Nuh adamı - MANERA.AZ
![]()
Salam, 57, xoş gördük, salam
Salam, xoş görüşdük, ay Nuh adamı!
Gəlmişəm əlini sıxıb deyəm ki,
Sən yeni təqvimsən, mən ruh adamı!
Hə, zarafat-zarafat gəlib çıxdıq 2015-in sonuna. Doğrudur, yolun əvvəlini biz başqa tərkibdə, başqa əhval-ruhiyyədə addımlamağa başlamışdıq. Arzularımız, xəyallarımız yerə-göyə sığmırdı. Elə bilirdik ki, 2015 bütün ağrı-acımızı, bütün problemlərimizi çözəcək və bizim ən böyük nisgilimiz olan Qarabağın başının üstündəki qara buludlar çəkiləcək, yolumuz Şuşaya düşəcək… Laçına düşəcək… Kəlbəcərə düşəcək… Amma…
Amma biz saydığımızı zaman saymadı. Çünki onun sayğacı da, bu sayğacın mexanizmləri də bizim ruhumuza köklənməmişdi. Biz sadəcə özümüzü ona kökləyib arzular, xəyallar qurmuşduq. Təbii ki, birtərəfli köklənmə elə birtərəfli də qaldı. Bizim arzumuz ürəyimizdə, 2015-in sürəti və istəyi də öz işində. Bax belə bir qəribə, bir az maraqlı, bir az təzadlı, bir az da havası bizə xoş gəlməyən 2015 ömrümüzün səhifəsini öz istədiyi kimi yazdı. Xüsusilə lap son nəfəsində elə bir oyun oynadı ki, bunu nə demək, nə yazmaq, nə də göstərmək mümkün deyil. Sadəcə bu, isti bir odun, alovun üstünə ələnən buz kimi sudan da betər idi. Ona görə də hamımız qar-buza döndük. Yəqin ki, son olayları, maliyyə «fırtınasını» və bizim manata qoşulub üzməyimiz artıq hər kəsin içində həmin o buzun soyuqluğunu yaşadır. Ona görə də dərdin qaysağını qoparmadan bircə onu deyirəm ki, 2015 bizim kürəyimizi sığallaya-sığallaya sonda kürəyimizə xəncər sapladı. Bu, onun namərdiliyi oldu. Üstəlik…
Bəli, yazımın ilk cümləsində vurğulamışdım ki, biz fərqli bir komanda ilə başlamışdıq 2015-i. Mən indi o komandanı gözümün önünə gətirəndə öz-özümə daxili bir sızıltını boğmaq istəsəm də gücüm çatmır. Çünki «Ədalət»in 25 illik həyatında bu cür sızıltılar olub və nə qədər ki, həyat var, yəqin ki, olacaq da. Bu qaçılmaz bir gerçəklikdi və heç kim də ondan sığortalanmayıb. Deməli biz, 25 ildə qəzetin yazan qələmlərinin, döyünən ürəklərinin sırasından bir yarpaq tökümünün necə gəlib keçdiyini müşahidə və müşayiət etmək zorunda qalmışıq. Bu yarpaq tökümü öncə Yusif Misiroğlundan başladı. «Ədalət»in oxucuları onun dadlı-duzlu yazılarını, xüsusilə «Poçt qutusu»nu yəqin ki, xatırlayırlar. Sonra Yusif İsmayılı itirdik… Ərşad Mirzəni itirdik… Və günlərin birində də namərd əcəl Pərviz Əliyevin qapısını döydü. Elə gözümüzün önündəcə alıb apardı əlimizdən… Sonra Vahid Əlifoğlunu… Həmişə əhatə dairəsindən kənarda olan, qaçqın həyatımızın bütün nüanslarını sözə, misraya çevirən, hər fikrində bir yeni dünya açan və oxucunu da o dünyanı görməyə həvəsləndirən Vahid Əlifoğlu… Onu da aldı əlimizdən… Sonra «Ədalət»in ən sevimli və hamının həmişə duzlu zarafatları ilə kefini ala buludlara qaldıran Oqtay Salamov. İnanın ki, onun necə Tanrı dərgahına çəkildiyini düşünə də bilmirəm. İnana bilmirəm ki, bu qədər şux bir adam necə təslim oldu fələyə. Amma görünür, min illərdi deyilən fikir gerçək imiş. Yəni hamıdan və hər kəsdən güclü fələk imiş. Heç kim onunla qalibiyyət dilində danışa bilmir…
İtirdiklərimizin sırası günlərin birində Çingiz Ələkbərzadə ilə davam etdi. Bir faciənin qurbanı oldu Çingiz.
Azərbaycan ədəbiyyatında və bütövlükdə türk mətbuatında öz yeri, öz sözü olan Tofiq Abdin. Hamımızın sadəcə olaraq abi dediyimiz nurlu bir insan. Həmişə başqalarının sağlamlığı ilə maraqlanan, onun sağlıq durumunun qayğısına qalan, məsləhətləri ilə, diqqəti ilə adamı yaşamağa həvəsləndirən Tofiq abi! Özü bu dedikləri ilə, yəni diqqət yetirdiyi sağlamlıqla nə qədər can bir qəlbdə olsa da, amma o da fələyə qarşı heç bir etiraz, heç bir müqavimət göstərə bilmədi. Qəzetimizin xanım köşə yazarı, öz fikirləri ilə, telefon zəngləri ilə mövzuya fərqli münasibəti ilə seçilən Vəsilə Usubova… Bir dəfə də olsun kimsənin xətrinə dəymədi, kimsədən nə isə ummadı. Sadəcə, yazdı və yazılanlarla bağlı aradabir telefon vasitəsilə mənə fikirlərini bildirdi. Necə deyərlər, fikirlərimizi bölüşdürdük. Və… Elə bugünlərdə də Məmməd Dəmirçioğlu tərk etdi bizi. Yazıları ilə Azərbaycanın folklorunu, xüsusilə Gəncəbasar bölgəsini və bu bölgənin aydınlarını «Ədalət»in oxucularına tanıdan və sevdirən şair, publisist, rəssam, heykəltəraş, ən vacibi isə təpədən-dırnağa bir nur olan Məmməd Dəmirçioğlu. O da ürəyin namərdliyinin qarşısını ala bilmədi və fələk onun da ürəyini susdurdu. Lakin ruhunu oxucularından, dostlarından, «Ədalət»çilərdən ayrı sala bilmədi…
Bəli, ilin sonunda belə bir kövrək notlar üzərində etdiyim gəzişmələr sadəcə hesabat deyil. Bu həm də mənim və həmkarlarımın itirdikdlərimizə sayqımızdı, bir ehtiramımızdı. Biz onları özümüzlə birlikdə 2016-ya aparırıq. Təbii ki, 2016-ya keçənlərimiz bu yükü daşıyacaqlar. Hələ arada bir günün zaman kəsiyi var və hər anın da öz hökmü olduğu üçün mən o bir günü yaradacağı ab-havadan, münasibətdən ehtiyatla danışıram. Axı hər şey ola bilər…
***
Bütün kədərlərin o biri üzü sevincdi və bütün sevinclərin də o biri üzü kədər. Deməli, biz iki hissin üzləri arasında yol gedirik. Təbii ki, meylimiz daha çox sevincədi. Amma bizdən asılı olmay an və bəlkə də bizi idarə edən ilahi güc alnımıza yazdığı qədərin öncədən oxunmasına icazə vermədiyi üçün biz sevincə, yoxsa kədərə daha çox tuş gələcəyimizi bilə bilmirik. Ona görə də həyatımız rəngarəng olur. Sevincə tələsdiyimiz yerdə kədərlə qarşılaşırıq, kədərə müqavimət göstərəndə bir də görürsən ki, üzümüzə sevinc gülümsədi. Və biz də həm daxili potensialımızdan, həm həyata, insanlara olan münasibətlərimizdən formalaşdırdığımız ümidin ətəyini əldən buraxmadan kədərli anda «bu da keçər» deyirik, sevincli anlarda «bəd gözdən uzaq olsun» söyləyirik. Təbii ki, bu bizim bir Allah bəndəsi kimi özümüzün özümüzə verdiyimiz bir təsəlli, həm də bir növü içimizdə yandırdığımız şamdı. O şamın işığında həyatı və həyatdakıları görməyə çalışırıq. Amma necə görürük, onları necə dəyərləndiririk və onlar bizə hansı təsirləri edir, təbii ki, bu başqa bir mövzudu.
Bax, bu söylədiklərimin içərisindən bir xətt gəlib keçir. Bilmirəm, onu hiss etdiniz yoxsa yox. Bu da kədərdən sevincə doğru gedən, bizi yaşamağa, anlamağa və anlatmağa həvəsləndirən, inandıran sevgidi. Bax elə o sevgi notları da günü-günə calayır, ömrü-ömrə qovuşdurur. Biz də calanan, qovuşan ömrün içərisində sevginin bizə bəxş etdiyi hər türlü məqamı yaşayırıq. Onun bizi nəşələndirən anını da, bizə ələm bəxş etdiyi məqamı da. Könüllü təslim olduğumuz bu sevgidən heç vaxt qaçmırıq və ümumiyyətlə, qaça da bilmirik. Çünki onun yuvası, onun sığındığı yer ürəkdi. Məlumdu ki, ürək də hökm sahibidi. Ona görə də mən indi bir şeir məqamının yetişdiyini hiss edirəm.
İnciyirəm özümün
Özümdə olmağıma.
Bu qədər ağrılarla
Dözümdə olmağıma…
Sevinirəm özümün
Özümdə olmağıma.
Ürəyimə sığınıb
Gözümdə olmağına!
İnciməklə sevinmək
Qarışıb bir-birinə…
Sındırsan nə qoyacam
Ürəyimin yerinə?!
***
Hər yeni il mənim üçün təkcə təqvim dəyişməyi deyil. Bu yeni il əslində elə mənim bu dünyaya qədəm qoymağımın başlanğıc günüdü. Ona görə də hərdən özümü unudub az qala kimlərləsə müqayisə edirəm, hansısa iddialara düşürəm. Elə ki, yeni ilin ilk ayının ikinci günü başladı, onda qayıdıram əvvəlki durumuma. Necə deyərlər, göylərdən enirəm yerə. Düzdü, o bir günlük hökmranlıq da, xəyalpərvərlik də, tay nə bilim təriflərə bürünən əhvalım da həm dostların, həm doğmaların, həm ətrafımın və ən vacibi Allahın mənə mükafatıdı. Necə deyərlər, bir ilin içərisində öncədən bir gün mükafatlandırılmış şəkildə seçilirəm, fərqlənirəm və bundan açığını deyim ki, bir az da imtiyazlı adamlar kimi istifadə etməyə çalışıram. Yəni doğum günüm olan 1 yanvarda mən ərk etdiyim adamlarla zarafatlaşmaq, əylənmək, deyib-gülmək fürsətini qaçırmamağa çalışıram. Doğrudur, son illərdə müəyyən problemlər, xüsusilə qaçqın taleyini yaşamağım bu məsələni bir xeyli arxa plana atıb, üstünə pərdə çəkib və yalnız ən yaxınlar yadlarına düşəndə həmin pərdəni qaldırıb nə isə pıçıldayırlar. Bunun özü də indiki parametrlərlə götürəndə çox böyük diqqət və mükafatdı. Buna görə də yadında olduğum adamların hər birinə minnətdaram. Elə həmin o minnətdarlıq hissləri ilə də hərdən öz-özümə pıçıldayıram ki, yaxşı ki, duyanlarımız və duyduqlarımız var. Yoxsa bu dünya, daha doğrusu, bu dünyada at oynadan namərdliklər bizim üstümüzdən tank kimi keçib sağa-sola gedərdi…
Hə, deməli, yeni ilin ilk günündə hər kəsin içindəki ovqatın necə formalaşması mənim inamıma görə, onun sonrakı günləri üçün də bir ipucu olacaq. Bu səbəbdən də yaşadığım illər ərzində ilin ilk gününü xoş qarşılayıb, xoş da yola çalmağa çalışmışam. Doğrudur, həyatın hər üzünü görən bir Allah bəndəsi kimi bu inancın dəyişməz bir qanun olduğunu heç kimə sübut edə bilmərəm. Çünki hadisələr özü-özlüyündə şəxsən məni zaman-zaman sual qarşısında qoyub və inancımı alt-üst edibdi. Nə isə…
Bəli, mən bu yazıda bir ovqat yaratmağa çalışdım. İstədim ki, yaşadığımız 2015-in tarixin arxivinə daxil olduğu bu anlarda bir az kədərdən, ağrı-acıdan uzaqlaşaq. Amma nə qədər etdimsə də, alınmadı. Çünki 2015-in soyuq üzü hamımızın gözünün qarşısındadı. Ondan nə gözümüzü çəkə bilirik, nə də o bizim üstümüzdən buz kimi nəfəsini çəkib aparmır. Ona görə də mən yenə üzümü sevgi misralarına tuturam. Düşünürəm ki, qalib gələn mütləq sevgi olacaq.
Günahkardı bir sevgi
Alışmana, sönmənə.
Ondan çıxış yolu var –
Qolunu aç, dön, mənə!
Həsrət payım qol qalıb
Sağ budanıb, sol qalıb.
Bir nəfəslik yol qalıb -
Bir Leyliyə, - dön mənə!
Könlümün əhd amanı
Dili, dini, imanı.
Olum hava limanı -
Sən də göydən en mənə!
Bəli, bu da 2015-in sonu və mənim də 2015-də yazdığım sonuncu köşəm. Oxuyun. Sadəcə ona görə yox ki, sizin üçün özümü yazıb, özümü göstərirəm. Oxuyun ki, siz də içinizdəki duyğularla baş-başa qala biləsiniz və 2015-in ağrı-acısı yadınızdan çıxsın.
MANERA.AZ