manera.az
manera.az

Qərbi azərbaycanlı Güləzban nənənin folklor dili

📅 14.07.2023 05:41

Qərbi azərbaycanlı Güləzban nənənin folklor dili
Hə, yenə böyük sevgi ilə daha bir ekspedisiyaya yollandıq. Bu dəfə məqsədimiz Qərbi Azərbaycanlıları tapmaq, onlarla söhbət etmək, gün işığına həsrət qalmış sandıqları açmaq idi.

Zəngəzur mahalının Soylan (Sonradan Əzizbəyov adlandırılmışdır) Axta kənd sakini, 1953-cü il təvəllüdlü Güləzban Alaca qızı 1988-ci ilin dekabr ayının 3-də Babək rayonunun Kərimbəyli kəndinə gəlmiş, burada məskunlaşmışdır.

Üç dənə iki mərtəbəli evini, 40-45 qoyun-quzusunu, mal-qarasını, toyuq-cücəsini qoyub ailəsi və övladları ilə öz doğma el obasından köçmək məcburiyyətində qalan Güləzban nənə ilə söhbətimiz zamanı onun göz yaşları dinmirdi. Demək olar ki, Güləzban nənə bütün sözlərini ürək yanğısı ilə bayatıya tökdü. Ürəyi Vətən sevgisi ilə dolu olan Güləzban nənənin dilindən eşitdiyimiz bayatılar 35 illik həsrəti, dərdi ifadə edirdi:

Qəriblik yaman olar,
Savrılar saman olar.
Qızım, qəriblihdə olan, ölənin,
Halı gör nə yaman olar.


Bu bayatının ardınca Güləzban nənənin o yurda, doğma elinə qayıtma ümidini gözlərindən oxuyuruq. Elə bu yaşlı qadın da bu ümidlə daha bir bayatıyla layla çalır duyğularına:

Umıdım var, umıdım,
Su dibində qumıdım,
Qızlar, qurban olum sizə.
Sizi anda verirəm Allaha,
Kəsmə bizim umıdı.


Burda çox da şəraiti yaxşı olmayan nənə böyük umudla yaşayır. Nənə o qədər ağladı ki, düzü cəsarət edib soruşa bilmədim ki, ay nənə, ən böyük umudun nədir? Əslində isə onun ümidi bizim üçün gün kimi aydın idi. Digər dediyi bayatıdan görünür ki, Güləzban nənə neçə illərdir əziyyət çəkərək, külüng vuraraq qazanıb yığdığı ev- eşiyinə sahib olacağı günün umudula ilə yaşayır.

Mələ, quzum, mələ,
Arxaca duza gələ.
Mən mələdim, 32 ildi gəlmədi,
Siz mələyin, bəlkə gələ.

Söhbətimiz zamanı Güləzban nənə həm də onları evlərindən didərgin salanların zalımlığını bayatı ilə ifadə etdi:

Dəvələr qatar gedər,
Bir-birin ötər gedər.
Qızım, ermənilər elə zalım olar,
Bizim, evimizdən-eşiyimizdən atar gedər.


Nənənin dediyi son bayatı yenə də dərdinin təcəssümü kimi yaddaşımıza daş atırdı:

Atar bu tatar məni,
Çaylara qatar məni.
Bir dəli qardaşın dərdidir,
Bu qərib ölkədə axtara tapa məni.


Bayatıları ürək ağrısı və göz yaşları ilə deyən nənə sonra bizə xeyli dualar etdi. Düzü mən bu duaların bir neçəsini ilk dəfə idi eşidirdim:

Həmişə qırmızı istollarda oturasız,

Əlləriniz belə yazanlardan olsun, gözəl günləriniz olsun.

Əli qabağınıza çıxsın

Əldən tutan Əlidən qalıb

Allah sizi saxlasın, kölgəsin əksik elməsin

Qulluğunuzu lap yüksək etsin.


Xalq dili ilə desək bu dualar ürəyimə lap yağ kimi yayıldı. Güləzban nənə ilə danışacaq çox mətləblər, toxunmaq istədiyimiz çox mövzular var idi. Amma 70 yaşını addamış bu xanım-xatın Azərbaycan nənəsinin həssas qəlbinin dərinliklərindəki yurd qubarını-qabarını qopardıqca göz yaşlarına hakim ola bilməməsi bizi də kövrəldirdi.

Bu nurani ağbirçəklə sağollaşıb ayrılanda içimdə bir hiss var-gəl edirdi. Qarabağa qayıtdığımız kimi Zəngəzura da qayıdacağıq. Soylan rayonuna, Axta kəndinə də üz tutacağıq. Və inanıram ki, orada Güləzban nənə bizə xoşgəldin edib ürək açan bayatılar oxuyacaq.

Çinarə Rzayeva
Filologiya üzrə fəlsəfə doktoru,
dosent


Baxış sayı - 599 | Yüklənmə tarixi: 14.07.2023 05:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031