manera.az
manera.az

Qitmir sədaqəti - Əziz Sultan yazır

📅 09.12.2023 12:00

Qitmir sədaqəti - Əziz Sultan yazır
“Əshabi-Kəhfin köpəyi Qitmir sadiqlərlə, saleh insanlarla birlikdə olduğuna görə böyük bir şərəf qazandı, Quranda bəhsi keçdi, ilahi mədhə məzhər oldu; Həzrət Nuhun və Həzrət Lutun xanımları isə fasiqlərlə əlbir oldular, buna görə də ilahi qəzəbə tuş gəldilər, rəhmətdən kənarlaşıb cəhənnəmə düçar oldular”.

Sədi Şirazi “Gülüstan” əsərində bu məşhur məsəli dörd misralıq bir şeirlə çox vəciz bir şəkildə ifadə edir:

Pislərə yar oldu Lutun arvadı,
Ayrıldı peyğəmbər xanəgahından.
İtisə, bir zaman Əshabi-Kəhfin,
Yaxşılarla getdi, oldu bir insan.


Burada itin insanlaşması həmin mağaradakı insanlar qədər yüksək dəyər qazandığını ifadə edir. Bu misraları oxuduğum zaman bu qısa şeirin nə üçün deyildiyi, hansı mənanı qüvvətləndirmək üçün istifadə edildiyi marağımı cəlb etdi. Buna görə “Gülüstan”ı vərəqlədim və həmin şeirin yer aldığı səhifəni tapdım. Demək olar ki, hər səhifədə qısa şeir və misralarla yığcam mesajlar verən Sədi Şirazi hökmdarların rəftarından bəhs edərkən belə bir hekayət nəql edir:

Ərəblərdən bir dəstə quldur yüksək bir dağ başında məskən salıb karvan yolunu kəsmişdilər. Bu çətin mövqedə şahın qoşunları quldurlara bata bilmirdi. Quldurların bu hərəkəti bir müddət davam edərsə, onlara üstün gəlməyin mümkün olmayacağını görən o bölgədəki qəbilə başçıları tədbir üçün bir yerə toplaşırlar. Onlar məsləhətləşib bir nəfəri quldurları pusmağa göndərirlər. Pusquda oturmuş adam tezliklə xəbər gətirir ki, quldurlar məskənlərini yiyəsiz qoyub hansısa bir tayfa üzərinə basqına gediblər. Bunu eşidən kimi dərhal bir dəstə döyüşçü göndərirlər, onlar gedib quldurların məskən saldığı dağın keçidində pusquda dayanırlar.

Axşamüstü quldurlar çoxlu qənimətlə öz məskənlərinə qayıdırlar. Qənimətləri yerbəyer edib silahlarını açır, paltarlarını soyunaraq yatırlar. Gecədən xeyli keçdikdən sonra pusqudakı igidlər hücum edib quldurların əl-qolunu bir-bir bağlayırlar.

Səhər açılan kimi əlibağlı quldurları şahın hüzuruna gətirirlər. Şah quldurların hamısını öldürməyi əmr edir. Onların içərisində gənc bir oğlan da var idi. Onun saf çöhrəsini görən vəzirlərdən birinin rəhmi gəlir. Padşahdan xahiş edir ki, onu əfv etsin. Şah ona rəhm etmək istəmir, deyir ki, odu söndürüb qoru saxlamaq ağıllı iş deyil. Vəzir onu təsdiq etdikdən sonra deyir ki, şahın fikri düzgündür; yaramazlar içərisində tərbiyə alan onların xasiyyətini mənimsəyər.

Lakin bu oğlan hələ uşaqdır, quldurların yaramaz sifəti hələ onda möhkəm təsir buraxmış olmaz. İndi xeyirxah adamlar arasında tərbiyələnsə, gözəl xasiyyətlər qəbul edər, islah oluna bilər. Sonra vəzir padşaha insanın fitrətən təmiz doğulduğuna dair hədis deyir və arxasınca da yuxarıda qeyd etdiyimiz beyti oxuyur, Əshabi-Kəhfin köpəyini misal gətirir.

Nəhayət, şah oğlanı bağışlayır. Onun tərbiyəsini təcrübəli bir müəllimə tapşırırlar. Qısa bir müddətdə oğlan öz ədəbi, çalışqanlığı, hazırcavablığı ilə hamının rəğbətini qazanır. Artıq hər kəs ona etimad etməyə, arxayınlıqla baxmağa başlayır.

Bir müddət sonra oğlan saray ətrafında dolaşan bir neçə dələduzla dostlaşır. Bundan sonra onun əvvəlki quldurluq xasiyyəti baş qaldırır. Vəziri öldürüb evini soyur. Quldurların mağarasına qaçır, atasının yerində oturur.

Anladılan bu hekayədə vəzir bir anlıq bizim gözümüzdə haqsız kimi görünə bilər. Yəni vəzir nahaq yerə o oğlanın islah olunacağına ümid bəslədi və beləliklə, öz həyatını məhv etmiş oldu. Lakin bir məqama diqqət yetirmək lazımdır ki, müəllifin də qeyd etdiyi kimi, “o yenidən bir neçə nəfər dələduz, yaramaz insanla dostluq qurmağa başladıqdan sonra” əvvəlki xislətinə qayıtdı, içindəki mənfi duyğular və pis davranışlar baş qaldırdı.

Elə isə burada yaxşı tərbiyə, gözəl tədris və əxlaqdan savayı, diqqət edilməli başqa bir məsələ də diqqət mərkəzində olmalıdır: tərbiyə etdiyimiz övlad ola bilər, tələbə olar, yaxud öz nəfsimiz, ona fürsət verməməliyik ki, yenidən əvvəlki mənfi dostlarının mühitinə qayıtsın, onlarla dostluq edib təsirlənsin. Qəlb elə bir xüsusiyyətə malikdir ki, onu bir dəfə yüksəltməklə daim o zirvədə qalmır. Zirvədə qalması üçün əvvəlkindən daha çox səy göstərmək və mənfi təsirlərdən qorumaq lazımdır. Hekayətdəki vəzir kimi, onun islahından əmin olub bütün tədbirlərdən əl çəksək, əlbəttə, hər bir nəfs, hər bir insan istənilən vaxt şərin təsirində qalaraq ona meyl etməyə qabildir.

Odur ki, fərdin, yaxud qəlbin təlimində hər daim yaxşılarla əhatə olunmasına çalışmalıyıq. Qitmir sədaqəti ilə – bu köpək, yoldaşlıq etdiyi mağara əhli içəridə üç əsr kimi uzun bir müddət yatıb qalsa da, ömrünün sonuna qədər mağaranın girişini tərk etməmişdi – ömrümüzün son anına qədər münasibətlərimizə, dostluqlarımıza, məlumat mənbələrimizə diqqət etməliyik.

Əziz Sultan


Baxış sayı - 514 | Yüklənmə tarixi: 09.12.2023 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031