Əksin xəyalımda həkk olub qalıb - Borçalılı şairin şeirləri

MANERA.AZ Bayram Qaralovun şeirlərini təqdim edir:
Borçalı
Tarixi əzəldi, təbiəti xoş,
Axarlı-baxarlı eldi Borçalı.
Dövranlar adlayıb, zamanlar keçib,
Əmrahın sazında dindi Borçalı.
Saraclı Söyünü dillər əzbəri,
Ustad Kamandarı sazın gövhəri,
Dolaşır şöhrəti Təbrizdən bəri,
Ulu ozanlara yöndü Borçalı.
Başkeçid dağları baş-başa durur,
Sarvanda gözəllər min büsat qurur,
Alın yazısıdır – əzəmət, qürur,
Açılan sabaha dandı Borçalı.
Ayrılmaq çətindi, qəriblik dərddi,
Namərdi olmayıb, həmişə mərddi.
Qiblədi, səcdədi, pirdi, məbəddi,
Sevən ürəklərə dindi Borçalı.
Ormeşən - qoynunda bir cənnət guşə,
Darvazın dörd yanı yamyaşıl meşə,
Bayramın, könlünü gətirir cuşa,
Canında ömürlük candı Borçalı.
Məni
Əksin xəyalımda həkk olub qalıb,
Hər an gizlin-gizlin ağlatdın məni.
Bəzən də kükrəyən şəlalələrtək
İlhama gətirib çağlatdın məni.
Yadımdan çıxmayıb söhbətin-sözün,
O kaman qaşların, o ala gözün.
Vüsalın dadını bilmədən özün
Hicranın oduna dağlatdın məni.
Həsrətin qəlbimdə tüğyan olsa da,
Eşqim ürəyimdə donub qalsa da,
Ayrılıq Bayrama qismət olsa da,
Qara tellərinə bağlatdın məni.
Tapşıra
Ulu Tanrımızdan arzum budur ki,
Bülbülü çəmənə, gülə tapşıra.
Böyümək istəyən kiçik körpəni
Nabat dadan şirin dilə tapşıra.
Aşıq sinəsinə basanda sazı,
Şindini bürüyər yaşıl yarpızı.
Əsgəri gözləyən utancaq qızı
Xoş keçən aylara, ilə tapşıra.
Dünya görmüşlərdən aldım məsləhət,
Sığındım qoynuna, ana təbiət.
Bu çaşqın quluna edib mərhəmət,
Bir sazlı-söhbətli elə tapşıra.
Gəl
Gözəl, əlim dəyən o məxmər donla
Daranıb, bəzənib tellənəndə gəl.
"Nə vaxt açılacaq qızımın bəxti?"
Ananın arzusu dillənəndə gəl.
Ürək sözlərimi özün bilirsən,
Tərif yazdığıma hərdən gülürsən.
Səni gözləyirəm nə gec gəlirsən?
Bulağın dörd yanı güllənəndə gəl.
Bülbül cəh-cəh vurar gül həvəsiylə,
Aşiqin əriyər buz nəfəsiylə,
Bayram, bu dağlar da öz nəfəsiylə
Sazda pərdə-pərdə zillənəndə gəl.
Haqqın səsi
Müqəddəsdən, müqəddəsdir
Haqqın səsi, haqqın səsi.
Yerdən göyə qalxan səsdir
Haqqın səsi, haqqın səsi.
Döyüşlərdə zəfər çalıb,
Qüdrətini eldən alıb,
Babalardan miras qalıb -
Haqqın səsi, haqqın səsi.
Ömrü boyu qorxu bilməz,
Sevinməsə, yalan gülməz.
Gücünü dünyadan silməz,
Haqqın səsi, haqqın səsi.
Bu səs dünyaya həyandır,
İnsanığa mehribandır,
Gələcəyə asimandır
Haqqın səsi, haqqın səsi!
A qara qız
Valeh oldum gözlərinə,
Sən bilmədin, a qara qız.
Səpilərdim izlərinə,
Bir gəlmədin, a qara qız.
Dəyişmərəm yüzlərinə,
Dizim dəyə dizlərinə.
Üzüm sürtüm üzlərinə,
Bir gülmədin, a qara qız.
Daşa çaldın diləyimi,
Mələr qoydun fələyimi.
Bircə dəfə ürəyimi,
Heç almadın, a qara qız.
Gözəl
Yaşıl libas xub yaraşır,
Gəl dəyişmə ala, gözəl.
Kamal-camal tamam eyni,
Ziynət verdin yola, gözəl.
Sarı qaymaq şirin gəlir,
Gülüşündən nur ələnir,
Ala gözlər sürmələnir,
Qonaq olsan bala, gözəl.
Yerişində min hikmət var,
Bayram sənə desinmi yar?..
Qara zülfə yağdırma qar,
Adın dildə qala, gözəl.
Puldu
Yüz də çalış, əziz dostum
İstəyinə çatan puldu.
Ömrü boyu ayıq qalan,
Gecə-gündüz yatan puldu.
Keçdi əldən ələ keçdi,
Özü gördü, özü seçdi.
Kimin ki, vicdanı heçdi -
Alan puldu, satan puldu.
Kim dövləti-varı seçir,
Sir-sifəti işıq saçır.
Hər gözələ qapı açır,
Hər ləzzəti dadan puldu.
Doğru edər yalanı da,
Abad edər viranı da.
Əclafı da, nadanı da
Başlar üstə tutan puldu.
Bayram nə gördü, götürdü,
Nə də qazandı, itirdi.
Ömrü buracan gətirdi,
Gördü - mələk, şeytan puldu.
TANITIM: Bayram Həmid oğlu Qaralov - 24 may 1955-ci ildə sazımızın-sözümüzün yaşıdı olan Borçalı mahalının Başkeçid rayonunun füsünkar təbiəti ilə göz oxşayan, qədim – qayım Türk yurdu olan Ormeşən kəndində anadan olub. 1972-1976-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitunun riyaziyyat fakultəsini bitirib. Hazırda Bakı şəhərində yaşayıb-yaratsa da, qəlbi daim Borçalı ilə döyünür, yaradıcılığının əsas qayəsini də elə Borçalı mövzusu təşkil edir. 1980-ci illərdən poeziya yaradıcılığına maraq göstərən Bayram Qaralovun şeirləri “Trialeti”, “Sovet Gürcüstanı”, “Təhsil”, “Azərbaycan müəllimi”, “Elm və Təhsil”, “Borçalı”, “Səs”, “Şərqin səsi”, “Təzadlar”, və.s qəzetlərdə “Dan Ulduzu”(1987), “Addımlar” (1995, 1996), “Qara arxac” (2023) ədəbi məcmuələrdə işıq üzü görüb. 2013-cü ildə “Bülbülü gülə tapşırın” adlı ilk şeirlər kitabı işıq üzü görüb. “Təki sağlıq olsun” Bayram müəllimin ikinci kitabıdır.