Sevgidən şeirlər yazmayın - Rilkenin gənc şairə məktubu
MANERA.AZ Avstriya şairi Rayner Mariya Rilkenin gənc şairə məktubunu təqdim edir.
Əziz dost,
Məktubunuzu təzəcə almışam. Bu yüksək və səmimi etimadınıza görə sizə təşəkkürümü bildirmək istəyirəm. Amma bundan artığını edə bilmərəm. Yəni şeirlərinizin necə olduğu barədə söz deməyi bacarmaram – istənilən tənqidi yanaşmalar mənə yabançıdır. Çünki yaradıcılığa ən az təsir edən məhz tənqidi ifadələrdir. Heç də hər şey, adətən, bizə aşılandığı qədər aydın və ifadəli deyil. Bir çox hadisələr, ümumiyyətlə, ifadə oluna bilmir, onlar elə bir sahədə baş verir ki, ora indiyə qədər bircə sözün də ayağı dəyməyib və ömrü, bizim müvəqqəti həyatımızla müqayisədə əbədi olan müəmma dolu bu sənət nümunələrinin ifadəsi mümkünsüzdür.
Bu qısa qeydlərdən sonra sizə yalnız bunu deyə bilərəm: şeirlərinizdə özünəməxsusluq yoxdur, lakin onlarda nəsə özəl bir həzinlik, məhrəmlik var. Bunu “Mənim ruhum” adlı sonuncu şeirdə daha aydın duydum. Bu şeirdə şəxsi olan hansısa hissləriniz özünü daha ucadan ifadə etmək istəyir, öz obrazını, öz ifadəsini tapmağa çalışır. Gözəl “Leoprdi” şeirinizdə bu Böyük və Tənha ruhla doğmalığa, yaxınlığa bənzər nəsə yaranır. Bununla belə, hər halda, şeirləriniz hələ çox az məna kəsb edir, onlarda sərbəstlik çatışmır. Bu sərbəstlik axırıncı şeirinizdə, hətta Leopardi haqqındakı şeirlərinizdə də yoxdur. Şeirlərinizlə göndərdiyiniz səmimi məktub onları oxuyarkən hiss etdiyim, amma adını dəqiq tapa bilmədiyim həmin qüsurları da mənə izah etmiş oldu.
Soruşursunuz ki, şeirləriniz yaxşıdırmı?
Sual mənə ünvanlanıb. Əvvəl bu sualı başqalarından soruşmusunuz. Siz şeirlərinizi jurnallara göndərirsiniz. Onları başqalarının şeirləriylə müqayisə edirsiniz və redaksiyaların bu qələm təcrübələrinizi geri qaytarmağına görə narahat olursunuz. Elə isə (bir halda ki məndən məsləhət istəyirsiniz), xahiş edirəm, belə şeyləri bir kənara qoyun. Siz zahiri uğur, zahiri parıltı sorağındasınız, halbuki hazırda məhz bunu etməməlisiniz. Sizə heç kim məsləhət verə, yaxud kömək edə bilməz. Yalnız bir çıxış yolu var: özünüzə qapanın. İçinizdə sizi yazmağa təhrik edən səbəbin kökünü araşdırın. Öyrənin ki, bu hiss öz başlanğıcını qəlbinizin ən gizli guşələrindənmi götürür? Özünüzdən soruşun ki, yazmamaq sizin üçün ölümə bərabərdirmi, əgər yazmasanız yaşaya bilərdinizmi?
Və hər şeydən qabaq – gecənin sakit vaxtında – özünüzdən soruşun: mən yazmalıyammı? Sonra da içinizdə bunun ən dəqiq cavabını axtarın. Əgər cavab müsbətdirsə, əgər bu vacib suala sadə və qəti şəkildə “Mən yazmalıyam” cavabını verməyə haqqınız varsa, onda bütün həyatınızı bu zərurətin qanunları əsasında yenidən yaratmalısınız. Sizin həyatınız – hətta özünün ən ötəri və laqeyd anında belə – bu yaradıcı iradənin arzuolunan örnəyi və əlaməti olmalıdır.
Bu zaman təbiətə yaxın olun, dünyanın ilk adamı kimi nə gördüyünüzü, nə duyduğunuzu və nələrdən ömürlük ayrıldığınızı söyləməyə cəhd edin.
Sevgidən şeirlər yazmayın, hamıya çoxdan bəlli olan tanış formalardan uzaq gəzin. Bunlar işin ən çətin tərəfləridir – çoxluğun içində yaxşını, çox vaxt da gözəl obrazların olduğu bir yerdə özününkünü yaratmaq üçün möhtəşəm, yetkin güc lazımdır. Gündəlik həyatınızın sizə diktə etdiyi ümumi mövzulardan xilas yolu axtarın: kədərinizi, arzularınızı, ötəri niyyətlərinizi, hansısa gözəlliyə inamınızı qələmə alın. Bu haqda təsirli, həzin, təvazökar bir tövrlə yazın, özünüzü ifadə etmək üçün əhatənizdə olanlara, yuxularınızın obrazlarına, xatirələrinizin predmetlərinə üz tutun. Əgər gündəlik həyatınız sizə kasad görünürsə, günahı özünüzdə axtarın, boynunuza alın ki, həyatın yeknəsəqliyindəki bütün bu zənginliyi canlandırmaq üçün, sadəcə, şairliyiniz yetərli deyil, çünki yaradıcı ruh üçün kasadlıq deyilən anlayış yoxdur, adamı biganələşdirən hisslər, ümumiyyətlə, mövcud deyil.
Əgər hətta dünyanın bircə sədasının belə hissiyyatınıza gəlib yetişmədiyi həbsxana divarları arasında olsaydınız, öz uşaqlığınızın, misilsiz zənginliklə dolu bu xatirələr xəzinəsinin yiyəsi olmayacaqdınızmı? Bax fikrinizi ona yönəldin. Bu böyük zamanın içində unutduğunuz nə varsa, hamısını yaddaşınızda diriltməyə çalışın – onda Sizin şəxsiyyətiniz öz təsdiqini tapacaq, tənhalığınızın hüdudları genişlənib toranlıqda kənardan insan səs-küyünün dalğası duyulan bir evə çevriləcək.
Əgər özünüzə xitabdan, şəxsi dünyanıza qapılmadan doğulan şeirləriniz olsa, onların yaxşı, ya pisliyi barədə nəsə soruşmaq ağlınıza da gəlməyəcək. Onda yazılarınız barədə jurnalların rəyi Sizi qəti maraqlandırmayacaq. Çünki bu şeirlərdə canınız-qanınız bahasına başa gələn həyatınızın səsini eşidib ruhunu duyacaqsınız.
Sənət əsəri daxili zərurətdən yarananda yaxşı olur, onun haqqında çıxarılan hökm də bu yaranışın bilavasitə özündən qaynaqlanır. Bax elə buna görə də, hörmətli cənab Kappus, mən sizə yalnız bir məsləhət verə bilərəm: özünüzə qapılın, həyatınızın qaynaqlandığı ən dərin mənbələri araşdırın. “Yazmalıyammı” sualının cavabını məhz həmin mənbədə tapacaqsınız. Bəlkə də, məlum olacaq ki, şairlik sizin alın yazınızdır. Belədirsə, kənardan heç bir mükafat ummadan, bu barədə heç nə soruşmadan bəxtinizə düşən qisməti qəbul edin, onun yükünü çəkin, ağırlığına, nəhəngliyinə tab gətirin. Yaradıcı ruh özünə bir hüzur yaratmalıdır və bunu canında hiss etməli, yaxud ittifaq qurduğu təbiətə daşımalıdır.
Ola bilər ki, özünüzə, öz guşənişinliyinizə bu cür qapılmadan sonra şair olmaq fikrindən daşınmaq lazım gələcək (dediyim kimi, yazmadan yaşaya biləcəyini hiss etmək kifayətdir ki, şair olmadığını anlayasan). Amma bu təqdirdə də mənim sizdən xahiş etdiyim həmin o özünüzlə təklikdə söhbət əsla boşuna getməyəcək. Həmin andan etibarən Sizin həyatınız özünəməxsus tərzdə davam edəcək. Kaş bu yollar açıq, uğurlu, xoşbəxt olsun! Sizə bu dediklərimdən də artığını arzulayıram.
Sizə daha nə söyləyə bilərəm?
Məncə, hər şey deyilib. Sonda sizə yalnız bəxtinizə düşən bu yolu sakitcə və təmkinlə getməyi məsləhət görə bilərəm. Əgər hansısa kənar yollar axtarmağa başlasanız, ən sakit anınızda yalnız daxili hissiyatınızın cavab verə biləcəyi sualların cavabını kənardan gözləsəniz – yolunuzdan çıxacaqsınız.
Məktubunuzda cənab professor Qoraçekin soyadını görmək mənə son dərəcə xoş oldu. Bu gözəl insana, bu arif adama olan böyük hörmət və rəğbət hissim bütün bu illərdə zərrə qədər azalmayıb. Lütfən, bu səmimi hisslərimi ona çatdırın. Məni hələ də xatırlamasından məmnunam və bunu yüksək qiymətləndirirəm. Bu diqqətin dəyərini mən çox yaxşı bilirəm.
Mənə dostcasına etibar etdiyiniz şeirləri sizə qaytarır, bu səmimi etibara görə bir daha minnətdarlığımı bildirirəm. Sizə bacardığım qədər səmimiyyətlə, vicdanla cavab verərkən çalışdım ki, bəlkə də, yad bir adam kimi haqq etmədiyim etibarınıza azacıq da olsa layiq olum.
Sədaqət və səmimiyyətlə
Rayner Maria Rilke
Paris, 17 fevral 1903-cü il.
Çevirəni: Mahir N. Qarayev