Avropalı deyir sərbəst düşün, biz isə...
Yeqzar Cəfərli
Universitetimizin qabağında dayanıb, ətrafı seyr edirdim. Birdən azca qabaqda qısa yubkalı bir qız diqqətimi çəkdi. O qədər qısa geyinmişdi ki, baxmamaq üçün kor olmaq lazım idi. Nəisə... Yanımda da bir oğlan dayanıb öz baxışlarıyla bu qızı “tutmaq” istəyirdi. Qız əvvəl buna güldüsə də sonra nədənsə baxışları ciddi bir ifadə aldı. Tez gedib qrup yoldaşlarını çağırdı ki, bəs, bu oğlanı əzişdirsinlər. Nəticədə oğlan da qəfil ruhlar kimi gözdən itdi. Bu hadisədən bir-neçə saat keçməsinə baxmayaraq, mən hələ də bir şeyi başa düşə bilmirdim ki, nə qədər “mənəviyyatsız” olasan ki, bu cür “namuslu” qıza söz atasan?!
12-13 yaşında olan qıza başı boyda planşeti alıb şəhərin mərkəzinə gəzməyə göndərən valideyn başa düşməlidir ki, çox keçməyəcək bu planşetinun düşüncəsi kimi, yubkasını da qısaldıb gələcəkdə onu diqqət mərkəzinə salacaq. Onunçün milli mentalitet deyilən qavramı elə gözəl anlamaq və düşüncə təsərrüfatımıza tətbiq etməliyik ki, mənəviyyat traktoru oranı şumlayanda qalın daşlar dişinə toxunub onu nasaz etməsin. Hər bir xalqın milli mentaliteti olduğu kimi, hər bir fərdin də özünəməxsus mentaliteti, adət-ənənəsi olur. Qaydasında geyim, saç düzümü, mərifətli danışıq, böyük-kiçik yerini bilmək və başqa şeylər də fərdin mentalitetidir. Biz avropalılardan demokratiyanı mentaliteti parçalayan bir düşüncə kimi qəbul etmişik. Avropalı deyir sərbəst düşün, demokratik amala sahib olub təkmilləş, təhsil al, savadlan. Biz isə nə edirik?! Soyunuruq, yubkamızı qaldırırıq, “bomba”laşırıq, məşhur bir şairi və ya yazıçını görəndə vecimizə olmur, amma şəhərdə bir müğənni ilə rastlaşanda aylarla evlərdə söhbət gedir, sevincimizdən gözümüz yaşarır, kitab oxumaq əvəzinə televizorda evdə arvadını videoya çəkib efirə yollayan adamlara baxırıq, sonra da deyirik ki, mentalitet yoxdur. Çünki düşüncəmizinin mentaliletini pozuruq, sonra onu yönəldirik geyimimizə və daha sonra da bizim kimi insanlar cəmiyyətdə çoxalır, sonucda milli mentalitetdə düşür aşağı səviyyəyə. Qısayubkalı, mədəni dildə desək, özünü bayırda qoyan qızlar və parklardakı skamyalarda söykənəcək yeriylə oturmaq yerini səhv salan, nəticədə özlərindən sonra o skamyaya əyləşib şalvarlarını çirkəndirən adamların həmin o “qaqaş”ların ünvanına göndərikləri “dua”larla formalaşan “oğlan”lar çoxala-çoxala mövcud problemlər yaranır.
Oğlan ailə quranda qızın keçmişinə fikir vermir, qız da oğlanın. Oğlan deyir ki, mənə qədər nə olub, olub, eybi yox, əsas bundan sonrasıdır. Elə deyil axı qurban olum sizə, bəs mənlik, qürur, kişilik bunları nə edək?! Bir nəfər gedib əllisiylə mesajlaşıb, sevgili olacaq sonra da mənə deyəcək ki, sən məni belə qəbul eləməlisən. Bir şeyə əminəm ki, həmin o qızlar saf bir oğlanla evlənəndən sonra ondan balaca bir səhv tapa kimi üzünə vuracaq ki, “filankəs” səndən yaxşı oğlan idi, həmçinin də əksinə. Şəxsən mənə çox gülünc gəlir belə ifadələr. Ailə möhkəm tələblər və prinsiplər üzərində qurulmasa tez də uçulub, məhv olacaq.
Qaldı ki, kitab oxumamaq məsələsinə Elza Seyidcahanın şeirlərini saytlarda 10.000 dəfədən çox oxuyan bir cəmiyyətdən kitaba reaksiya gözləmək lazım deyil. O mini yubkalı “qız”ları Whatsapp-da “zolotoy paren”lərin, skamyaya ayağıyla oturan “qaqaş”ları isə “Ayka”ların mesajı maraqlandırır, sizin yazdığınız şeirlər və hekayələr yox.
Yazın, yaradın, ən əsası mənəvi rahatlıq tapın. Qalanını da buraxın zamanın öhdəsinə. Bir şeyə də əmin olun ki, tarixdə sizin gözünüzün nurunu əridib yazdığınız yazılar yox, bayağı heç kimə lazım olmayan nümunələr qalacaq!!!
Yazı polemikaya açıqdır...
Manera.az