manera.az
manera.az

Təki Kamal Abdulla olmasın!- MANERA.AZ

📅 09.01.2016 14:40

Təki Kamal Abdulla olmasın!- MANERA.AZ
manera.az

UNUDA BİLMƏYƏNLƏRİN KİTABI…
(ESSE)
II YAZI

“BERMUD ÜÇBUCAĞI”


Kamal Abdulla müsahibələrinin birində trilogiyasını (“Yarımçıq Əlyazma” “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox…” romanlarını) yarızarafat, yarıciddi, yarıgerçək və yarıironik bir tərzdə “Bermud üçbucağı” adlandırır. Və həmişə olduğu kimi, boş qalan o “yarı”ları doldurmağı oxucunun ixtiyarına buraxır...

Bu, həmin vaxtlar idi ki, “Unutmağa kimsə yox…”un qızğın müzakirələri fonunda Əlahəzrət “tənqid” cidd-cəhdlə və nümayişkarənə bir şəkildə Məhəbbət İlahəsi Afroditanı geyindirməklə məşğul idi. Və onu daha çox Mətn – İlahənin mərmərdən tökülmüş bədəni və batini deyil, əynindəki əlbisələr və onlara “bərkidilmiş” qiymətli daş-qaşlar (Dil sayrışmaları, mətndaxili alovun dışa vurduğu “yanıq ləkələri” – tutaq ki, Bəhramın ölümü, gülməli çıxsa da, romanın həcmcə böyüklüyü və ilaxır...) cəlb edirdi.
Hətta ilk yazılarında həqiqəti deyənlər və ya həqiqətə bir köynək yaxın olanlar da ikili standartlarla özlərinin geri dönüşü üçün yer saxladılar… Nəticədə, yeni ədəbi xammala öyrəşməyən oxucular (Hətta onların içərisində gələcəyin “böyük tənqidçiləri” vardı! Hələ də onlara elə gəlir ki, “tənqidçi” tənqid edən deməkdi! ) naşıcasına ədəbi diskussiyaya qoşularaq bir para hədyanlar söylədilər. Və müzakirə qarayaxmaya dönüşdü…

Əcaba, nə baş verirdi?! Baş verənlər Dildə (Zahirdə) yox, Təhtəlşüurda (Batində) gedirdi! Lap romanda olduğu kimi… Roman sanki ikinci həyatını bu cür yaşamağa “məhkim idi”. Sosrealizm lehməsindən çıxa bilməyən “tənqid”imizin gücü ona çatdı ki, tərəddüdləri ilə (Bu da “hərəkət”in bir növü idi!) romandakı bütün mötərizə və qabıqcıqları (Bircə romanın adında olan və onun “iti” baxışlaından yayınan üç nöqtədən savayı!) sındırdı...

Qətiyyətlə demək olar ki, "Unutmağa kimsə yox..." gözəl, Harmonik Yaşam İksirini Bizə - Xaosa (Diksinməyin! Çölümüz düzənli, içimiz Xaos-du!) təqdim etməklə, həm də yeni Oxu Reseptini (Mahiyyəti oxu! Deşifrə edib oxu!) ortaya qoyur. Və hər üç romanı bir yerdə (Mozaik yox, fundamental şəkildə!) təhlilə cəlb etməsən, alınmayacaq!
Unutmayın: Böyük İsa Muğanna da buna oxşar bir çabada bulunmuşdu!!!

Bugün düşünülmüş, planlı bir halətdə süni ədəbi “avtoritetlər” yapıb K.Abdullaya qarşı qoymaq az qala dəb halını alıb. Bunu tanınmışlar edəndə “torbadakı pişik quyruğu” görün necə görünür: A) Öz mətnlərinin rəqabətə davam gətirmədiyini “cani-dildən” hiss edənlər lazım gələrsə, rəqibi “düşmən” alayından dartıb gətirməyə də razıdırlar. Təki rəqib olsun! B) Ədəbi cameədə qarşıdurmalara hesablanmış əndərabadi fikirlər ortaya atırlar. C) Real ədəbi situasiyanı çözmək əvəzinə, maskarad düzəldirlər. D) “Ev bizim, sirr bizim” dirəyinə möhkəmcə sarılıb qapal sferada əjdahaya dönənlər öz mətnlərini hər vəclə dünya nəsri kontekstindən uzaq tutmağa çalışırlar.

Kiçik bir haşiyə: Azərbaycan romanının təkamül göstəricilərini (Əqrəblərini!) bilərəkdən dartıb “Qətl günü”nün üstündə saxlamaq və bununla əfkari-ümuminin fikirlərində çaşqınlıq yaratmaq, ən azından, ədəbi manekenlikdi. “Kim olursa olsun, təki K.Abdulla olmasın!” - düşüncəsidir!

“Qətl günü” lövbəri salıb öz yerindən tərpənməyən bir gəmidi! Dünən bu ədəbi taktika bizdə keçərli idi. Və həmin gəminin tamaşasına ölkədaxili hər yerdən gəlirdilər. Bugün dünya sularında çox rahat üzən roman-gəmilərin fonunda “Qətl günü” adında bir su nəqliyyatı növünün olmadığı fərqinə varırsınızmı, cənablar?!
K.Abdulla nəsrində zamanlar çox rahat-rahat bir-birinin hava məkanına daxil olur. Burada xəbərdarlıq yoxdu, təhdid yoxdu. “Qətl günü”ndə isə bir-birinə qarşı qoyulan zamanlar vardır, zaman kəsimləri bir-birini itələyir. Mətn qəzəb saçır. Bulqakov və Soljinitsında olduğu kimi.

Etiraf etməliyik: Y.Səmədoğlu öz üslubunu tam ortaya qoya bilmədi və ya nəyi vardı qoydu! Roman gizli-aşkar bu qorxunu sezdirir: Müəllif bacardığı qədər mətni “ağırlaşdırmaqla” bunu ört-basdır etmək istəyir. Bu, düşünülmüş, cəlbedici və səliqəli ağırlaşdırmadı. Ona görə də ədəbi aləmdə (Məhz bizdə!) rezonans yaratdı. Dünya isə bundan çoxdan imtina eləmişdi!

Heç bəndəniz də o fikirdə deyil ki, nəsrimiz K.Abulla ilə qurtarır. Həqiqət budu ki, Azərbaycan və dünya romançılığının ən sivil, avanqard, modern meyilləri küll halında bizdə ilk dəfə K.Abdulla nəsrində bu cür ardıcıl, sistematik bir yöntəmdə çulğalaşır. Ədəbi proporsiya və qatqıların heyrət doğuracaq qədər dəqiqliyi nəsr mətbəximizə dadlı bir təamın var olduğunu sübutlayır.

Azərbaycan romançılığının sonrakı koordinatlarını müəyyənləşdirmək baxımından K.Abdulla trilogiyası misilsiz örnəkdir.
Trilogiya Dünyanın Yaranış və İnkişaf Modelini ehtiva edir...

Homerdən başlanan ədəbi mücadilə K.Abdullada həm qurtarır, həm təkrarlanır, həm də davam edərək yenilənir. Homerin yazdıqları da K.Abdullaya gəlib çatanda yarımçıq idi (Bizdən də gələcəyə, əgər o varsa, heç nə bütöv çatmayacaq!) və o da bu aqibəti yaşayacağını anladığına görə öz Mətninə “Yarımçıq əlyazma” adını verir. Bu, Qədim Çağ-dı!

“Sehrbazlar dərəsi” İnsanın Yoxolmaya qarşı “gülünc” dirənişidi!!!

Hətta Cəlladbaşının da oğlunun başını kəsirlər!

Şərq fəaldı, kütləvidi - cəzaların yeni, daha çox baxımlı, teatral növlərini icad edir! Qərb xəlvətə - Kilsəyə çəkilir və amansız hökmlər oradan gəlir!
Xatırlayın: Ağ Dərvişin durna qatarını xatırladan İyirmi Üç Şəyirdi bəmbəyaz paltarlarda özlərini sıldırımlı qayalıqlardan dərəyə atırlar.. Öz uçuşları ilə qəzəbə, kinə, hər cür qəddar nəsnələrə, hətta ölümə, bir sözlə, həyat mənbəyi olan sonsuz Xaosa “Yox!!!” deyən bu İyirmi Üç Gənc dünyadan və başlıcası, intiqamdan bu cür “intiqam” alır!
Bu, dünyəvi linçlərin, intiharların və inkivizasiyaların çiçəkləndiyi Orta Çağ-dı.

Və nəhayət, bütün bunlardan boğaza yığılıb qaçan İnsan paralel variant kimi Sehri, Dərəni seçir!

“Unutmağa kimsə yox…” – köhüllü olaraq Nəsrə tabe edilmiş bu Möhtəşəm və İlk Poeziya Kitabımız isə olmuşlara, olarlara və olacaqlara, bir sözlə, Yaddaşa Üsyan-dı! “Yarımçıq Əlyazma”da və “Sehrbazlar dərəsi”ndə baş verənləri Unuda Bilməyənlərin Üsyanı!!! Və Müəllif bütün qəddar nəsnələrdən qurtulmağın formulu kimi Hadisələrin Üfüqündən Möhtəşəm Ahəngi hədəfləyir: Eheyy, İnsan, bax, seçim sənindi; Qırx oynaşlı Boğazca Fatmanın, Cəlladbaşının və nəhayət, Bəhram kişinin yanına da qayıda bilərsən!

Sonuncusu – Bəhram kişi Yeni Dünyaya keçidi simvolizə edir. Bu dünyanın adı Harmoniyadı!!! Xatırlayın: Nizami də sonda öz İdeal Məkanını təqdim edirdi…
“Bermud ücbucağı” alındımı?!

Sirr, Sehr tərəfdən, hə!
Bəs ironik tərəfdən?!
Bu da cavab:

“Bermud ücbucağı”,həm də çox sayda (“Öyrədən, lakin oyatmayan”A. Məmmədov) “tənqidçi”lərin udulduğu yerdi…

MANERA.AZ


Baxış sayı - 3 162 | Yüklənmə tarixi: 09.01.2016 14:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031