manera.az
manera.az

Surxay müəllim - Xaliq Rəhimlinin hekayəsi

📅 06.04.2025 20:35

Surxay müəllim - Xaliq Rəhimlinin hekayəsi
Surxay müəllim taksidən ehmalca düşdü, içində pay-püş olan yol çantasını götürüb yoldan kənara çəkildi. Gözəl bir may səhəriydi. Çoxdan gəlmədiyinə görə, ya nədənsə kənd gözlərində elə bil balacalaşdı. Sən demə doğrudan da, kənd şəhərə daşındıqca balacalaşarmış,qərib görkəm alarmış. Üzünü çevirib dağlara baxdı,gözlərinə inanmadı. Elə bil dağlar da əvvəlkindən balaca görünürdü və sanki müəllimin gəlişini eşidib bir az da əridi. Vaxtı ilə üzünü dağlara tutub–hər il gələcəm desə də, əhdinə vəfasız çıxmışdı, gəlməmişdi.

İndi dağlara sinəsindəki dağdan baxırdı. May günəşi buludların arxasından çıxıb şəhərdən gələn qonağa tamaşa eləyirdi. Surxay müəllim dogma yurdda qəribdən də qərib görünürdü.Və bu qəribliyin özündə bir qəribəlik vardı.Uzun illərdi gəlmədiyi kəndlə üz-üzə qalmışdı. Torpağına ayaq basmağa, havasını udmağa , suyunu içməyə utanırdı, kəndin üzünə baxa bilmirdi.Başını əmoğlusu Ələmdarın evinə soxmağa tələsirdi…

Surxay müəllimin şərəfinə quru şordan tutmuş əmlik quzu kababına qədər geniş süfrə açılmışdı. Qonaq utana–utana süfrəni göz altı süzdürürdü, nemətlərə göz gəzdirirdi, gəzdirə-gəzdirə gözləri hərlənib-fırlanıb quru şorda dayanırdı. Şoru özü istəmişdi,həm də utana-utana, ət –mət şəhərdə çox yeyirəm ,mənə qatıqdan, ayrandan, şordan başqa heç nə verməyin demişdi. Çox da ki, Surxay müəllim süd məhsulları ilə kifayətlənməyə israrlıydı,bəs kəndin ,elin- obanın öz adəti varıydı axı. Qonağı şorla qarşılayıb şorla yola salmaq həmin el -oba üçün ölümə bərabər bir iş idi. Qonaqlı-qaralı məmləkətin adətinə xilaf çıxmaq kimiydi.

Geninə- boluna açılmış süfrəyə qoyulmuş quru şorun babalı da Surxay müəllimin boynundaydı. -Ürəyim şor istəyir, -deməsiylə ev yiyəsini çaşdırsa da ,istəyini yerinə yetirən tapıldı.-Neynək şəhərdən gəlib, qəlbinə dəyməyin deyən Güllü arvad gül kimi kabab süfrəsinə bir boşqab quru şor qoydu... Kəndin adamları çox mehribandı.Surxay müəllimi tanıyan da, tanımayan da onu görməyə tələsirdi. Bir az sıxlaşın ,sıxlaşın deyən ev yiyəsi bu təntənəli qonalıqdan fərəh duyduğu qədər də təəccüb hissi keçirirdi.Əslinə qalsa heç oğlu Kərimin toyuna bu qədər adam gəlməmişdi .

İndi Surxay müəllim elə bil qəfildən göyün yeddinci qatından zənbillə kəndin baş tərəfində yaşayan Ələmdar əmoğlusunun evinə düşmüşdü.Və qonum -qonşu bu qeyri-adi ,həm də mübarək hadisəyə tamaşa eləməyə yığışmışdılar. Surxay müəllim öz aləmindəydi. Süfrənin başında təzə bəy görkəmi alaraq gözünü şora zilləmişdi. Allah bilir, şor onun yadına hansı xatirələri salırdı. Kimsə- ə, o şoru götürün müəllimin qabağından ,ayıbdı -kababı qoyun onun yerinə. Elə bu sözü eşidənlərdən biri əlini uzadıb şoru qonağın qabağından götürmək istədi. Surxay müəllim qadın əlinə oxşayan yumru kömbə əlləriylə tezcənə şor qabını qapadı,təbəssümlə başını yellədi ,etirazını bildirdi. Məclis qızışmışdı. Hər kəs Surxay müəllimə qulluq eləməyi özünə şərəf sayırdı .-Surxay müəllim bir bunun dadına baxın,-deyə-deyə qonağın ağzına hərə bir şey uzadırdı.Qonaq təbii ki,ona uzadılanları əlinin təşəkkür ifadəsiylə ,üzünün təbəssümüylə geri qaytarırdı.

On gündən çox olardı ki,pəhriz saxlayırdı.Həkimin sözləri hər an qulaqlarında cingildəyirdi, -bax yağlı yeməklərdən uzaq dur,əsasən qoyun ətini dilinə vurma ,içsən yanıma gəlmə. Süfrədə isə demək olar ki, quru şordan başqa pəhrizlik heç nə yox idi. Araq içmək həkimin dediyinə görə ölümə bərabər idi. Belə çıxır ki ,Surxay müəllim Bəhram həkimin xeyir-duasını yada salıb quru şor çörək yeyə-yeyə, kababı bəh-bəhlə dişinə çəkən kənd adamlarının ağzına baxa-baxa nəfsini qorumalıydı. Amma lənət şeytana ,nəfsini saxlaya bilmədi.Yanında oturan qocaman kənd müəlliminin yağlı tikəni əlahiddə bir ustalıqla dişinə çəkməsini görən Surxay müəllimin ağzı sulandı,alt dodağı əməlli-başlı əsdi. Bəhrəm həkimin qətiyyətli sifəti gözlərinin qabağına gəldi. Ürəyində, –Bəhram həkim məni bağışla,ölmək ölməkdi xırıldamaq nə deməkdi, - deyib çətin də olsa acgözlüklə yağlı-buğlu kababa girişdi .Elə bil əlini ölümə uzatdı…Surxay müəllimin şərəfinə sağlıqlar aşıb -daşırdı.Ev yiyəsi ikinci toğlunu kəsmək üçün göstəriş vermişdi .-Birdən qonşu kənddən də gələn olar-biabır olarıq-demişdi.

Surxay müəllimin bu cür qarşılanmağı nə qədər olmasa onun alnına xəcalət təri gətirirdi.- Axı mən bu kəndə neynəmişəm ki ,yol salmamışam ,su çəkdirməmişəm ,bir xeyrim dəyməyib bu adamlara…Ay Allah ya məni bir quş elə bu məmləkətdən biryolluq uçum gedim ya da məmur elə,deputat elə,pul yetir bu insanların xəcalətindən çıxım. Bilirəm eee, adətləri belədi,amma yenə də bir yaxşılıq edə bilim. Qədəhlərin cingiltisi Surxay müəllimi bu əlçatmaz-ünyetməz müqəddəs arzulardan ayırdı.- Götürün,götürün Surxay müəllim, qədəhi götürün vuraq,bu günkü sağlıqların hamısı sizin şərəfinizədir ,heç kim inciməsin. Qədəhlər toqquşdu .Hətta əli çatmayanlar ayağa qalxıb basa-basa gəlib qədəhlərini qonağın qədəhi ilə toqquşdurdular. Bir anlığa Bəhram həkim xəyalında canlandı və dilə gəldi,- ay əclaf, dedim axı içmə bu zəhrimarı ,sən doğrudan da ölməli adamsanmış …

Dodaqları əsən qocaman kənd müəlliminin təntənəli səsi Surxay müəllimi bu əcayib-qərayib xəyallardan ayırdı .-Sizi televizorda görürük, tez-tez tarixi mövzularla xalqımızı maarifləndirirsiz, bir eloğlu kimi başımızı uca edirsiz, içək sizin sağlığınıza ,quş olun bülbül olun qəfəsdə olmayın -deyən qocaman kənd müəllimi əli əsə-əsə qədəhi başına çəkdi. Dodaqlarının əsməsi bir anlığa dayandı.Sifətinin bürüşüyü açılar açılmaz ,-mən içən deyiləm bu yaşımda, məhz sizə görə içdim- deyib uzun müddət sirli bir aləmə baxırmış kimi üzünü Surxay müəllimdən çəkmədi. Əslində məclisdəki gözlərin hamısı Surxay müəllimə zillənmişdi.

Və bu baxışlar altında o əməlli- başlı basılırdı,əzilirdi.Tər-su içindəydi.İsti havanın təriylə xəcalət təri bir-birinə qarışmışdı.Qırmızı qalstukundan tutub assalar belə uf deməzdi.Tərifdən boğulurdu,tıncıxırdı, havası çatmırdı.Şəhərdə o boyda zəhməti ilə etnoqrafik mövzuları cani-dildən təbliğ edə-edə adam yerinə qoyulmadığı halda, gözdən-könüldən uzaq kiçik bir kənddə az qala Allahın vəkili kimi qarşılanırdı.

Surxay müəllimin ömründə bu qədər hörmət -izzət görməmişdi. İfrat hörmətdən başı gicəlləndi, xəyalən kənddə yaşamağı arzuladı və tez də bu fikrindən vaz keçdi.Çünki ,yaxşı bilirdi ki, bu qədər hörmət-izzət qazanmaq üçün kəndə gərək Bakıdan gələsən. Məclisə hardansa bir aşıq peyda oldu,yanında da balabançı. Biri Surxay müəllimin sağında, digəri isə solunda başının üstünü kəsdirdilər. Aşıq simlərə toxundu,balabançı balabanı həmən fülədi.Uca səslə yol gələ-gələ quraşdırdığı “Surxay müəllim bu diyara xoş gəlib” şeirini oxudu.Hamı əl çaldı.Bu qədər nəvazişin müqabilində Surxay müəllimə elə gəldi ki,onnan məzələnirlər, ələ salırlar,axmaq yerinə qoyurlar.

Qəfildən eləmə tənbəllik aşığa ciddi nəzər saldı,balabançının tülküyə oxşar gözlərinin içinə zəndlə baxdı,amma adamın başının üstə Allah var ,səmimiyyətdən başqa artıq bir şey hiss eləmədi.Birdən anladı ki, aşığa nəmər vermək lazımdı. Əlini döş cibinə aparar-aparmaz ürəyi tutdu,müvazinətini itirdi. Sən demə həmin cibində heç pul yoxuymuş. Məclisə səs-küy düşdü.Hətta öküzü yıxa biləcək cavan oğlanlar nədənsə Surxay müəllimi yıxılmaqdan saxlaya bilmədilər, qonaq əllərində balıq kimi çabaladı və tir-tap döşəməyə sərildi.Məclisə çaxnaşma düşdü. Elə bu an yerin altından naməlum bir qüvvə onu itələyirmiş kimi dik ayağa qalxdı. Üst-başını çırpa-çırpa, - üzrlü sayın ,məndə belə olur hərdən,bəli-bəli olur.Tərs kimi dərmanlarım da yadımdan çıxıb şəhərdə qalıb.Burada da aptek məsələsi çətindi.

Həm da mən o dərmanları İrandan,Türkiyədən gətizdirirəm. Bir paçkası ilə bir ay yaşamaq olur.Məclis əhli əvvəldən hazırlaşıblarmış kimi xorla –Allah şəfa versin- dedilər. Qocaman müəllim gərginliyə xülasə verdi. –Surxay kişi unut getsin o dərmanları. Buranın öz dərmanları var .Apteki təbiətdi, dağlardı,düzlərdi. Sizin xəstəliyinizə təbii otların ətri,uca dağların havası bəs eləyər .Surxay müəllim beynindəki uğultudan qocaman müəllimi çox zəif eşitdi və dediklərinin fərqinə varmadı.

Məclisin səs-küyü ilə beyninin uğultusu bir-birinə qarışaraq qəribə bir səs əmələ gətirdi.Qeybdən gələn səsə də oxşayırdı.Hardan gəlir gəlsin bu səsin bir xatası çıxmasa yaxşıdır. Məclis yenidən qızışdı. Aşıq tərəkəmə çaldı.Yasdı balabanın səsi Surxay müəllimin başının üstündən adlayıb dağlara yayıldı. Qonağı oyuna dəvət elədilər.Oynamağı özünə yaraşdırmadı,ayaqlarına, qollarına etibar eləmədi. Ölümdən təzəcə qayıtmışdı.Dərmanlarını evdə qoyduğuna görə qadın əlinə oxşayan toppuş əlləriylə başına döyməyə sakit yer hayındaydı.

Adətlərdən biri də buydu ki, kəndə gələn qonağı həm də yaxın qohumlar evə qonaq çağırardılar. Dayoğlusu Surxay müəllimi milli xəngəl qonaqlığına dəvət eləmişdi.Kəndə gəldiyi gündən Surxay müəllimi güdən “xüsusi dəstə” vardı ki,burada olduğu müddətdə onu kim qonaq çağıracağı ilə maraqlanırdılar.Dayoğlu Mürvətin qonağı evinə dəvət eləməsi həmin o “xüsusi dəstə”ni yerlə göy qədər sevindirdi. Çünki ,Mürvətdə yaxşı tut arağı olurdu.Arvadının da əlləri qızılıydı.Bir xəngəl bişirsin ,gəl görəsən. Demək olar ki, Mürvətgilin evinin həndəvərinə “xüsusi dəstə” qonaqdan tez gəlmişdi.O başa, bu başa vurnuxa-vurnuxa Surxay müəllimi gözləyirdilər.

Az keçmədi Qəşəmin nivası darvazanın yanında dayandı. Sürücü cəld düşüb qonaq oturan tərəfin qapısını açdı,yumşaq əlindən tutub- buyurun-buyurun düşün çatmışıq dedi. Gödəkboy,tösmərək Surxay müəllimin ayaqları hündür nivadan sallağı qaldı, yerə çatmadı ,uşağın yelləncəkdəki oturuşuna oxşadı. Hövsələsiz sürücü bismillah,- deyib atası yaşda kişini qucağına aldığınnan yerə qoymağı bir oldu. Qonaq özü də mətəl qaldı.Yüz on kilo hara, quş kimi olmaq hara.Yəqin kəndin havasındandı -deyə köksünü ötürdü. Maşın səsi eşidən Mürvət -gəldim-gəldim,- deyə qışqıraraq darvazaya tərəf yüyürdü. Bibioğlunu qucaqladı amma güclə tanıdı o da qanın çəkməyi ilə. Bibioğlu çox dəyişmişdi .Bir zaman arıq hündür olan oğlanın indi eni uzunu bir olmuşdu.Mürvət Surxay müəllimi başdan-ayağa süzüb bir zamanlar arzusunda olduğu şəhərə köçmədiyinə ilk dəfə ürəkdən sevindi,-məsləhətinə şükür İlahi,-dedi.

Mürvətin bərəkətli qurudlu xəngəl süfrəsində də Surxay müəllimin sağlığına bir nəfər də olsa araq içən qalmamışdı.Hətta bunu özlərinə fəxr sayırdılar.Bakıdan gələn qonağın sağlığına içməmək hörmətsizlik sayılırdı.Bütün xətir-hörmət araqdan keçirdi,qohumluğun dostluğun,etibarın sənədi araqla möhürlənirdi. Qədəhlərin cingiltisi sədaqətin səsini ehtiva edirdi.Bu səsə bütün kənd kişiləri öyrəşmişdi.Qonaq onlarla tam ayaqlaşa bilməsə də, dala da qalmırdı.Tərifin üstündən arağ bədəninə yağ kimi yayılırdı. İçini yandırsa da beyninin dumanında azmağı xoşlayırdı. Dəm olmaqdan özünü güclə saxlayırdı. Ölüb yerə girmək ondan yaxşıdır deyirdi.Surxay müəllim dogma obasına bir aylıq gəlmişdi ,amma bir həftə güclə qala bilidi.

Hələ şəhərdəykən beynində başlayan uğultunun yerini kənddə qədəhlərin cingiltisi əvəz elədi. Kişilərə rast kəldikcə başındakı cingilti bir az də artdı,əsəblərini tarıma çəkdi.Təcili şəhərə qayıtmaq qərarına gəldi.-Bir az da qalsam burdaca yıxılıb öləcəm, -deyə qərarını qətiləşdirdi.Yuxusunu qatmışdı. Görmüşdü ki,içi araqla dolu hovuzun yanındadı. Kədndçiləri onu “həppi de yu “oxuya -oxuya itələyib hovuza salmaq istəyirlər.Var gücüylə qışqırır ki, amandı belə eləməyin,siz Allah belə eləməyin.

Qışqırmağı ilə ayılmağı bir olur. Bu axmaq yuxu da Surxay müəllimin şəhərə qayıtmağını tezləşdirdi. Kənddə qaldığı həftə ərzində boyu bir az da qısaldı,eni bir az da enləndi ,üzü bir az da balacalaşdı,eybəcərləşdi,ayaqlarında əvvəlki ağrılara oxşamayan təzə ağrılar əmələ gəldi,ürəyinin ritmi pozuldu bu minvalla şəhərdə tanına bilməyəcəyindən ehtiyat elədi,qorxdu. Təzə həkim axtarışına çıxacağı da bir yannan onu sıxdı,özünə nifrət yağdırdı.Başından bütün neqativ fikirləri qovmağa çalışdı.Təkcə Bəhram həkimin sözlərini unuda bilmədi -“ içsən mənim yanıma gəlmə”…


Baxış sayı - 243 | Yüklənmə tarixi: 06.04.2025 20:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031