Alman markalı maşın - Yeni hekayə
MANERA.AZ Təranə Musayevanın yeni hekayəsini təqdim edir:
Alman markalı maşın otelə yaxınlaşanda pəncərələrin bəzilərində sönük işiqlar vardı. Bu işıqlar o qədər sönükdü ki elə şüşələrdə boğulub qalırdı. Çərçivənin nəinki çöl tərəfini, iç hissəsini belə aydınlatmaq gücündə deyildilər.
Ətrafı nazık tellərlə qapalı avtodayanacaq otelin arxa tərəfində idi. Burda çox sayda xarici markalı maşın vardı. “WAİT” adlı otel ölkənin sərhəd qapısına yaxın olduğu üçün sərhəddi keçib dincəlmək istəyən insanlar buranı seçirdilər. Bura dəbdəbədən uzaq, mütavazi bir istirahət ocağı idi. Üç qatlı, sadə görkəmi ilə ev ortamına daha yaxın idi.
Şəhər mərkəzindəki otellərdən fərqli olaraq bu oteldə nə ehtişamlı giriş salonu, pilləkənlər, çılçıraqlar, xalçalar, divar rəsmləri vardı, nə də əndrabadi yemek menyüsü. İnsanın keyfindən daha çox günlük ehtiyaclarının təmin olunacağı bir oteldi. Əslində ağıllı düşünülmüş bir tikilidi idi.
Harda olursa olsun, hansı ölkədən ölkəyə keçirsən keç, sərhəddi keçəndə insanın üzərində həyəcanlı bir yorğunluq olur. O həyəcanı xoş bir hissə çevirmək, yorğunluğun yerini rahatlama ilə əvəz etmək üçün bu "WAİT" otel əvəzsiz məkan idi. Birinci qata girişin düz ayaq olması diqqət edilməyəcək nüans olsa da mükəmməl bir başlanğıc və bu oteldə rahatlanmanın birinci addımıdır.
İkincisi otel işçiləridir ki, inşa edildiyi gündən bəri bir tək müştəri otel müdirindən tutmuş, süpürgəçisinə, mətbəx çalışanına, avtoqaraj gözətçisinə qədər kimsədən narazı qalmamışdır. Otelin "WAİT" ('Gözlə') adına gəldikdə isə daha çox yerləşdiyi yerə görə seçildiyi düşünülürdü. Sərhəddi keçənlər keçməyənləri gözləyir anlamında. Bu adın kim tərəfindən qoyulduğu kimsə üçün maraqlı deyildi. Ad artıq dillərdə şablonlaşmışdı.
Gecənin bir yarısı (birinci yarısı) otelin avtodayanacağına daxil olan alman markalı maşın yalnız deyildi. Yalnız deyildi, deyəndə tək özü deyildi. Tək özü deyildi, deyəndə ki zavoddan çıxma kimi də deyildi. Maşının üstündə əlavə qutu vardı. Gümüşü rəngli uzun qutu maşının üzərinə pərçimlədilmişdi. Qutunun yeni olması avtoqarajın solğun işığını özündə parlaq əks edilməsindən hiss olunurdu.
İrəli-geri gedən maşın axır ki maşınların arasında münasib yer tapıb dayandı. Sürücü tərəfdən enən kişi yüngül idman geyimində idi. Maşından endikdən sonra arxa oturacağın qapısını açıb ordan götürdüyü kepkanı başına bərkitdi. Üzündə dilxorçuluq, yorğunluq və narahatçılıq hissləri bir-birinə qarışmışdı.
Az sonra sağ tərəfdən maşından düşən qəmli qadından fərqli olaraq kişinin üzündə kədərdən əsər-əlamət yox idi. Qadın sual dolu baxışlarla əvvəl maşına, sonra kişiyə baxdı. Kipriklərini isladan yaşlar onların rəngini bir az da tündləşdirmişdi. Kişi də dönüb maşına və üzərindəki qutuya nəzər saldı və güclə boğmağa çalışdığı acıqlı və əsəbi səsi ilə:
– Heç bir şey olmaz! Sabaha az qalıb. Yuxu gözümdən tökülür, bir-iki saat yataq, dincələk, sabah yolumuza davam edərik – deyib qabağa düşüb otelə tərəf irəlilədi.
Büzülmüz dodaqlarının səssiz tərpənişindən özü-özünə gileyli danışığı aydın görünürdü.
Qadının vücud dili bar-bar bağırır, ayaqlarının irəli getməsinə etiraz edirdi. Kişinin ardınca yeriyən ayağının biri getsə də o biri sanki geri gedirdi. Vücudunun irəli getməsi gözlə görünsə də ruhunun geridə – maşının yanında qalması açıqca hiss edilirdi. Boynu geri çevrilmiş, gözləri maşının üstündəki qutuda qalmış vəziyyətdə kişinin ardınca gedirdi.
Öz aralarında türkcə danışsalar da növbətçidən yer alanda kişi almanca danışdı. Cəmi dörd saat oteldə qalacaqdılar; ancaq otelin qaydasına görə bütün günün pulunu verəndə etiraz etmədilər. Yorğun olduqları hər hallarından bəlli idi, ancaq bu ruh halları yalnız yorğunluqla ölçüyə gəlmirdi. Gizəmli bir görüntüləri vardı. Otaqlarının açarını alıb əlləri yanlarında ikinci qata qalxan pilləkənlərə yönəldirlər.
Az sonra yenidən aşağı enən kişi girişdəki divanda əyləşdi. Arxaya yaslanıb əllərini yer-yerdən bəyazlanmış saçlarına çəkdi. Əllərinin ləng hərəkətindən saçını çəkdiyi hiss olunurdu. Dalğın və düşüncəliydi. Çarəsiz və məzlum səslə:
– Allahım, sən kömək ol, – dedi.
Salonun künc tərəfindəki qaraltı tərpəndi. Bayaqdan nəzəri cəlb etməyən bir adam küncdəki kreslodan qalxıb kişinin yanına gəldi. Onunla üzbəüzdəki yumşaq stulda əyləşib nə baş verdiyini soruşdu.
– Mən axşamdan burdayam. Yaxın qohumumu gözləyirəm. Sabah yola düşəcəyəm. Sizə necəsə kömək edə bilərəm?
– Təşəkkür edirəm, – deyə kişi nəzakətlə cavab verdi. – Köməyə ehtiyacım yoxdu. Bir az dincəlib sübh tezdən yola düşəcəyik. Yoldaşımla birlikdəyik.
– O zaman nədən belə qayğılısınız?
Kişi bir müddət duruxduqdan sonra düşüncəli halda:
– Biz Berlində yaşayırıq. Arvadım, iki uşağım və qaynanamla birlikdə. Qaynanamın yalnız bir qızı – yəni mənim arvadım – vardı. İki gün öncə qaynanam vəfat etdi. Uzun illərdi xəstəlikdən əziyyət çəkirdi. Bir növ canı qurtardı çəkdiyi əziyyətlərdən. Yəni gözlənilən ölüm idi. Gözlənilməyən o idi ki, anası vəfat edən kimi arvadım onun mütləq öz ölkəmizdə dəfn edilməsi tələbini irəli sürdü. Anlatmağa çalışdım. Heç cür razı sala bilmədim. Anası mütləq 55 il yaşadığı, çalışdığı Berlində deyil, doğulub 30 il yaşadığı Qara dəniz bölgəsinin ucqar bir kəndində, doğmalarının yanında torpağa verilməlidir.
Qardaşım, bu qadın evlənib əri ilə bərabər Berlinə gedəndən doğmalarından istəyərək uzaqlaşmış, illərlə kəndlərinə getməyib, kənddə yaşayan qonşu, qohum hər kəsi cahil hesab eləmişdi axı. Kəndinin bir yoxsuluna əl uzatmayıb, bir oxumaq istəyən tələbəsinə yardımçı olmayıb, toylarında-düyünlərində əl qaldırıb oynamayıb axı. Oynamamağı bir yana o kənddə olduğu az günlərdə belə dəvət alanda belə bir toya, məclisə getməyib axı.
İndi öləndən sonra doğmalarına yaxın olmaq nədi? “Torpaq çəkər” – məsəlidirsə bunu torpaq öləndən sonra çəkdi? Niyə sağ ikən, hətta xəstə vaxtlarında çəkmədi də, öləndən sonra çəkdi?! – kişi dolub daşan ürəyini noşaldarcasına danışıb-danışıb dayandı, qarşısında oturan adamın gözlərinə baxdı.
Adam nə deyəcəyini bilmədən sakitcə onu dinləyirdi. Üzü gərilmiş, qaşları yuxarı dartılmış, gözləri bir az da açılmış, ağzı aralı qalmışdı. Söhbətin hara gedəcəyini gözləyirdi. Kişinin susduğunu görüb soruşdu:
– Qaynanan iki gün öncə rəhmətə gedib, siz onu aparıb basdırıb geri qayıdırsız? Necə vaxt tapdız bu qədər işi görməyə?
– Yox, hələ basdırmamışıq. Hələ indi aparırıq!
– Necə? Necə yəni? Hara aparırsız?
– Dedim axı, arvadım israr etdi anasını məmləkətinə basdırmağa aparırıq. Hələ indi aparırıq.
– Anlamadım, nəylə aparırsız? İki gündü ölüb indi aparırsız?
– Neyləyə bilərəm ki? Sənəd-sünəd işləri bütöv bir günümü aldı. Sonra cəsədi qoymaq üçün qutu düzəltdirmək, həkimlə danışmaq, dərmanlamaq filan, ancaq oldu.
– Nə ilə aparırsız, dediniz?
– Öz maşınımla – dedikdə həmsöhbətinin gözləri hədəqəsindən çıxdı. Özünü geri çəkdi. – Baxın, ölümü gözlənilən olsa da hər ölüm kimi bu da qəfil oldu. Təyyarəyə bilet tapa bilmədik. Ona görə öz maşınımla aparırıq. Odey, maşınım otelin arxasındakı avtodayanacaqdadı. Qaynanamın olduğu qutu da maşınımın üstündə.
Sabah günortaya inşallah çatarıq doğmalarının yatdığı qəbristanlığa. Bu dünyada gözünün görmək istəmədiyi doğmalarına qovuşar. Görək doğmaları onu necə qarşılayacaq?! Bir az yatıb dincələrəm deyə bu otelə gəlmişdim, ancaq yuxu tutmadı, ona görə suyu bəhanə edib bura gəldim. Siz də sağ olun ki, yaxınlaşdınız. Bəzən yad biriylə danışmaq, ona içindəki hər şeyi açıb-tökmək insanı rahatladır.
Gedim, yata bilməsəm də uzanım dincimi alım. Neçə saatdı sükan arxasındayam. Səhər tezdən də yola çıxmalıyam.
Hər ikisi yerlərindən qalxdılar. Kişi pilləkənlərlə yuxarı mərtəbəyə qalxanda adam sakitcə əvvəlki yerinə dönüb qaranlığa gömüldü. Çox güman ki bu dəfə düşüncələrində yeni mövzular yer almışdı.
***
Sübh tezdən doğan günəş al qırmızı idi. Daha sonra narıncı rəngə, sonra isə sarı rəngə boyanıb dünyanı öz əsrarəngiz gözəlliyinə, şəfqətinə, şəfasına bürüyəcəkdi. Hələ şüalanmamışdı. Ancaq işığı yeri-göyü aydınlatmışdı.
Otelin şüşələrini aşağıdan gələn türkürpədici səs silkələyirdi. Səs avtodayanacaq tərəfdən gəlirdi. Bir qadın nalə çəkir, bir kişi hündürdən, əsəbi səslə bağırırdı. Səsə gələn insanlar kişinin gözətçiyə bağırdığını, maşınını göstərərək boğuq səslə ondan şikayət edəcəyini gördülər. Gözətçi gecəni icazəli olduğunu, onlar maşınla avtodayanacağa gələrkən işdə olmadığını qırıq-qırıq danışdığı alman dilində söyləyirdi.
Sərhəd şəhəri olduğu üçün Almaniyadan gələn maşınlarda çox sayda oğurluq olduğunu, ancaq bu oteldə ilk dəfədir ki belə bir oğurluq hadisəsinin baş verdiyini söyləyirdi.
Çox güman ki oğrular o gecə gözətçinin işdə olmadığını öyrənmiş, çox əziyyət çəkmədən alman markalı maşının üstündəki gümüşü qutunu oğurlamışdılar.