq”, “kəsmək” kəlmələrini qəti yaxın buraxmadı: anasını satanda qəlbindən qara qanlar axmış, elə bil, günahını yumaq üçün bütün mehrini ona salmış, yazda-yayda bağ-bağatın ən şirəli otlarını yedirmiş, tövlədən çıxarmadığı günlərdə quru otun ən yumşağı, arpanın-kəpəyin ən yaxşısıyla bəsləmişdi.
Buğac o hadisədən sonra bu yolu bir dəfə getmişdi: onda artıq naxırın başçısıydı, ömründə ilk dəfə instinktinə, qanının çağırışına əməl eləyib bir yerdə böyüdüyü düyəyə də, analıq instinktinə boyun əyib yaxınlıq verən inəklərə də sahib olmuş, şəriksiz hökmranlığından başı gicəllənməyə başlamışdı. Artıq yaşlı buğa səssiz-səmirsiz, həm də bir qədər aralıda otlayırdı, günlərin birindəsə xəbərsiz-ətərsiz yoxa çıxdı. Elə o vaxtdan da Buğacın qayğıları artmışdı, bir tərəfdən də yiyəsinin arvadı dirənmişdi ki, bunu buruqçuya apar, yoxsa arıqlayacaq, qışda verdiyimiz ot-alaf da, kəpək-arpa da havayı gedəcək. Deyirdi, inad eləmə, aparıb burdur, qışda da bordayaq, qabaqda xeyir işimiz var. Kişi də bəhanə gətirirdi ki, a qansızın qızı, kənddə buğa qalmayıb, hamı burdurub, kökəldib satır, özümüzün inəyimiz var, onu neyləyək, üstəlik də camaat deməzmi ki, heyvanının buğanı naxırdan didərgin salması bəs deyilmiş kimi, indi də burdurmaq, kəndun malını buğasız qoymaq fikrinə düşüb, yox, mən belə namərdlik eləyə, camaatın nifrininə səbəb ola bilmərəm.
Bu dehadeh uzun çəkdi, axırda da, həmişə olduğu kimi, qadın üstün gəldi, kişi də o tutqun payız günü Buğacı buruntaqladı, yedəkləyib elə bu yolla kəndin ayağına, buruqçunun evinə üz tutdu. Rastlaşdığı, söz-söhbətdən xəbərdar olan qonum-qonşu özünü görməzliyə vurub üzünü çevirirdi, biçarə kişisə arxadakı rəhmsiz zənən danlağı, irəlidəki dözülməz qonum-qonşu qınağı arasında büzüşüb, balacalaşıb bir qırnaq olmuşdu, xəcalətindən başını qaldırıb ətrafına baxa bilmirdi. Buğac da yiyəsinin niyyətindən xəbərsiz halda, adını daşıdğı, özgə məkri üzündən ova gedən igid kimi addımlayır, arasında Günəş və Ay doğan buynuzlarının dibində də, xayasında da duyduğu nagəhan göynərtinin və zoqqultunun səbəbini anlamağa çalışa-çalışa qulaqlarını tərpədir, başını bulayır, fınxırır, quyruğunu sağrısına çırpırdı.
Deyəsən, buruqçu məsələnin məğzindən xəbər tutmuş, aralarında haqq-salam olduğuna görə odla su arasında qalmış, düşünüb-daşınıb belə qərara gəlmişdi ki, elin təhniziylə üzləşməkdənsə, bir nəfərin küsməsi daha məqbuldu. Ona görə də bayırdan kişinin hayını eşidəndə özünü dandırmış, alaqapını açan oğlu demişdi, atam xəstədi, şəhərə gedib, bir neçə həftə olmayacaq, tez də qapını örtmüşdü, amma tələsməsə, başını qaldırıb baxsaydı, yedəyində buğa olan kişinin simasına ilahi rahatlıq çökdüyünü, dönüb əlini heyvanın alnına çəkdiyini, buynuzlarının dibini qaşıdığını sezər, pıçıldadığı sözləri eşidərdi: “Bu dəfə xata ötüşdü, sonrası Allah kərimdi, ovaxtacan ya xan olar, ya eşşək”. Düzdü, arvadı onun əli ətəyindən uzun gəldiyini görüb dediyinə inanmamış, əlaltından sorub-soruşdurmağa başlamışdı. Kəndin altını da, üstünü də bilən arvadlarsa, elə bil, sözləşiblərmiş kimi, eyni şeyi söylədiklərinə görə, inanmaqdan başqa əlacı qalmamışdı. Sonra da, əlbəttə, buruqçunun “xəstəliyi” şiddətlənmiş, qış girib, hava soyumuş, artıq vaxtı keçmişdi, “sağalıb qayıdan” buruqçu demişdi ki, belə vaxtda heyvanı burmaq olmaz, xayası hovlanar. Buğac da, beləcə, qışı tövlədə keçirdi. Arabir kişi onu çaya aparırdı ki, həm suvarsın, həm də qıçlarının uyuşuğu açılsın.
Qış başa çatıb, mal-qara tövlədən çıxandan sonra da “burdurmaq” söhbəti yenə ortaya düşmüş, arvadı onun gününü göy əsgiyə düyməyə başlamışdı. Az qala, bezib bir daha buruqçuya üz tutmaq barədə fikirləşirdi ki, qəfildən hər şey dəyişdi, doğar qoyun, bir-iki baş pendir Buğacın taleyini həll elədi – heyvanı gözündən irağa buraxmağa razılıq verməsinin başlıca səbəbi də yəqin, buydu. Düzdü, Buğacı aparan adam, payızın əvvəllərində, uzaqbaşı, ortalarında gətirəcəyinə söz vermişdi, yenə də camaatın üzünə necə baxacağını bilmirdi, deməzdilər ki, gərək belə namərdlik eləməyəydin, bir qoyun, bir-iki baş pendirə qalmışdınsa, biz verərdik. Amma daha iş-işdən keçmişdi, tüpürdüyünü yalasaydı, üzrü günahından betər olardı, təki neçə illərdi ki, yad ellərdən gəlib çıxmaq bilməyən oğlunun həsrətindən qubar bağlamış ürəyi bu dərdə tab gətirəydi...
***
Yad adam Buğacı geniş həyətinin o başındakı talvarın altında dirəyə bağladı, pişvazına çıxmış arvadına olub-keçəni danışdı, dedi, camaatın qarğışına səbəb olsam da, başqa əlacım yoxdu, sonra heyvanın ağzı çatan yerə bir vedrə su qoymağı tapşırdı, krantı açıb yuyundu, içəri gedəndə oğluna buyruq verdi ki, “bartaboy” maşın tap, buğanı səhər tezdən yatağa aparaq. Qadın vedrədə su gətirdi, ehtiyatla qabağına qoyub öz işinin dalınca getdi. Həyətdə tək qalan Buğac yad iylərdən tıncıxdı, fınxırıb başını buladı, bir neçə dəfə kəsik-kəsik böyürdü. Həmişə bu vaxt, qaranlıq qatılaşmağa başlayanda yiyəsi onu tövləyə salır, bir tərəfdə Ayqızla balasının, o biri tərəfdə də üç-dörd baş qoyun-quzunun olduğu balaca sığınacağı qışın şaxtalı günlərində belə, isti olur, üstəlik, tanış, doğma iylər Buğacı arxayınlaşdırırdı. O tövlənin divarı dibində daim suyla dolu novdan vardı, yiyəsi axura ot tökür, çıxmazdan qabaq əlini sağrısına, ya da boynuna çəkir, mehriban sözlər söyləyə-söyləyə qulaqlarının-buynuzlarının dibini qaşıyırdı. Yad adamsa onu nəinki tumarladı, hətta qabağına bir çəngə ot belə, atmadı, üstəlik də bayırda qoydu; düzdü, havalar artıq az-çox yumşalmışdı, amma hələ də səhərə yaxın bir qədər üşüyürdü. Əlbəttə, bir gecə bayırda qalmaqla bir şey olmayacaqdı (heyvandı axı), bununla belə, Buğac yad adamın bu hərəkətini də bəyənmədiyini bildirmək üçün iki-üç dəfə kəsik-kəsik yenə böyürdü, dirəyin ətrafına dolanıb kəndiri dartdı. Elə bu vaxt da yad adam başını qapıdan çıxarıb boylandı, ona sarı nəsə qışqırdı, sonra da yox oldu.
Buğac nə aclıq, nə də susuzluq duyurdu, amma içində indiyəcən sezmədiyi anlaşılmaz yanğı vardı. Yox, yiyəsi ondan əl çəkməmişdi, belə olsaydı, aralarındakı mehrdən bu qədər asanlıqüla vaz keçməz, mütləq vidalaşar, boynunu qucaqlyar, gözlərindən öpər, halallıq istəyərdi, Buğac da burnunu onun qoyun-qoltuğuna soxub iyləyə-iyləyə taleyilə barışardı. Bu nagəhan ayrılığın başqa bir səbəbi vardı, onu da hələ anışdıra bilmirdi, bir də ki, hələ buna can da atmır, gözlərini qaranlığa dikib yad iylərdən baş açmağa çalışırdı. Düzdü, dana və cöngə vaxtlarında, elə ötən yaz-yay aylarında, düz payız qırovu düşənəcən gecələri yiyəsinin həyətində açıq havada keçirmişdı, amma o gecələrdə təhlükə-filan duymamışdı, yiyəsi yaxınlıqda, keçən qışqabağı artıq yelinləmiş Ayqız yanındaydı, təkcə həyətdən, it-pişikdən, toyuq-cücədən, bağ-bağatdan, yoldan-rizdən yox, qonşu evlərdən gələn iylər də tanış idi, həm də o gecələrin səhərində nələr olacağını yaxşı bilirdi: əvvəlcə qonşunun xoruzu banlayacaq, ardınca yaxın hindəki xoruz ona qoşulacaq, itlər səs-səsə verib hürüşəcək, özü bir yana, Ayqızla balasının yuxusuna haram qatacaq, az sonra da evdə işıq yanacaq, yiyəsi çıxıb ayaqyoluna gedəcək, qayıdıb onlara baş çəkəcək, içəri girib bir azdan yenə, bu dəfə geyimli-kecimli çıxacaq, əvvəlcə alaqapını, sonra tövlənin qapısını açıb onları darvazaya doğru haylayacaq, naxırçının uzaqlarda eşidilən harayı yaxınlaşanacan çəpər diblərində otlamalarına izin verəcək, axırda naxırçıyla xoş-beş eləyib içəri girəcək, Buğac da hələ balasından çətinliklə ayrılan Ayqızla birgə naxırçının, atın, itin, naxırdakı danaların, düyələrin, cöngələrin tanış iyini ala-ala naxıra qarışacaq, yazın get-gedə qatılaşan ətrini canına çəkə-çəkə örüşə doğru yol alacaqdı. Amma indi səhərin necə açılacağı məlum deyildi: hər halda, yad adam onu həyətində saxlamayacaq – nə tövlə, nə də ot-alaf gözə dəyirdi - harasa aparacaqdı. Bəs, o yad yerdə başına nə gələcəkdi?
Buğac bu cür naməlumluğu bircə kərə, otən payızın ortalarında, hələ mal-qaranın ağzı otdan çəkilməmiş yaşamışdı. Onda buğanı cəmi-cümlətanmı ikicə həftəydi ki, yenib naxırda “hakimi-mütləq”ə çevrilmişdi, amma hələ beyniyelliydi, başçı məqamının məsuliyyətlə eynimənalı olduğunu düz-əməlli dərk eləməmişdi. Aşağıların otu bir qədər azaldığına görə, naxırçı naxırı xeyli yuxarılara haylamışdı. Orda da qonşu kəndin naxırı rast gəlmiş, tanış naxırçılar heyvanların qarışmaması üçün arada yer seçib şirin söhbətə girişmiş, naharlarını da birgə eləmişdilər. Onda Buğac qonşu naxırdakı buğanın onun naxırına yaxınlaşmağa can atdığını, hər dəfə naxırçı təpinib geri qaytarsa da, girəvə tapib bir də şığıdığını sezmişdi. Əlbəttə, yad buğanın həyasızlığından alınmış, naxırın məhrəmiyyətini qorumağı qət eləmişdi. Rəqib, güman ki, bunu sezib uzun müddət fürsət gözləmiş, axşamüstü, naxırçıların başı şirin söhbəti lap kəlləçarxa vuranda neytral zonada münasib yer tapıb irəli cummuşdu. Naxırçılar özlərinə gəlmədən Buğac təhlükəni duymuş, həmlənin qarşısını almaq üçün irəli şığımış, rəqibiylə üz-üzə gəlmişdi. Buğa bir qədər yaşlı, amma yetərincə güclüydü, yoğun boynu, iri başı, qan çəkmiş gözləri, iti buynuzları vardı, burun pərələrindən qalın buğ çıxırdı.
Buğac əvvəlcə rəqibinin heybətindən təsirlənmiş, bu duyğunun qorxuya, sonra da sarsıntıya çevrilməsinə imkan verməmək üçün başını hiddətlə bulayıb fınxırmış, həmin məqamda da naxırçının qışqırtısını eşitmişdi. Ola bilsin, kişi onu toqquşmadan çəkindirmək istəyirdi, amma Buğac aradakı hüdudu həyasızcasına keçmiş, indi də düz qarşısında dayanıb təhdid dolu nəzərlərlə baxan həmcinsinə həddini bildirməsəydi, sonralar belə təhlükələrin qabağını ala bilməzdi. İlkin qorxunu yenmək üçün də qabaqlayıcı zərbə endirməli olduğunu artıq bilirdi, o zərbəni də naxırçılar təxminən əlli addım aralıda olanda endirmişdi, rəqibisə, deyəsən, cavan buğanın bu cəsarətindən çaşıb geri çəkilmiş, yenə üstünə gəldiyini görəndəsə dönüb qaçmağa başlamışdı. Hər iki naxırdakı danalar, düyələr, inəklər, cöngələr ağızlarını otdan çəkib gözlərini ona dikmiş, naxırçıların itləri özlərindən qabaq yetirmişdilər, amma buğa da, Buğac da artıq xeyli uzaqdaydılar – buğa təpəni aşıb dərədə daldalanmaqla qurtulmaq istəyirdi, Buğacsa rəqibini dərədə haqlamaq, tamam diz çökdürmək, içində qaynayan zəfər böyürtüsünü aləmə yaymaq, geri başıdik qayıtmaq niyyətindəydi.
Amma nə buğa ayaq saxlamış, nə də Buğac dayanmışdı: artıq naxır da, naxırçılar da, atlar da, itlər də xeyli uzaqdaydılar, az sonra da naxırçılardan biri naxırların yanında qalmış, o birisə yanında it arxalarınca düşmüşdü. Buğac, əlbəttə, daha qayıda bilərdi: rəqibinə layiqli cavab vermiş, onu naxırçılar, atlar, itlər, danalar bir yana, düyələrin, inəklərin, cöngələrin gözləri qabağında rüsvay eləmişdi, bununlıa belə, hələ də anlaşılmaz bir qüvvənin təhrikiylə irəli cumurdu. Dərənin dibiylə axan çeşməni keçmiş, yamacı qalxmış, yalın üstüylə xeyli getmişdilər, xırda meşəliyə çatanda buğa dayanıb geri dönmüş, bu məqamda da artıq qüruba enən Günəşin şüaları altında Buğacın gözünə daha miskin görünmüşdü: sanki bütün görkəmiylə hərəkətindən peşman olduğunu, bir daha belə hərəkət eləməyəcəyini büruzə vermiş, amma rəqibində mərhəmət hissindən əsər-əlamət sezməyib kor-peşman halda çevrilmiş, meşəliyə girib gözdən itmiş, Buğac da böyürüb onun dalınca şığımışdı.
Həmin gün hava qaralanacan o meşəlikdə rəqibini axtarmışdı, tapa bilməyib bir taladakı fıstıq kolunun dibində uzanmış, ətrafdakı iyləri və səsləri ayırd eləməyə cəhd göstərmişdi. Artıq naxırçının da harayı eşidilmirdi, görünür, haqlaya bilməyəcəyini başa düşüb, həm də naxıra görə narahat olub geri qayıtmışdı. Buğac sanki yorulduğunu o məqamda hiss eləmişdi: coşub-daşan hiddəti artıq yatsa da, iki saatdan bəri gərilmiş əzələləri zoqquldayırdı.
Əlbəttə, daha təqibdən əl çəkib, naxırın və Ayqızın arxasınca kəndə qayıtmaq olardı, amma sanki qəfildən dərkolunmaz boşluğa düşmüşdü, ətrafdakı iyləri də, səsləri də ayırd eləyə bilməmişdi, üstəlik, bayaqdan gözlərini qan örtdüyünə görə, keçdiyi yola da diqqət yetirməmişdi, yalnız arada kiçik, dayaz çeşmədən keçdiyini xatırlayırdı. Dincini alandan sonra o yolu tapmağa, qovduğu buğanın, naxırçının və itin, sonra da naxırın tanış iyini tutub kəndə gedə bilərdi. Yəqin, indi naxırçı olub-keçəni yiyəsinə çoxdan çatdırmış, o da başılovlu axtarışa çıxmışdı, Ay doğanacan gəlib buralara çatardı.
Qaranlıq qatılaşdıqca qurd-quş yuvalarına çəkilir, xırda meşəliyə də sakitlik çökür, öz fısıltısı daha aydın eşidilirdi. Bir qədər keçəndən, Ay buludların arxasından doğub solğun ziyasını aləmə yayandan sonra yaxınlıqdakı kolluqdan tülkü çıxmış, ətrafı iyləyib nəsə duymuş, asta-asta fıstıq koluna sarı gəlmişdi, qəfildən də nəhəng bir məxluqun sıçrayıb qalxdığını görəndə qorxudan, az qala, bağrı yarılmış, top kimi sıçrayıb ağacların arasında yox olmuşdu.
Buğac meşəlikdə kiçik də olsa, təhlükələrin mövcudluğunu, deyəsən, qəbul eləmiş, otladığı düzənliyə qayıtmaq üçün yolu tapmaq lazım gəldiyini duyub meşəlikdən çıxmışdı, dikə qalxanda dayanıb ətrafı iyləmiş, fınxırıb başını silkələmiş, hansı səmtə getməli olduğunu kəsdirməyə çalışmışdı. Tərəddüdü xeyli çəkmişdi, axır ki, tərpənib Ay işığında daha vahiməli görünən dərəyə üz tutmuş, yolun yarısında çeşmənin zəif gümültüsünü eşidib addımlarını yeyinlətmiş, sonra səbirsizcəsinə qaçmağa başlamış, axırda yalın bir qədər maili yerindən aşağı enmişdi. Əvvəlcə sudan doyunca, sanki rəqibini haqlaya bilməməsinin yanğısını söndürməyə çalışa-çalışa içmiş, fəhmlə çayı o üzə keçməli olduğunu hiss eləyib o taya adlamış, yamacı qalxıb gündüz otladıqları düzənliyə çıxmışdı. Elə həmin məqamda da qaraltını, ardınca da qışqırtını (“Buğ-a-a-ac! Buğa-a-ac! Hardasa-a-a-an? Hardasa-a-a-an?) eşidib yiyəsinin səsini tanımış, hövllü-hövllü böyürüb o tərəfə qaçmışdı. Çatanda kişi artıq atdan enmiş, əllərylə üzünü örtmüşdü, yəqin, riqqətindən doğan hönkürtüsünü boğmağa çalışmışdı.
Buğac dayanmış, fınxırıb, qısaca böyürmüş, elə bil, ona təsəlli vermişdi, sonra da üzünə tutduğu əllərini yalamağa başlamışdı. O məqamda da yiyəsi artıq tab gətirə bilməyib hıçqırmış, boynunu qucaqlayıb xeyli eləcə dayanmışdı. Bir azdan da Ayın nuruna bələnmiş düzənkliklə kəndə doğru gedirdilər: Buğac şəstlə irəlidə addımlayır, yiyəsisə yedəyində qonşunun atı arxasınca gəlir, özü də hiss eləmədən içindəki daşa dönmüş ağrını ona tökürdü: “Qızlarım quş kimi perikib yad yuvalara getdilər, ayda-ildə bir dəfə üzlərini görmürəm, oğlumsa, bu il də qürbətdən dönmədi, Buğac! Sən də olmasan, neyləyərdim? Qadın xeylağının dediklərinə fikir vermə, canım-gözüm, oğlum gəlsə, xeyir iş eləməli olsaq, yola verməyə bir şey taparıq, sənə bıçaq çəkilməsinə izin vermərəm! Təki bir də belə şey eləmə, naxırdan aralanıb məni intizar içində qoyma!” Sonra da, elə bil, özünü sakitləşdirmək üçün astadan zümzümə eləməyə başlamışdı: “Bağa girmərəm sənsiz, gülün dərmərəm sənsiz...”
***
Ay doğanda Buğac fınxırdı, sonra silkindi, cismini anlaşılmaz həyəcan bürüdüyünü hiss elədi, sanki kəndirin möhkəmliyini yoxlamaq istəyib bir də dartındı – yox, qırılana oxşamırdı. Ayaqlarını götürüb-qoydu, ardınca yaxınlaşıb başını-boynunu dirəyə sürtdü: dirək yoğun idi, talvarın bir tərəfini saxlayırdı, üstəlik də aşağı tərəfi torpağa basdırıldığından tərpənmirdi. Əlbəttə, bir-iki dəfə kəllə vurub möhkəmliyini yoxlaya bilər, onda da səs-küyə yad adam bayıra çıxar, kəndirini daha etibarlı yerə bağlayar, bununla da qurtluş ümidi suya düşərdi. Həmin məqamda yad adamı bircə zərbəylə yerə sərib əlindən çıxmağı da bacarardı, amma əvvəla, yiyəsi adamlara toxunmağı qadağan eləmişdi, ikincisi, o, yəqin, üstünə əliboş gəlməyəcəkdi, üçüncüsü də darvaza bağlıydı, həyətdən çıxmağa macal tapmamış tutub burnuna buruntaq, ayağına çidar, boynuna kəndir əvəzinə zəncir vurardılar. Ancaq bircə həmləylə kəndiri qırsa, yad adam özünə gələnəcən həyətdən çıxmağa macal tapsaydı, qurtula bilərdi.
Buğac qəti həmləyə hazırlaşan kimi, bir də fınxırıb başını silkələdi, sonra şiddətlə silkindi, sanki elə bu məqamda da hələ adı qoyulmamış balasının
kədərli mələrtisini eşitdi. Həyəcanını boğmaq üçün bir anlığa dayandı, ayaqlarını götürüb-qoydu, sonra dirəyə lap yaxınlaşdı, yerində donub qaldı, qəfildən də cisminin bütün qüvvəsini toplayıb geri şığıdı. Kəndir qırılmadı, amma dirəyin talvarı saxlayan tərəfi, deyəsən, o qədər də möhkəm deyilmiş, cırıldadı, aralanıb əyildi, damla birgə çökməyə başladı. Səsdən evin arxasındakı it oyanıb hürdü, Buğacsa sanki vaxtının az olduğunu başa düşüb bir də dartındı, artıq yanı üstə aşmış dirəkdən siyirdiyi kəndiri arxasınca sürüyə-sürüyə özünü bağa saldı. Həmin məqamda da evin pəncərəsində işıq yandı, sonra yad adam, arxasınca da oğlu özlərini bayıra atdılar, qadınınsa başı qapının arasında göründü. Onlar nə baş verdiyini ayırd eləyənəcən Buğac özünü artıq bağın ayağına çatdırmışdı, atılıb, ya da yarıb keçmək üçün çəpərdə münasib yer axtarırdı. Sol tərəf daş hasar idi, sağ tərəfə beton dirəklər basdırılıb, tor çəkilmiş, ayaq tərəfsə sıx ağacların arasına vurulmuş qaratikan qomlarıyla kəsilmişdi. Aşağı tərəfdən keçmək ağlabatan deyildi, ağacların arasından yol tapmaq xeyli vaxt aparardı, əlidəyənəkli adamla oğlu da artıq bağın ortasına çatmışdılar, yönünü həyətə sarı salsaydılar, qurtuluşu Allahın ümidinə qalardı. Buğac bir anlığa tərəddüd keçirdi, sonra fınxırıb başını buladı, silkindi, qəfildən sağa dönüb tor çəpərə sarı şığıdı. Ayaqlarının yerdən üzüldüyünü, torun üstündən uçub o taya düşdüyünü hiss eləmədi, yalnız kəndirin bayaq dirəyə bağlanmış ilgəkli ucu tora ilişəndə özünə gəldi. Dartınıb çəpəri əydi, qopmuş kəndiri sürüyə-sürüyə yolla yuxarı cumdu, anayola çatandasa arxada darvazanın taqqıltısını eşidib, yad adam və oğlunun arxasınca cumduqlarını hiss elədi.
Yolun burdan oyanasını tanıyırdı, daha yad adamla oğlu yox, bütün məhəllə dalınca düşsəydi belə, kimsə qabağını kəsə bilməzdi. Artıq yaxın həyətlərdə itlər ağız-ağıza verib hürüşür, alaqapılar açılıb-örtülür, nə baş verdiyini anışdırmağa can atan qonşuların hay-harayı eşidilirdi. Buğac Ay işığına bələnmiş anayolla doğma səslərə, məhrəm iylərə doğru şığıyır, uzaqlaşdıqca da, yad adamdan, yad həyətdən, yad iylərdən qurtulduğunu duyur, sanki cisminə əlavə güc gəlirdi. Anayoldan tanış ara yola dönəndə də hövllənib sürətini azaltdı, ardınca yerişə keçdi, yiyəsinin darvazasına çatandasa dayanıb nəfəsini dərdi, sonra kəsik-kəsik böyürdü. Araya bir anlıq sükut çökdü, o sükutu da yiyəsinin iti pozdu, sonra evin pəncərəsində işıq göründü, dalınca açılan qapının taqqıltısı, çəkilən sürgünün xırçıltısı eşidildi. Alaqapı aralanıb, qarşısında yiyəsini görəndə Buğac bir daha, yəqin, bu dəfə qayıdışını təsdiqləmək üçün böyürdü.
Yiyəsi dizlərinin əsintisini saxlaya bilməyib çöməldi, ötən payızda olduğu kimi, əlləriylə üzünü örtdü, çiyinləri titrədi, Buğac da təskinlik verən sayaq fınxırıb kişinin əllərini yalamağa başladı...
Sentyabr 2024