manera.az
manera.az

Pərqu balış - Uruqvaylı yazıçının məşhur hekayəsi

Pərqu balış - Uruqvaylı yazıçının məşhur hekayəsi
Orasio Kiroqa - Məşhur uruqvaylı yazıçı; insan psixikasının sirrlərindən bəhs etdiyi əsərləri ilə oxuculara Edqar Po ruhunu hiss etdirir. Onun selva heyvanları haqqında yazdığı hekayələr uşaq ədəbiyyatının əvəzolunmaz nümunələrindəndir. Kiroqa dünya miqyasında Uruqvay ədəbiyyatının prestijini yüksəldən və Latın Amerikası magik realizminin əsasını qoyan yazıçı hesab olunur. Ən məşhur hekayələrindən biri “Pərqu balış” adlanır. Bu hekayə əsasında qısametrajlı animasiya filmi də çəkilib.

***
Onun üçün balayı sonsuz ürpərtiyə çevrilmişdi. Ərinin sərt xasiyyəti sarışın, mələk simalı, utancaq qadının evliliklə bağlı saf xəyallarını buza döndərmişdi. Ərini çox sevirdi, amma bəzi gecələr qaranlıq küçələrlə evə qayıdarkən, bir saatdan bəri susan Cordanın hündür boyuna oğrun baxış atanda onu əsməcə tutardı. Cordan isə bunu bildirməsə də, onu ürəkdən sevirdi.

Üç ay idi – apreldə evlənmişdilər – xoşbəxt həyat sürürdülər. Könlündən keçirdi ki, bu sərt sevginin səmasında süzülərkən daha az ciddiyyət, daha çox mehribanlıq görsün; amma ərinin təmkinli sifəti heç vaxt dəyişməzdi.

Yaşadıqları ev canını bürüyən əsməcəni bir az da artırardı. Səssiz həyətin bəyazlığı – frizlər, sütunlar və mərmər heykəllər – adətən ovsunlu sarayları bürüyən payız ab-havası yaradırdı. İçəridə isə bircə cızığı belə olmayan divarların buz parıltısı bu qaramat soyuqluq hissini daha da möhkəmləndirirdi. Bir otaqdan o birinə keçərkən addım səsləri bütün evdə əks-səda verir, sanki evi bürüyən uzunmüddətli atılmışlıq hissi addımların rezonansını daha da artırırdı.

Alisiya bütün payızı bu qəribə sevgi yuvasında keçirdi. Keçmiş xəyalların üstünə pərdə çəkmək qərarı vermişdi; əri gələnədək heç nəyi düşünməməyə çalışır, ona düşmən kəsilən bu evdə yatırdı.

Arıqlamağı qəti təəccüblü deyildi. Tərslikdən günlərlə davam edən yüngülvari qripə yoluxmuşdu. Alisiya sağalmaq bilmirdi. Nəhayət bir günorta ərinə söykənərək bağçaya çıxa bildi. Laqeyd gözlərlə o yan-bu yana baxırdı. Qəfil Cordan ürəkdən gələn qayğı ilə əlini onun başına çəkdi və Alisiya hönkürərək qollarını ərinin boynuna doladı. Uzun-uzun ağlayıb ürəyindəki bütün gizli qorxunu boşaltdı, hər sığalla daha çox hönkürürdü. Yavaş-yavaş hönkürtülər azaldı və Alisiya uzun müddət hərəkət etmədən, bir söz demədən ərinin boynundan əl çəkmədi.

Bu, Alisiyanın ayağa qalxdığı son gün oldu. Növbəti gün oyananda artıq huşu özündə deyildi. Cordanın həkimi onu diqqətlə müayinə etdi, mütləq sakitlik və istirahət tövsiyə etdi.

– Başa düşmürəm, – həkim qapının ağzında hələ də alçaq səslə danışırdı, – Hədsiz zəifləyib, amma səbəbini izah edə bilmirəm, nə qaytarma var, nə başqa bir şey… Əgər sabah da belə oyansa, dərhal məni çağırın.

Səhəri gün Alisiya daha da pisləşdi. Yenidən həkim gəldi, inkişaf etməkdə olan kəskin, izaholunmaz anemiya diaqnozu qoydu. Alisiya daha huşunu itirmirdi, amma göz görə-görə ölümə gedirdi. Yataq otağının işıqları bütün gün yanırdı və mütləq səssizlik qorunurdu. Saatlar beləcə sükut içində keçirdi. Alisiya yatır, Cordan isə vaxtının çoxunu qonaq otağında keçirirdi. Qonaq otağının işıqları da həmişə yanılı olardı. O, sonsuz inadla, dayanmadan var-gəl edirdi. Xalça addım səslərini boğurdu. Arabir yataq otağına girir, orada var-gəl etməyə davam edir və hər dəfə üzü yatağa tərəf addımlayanda yoldaşını süzürdü.

Tezliklə Alisiya hallüsinasiyalar görməyə başladı. Gördükləri əvvəlcə qarışıq və bulanıq olsa da, çox keçmədən aydınlaşmağa başladı. Gənc qadın elə ancaq gözlərini bərəldərək gah yatağın o tərəfində, gah da bu tərəfində xalçaya baxırdı. Bir gecə gözlərini bir nöqtəyə zilləyib qaldı. Qışqırmaq üçün ağzını açdı, burnunda və dodaqlarında tər puçurlandı.

– Cordan! Cordan! – o, gözlərini xalçadan çəkmədən dəhşət içində ərini çağırdı.

Cordan yataq otağına qaçdı və Alisiya onu görəndə qorxudan daha çox qışqırdı.

– Mənəm, Alisiya, mənəm!

Alisiya əvvəlcə çaşqın gözlərlə ərinə, sonra xalçaya, sonra yenidən ərinə baxdı və uzun sürən sərsəm qarşıdurmadan sonra sakitləşdi. Gülümsədi, ərinin əllərini ovucuna aldı və titrək əlləri ilə sığalladı.

Ən inadkar hallüsinasiyalarından biri barmaqlarını xalçaya dirəyib gözlərini ona zilləyən insanabənzər varlıq idi.

Həkimlərin bir faydası yox idi. Gözləri qarşısında bir qadın günbəgün, saatbasaat solurdu və heç kim bunun səbəbini anlaya bilmirdi. Sonuncu müayinədə onlar hərəkətsiz biləyini bir-birinə ötürüb nəbzini ölçməyə çalışarkən Alisiya heç özündə deyildi. Səssizlikdə davam edən uzun müayinədən sonra qonaq otağına keçdilər.

– Eh… – həkim dilxor halda çiyinlərini çəkdi, – Bu, ciddi məsələdir… əlimizdən bir şey gəlmir…

– Bircə bu çatışmırdı! – Cordan əsəbləşib əlini masaya vurdu.

Alisiya sayıqlaya-sayıqlaya əldən gedirdi, günortaya vəziyyəti pisləşsə də, bir neçə saat sonra sakitləşirdi. Xəstəliyi gün ərzində inkişaf etmirdi, amma hər səhər daha da solğun, demək olar ki, huşsuz oyanırdı. Sanki həyat yalnız gecələr qanlı qanadlar taxıb uçaraq onu tərk edirdi. Səhərlər üzərinə milyon kiloqram ağırlıq çökmüş kimi oyanardı. Üçüncü gün artıq bu əzginlik hissi də stabilləşdi. Ancaq başını tərpədə bilirdi. Heç kimin yatağa toxunmasını, hətta yastığını düzəltməsini istəmirdi. Alaqaranlıqda özünü güclə yatağa doğru sürüyən və çətinliklə yorğanın üstünə dırmaşan bədheybətlərlə dolu kabuslar görürdü.

Sonra huşunu tamam itirdi. Son iki gündə dayanmadan alçaq səslə sayıqlayırdı. Yataq və qonaq otağının işıqları daim yanırdı. Evin ölüm səssizliyində yalnız yataqdan gələn monoton sayıqlamalar, Cordanın davamlı addımlarının boğuq səsləri eşidilirdi. Nəhayət canını tapşırmışdı.

Daha sonra yatağı səliqəyə salan xidmətçi yastığı təəccüblə gözdən keçirdi.

– Senyor! – alçaq səslə Cordanı çağırdı, – Elə bil, balışda qan izləri var.

Cordan dərhal yaxınlaşdı və əyilib baxdı. Həqiqətən Alisiyanın başından qalan oyuğun hər iki tərəfində tünd ləkələr vardı.

– Dişlək izlərinə oxşayır, – bir müddət davam edən səssiz müşahidədən sonra xidmətçi pıçıldadı.

– İşığa yaxınlaşdır görüm, – dedi Cordan.

Xidmətçi yastığı qaldırdı, amma dərhal əlindən saldı. Rəngi solmuşdu, özü də əsirdi. Səbəbini bilməsə də, Cordanın tükləri biz-biz olmuşdu.

– Nə olub? – soruşdu xırıltılı səslə.

– Elə ağırdır ki, – hələ də əsən xidmətçi cavab verdi.

Cordan yastığı götürdü, həqiqətən çox ağır idi. Yastığı qonaq otağındakı masanın üstünə qoydular və Cordan balış üzünü də, altdakı qılıfı da sökdü. Lələklər havada uçuşdu və xidmətçi qorxudan əl-qol atıb qışqırmağa başladı. Lələklərin arasında tüklü qollarını asta-asta hərəkət etdirən, canlı və yapışqan yumağa bənzəyən dəhşətli heyvan görünürdü. Elə şişmişdi ki, ağzı belə görünmürdü.

Alisiya yatağa düşəndən bəri bu bədheybət hər gecə ağzını, daha doğrusu xortumunu onun gicgahlarına dayayıb qanını sovururmuş. Dişlək izini görmək demək olar ki, qeyri-mümkün idi. Gənc qadın hər gün yerindən qalxdığı üçün əvvəllər bu qədər hiss olunmurmuş, amma yatağa düşən kimi həyatını heyrətamiz sürətlə sovurub çəkmişdi. Beş gün, beş gecə Alisiyanın qanını son damlasınadək içmişdi.

Bu quş parazitləri normal mühitdə kiçik ölçülü olsalar da, müəyyən şərtlər altında hədsiz böyüyə bilirlər. Özü də insan qanı ən sevimli qidaları, pərqu balışlar isə ən sevimli yuvalarıdır.

İspancadan çevirən: İlahə ƏkbərБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031