Bu şəhərin səssiz addımları - Yeni şeirlər

Cavid Fərzəlidən yeni şeirlər...
Səssizliyin Şəhəri
İlk yağışlar
körpə çiçəklərə əl tutardı,
ilk kölgələr
qorxaq addımlara iz salardı.
İndi səssizlik, tərk edilmiş dua kimi
boş divarlardan asılır.
Bu şəhərin səssiz addımları,
bənövşəyi küçələrin
ölümünə göz yumur.
Tanrını
dinlə aldadır.
Susduqca
ittiham böyüyür ürəklərdə
Səssiz qalan küçələrdə,
ürəyi sınmış bir uşaq səsi yatır.
Dərindən bir çaya atır
məni bu şəhər.
İndi bilirsən, səssiz qalmaq necə göynədir sözlərimi?
unutqanlığını
dişlərinin arasında gizləyən xəyanətkar kimi.
iç səsini yastığa bürüyüb boğan xudpərəst kimi.
yanan bir ürəyin istisini oğurlan qaranlıq kimi.
Qışqırmayan divarların
gündən-günə bağrı çatlayır axı.
Çiyinlərinə mələk qonan adamların
barmaqlarında tətik izi gördüm həmişə.
Demə, bizə sülh verən
göyərçinlərə dar ağacında dənik.
Daha yağışlar
çirklənmiş səssizlikdən diksinir,
daha kölgələr
səssizlikdən qaçır, kölgəliyindən utanır.
Çünki bütün xəyanətlər
unutqanlıqla başlayır.
Səssiz qalmaq –
ən çirkin intiqamdır,
Suda boğulanı görüb suya mərhəmətli baxmaqdır.
* * *
Edam gününün bağbanı,
yarpaqları qıpqırmızı
ağacların başını kəsərdi,
hər baharda.
Əllərində
qan udan çiçəklər açardı,
susqunluğun dibində.
Hər kölgə salan ağacın
sinəsinə günəş bıçaq kimi batardı.
Budaqlarından sallanardı
başı kəsilmiş yarpaqlar.
Ən körpə laylalar susardı qorxudan,
körpə çiçəklər doğulduğu-
gün ölərdi,
külək belə dilini udardı.
Ana südündə qorxu vardı belə,
bəbəklərimiz
gözlərimizin qucağından yıxılardı belə.
Əlimi göyə qaldırsam,
buludlar
itkin düşərdi deyə,
əllərim Tanrıya ağız aça bilmədi.
Bəlkə nə vaxtsa
yarpız qoxusuyla
qayıdar o yağış;
qucaqlayar küçələrin boyunu.
Bir gün
edam gününün bağbanı
qorxar ilk çiçəyin rəngindən —
çünki üsyanın da rəngi qırmızıdır,
çünki hər qanlı yarpaq
yenidən doğular yaddaşımızın budağında.
Və ağaclar susmağı unudar,
Bağban
öz əllərindən qorxar.
MANERA.AZ