manera.az
manera.az

Tanrı bizi özümüzdən qorusun - Osman Fərmanoğlunun şeirləri

Tanrı bizi özümüzdən qorusun - Osman Fərmanoğlunun şeirləri
MANERA.AZ Osman Fərmanoğlunun yeni şeirlərini təqdim edir.

* * *
Zalım gözəl, nə sən sənsən,
Nə mənəm səndən o yana.
Gözdən çıxan göz yaşına
Dönənəm səndən o yana.

Qədərimlə, ahımlayam,
Samanım yox, boğulmayam.
Gün altında vağamlayan
Çəmənəm səndən o yana.

Balımmı var pətəklərdə,
Dolanaram ətəklərdə.
Ova dönüb gədiklərdə
Sinənəm səndən o yana.

Yolmu bilirəm, çaşmayam,
Yad cığırda dolaşmayam.
Yaş ağacam- alışmayan,
Sönənəm səndən o yana.

Osmanam, alqış almamış,
Ömrümü kim qarğışlamış.
Yoruldum yoxuş qalxmamış,-
Enənəm səndən o yana.

BƏLKƏ, MƏNİ

Gözlərində od gəzmişdim, od hanı
Ki, od alım Kərəm kimi odlanım.
Bir fürsətdi, a başına dolanım,
Bəlkə, məni çıxarasan yadından.

Dağ başında topa- topa qara bax,
Yazılmamış bir ünvandı ağappaq.
Tək istəyim qaradaban, qarabaxt,
Bəlkə, məni çıxarasan yadından.

Sinən altda yad itiyi, yad daşı,
Gəzdirməyə tab eyləməz yaddaşın.
Yaxın ikən çox ürəklər yadlaşıb
Bəlkə, məni çıxarasan yadından.

Bir addımkən eşqimizin arası,
Gözlərində selə döndü qara su.
Nə sən keçdin, nə mən keçdim Arazı,
Bəlkə, məni çıxarasan yadından.

Bu taleyin işidimi qar yağıb,
Kirpiklərim qar döşürüb, qar yığıb.
Dilə salıb qarğayanlar qarğayıb,-
Bəlkə, məni çıxarasan yadından.


* * *
Nə qalan qalandı, nə gedən gedən,
Özüm öz yoluma çıxıram daha.
Bir ovuc içinə sığışır Vətən,--
Əlimi sinəmə sıxıram daha.

Yaxşı əməl yoxdu, ömrü ovuda,
Div quyu başında, Cırtdan quyuda.
Əksimi görmürəm dumduru suda,
Bulana-bulana axıram daha.

Osman,çay alammır axarı qardan,
Tüstü əyri çıxır buxarılardan...
Əlimi üzmüşəm yuxarılardan,
Boyumdan aşağı baxıram daha.

YAŞANILAN GÜNƏ ƏLAC OLMADI

Yaşanılan günə əlac olmadı,
Çevirərək göndərsək də hər dilə.
Pişik necə oynayırsa siçanla,-
Biz də elə oynayarıq dərd ilə...

Həll etməyə göstərsək də çabalar,
İstəyimiz beşiyində çabalar...
Çözülməz ki, aparılan qovğalar;
Qiyamətə saxlayarıq qurd ilə.

Hesaba bax, yoxdu gəlir-çıxarı,
Ağıllılar tapa bilmir axarı.
Tor qurublar boyumuzdan yuxarı
İçdən -içə savaşarıq mərd ilə.

Ocaqların yayılmamış istisi,
Gözümüzü selə verir tüstüsü.
Qurtarmır ki, elin paltar biçdisi,
Dərziliyi məşq edərik yurd ilə.

Ayaqları ağır olur gələnin,
Çırmanmamış şələ basır Lələni.
Osman, gözlə üzümüzə güləni,-
Bizə qalsa, bacarardıq fərd ilə.

AH, BU ADAMLAR

Ah, bu adamlar,adamlar,
Adlını addan etdilər.
Kəsib atın ciovunu,
Atlını atdan etdilər.

Gicitkən tək daladılar,
İçdən, çöldən taladılar.
Araya su caladılar,-
Dostları dostdan etdilər.

Cikkildəşib quş olmamış,
Baş yardılar daş olmamış.
Sirr qalmadı faş olmamış,
Yayaraq dastan etdilər.

Hamısı sözünü danan,
Olmadı bir canı yanan..
Tağında hər yanı yanan
Uralıq bostan etdilər...

Ağlar gözü kim siləsi,
Osman, ağrıyır giləsi...
Heç kəsin çıxmadı səsi,
Nə var əl altdan etdilər.

SAXLASIN

Tanrı bizi özümüzdən qorusun,
Dilimizi yalanından saxlasın...
Düz olanın axar suyu durulsun,
Əyri gedən ilanından saxlasın.

Addımları böhtan dolu, şər dolu
Adamların nağılları qorxulu...
Alnıaçıq keçmək olmur hər yolu,
Döngəsindən, dalanından saxlasın.

Vədəsində görən olsa hər işi,
Üzə gülər səhərlərin gəlişi...
Öz fikrini saatda bir dəyişib
Yüz sifətə dolanından saxlasın.

Könlümüzün pozulanda yazısı,
Hamarlayıb kim yenidən yazası?
Eşşəklərdən qorxa-qorxa qisası
Palanından alanından saxlasın.

Osman asan edə bilməz çətini,
Binəsindən yaşamayan dərdini.
Boş-boşuna qısqırdaraq itini
Üstümüzə salanından saxlasın.

ƏSGƏR ŞƏKİLLƏRİ

Mən əsgər şəklinə baxa bilmirəm,
Oxuya bilmirəm yazılanları....
Gözümün içinə yığa bilmirəm,
Ömrü tərs gülləyə tuş olanları.

Hər şəkil bir istək, bitməyən arzu,
Yerişi, duruşu bir səngər boyu...
Çoxunun dilində dinən murazı
Vətəni ucaldır bir əsgər boyu...

Bir şəkil bürünüb qara, uyuyur,
Bir şəkil çəkməkdə dost növbəsini.
Bir şəkil üzünü qırovla yuyur,--
Qarla məşq etdirir donan səsini.

Əsgərin duruşu qürurlu, məğrur,
"Şəklimi çək",- deyir dinən gülləyə.
Kürəyinə qaya sipər olubdur,
Özü daşdan geri dönən gülləyə...

Şəkildi, dolaşıq yuxusu solğun,
Əslini axtarır, gözü yol çəkir...
Nə qədər alsa da görəni duyğu,
Sahibini gəzən şəkildir şəkil.

Mən əsgər şəklinə baxa bilmirəm,
Gözümdə böyüyür şəkilaltı yazı...
Əsgərin ən ulu borcu, bilirəm,
Ya şəhid olmaqdır, ya da ki qazi!

Tural Adışirinin təqdimatında...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI