manera.az
manera.az

Ömür keçir dözüm üstə - Eyvaz Borçalının şeirləri

📅 18.07.2020 18:30

Ömür keçir dözüm üstə - Eyvaz Borçalının şeirləri
Eyvaz Borçalı müsahibələrinin birində deyir: “Əslində, mən sırf ədəbiyyatla məşğul olmalı idim. Təəssüf ki, “Mozalan” satirik kino-jurnalı bu gün mənim ədəbiyyatçı kimi tanınmağıma imkan vermədi”.
Təəssüf doğuran, haqlı sözlərdi. Bəlkə də elə özünə çəkilməyinin, ədəbi mühitdə görünməməyinin başlıca səbəbi ədəbi taleyindən bu narazılığıdı...
Buna əmin olmaq üçün onun poetik toplularını, tərcümələrini oxumaq lazımdı...
Eyvaz Borçalının poeziyası da, peşəkar tərcümələləri də az qala gözdən-könüldən uzaq qalıb, ədəbiyyatşünaslar da tənqidçilər də onun altmış ilə sürən yaradıcılıq ömrünün faktı olan özünəməxsus şeirlərini və ustalıqla elədiyi tərcümələri görməzliyə vururlar...
Amma o əsərlərin yaşarılığına şəxsən mənim zərrə qədər də şübhəm yoxdu.

Nəriman Əbdülrəhmanlı

DƏLİ KÖNLÜM

Bəsdi, abdal könül, belə uçunma,
Nə mən Yeseninəm, nə sən o ürək;
Kürəyə sancılan ağrı ucundan
Yaralı sığırtək bör-bör böyürək.

Səndən də həssasdı, gör söz nə çəkir,
Hər sancı tutanda demə axırdı;
Hələ doğulmamış ölürsə fikir,
Sözün intiharı daha ağırdı.

Toruna düşmüşük saxtanın, qəlpin,
Bizimki dözməkdi son ana kimi.
Həyata bağlanan ümidli qəlbin
Sonuncu teli də sınana kimi.

Ağlayıb-sıtqamaq arvad işidi,
Bizsə bu həyata keşiyik axı;
Zarıma, ayıbdı, Allah eşidir,
Nə təhər olsa da kişiyik axı.

Baxma ki dünyanın hər yanı şərdi,
Haqsızlıq ucundan, ya haqq ucundan;
Çox belə ağrılar gəldi-gedərdi,
Çağla, dəli könlüm, daha uçunma.

TƏRS DÜŞÜB KÖNLÜMDƏ QƏMİN DÜYÜNÜ

Yağışsız buludam, buludsuz yağış,
Nə yerə gərəyəm, nə göyə, bəlkə.
Taleyin üstümə tökdüyü qarğış
Könlümdə alqıştək göyərə, bəlkə!

Bir közsüz ocağam, ocaqsız közəm,
Təklikdə heç biri alışmır, neynim.
Bir sözsüz nəğməyəm, nəğməsiz sözəm,
Təklikdə heç biri danışmır, neynim.

Tərs düşüb könlümdə qəmin düyünü,
Kölgəsi gözümdən silinməz olub.
Fəsillər dəyişib sabitliyini,
Növbə hansınındır, bilinməz olub.

Son baharda mənəm, ilk mayısda sən,
Ulduzlu səma da eşqimdən izdi.
Hicranın payızdı, bu payızda sən
Ay kimi soyuqsan, Gün kimi isti.

Baxıram qol-boyun bəxtəvərlərə,
Ayağım yerimir, sanki çolağam.
Səsləmir könlümü heç nə heç yerə,
Bu səsli dünyada batmış qulağam.

Büllur qədəminin səsindən özgə
Heç nə eşitmirəm, heç nə dünyada.
Həsrət cığırında ləngimə, tez gəl,
Bir də səhv eləsəm, keçmə dünyada!

İKİ MƏN

Özümün özümdən yoxmuş xəbərim –
İki “Mən” yaşayır mənim içimdə.
İki “Mən” yaşayır... lakin hər biri
Bir özgə xislətdə, özgə biçimdə.

Bir tük də yayınmır qırğı gözümdən.
Bir nöqsan görəndə coşub-daşıram.
Axırda nəyinsə xatirinə mən,
Güzəştə gedirəm, razılaşıram.

İki “Mən” yaşayır mənim içimdə –
Biri barışmazlıq, biri mütilik.
İki “Mən” yaşayır mənim içimdə –
Biri inamsızlıq, biri qətilik.

Bir alçaq kürsüyə sinə gərəndə,
Axına qoşulub mən əl çalıram.
Vicdanım önündə hesab verəndə,
O alçaq ucalır, mən alçalıram.

İki “Mən” vuruşur mənim içimdə,
Biri haqqın qulu, biri zinətin.
İkiyə bölünür qüvvəm, gücüm də
Sanki saxlamaqçün müvazinəti.

Bir heçə dönürəm ikiliyimlə,
İki “Mən”dən biri yıxılmalıdır!
Vuruşur “Mən”, mənim mütiliyimlə,
Mütilik hər yanda yox olmalıdır!!!

BORÇALI TORPAĞI

Borçalı torpağı – əzəli sevdam,
Adımı adına yaraşdırmışam.
Könlüm alışanda bir misra qovdan,
Odumu oduna yaraşdırmışam.

Bir yanın Babəkər, bir yanın Ləlvər,
Dərədə bəzəkli xonça kimisən.
Solunda Yağlıca, sağında Qazax,
Quşçu qalasına bağlı gəmisən.

Sükançın olmağa çatmaz qüdrətim,
Sərnişin olaram göyərtəndə mən.
Üzək, könlümüzdə gəzmək həsrəti,
Keçək axşam-axşam Sınıq körpüdən.

Xramdan adlayıb qovuşaq Kürə,
Mavigöz Xəzərə yetirsin bizi.
Səfər yelkənini açaq yellərə,
Xəzər ümmanlara ötürsün bizi.

Borçalı torpağı – saz-söz ovlağı,
Sazında, sözündə yaşayan diyar!
Boş çalı, Borc Alı adlarını da
Nəsildən-nəsilə daşıyan diyar!

Borçalı torpağı – bağçalı, bağlı
Böyük Vətənimin kiçik guşəsi.
Xatirə keçmişli, ümid soraqlı,
Gözlərim işığı, könlüm şüşəsi...

Axır nəfəsimdə, özgə diyarda
Dünyanı təzədən versələr mənə,
İnan istəmərəm, soyuq məzarda
Üç arşın torpağın bəs elər mənə!!!

Axı hər işarən bir tikə qovdan,
Odumu oduna qarışdırmışam.
Borçalı torpağı – əzəli sevdam,
Adımı adına yaraşdırmışam.

BAŞ VURAQ BAŞKEÇİDƏ

Gecəsi boğanaq, gündüzü - təndir,
Aranın istisi - boğazda kəndir;
Ay Sabir, dur bizi maşına mindir,
Gedək Başkeçidə baş vuraq gələk.

Doğmadı, əzizdi Ağməmmədlimiz,
Süfrəsi ruzulu, suyu qəndlimiz;
Bu səfər istidən təng olmuşuq biz,
Gedək Başkeçidə baş vuraq gələk.

Kəkotu, baldırğan, qantəpər orda,
Dağlar ayağına gül səpər orda;
Təzə doğuluram hər səfər orda,
Gedək Başkeçidə baş vuraq gələk.

Sərin bulaqlıdı, çaylıdı dağlar,
Gecəsi ulduzlu, aylıdı dağlar;
Qonaq-qarasına paylıdı dağlar,
Gedək Başkeçidə baş vuraq gələk.

Çayların hər yanı əlvan gül-çiçək,
Bir az balıq tutaq, bir az ot biçək;
Bir az Armudlunun suyundan içək,
Gedək Başkeçidə baş vuraq gələk.

İşdi mənsiz gəlsən kəndə əgər sən
Əynini bir az da yüngül geyərsən;
Mənim əvəzimə mənsiz deyərsən: -
Gedək Başkeçidə baş vuraq gələk.

DAĞLAR SÖZ İSTƏDİ

Dağlar məndən söz istədi,
Nə deyirəm? Gözüm üstə!
Qoy oturum bir qayada,
Yazım elə dizim üstə.

Köklənmişəm, köklü sazam,
Həm kövrəyəm, həm həssasam;
Ustad aşıq, mahir ozan
Səs yetirsin səsim üstə.

Çən-dumanı qovsun külək,
Göydən yerə ensin fələk;
Söz danışsın, baxaq görək
Sözü varmı sözüm üstə.

Zaman dönüb, vaxt dolanıb,
Sol talanıb, sağ talanıb;
İçimdə təndir qalanıb,
Ocaq çatın közüm üstə.

Nə görübsə balıq suda –
Mən eləyəm Armudluda;
Bir taledi, bəlkə, bu da
Ömür keçir dözüm üstə.

SƏNGƏRDƏ DURAN OĞLAN

Yerə sanc ayağını,
Səngərdə duran oğlan;
O üzdə o yağını
Gözündən vuran oğlan,
Səngər saxlasın səni.

Baxma hava istidi,
Baxma hava soyuqdu;
O da orda hirslidi,
O da orda duyuqdu,
Səngər saxlasın səni.

Yayımız qışa varsa,
Boylanma sən bəriyə;
Qarşıda Şuşa varsa,
Yol ha yoxdu geriyə;
Səngər saxlasın səni.

İgid əsgər, ayıq dur
Hücum əmri gəlincə;
Arzum, istəyim budur:
Düşmən tamam ölüncə
Səngər saxlsın səni.

OLMAYA

Dar küçədə at çapana,
Kündəmizi küt yapana
Dözmək olur, ay zamana,
Təkcə yalanın olmaya.

Gedənlərə zurna çalan,
Gələnlərə süfrə salan,
Ağısıyla nəfəs alan
Gürzə ilanın olmaya.

Bir üfrümə şişə bilən,
Min sifətə düşə bilən,
Məddahlığı peşə bilən
Filan-filanın olmaya.

AŞIQVARI NƏSİHƏT

Yetim payı yeyənin
Süfrəsində dad olmaz.
Yad paltarı geyənin
Əsilində zat olmaz.

Uyub namərd sözünə
Nahaq döymə dizinə;
Üzdən gülər üzünə,
Ürəyində şad olmaz.

Ey canım, indən belə
Qamçı götürmə ələ;
Sırtına döymək ilə
Eşşək dönüb at olmaz.

AY ÜMİD

Oyun oynayır zaman,
Atıma vermir aman;
Məni mat qoyub yaman
Şah, ay ümid, ay ümid!

Gah içimi yeyirəm,
Gah özümü söyürəm;
Gah ay şübhə deyirəm,
Gah ay, ümid, ay ümid!

Sarı sünbüllü dənsiz
Sağ meyidəm kəfənsiz;
Yaşamaq olmur sənsiz
Ah, ay ümid, ay ümid!


Baxış sayı - 1 495 | Yüklənmə tarixi: 18.07.2020 18:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031