manera.az
manera.az

Bənövşələr bağı - Şəkərim Küdayberdiulı

📅 08.01.2024 12:05

Bənövşələr bağı - Şəkərim Küdayberdiulı
Bir neçə ay əvvəl görkəmli qazax şair, yazıçı, tərcüməçi, bəstəkar, tarixçi, filosof Şəkərim Küdayberdiulının (1858-1931) 165 yaşı tamam oldu.

Şəkərim Semipalartinsk vilayəti, Çingiztau volostunun Kenbulak aulunda anadan olub, böyük mütəfəkkir Abayın atabir qardaşının oğludur. Aul mollasının yanında ibtidai təhsil alıb, ərəb-fars, soralar türk və rus dillərini öyrənib, şəxsi təhsillə məşğul olub, dombrada ifa etməyi öyrənib, yeniyetmə yaşlarından musiqi bəstələyib. O, tətbiqi sənətlərə, dəmirçiliyə də böyük maraq göstərib, bacarığını nümayiş etdirib, ovçu, berkutçu, at bilicisi kimi tanınıb.

Şakərim gənclik illərində poeziya ilə ciddi maraqlansa da atasının istəyi ilə volostda inzibati işlərdə çalışıb, yalnız 40 yaşından sonra özünü yaradıcılığa həsr edib, musiqi əsərləri bəstələyib, şeirlər, poemalar, hekayətlər, qələmə alıb, eyni zamanda, tərcümələr edib, fəlsəfə, tarix, coğrafiya, təbiətşünaslıq elmləri ilə surətdə maraqlanıb. O, 1906-cı ildə Məkkəyə Həcc ziyarətinə gedib, Misirdə və Osmanlıda olub, Qahirə və İstanbul kitabxanalarında biliyini artırıb. Sağlığında “Qazaxların güzgüsü” kitabı, “Kalkaman-Mamır” və “Enlik-Kebek” poemaları, jurnal və qəzetlərdə şeirləri, çap olunub. O, Hafiz Şirazinin, Məhəmməd Füzulinin (“Leyli və Məcnun”), A.Puşkinin əsərlərini doğma dilinə çevirib.

Şəkərim Qazaxstanda sovet hakimiyyəti qurulandan sonra o, yeni quruluşun düşmənləri siyahısına daxil edilib, basmaçılarla əlaqədə günahlandırılıb və həbsxanaya atılıb, 1931-ci ildə isə sorğu-sualsız güllələnib, yalnız 1958-ci ildə bəraət qazanıb. “Burjua millətçiliyi” yarlığı vurulmuş əsərləri isə yalnız 80-ci illərdə işıq üzü görüb.


BƏNÖVŞƏLƏR BAĞI

(pritçalar)


***
Şirin dilli şairlərin ömrün bahar çağını və gəncliyi dekabr şaxtasına düşmüş çiçək kimi solduran sirlər haqqında qoşduqları, gülləri qurudan, parıltısını söndürən, misilsiz gözəlləri dərilmiş güllərtək öləziməyə məcbur eləyən qüssə barədə nəğmələrdən gözəl nə ola bilər? Nəğmənin oxunduğu, incə ipək sayaq sərilən, qəlblərə şəfalı bəkməz kimi zövq verən musiqi və səslə müqayisəyə nə gələ bilər? Simanın gözəlliyi – taleyin təsadüfi bəxşişi, gözəl səs və ağıllı nitq isə - qəlbin güzgüsüdü.

Zahiri gözəlliyi hamı qiymətləndirə bilər, amma söz və melodiyanın ahəngini dərk eləmək heç də hamının qismətinə düşmür.


***
Bir dəfə quş ovçusu bülbül və qarğa tutdu, onları eyni qəfəsə saldı. Bunu görən quş vərdişləri bilicisi təəccübləndi: “Niyə şirin səsli bülbüllə ancaq qarıldamağı bacaran qarğanı eyni qəfəsə salmısan?” “Bülbülün oxuması üçün neyləməliyəm? Qarğanı nə qarıldada bilər?” – quş ovçusu soruşdu. “Bülbülü güllər və yaşıllıqlar içindəki geniş qəfəsə sal, qarğanın qabağına isə qurumuş kəllə, bir tikə də leş at”, - quş bilicisi cavab verdi.

Quş ovçusu belə də elədi. Bülbül dərhal oxumağa, gəncliyin gözəlliyini və qocalığın kədərini həvəslə vəsf eləməyə başladı. Qarğa kəlləni görüb üstünə qondu, iki ağız qarıldayıb qabağına atılmış leşi dimdiklədi. Quş ovçusu onlara baxıb dilləndi: “Qara-ağ rəngli quş mənə o balaca quşdan daha çox xoş gəlir. Çünki qarğa dərhal leşi dimdikləməyə başladı, sevinc dolu qarıltısı ilə sanki minnətdarlığını bildirdi. Biçarə bülbül isə nə dimdikləyir, nə də minnətdarlığını bildirir, elə hey oxuyur. Onun zərif nəğməsi qarğanın uca qarıltısı altında eşidilməz olur. Əslində, kimin səsi güclüdürsə, onun faydası daha çox dəyir. Eşşəyə bir baxın, görün insan üçün necə cani-dildən çalışır!”
Alicənab alim nadanlıqdan kənar qaçdığı kimi, nadanlıq da alimdən kənar qaçır.


***
Qədim zamanlarda Məkkə və Mədinənin Kujaj adlı bir hakimi vardı. Qəddar, mərhəmətsiz adam idi, əbəs yerə xalqı ona “Qaniçən” ləqəbi verməmişdi. Bir dəfə Kujaj Bağdaddan gəlmiş övliyanın şəfa verən gücü barədə eşidib ona müraciət elədi: “Mənə xeyirxah işlər görmək üçün xeyir-dua ver”.

“Əllərini aç, dua oxu ki, Allah mənim xeyir-duamı qəbul eləsin”, - övliya dedi. Kujaj onun dediyini yerinə yetirəndən sonra övliya dilləndi: “Allahım, Kujajın ruhunu qəbul elə!” “Bu nədi deyirsən?” – Kujaj hiddətləndi. “Ağa, mənə inan, bu, səndən ötrü yeganə çıxış yolu olardı. Ölüb özünün şər əməllərinə son qoyardın. Xalq da, nəhayət, sənin zülmündən qurtulardı. Anadan olanda insanın xasiyyəti bir cür olur, qazandığı vərdişlər sayəsində o xasiyyət dəyişir. Xasiyyətini yaxşı tərəfə dəyişməyin üçün gözəl imkan yaranıb. Amma sənin kimi hər şeyə qadir olan adam öz istəyilə pis vərdişlərdən qurtula bilməz. Dinləmək istəsən, bir rəvayət danışaram. Bəlkə bu hekayət dənə düz yola göstərdi. Rəvayətə görə, - övliya sözünə davam elədi, - soyğun və qarətlə məşğul olan məşhur quldur yolda dayandı, uzanıb dincəlməyə başladı. Onun yanından üç nəfər keçirdi. Həmin yolçulardan biri qulduru tanıyıb dedi: “Bu cani axşamacan yatsa, xeyli adam əməllərində can qurtarar”. “Təki heç səhərəcən də oyanmasın”, - ikinci yolçu əlavə elədi. Üçüncü yolçu isə dilləndi: “Təki heç vaxt oyanmasın, onda camaatın canı bundan birdəfəlik qurtarar”. Onların dediklərini eşidən quldur fikrə getdi: “Deyilənə görə, üç nəfərin fikri cəmi camaatın rəyini əks etdirir. Bu üç nəfər məndən canlarını qurtarmağı arzulayırlar. Bəşəriyyəti bir bütöv cisim hesab eləsək, hər bir insan o cismin üzvləri sayılır. Üzvlərin biri xəstələnəndə bütün cisim əziyyət çəkir. Mən məhz xalqa əziyyət verən həmin xəstə üzvəm. Ya dərhal xalqımın arasından uzaqlaşmalı, ya da pis əməllərimə son qoymalıyam”. Rəvayətə görə, o quldur həmin hadisədən sonra quldurluqdan əl çəkdi. Möhtərəm insan, mən hər şeyə qadir olan, möcüzə yaradan adam deyiləm. Mənim övliyalığım düz yolla getməyimdən, insanlara düzgün, faydalı məsləhətlər verməyimdən ibarətdi. Bu rəvayət də mənim sənə məsləhətimdi. Məsləhətimi qəbul eləsən, deməli, pis xasiyyətlərindən də qurtulacaqsan”.

Dinləyənin həssas qulaqları, ədalətli qəlbi olanda, ağıllı məsləhətlər vaxtında qəbul edilmiş dərman kimi, onu pis vərdişlərdən qurtarır. O, candərdi qulaq asanda isə həmin sözlər quma hopan su misalı yoxa çıxır, yerində sısqa bir ot belə bitmir.


***
Bir dəfə əyan-əşrəfi ərəb padşahına Leyli və Məcnunun əhvalatını nağıl elədilər. Padşah Leylidən ayrı düşmüş Məcnunun səhrada zahid kimi miskin həyat sürdüyünü, dağlarda vəhşi heyvanlar arasında yaşadığını eşidib onu görmək istəyir və axtarmağa başlayır. “İnsanlar sənə necə ağlagəlməz pisliklər eləyiblər ki, onların arasında olmaqdan iyrənib, insan cildindən çıxıb vəhşi heyvanlar arasında dolaşırsan?” – o, Məcnunu tapanda soruşdu. “Siz əsl ehtirasın nədən ibarət olduğunu bilmirsiniz, ona görə də məni mühakimə eləməyə hazırsınız. Ağıl əsl hisslər qarşısında duruş gətirməkdə acizdi. Siz sehirli gözəlliyilə ağlımı başımdan almış Leylini görməmisiniz”. Padşah, heç olmasa, bircə dəfə Leylinin gözəlliyinə tamaşa eləmək arzusuyla alışıb-yanır, amma onunla üz-üzə gələndə qaraşın, solğun sifətli, nüfuzedici qara gözləri olan sısqa, arıq qızda qeyr-adi bir şey görmür.

O, Məcnunun yanına qayıdıb deyir: “Mən onda qeyri-adi cazibə görmədim. Sənin iddia elədiyin kimi, qənirsiz gözəl olsaydı, çoxları onun eşqindən dəli-divanə olardı”. “Kainatın sirlərinə bələd olmaq hamının qisməti deyil. Sevginin işığını hər göz görmək iqtidarında deyil. Eşqdən od tutub yanan qəlb, Leylinin gözəlliyini gözlər sizə yox, mənə məxsusdu. Leylinin gözəlliyini dərk eləmək istəyirsinizsə, ona mənim gözlərimlə baxmalı, o gözəlliyi mənim qəlbimlə duymalısınız, onda Yusifin gözəlliyindən ağıllarını itirmiş, xəmir əvəzinə öz barmaqlarını doğrayan qadınların halına düşərsiniz. Onda Leyliyə eşqimin nə qədər böyük olduğunu anlayarsınız. Xəstə ruhu sağlam ağılla dərk eləmək mümkün deyil. Mənim yaralarıma səpilən duz sizin sağlam əlinizi acışdırmaz. Öz qəlbinizi ehtiras qılıncıyla yaralayın, sonra o yaraya ümidsizlik duzu səpin. Arı sancmamış adama arını göstərib iynəsinin nə qədər ağrıtdığını izah eləmək olmaz. Bəyəm, tox adam ac adamı başa düşə bilər? Qəlbinizdə mənim qəlbimi sıxan kədər yoxdusa, sözlərim sizdən ötrü mənasız boşboğazlıqdan başqa bir şey olmayacaq”, - Məcnun sözlərini belə bitirdi.

Həqiqətən, nə qədər danışsalar da, biz zəifin qayğılarını, güclünün pis əməllərini dərk eləyə bilmərik.


***
Bir adam yetkin qızını elçiləri qapısını döyən varlı oğlanlara yox, gənc və kasıb pinəçiyə verdi. O biçarə vaxtını əyləncələrdə keçirir, qazandığının hamısını içkiyə verir, dünyanı vecinə almırdı. Qızla evləndiyi gün şərabın təsirindən qızışmış oğlan arvadının dodaqlarından şişib qan axanadək öpdü. Ata qızına baş çəkməyə gələndə onu kədər və göz yaşı içində gördü. O, kürəkəninin üstünə cumub ağlına gələni dedi. “Ata! Bu məsələdə mənim günahım yoxdu, - pinəçi yalvardı. – Kasıb ustayam, qırmızı tumaca qənaət eləyir, onu dişlərimlə çəkib uzatmalı oluram. Qızınızın dodaqları qıpqırmızıdı, onları qırmızı tumacla dəyişik saldım. O dodaqlar o cür qırmızı olmasaydı, bəyəm, elə şiddətlə öpərdim?”

Bu sözləri heç də gülmək üçün misal çəkmirəm. Hər cür canfəşanlıq əslinə, həm də yerinə uyğun olmalıdı. Pis əmələ sərf edilmiş əbəs zəhmət və ağıl özünü atəşə atan gecə kəpənəyindən başqa bir şey deyil.

Əsil-nəcabətli bir bayın sifətini çiçək xəstəliyi eybəcər hala salmış qızı vardı. Bay uzun müddət onu ərə verə bilmədi, heç kəs elçi gəlmirdi. Nəhayət, qızı gözləriniə ağ gəlmiş bir adama sırıya bildi.

Bir dəfə dostu bayın yanına gəlib xəbər verdi ki, onların diyarına uzaq ölkədən ağı ağrısız-filansız götürməyi bacaran loğman gəlib. Kürəkənini ona göstərməyi məsləhət gördü. “Kürəkənim gözləri açılandan sonra qızımın sifətindəki eybəcər çapıqları görüb evdən qovar. Ərinin atdığı qızı görməkdənsə, kor kürəkəni olmaq daha yaxşıdı”, - bay cavab verdi. “Kürəkəninə yazığı gəlməyən adam dostlarına qarşı mərhəmətli ola bilərmi? – Dostu fikirləşdi. – Belə bir dostla üzülüşmək daha yaxşı olmazmı?”


***
İnsanın iki – cismani və mənəvi – tələbatı var. Daim özünün qayğısını çəkmək, təkəbbür, şöhrətpərəstlik – cismani tələbatlardı. Vicdanlılıq, namusla işləməyə can atmaq – mənəvi tələbatdı. Birinci tələbat üstünlük təşkil eləyən insan öz xeyri, mənfəəti və şöhrəti xətrinə hər cür pis əmələ qol qoymağa hazırdı. İkinci tip adam təmənnasız zəhmətdən, xeyirxah əməldən başqa bir şey axtarmır. İnsan təcrübəsizliyi üzündən kiçik yaşlarından yalnız geyinib-keçinməyi, şənlənməyi sevirsə, bu, bədbəxtlikdi, zaman keçdikcə onun əsas vərdişlərinə çevrilir. Bəziləri bədxah fırıldaqçını xeyirxah mələk sayır, ona o qədər bağlanır ki, ayrılmaz dostlara çevrilir, əsl gözəllikdən, namusluluqdan, az qala, vəbadan qaçan kimi qaçırlar. Belələri axırda özlərinə hakim olmaq qabiliyyətlərini itirir, hətta şəxsi hərəkətlərini də qiymətləndirə bilmirlər.

Bir aşiq məşuqu otağa girdiyi məqamda işığı söndürdü. “Mən içəri girəndə işığı niyə söndürdün?” – Qadın soruşdu. “Mənə elə gəldi, Günəş özü otağıma girdi. Günəş işıq saçırsa, lampa nəyə lazımdı?” – Aşiq cavab verdi.

Dostlarım! Pis əməllərə alımış adam da, öz mənfəətini ədalət və böyük çəkən kəs də özlərini səylərinə o qədər verirlər ki, əməllərini qayda kimi qəbul eləyir, bəzən onlara yalnız kor ehtirasın hakim olduğunu unudurlar. Heç kəs uşaqlıq və gənclik illərindən yan ötmür, insan ağlı birdən-birə yetkinləşmir, buna görə də insanlar çox vaxt şıqlıqda, rəqabətdə, şöhrətpərəstlikdə bir-birini yamsılayırlar, pis nümunə isə yoluxucudu.
Dostlarım! Pis vərdişlərdən boyun qaçırmağı və ağlın hökmünə tabe olmağı min nəfərdən biri bacarır. Cəmi bir nəfərə...

Bir dəfə səyyahdan soruşdular: “Hansı ağlagəlməz sevinci və dərin kədəri duymalı olmusunuz?” – “Bir dəfə Sahara səhrası ilə səyahət eləyəndə
tutulduğum xəstəlik üzündən karvandan geri qalmışam. Çeşmənin yanında məskən salıb tezliklə sağaldım, yol yoldaşlarımı haqlamaq qərarına gəldim. Ərzağım qurtardı, aclıqdan heysizləmiş halda, güclə hərəkət eləyə-eləyə getdim, nəhayət, əldən düşüb qumun üstünə yıxıldım, yanımda qovrulmuş buğdayla dolu piyalə gördüm. Ömrümdə o qədər böyük sevinc duymamışdım. Buğdanı yemək istəyirdim ki, diqqətlə baxanda o dənələrin qiymətli daşlar olduğunu ayırd elədim. Həmin məqamda da həyatımın ən böyük kədərini yaşadım. Çaşqın halda ətrafa boylanıb yaxınlıqda qum təpəciyi gördüm, həmin təpəciyin altından paltar ucu görünürdü. Qumu qazıb altında meyit olduğunu gördüm. O bədbəxt də mənim qismətimə düşən fəlakəti yaşayıb özünü quma basdırmış, yanında da bu sözləri cızmışdı: “Qoy bu mirvarilər və kəmərimdə gizlətdiyim yüz dinar mənim meyirimi min addım aralıdakı çeşmənin yanına aparın dəfn eləyən, daşın, yaxud taxtanın üstündə “Ac adamı hətta at başı böyüklüyündə qızıl külçəsi yox, bir parça çörək qurtarar” sözləri yazan adama qismət olsun”.

Məsələdən agah olub çeşməni axtarmağa başladım, az sonra tapdım, mənim olduğum karvan da orda dincəlmək üçün dayanmışdı. Qarnımı doydurub və dincəlib özümlə adamlar və araba götürdüm, mərhumun meyitini aparıb çeşmənin yanında dəfn elədim, başdaşının üstünə də bu sözləri yazdım: “Ac adamı hətta at başı böyüklüyündə qızıl külçəsi yox, bir parça çörək qurtarar”. Yüz dinarı mənə kömək eləyənlərə, mirvariləri də karvançılara payladım.

Əbəs yerə demirlər ki, bir parça çörək – qəlbin qiymətsiz dostu, pul və var-dövlət isə lovğa adamın yol yoldaşıdı. Buğda dənələri və yarma insanı aclıqdan qurtara bilər, qızıl-gümüş isə metaldan başqa bir şey deyil


***
Bir dəfə bay muzdla işə götürdüyü adamın, gəzdiyi hər yerdə, hətta daşlıqda belə ayaqyalın gəzdiyini görüb bu hərəkətinin səbəbini soruşur. “Qismətimə çoxlu əzab-əziyyət düşüb, - muzdlu işçi cavab verir, - amma başmaqlarım cırılanda daha çox dərd çəkmişəm. Bir dəfə ağam məni taxta satanın yanına göndərdi, orda ayaqları olmadığına görə yerdə sürünə-sürünə yonqarları yığan bədbəxti gördüm. Onda fikirləşdim ki, onun nəinki başmağı, heç ayaqları da yoxdu, mən isə cırılan başmaqlarıma görə göz yaşı tökürəm. O vaxtdan başmaq geymirəm, ayaqlarımın altı elə bərkiyib ki, heç başmaq geyinməyimə də ehtiyac qalmır”.

Başına fəlakət gələn adam özünü dünyanın ən bədbəxt məxluqu sayır, çoxdan baş vermiş hadisənin xiffətini çəkir, gecə başa çatanda səhərin açılacağı barədə düşünmür. Bu yaşantılar səbirsizlərin taleyidi. Tənbəllik bilmədən çalışan və səbirli olmağı bacaran kəslər ən yaxşı insanlardı.

Uzun illər sədəqə yığan dilənçi özünə əməlli-başlı var-dövlət yığdı, amma ona-buna əl açmağa son qoymadı. Bir dəfə xan dilənçini yanına çağırdı.

“Deyilənə görə, çoxlu var-dövlətin var. Onu xəzinəyə ver, faizi dövlətin xeyrinə istifadə olunacaq, məbləğsə yenə sənə qalacaq”, - xan təklif elədi.
Dövlətli dilənçi cavabında dedi: “Hökmdar, o var-dövlət həyasızlıq və acgözlük yolu ilə yığılıb. Halal pul deyil. Əlinizi çirkləndirməyə dəyərmi?” Xan ona belə bir rəvayət danışdı. Bir bay palçıq qarışdırandan xahiş elədi ki, qarışdırdığı palçığı ona satsın, amma kişi gilə murdar su qarışdırıldığını söylədi. Bay dedi, ondan ayaqyolunun deşiklərini suvamaq üçün istifadə eləyəcək. Sənin pulunla da bu cür ehtiyacımızı ödəyəcəyik”, - xan sözünü bitirdi. “Hökmdar, - dilənçi təslim olmaq istəmədi, - sənin ayaqyolun, güman ki, bizim evlərimizdən təmizdi, ona görə də haram pulu ona sərf eləmək günahdı”. “Bir dəfə, - xan başqa bir rəvayət danışmağa başladı, - çəlləklə su aparan adama bir nəfər yaxınlaşıb suyu ona satmağı xahiş elədi, kişi də suyunun murdar olduğunu söylədi. Onda həmin adam suyun ölmüş yəhudinin meyitini yumağa yarayacağını deyib çəlləyi aldı. Bəlkə, pulunu belə bir şeyə işlədəcəyik?” Varlı dilənçi buna da cavab verdi: “Böyük xan! Sənin dövlətinin əhalisi müxtəlif millətlərin nümayəndələrindən ibarətdi. Ölmüş yəhudinin nəşini murdar suyla yudurtduğundan xəbər tutanlar barəndə nə düşünərlər? Qorxuram ki, pulum sənə ancaq ziyan versin”.

Xan qazını yanına çağırıb soruşdu: “De görək, bir kəs haram yolla pul yığıbsa, o pulun sahibi qanuni yoxdusa, neyləmək lazımdı?” “Onu yığmış adamın pulu haram yolla qazandığını etiraf eləməsi, ya da iki şahidin təsdiqləməsi kifayətdi, bundan sonra həmin pul dövlətin xeyrinə müsadirə oluna, kasıbların, xəstələrin nəfinə və maarif işlərində istifadə edilə bilər”, - qazı cavab verdi.

Xan xəzinəbaşını çağırdı, varlı dilənçinin pulunu alıb xəzinə daxil eləməyi buyurdu. O, acgöz və hiyləgər dilənçiyə belə dərs verib əvvəlki vəziyyətinə qaytardı.


***
Bir dəfə səxavətli Atımtay adamlarına mal-heyvan kəsib şəhərin yoxsullarına paylamağı buyurdu. “Şəhərin kasıblarını doydurdum, amma çöldə də ac qalanlar var”, - o, qət eləyib həmin adamları tapmağa getdi. Rastına cırıq kaftan geymiş, çıl-çırpı yığan bir adam çıxdı. “Arımtayın yanına get, o, bu gün bütün acları doydurur”, - Atımtay ona dedi.

Kasıb dedi: “Səni Atımtay göndəribsə, ona çatdır ki, çörəyini namuslu əməyilə qazanan, ailəsini dolandıran, artığını başqaları ilə bölüşən adamın sədəqəyə ehtiyacı yoxdu. Bu gün satıb arvad-uşağıma çörək alacaq qədər çıl-çırpı yığmışam. İndi, bax, o axsaq qoca üçün yığıram. Qorxuram ki, Atımtay sağlam və işləyə biləcək adamları öz sədəqələriylə yoldan çıxara. Qoy o, həqiqətən, ehtiyacı olanlara kömək eləsin. Atımtay sədəqə paylayır, mənsə tənbəllik eləmədən adamlara yardım göstərirəm. Kimin daha səxavətli olduğuna özü qərar versin”.

Tərcümə: Nəriman Əbdülrəhmanlı


Baxış sayı - 562 | Yüklənmə tarixi: 08.01.2024 12:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031